“Sınıq güzgü” və ləyaqət

post-img

Azərbaycan dinc, münaqişəsiz, hamının bir-birini sevdiyi, əməkdaşlıq etdiyi Cənubi Qafqazı görmək istəyir 

“Şəxsən mən Qarabağı azad edərkən 17 il idi Prezident idim və lazım olsaydı, daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim prezident olacaqdı. Yəni, bunun heç bir fərqi yoxdur. Bəlkə də bu hadisə 50 il sonra baş verəcəkdi. Yəni, burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil. Fərq etməz, lider və prezident kimdir. Bu, ləyaqət məsələsi idi”.

Bu sözləri 3 il 9 ay bundan əv­vəl işğal altındakı torpaqları azad etməklə xalqa ləyaqətini qaytaran Azərbaycan Prezidenti, Ali Baş Ko­mandan İlham Əliyev İkinci Şuşa Qlobal Forumunda xarici media nü­mayəndəsinin sualını cavablandı­rarkən deyib. Dövlətimizin başçısı bu məqamda təvazökarlıq edərək, zəfərimizlə bitən İkinci Qarabağ savaşına qədər bölgədəki və xa­ricdəki anti-Azərbaycan qüvvələr­lə necə mücadilə apardığını dilinə gətirmədi. Amma xalqımız 2020-ci ilin sentyabrına kimi Azərbaycan hakimiyyətinin qətiyyətli və son nəticəyə inama söykənən diploma­tik savaşının şahididir. Atdığı hər bir addımı, konkret hədəflərə he­sablanmış xarisi siyasəti ilə İlham Əliyev bütün beynəlxalq platforma­larda, debatlarda miniqələbələrin paradını sərgiləyirdi. Həmin qarşı­sıalınmaz paradın böyük Zəfərlə nə vaxt və necə tamamlanacağını isə yalnız özü bilirdi. 

Bəli, bu, ləyaqət məsələsi idi. Amma burada liderin və prezi­dentin kimliyinin fərq etmədiyini söyləyəndə cənab Prezident bədxahlarımızı belə heyrətə gətirə­cək təvazökarlıq nümayiş etdirir. Məgər Azərbaycanın XXI əsrdə türkdilli ölkələrın sırasında yerinin möhkəmlənməsi, qardaş Türkiyə ilə münasibətlərin heç vaxt görün­məmiş yüksək səviyyəyə qaldı­rılması, nəhayət, Türk Dövlətləri Təşkilatının yaradılması ideyası İlham Əliyevə məxsus deyilmi? Gecə-gündüz çalışaraq, əzm və dəyanət göstərərək ordusunu və iqtisadiyyatını gücləndirdiyi Azər­baycanın geosiyasi mövqeyindən dahi strateg məharəti ilə istifadə edən İlham Əliyevin xalqı və döv­ləti qarşısındakı xidmətlərini heç kəs dana bilməz! Çıxışında “Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim. Biz nə işğalı, nə onun fəsadlarını, nə verdiyimiz qurbanları, nə də Qələbəmizi heç zaman unutmayacağıq”,– deyən Azərbaycan Prezidentinin lider­lik, sərkərdəlik məharətinin istər 44 günlük Vətən müharibəsində, istərsə də ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edil­diyi 23 saatlıq antiterror tədbirində həlledici rolunu bizim kimi, bütün dünya izlədi. 

***

Milli Mətbuat və Jurnalistika Günü ilə üst-üstə düşən İkinci Şuşa Qlobal Forumunun əsas mövzusu “Yalan məlumatların ifşası: Dezin­formasiyaya qarşı mübarizə” olsa da, Azərbaycan Prezidenti xarici və yerli media təmsilçilərinin müxtəlif səpkili suallarını ətraflı cavablan­dırdı. Dünyanın 50-dək ölkəsin­dən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumundan nümayəndənin iştirak etdiyi bey­nəlxalq tədbirdə İlham Əliyev bu gün dünyada baş verənlərin məhz yalan məlumatların qurbanına çev­rildiyinə təəssüfləndiyini bildirdi: “Bu, bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilib. Bəzən biz təəc­cüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlu­matlar həqiqətə uyğun olmur. Yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Uzun illər ərzində bu­nun qurbanı olmuşuq. Əlbəttə ki, onlardan biri Ermənistan və Azər­baycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfər­bər olması idi”.

Azərbaycan liderinin forumda səsləndirdiyi fikirlər o qədər də uzaq olmayan keçmişin reallığı­na söykənirdi. İctimai rəyi yalan və dezinformasiya ilə “yemləyən” xaricdəki erməni diasporu, ermə­nipərəst siyasətçilər, satılmış me­dia nümayəndələri Azərbaycana qarşı davamlı ideoloji hücumlar edir, bizi dünyaya reallıqdan uzaq formada, “sınıq güzgü” effektin­də təqdim edirdilər. Qərbin ermə­nipərəst “beyin mərkəzləri” məhz həmin yalan informasiyaların zə­minində Azərbaycan haqqında na­tamam, naşı, obyektivlikdən uzaq hesabatlar hazırlayır və yayırdılar. Onlar təxribatçı fəaliyyətlərini bu gün də davam etdirirlər. 

“Bu, gündəlik həyatımıza çev­rilir. O zaman təəccüblənirdik, mə­yus olurduq, indi isə biganə yana­şırıq. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hal­larda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözlə­mirdik. Ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkə­nin nüfuzunu ləkələmir. Bu, ölkə­nin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir”. Prezident İlham Əliyev bu həqiqətləri açıq şəkildə dünya­nın nüfuzlu KİV nümayəndələrinin üzünə söylədi. Qarabağda ikinci dəfə əlli ölkənin media təmsilçisinin bir araya gəlməsinə diqqəti çəkən dövlətimizin başçısı hazırda Cənu­bi Qafqaz regionunda maraqlı tarixi transformasiyanın şahidi olduğu­muzu dedi. Ənənəvi ittifaqların bir qədər zəiflədiyini, yeni əməkdaşlıq formatlarının meydana gəldiyini vurğulayan cənab Prezident I Fo­rumdan keçən bir il ərzində baş vermiş ən mühüm hadisənin Azər­baycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası olduğu­nu xüsusi qeyd etdi. 

Bəli, birinci və ikinci Şuşa fo­rumları arasındakı fərq təkcə Qa­rabağdakı separatçı-revanşist rejimin ləğv edilməsi deyil, eyni zamanda, müasir tariximizə qızıl hərflərlə yazılacaq regionda tarixi transformasiyanın, inqilabi geosi­yasi dəyişikliyin baş verməsidir. Bu inqilabın adı Azərbaycanın bölgə­də yaratdığı yeni reallıqdır. 

***

Doğrudan da, Azərbaycan on illər boyu absurd bir vəziyyətin məngənəsində olub. İşğala, etnik təmizləməyə, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan ölkəyə qarşı Qərb sanksiyalar tətbiq edirdi. Belə ədalətsiz mü­nasibətin səbəblərindən biri kimi Azərbaycanın beynəlxalq media şəbəkələrinə çıxışının zəif olması ilə izah edən dövlətimizin başçısı müstəqilliyini yeni bərpa etmiş ölkə kimi o zaman ciddi səylər göstər­məli olduğumuzu forum iştirakçı­larının nəzərinə çatdırdı: “Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmi­rik. Biz özümüzü günahlandırırdıq, resurslarımızı səfərbər edirdik, beynəlxalq ictimaiyyəti maariflən­dirirdik. Daha sonra dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər bi­zim mesajları eşitmək istəmir, on­lar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir”. 

Azərbaycan həqiqətlərini dün­yaya çatdırmağın səmərəli üsulu kimi bu cür forumların təşkil edil­məsində görən Prezident İlham Əliyev bu gün ABŞ Prezidenti Baydenin də məhz media tərəfin­dən hücumların, ictimai rəyin ma­nipulyasiyasının qurbanı olduğuna diqqəti çəkib.

Uzunmüddətli və məqsədyönlü fəaliyyətin nəticəsində bu gün artıq yanlış münasibətin Azərbaycandan yayındığını bildirən İlham Əliyev medianın, ümumiyyətlə, hər kəsin daim obyektiv olmasını arzuladı­ğını dilə gətirdi: “Ancaq medianın xüsusi məsuliyyəti var. Çünki me­dianın mesajları, məsələni işıqlan­dırması bir çox insanların həyatına təsir edir”. 

Azərbaycanda və bölgədə cərəyan edən hadisələrin obyektiv şəkildə işıqlandırılmasının vacib­liyini önə çəkən İlham Əliyev dedi ki, bəzən müəyyən səbəblərdən yanlışlığa yol verilməsinin üs­tündən keçmək olar: “Ancaq bu, məqsədyönlü şəkildə edilirsə və Azərbaycanı nüfuzdan salmağa yönəlibsə, əlbəttə, biz sual veririk ki, bu, nədən baş verir? Bu, niyə belə olmalıdır? Dediyim kimi, bizim bununla bağlı edə biləcəyimiz o qədər də çox deyil. Bu gün Qara­bağda apardığımız işlər, ola bilsin ki, bu vəziyyəti dəyişə bilər. Ancaq vaxt keçdikcə siyasi dairələrdə – Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır”.

Azərbaycan Prezidentinin II Şuşa Qlobal Forumunda mediaya açıqlamasında diqqəti çəkən ən önəmli məqamlardan biri də Zəfər mövzusunu istismar etməməyimiz­lə bağlı dedikləri oldu: “Biz heç bir zaman nə işğalı, nə onun fəsadla­rını, nə verdiyimiz qurbanları, nə də böyük Qələbəmizi unutmayaca­ğıq. Biz və gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Amma biz buna fokuslanmamalıyıq, bu möv­zunu daim istismar etməməliyik və onu əbədi bir rəmzə çevirməməli­yik. Biz irəli getməliyik”. 

Təkcə Azərbaycanın deyil, bütövlükdə, bölgənin irəli getmə­sindən ötrü prioritetləri sadalayan İlham Əliyev forum iştirakçılarına belə bir sual ünvanladı: “Biz hansı Cənubi Qafqazda yaşamaq istə­yirik?”. Sualın cavabını özü verdi: “Sülh içində yaşayan, münaqişə­siz, müharibəsiz, ərazi iddiası ol­mayan, hamının bir-birini sevdiyi, əməkdaşlıq etdiyi Cənubi Qafqaz istəyirik. Amma, bu, badə qaldı­randa deyilən gözəl kəlamlardır, real siyasət üçün belə deyil. Odur ki, həm Gürcüstanda, həm də Er­mənistanda yeni xarici siyasət gündəliyi formalaşan dövrdə onu dərindən düşünməli, təhlil etmə­li və bundan sonra biz müəyyən tədbirlər görməliyik ki, inteqrasiya olmasa da, ən azı, müəyyən əmək­daşlıq mövcud olsun”. 

Bunun baş vermədiyini təəs­süflə bildirən dövlətimizin başçısı amma indi belə bir şansın yaran­dığına diqqəti çəkib: “Bunun üçün yenə də həm Gürcüstanda, həm də Ermənistanda həmin xarici si­yasət modifikasiyalarının nə ilə ye­kunlaşacağını Azərbaycan düzgün təhlil etməli və sonunu görməliyik”. 

Bu məqamda “Qafqaz evi” kimi real və faydalı ideyanın müəllifi olan İlham Əliyev yenə də qonşulara və dünyaya xoşməramlı mesajlarını göndərdi. Dövlətimizin başçısının Şuşada dünyanın çoxsaylı media təmsilçilərinin qarşısında söylədik­ləri gerçəkləri hamıdan daha əvvəl rəsmi İrəvanın nəzərə alacağına, onun tezliklə yalançı deyil, real sül­hə gələcəyinə ümid edək. 

Arzu ABDULLAYEV, 
Naxçıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru

– Təəssüflər olsun ki, bəzən beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərarları ilə bir araya sığmayan yanaş­malar dünyada münaqişələrin ədalətli həllinə kölgə salır. Belə hallar daha çox özünü dünyaya “demokratiya keşikçisi” kimi təq­dim edən Qərbin mövqeyində özünü göstərir. 

Hazırda dünyanın fərqli nöqtələrində münaqişə ocaqla­rı yaradan bəzi güclər Cənubi Qafqazda da qanlı ssenarinin planını cızırlar. Qərb mətbuatı insan hüquqları, demokratiya mövzularına tez-tez toxunur, üçüncü ölkələrə necə yaşama­ğı öyrətməyə çalışır. Amma bu zaman həmin “böyük güclər”in törətdiyi qanlı hadisələr barədə susurlar. Onların demokratiya ixrac etdikləri Suriya, İraq, Livi­ya, Əfqanıstan və başqa dövlət­lərin düşdüyü durum göz qaba­ğındadır. 

Bu gün ABŞ-nin Cənubi Qafqaz siyasətinin konturları açıq görünür. Fəqət bu maraq­ların sülh əleyhinə olduğu kə­nardan da görünür. Məlum olur ki, Vaşinqton Cənubi Qafqazda gərginliyi artıraraq, yeni mü­naqişə yaratmaq yolunu tutub. Bu yolu tutan ölkənin bölgədə sülhü nəzərə alacağına kim ina­nar? 

Əslində, Qərbin rəsmi İrə­vanın qeyri-konstruktiv və sül­hdənqaçma siyasətini dəstək­ləməsi, Azərbaycanın əleyhinə fəaliyyət göstərməsi heç də ermənilərə sevgisindən irəli gəlmir. “Qoca qitə” üçün Ermə­nistanı təsir altında saxlamaq, iqtisadi fayda əldə etmək, bu yolla müstəqil siyasət yürüdən qonşularına təzyiq etmək daha maraqlandırır. Qərb ölkələri, xü­susilə də, ABŞ daxildə qanunun icazə verdiyi çərçivədən çıxan etiraz aksiyalarını amansızlıqla yatırırlar. Amma xaricdə oxşar aksiyalardan söhbət gedəndə, onlar belə aksiyaları dəstəklə­yirlər. 

Biz məhz ikili standartların nəticəsində işğalın, etnik tə­mizləmənin qurbanı olmuşuq. Ölkəmizə qarşı aparılan qa­rayaxmalara, feyk məlumatla­ra baxmayaraq Azərbaycan bölgədə yeni siyasi reallıqlar yaradıb, sülh və əməkdaşlıq is­tiqamətində inamla addımlayır. Azərbaycanın xarici siyasəti bü­tünlüklə cənab Prezidentin kre­ativ siyasi zəkasına əsaslanır. Qətiyyətli, prinsipial və düşü­nülmüş siyasəti ilə ən təhlükəli dönəmlərdə ölkəmizə qarşı təh­didlərin qarşısını alan Prezident İlham Əliyev həmin təşkilatlar­dan daha demokratik, ədalətli, beynəlxalq hüquqa hörmətlə yanaşan siyasətçi olduğunu bü­tün dünyaya sübut etdi.

Bütün deyilənlərin fonunda belə bir həqiqət də öz təsdiqini tapır ki, güclü və müdrik lideri olan dövlət qarşısında duran bütün maneləri dəf edir. Bu baxımdan Vətən müharibəsin­dən sonrakı bütün proseslərə, ən son 4 qeyri-anklav kəndin qaytarılmasına da nəzər salsaq, Prezident İlham Əliyevin regi­onun və dünyanın diplomatik müstəvisində söz sahibi olduğu aydın görünür.

İmran BƏDİRXANLI
XQ

 



Siyasət