Prezidentin Şuşa Qlobal Media Forumunda çıxışı beynəlxalq əks-səda yaradıb

post-img

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin II Şuşa Qlobal Media Fo­rumunun açılış mərasimindəki nitqi fərqli istiqamətlər üzrə verilən mühüm me­sajlarla diqqət çəkib. Öncə onu qeyd edək ki, forum dezinformasiyaya qarşı mü­barizə mövzusuna həsr edilib və Prezidentin çıxışışı da daha çox bu kontekstə köklənib. Nəzərə alaq ki, dezinformasiya son 20 il ərzində dünyanın ən aktual problemlərindən birinə çevrilib. Analitik mərkəzlərin açıqlamalarına görə, ya­şadığımız dövrdə “saxta xəbər”in qlobal informasiya dövriyyəsində payı 45-80 faiz aralığında dəyişir. Dezinformasiyanın belə sürətli artımının səbəbini uzun illər ərzində rəqəmsal transformasiya, internetin inkişafı, onlayn media resurs­larının, xüsusilə, sosial şəbəkə platformalarının çoxalması ilə əlaqələndiriblər. Qeyd ediblər ki, yeni media alətlərinin inkişafı paralel olaraq “saxta xəbər”in çoxalmasını stimullaşdırır. 

Amma son dövrlərdə bu versiya dəyi­şir, fərqli məqamlar önə çıxır. Son media nəzəriyyələrində dezinformasiya siya­si mübarizə aləti kimi təsvir edilir. Onun çoxalmasının səbəbi də dünyada siyasi mübahisələrin artması ilə əlaqələndirilir. Qeyd olunur ki, gepolitik savaş aparan­lar, dünyanı parçalayıb bölüşənlər öz məqsədlərinə çatmaq üçün dezinforma­siyadan silah kimi yararlanırlar. Təsadü­fi deyil ki, məşhur “Politico” nəşri “saxta xəbər”i “ABŞ siyasətinin fenomeni” ad­landırıb. 

Nəzəri fikirlərdə o da qeyd olunur ki, “dezinformasiya bilərəkdən saxtalaşdı­rılmış, zərərli niyyətlər üçün yaradılmış saxta xəbər növüdür və dünyanı fəlakətə sürükləyir”.

II Şuşa Qlobal Media Forumunun ver­diyi töhfələrdən biri də odur ki, akademik mərkəzlərin nəzəri baxımdan irəli sür­dükləri bu fikirləri praktiki müstəvidə təs­diqləyən yüzlərlə fakt təqdim edildi. Dün­yanın aparıcı media təşkilatlarını təmsil edən 150 nəfərlik heyətin iştirakı ilə keçi­rilən forum dezinformasiyanın yaranması, yayılması və hədəfləri barədə indiyədək deyilməyən fikirləri gündəmə gətirdi. 

Prezident İlham Əliyevin forumun açı­lış mərasimindəki nitqi bu baxımdan daha əlamətdardır. O, öz nitqində Azərbayca­nın məruz qaldığı informasiya savaşı­nı, dezinformasiya hücumunu nümunə göstərməklə dezinformasiya yaradıcıları­nın niyyət və metodları barədə bilgi verdi. 2020-ci ildə baş vermiş II Qarabağ sava­şı zamanı, həmçinin, 2023-cü ilin sen-tyabr ayında gerçəkləşdirilmiş anti-terror əməliyyatları zamanı aparıcı dövlətlərin informasiya müstəvisində yol verdikləri manipulyasiyalar barədə konkret misallar göstərməklə, dezinformasiya yayıcıları­nın hansı mexanizmlərdən faydalandıq­ları barədə aydın təsəvvür formalaşdırdı. 

Prezident vurğuladı ki, ölkəmiz uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olub. Erməni diasporunun səfərbər olunması, ermə­nipərəst siyasətçilərin, media nümayən­dələrinin Azərbaycana qarşı hücum etmələri, yanlış narrativlər yaymaları ölkəmizin reallıqdan çox uzaq bir şəkildə təqdim olunması ilə nəticələnib. 

Bu məqamda Prezident onu da vur­ğuladı ki, natamam, qeyri-dəqiq və ma­nipulyasiya edilmiş hesabatlar daha çox Qərb ölkələrindən qaynaqlanır. Beləliklə, yaşadığımız günlərdə intişar tapan de­zinformasiya mənbələrinin dəqiq ünva­nını göstərdi. Yeri gəlmişkən, Prezident İlham Əliyevin bu fikri Şuşa Forumuna qatılmış beynəlxalq media strukturlarının təmsilçilərinin dilindən də təkrarlanaraq təsdiq olundu. Məsələn, Əl-Cəzirə Me­dia İnstitutunun meneceri Montaser Ma­rai beynəlxalq ictimai rəyə təsir göstərən trans-milli KİV-lərin daha çox Qərbdəki korporasiyaların əlində olduğunu qeyd etdi. Həmçinin sosial şəbəkə platformala­rının da texnologiya nəhənglərinin əlində olduğunu, bu nəhənglərin isə Qərbdə, əsasən, ABŞ-də yerləşdiklərini bildirdi. Dezinformasiyaların daha çox transmilli KİV-lər və sosial media platformalarının üzərindən yayıldığını önə çəkməklə, de­zinformasiyaların mənbəyi rolunda Qər­bin çıxış etdiyinə işarə verdi: “Onlar məlu­mat axınına təsir göstərirlər və təəssüf ki, uğur qazanırlar”.

Prezident İlham Əliyev öz çıxışında onu da vurğuladı ki, bu gün Azərbaycanın daxil olduğu regionda – Cənubi Qafqazda tarixi transformasiya, geosiyasi dəyişik­liklər baş verir. Ənənəvi ittifaqlar zəifləyir, yeni əməkdaşlıq formatları meydana gə­lir. Bu tarixi gedişata müdaxilə etmək, pro­sesi öz maraqlarına uyğun şəkildə dəyiş­mək istəyən güc mərkəzləri vardır. Belə mərkəzlər dezinformasiya yaymaqla ha­disələrin təbii gedişatını dəyişmək istəyir­lər. Amma Prezident onu da vurğuladı ki, indi Cənubi Qafqazda müharibədən qalib çıxmış, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qüdrətli Azərbaycan vardır. Azərbaycan öz ərazisini və siyasətini kə­nar müdaxilələrdən qorumaq gücündədir. 

Məlumat üçün qeyd edək ki, Preziden­ti İlham Əliyevin İkinci Şuşa Qlobal Media Forumunun açılış mərasimində verdiyi mesajlar beynəlxalq qurumların diqqət mərkəzindədir. Analitik mərkəzlər Prezi­dentin çıxışında yer verilən məqamları, xüsusilə, Cənubu Qafqaz regionunda mövcud vəziyyət, Azərbaycan-Ermənis­tan münasibətləri, Türk Dövlətlər Təşki­latı, enerji layihələri, nəqliyyat dəhlizləri və sair istiqamətlər üzrə deyilənləri təhlil edirlər, nəticə çıxarmağa çalışırlar. Pakis­tandan başlamış Böyük Britaniyaya, Ərəb ölkələrindən ABŞ-yə qədər ən müxtəlif məkanlarda yerləşən KİV-lər məruzə üzrə məqalələr hazırlayır, təhlillər aparırlar. Hər biri də məsələyə öz nəzər nöqtəsin­dən yanaşır. Məsələn, “Reuters” və “Poli­tico” kimi nüfuzlu nəşrlər Prezident İlham Əliyevin Fransanın müstəmləkə şəraitin­də saxladığı ərazilərlə bağlı fikirlərinə yer veriblər. Türkiyənin aparıcı media resurs­ları – “TRT Haber”, “Akit”, “Star” və “Ay­dınlık” saytları isə Türk Dövlətlər Təşkilatı ilə bağlı fikirləri önə çıxarıblar. “Anadolu” agentliyi və “Haberler” saytı İsrail–Fələs­tin münaqişəsi ilə bağlı açıqlamalara diqqət çəkiblər. Almaniyanın “Berliner Ze­itung” nəşrində dərc olunan məqalədə isə qeyd olunur ki, Prezident İlham Əliyev fo­rumun açılışında BMT-nin İqlim Dəyişikli­yi üzrə Çərçivə Konvensiyasının - COP29 Tərəflər Konfransının 29-cu sessiyasında Azərbaycanın prioritetlərindən danışıb, daha sonra o, jurnalistlərin suallarını ca­vablandırıb.

Digər ölkə KİV-ləri də Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışını fərqli kontekstlərdə işıqlandırıblar və Prezidentin çıxışı beynəlxalq əks-sə­da yaradıb.

Siyasət