300-dən çox vətəndaşımız onların “yeraltı müharibəsi”nin qurbanı olub
Azərbaycanın Qarabağ iqtisadi rayonundan getməyə məcbur edilən separatçı-xunta rejiminin doğma yurdlarına qayıtmağa başlayan soydaşlarımıza qarşı “yeraltı müharibəsi” hələ davam edir. Dörd gün bundan əvvəl daha üç vətəndaşımız Kəlbcərdə mina partlayışı nəticəsində yaralanıb. Partlayış rayonun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə baş verib.
Azərbaycan Prezidenti İlham Əliyevin II Şuşa Qlobal Media Forumunun açılış mərasimində toxunduğu mövzulardan biri də Ermənistanın müharibədən sonra Azərbaycan ərazisini minalarla çirkləndirilməsi oldu.
“2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatından sonra, bizim Laçın dəhlizi üzərində nəzarətimiz olmadığı dövrdə Ermənistandan mina daşınır və onlar Qarabağda basdırılırdı. Biz bunu necə bilirik? Çünki o minaların üzərində “İstehsal tarixi 2021-ci il, Ermənistanda istehsal edilmişdir” yazıları var. Yəni, təsəvvür edin ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra belə onlar bizə qarşı mina terroru həyata keçirirdilər”.
Bu gün dünyanın bir çox ölkələrinin mina terrorundan əziyyət çəkdiyini forum iştirakçılarının diqqətinə çatdıran dövlətimizin başçısı iyulun 19-da insidentin baş verdiyini, üç nəfərin mina partlayışı nəticəsində yaralandığını söyləyib: “2020-ci ildən bu yana 300-dən çox insan ya həlak olub, ya da yaralanıb. Təəssüf ki, nəhayət, Ermənistanın bizə verdiyi mina xəritələri tamamilə yararsızdır, onlar dəqiq deyil. Əvvəl biz onlardan xahiş edəndə deyirdilər ki, – onların baş nazirləri mənə deyirdi ki, – bizdə xəritələr yoxdur. Ancaq sonra etiraf etməli oldular ki, xəritələr var, amma onlar tamamilə yararsızdır”.
Keçmiş köçkünlərin doğma yurdlarına qayıdışına ən böyük maneənin məhz minalar olduğunu deyən İlham Əliyev Azərbaycanın həmin ərazilərin reabilitasiyasının daha sürətli aparılması üçün infrastruktur layihələrinin və yaşayış binalarının inşasına başlamamışdan əvvəl o ərazilərin minalardan təmizləndiyini qeyd edib. “Təəssüflər olsun ki, bizim kifayət qədər resursumuz, təcrübəli heyətimiz yoxdur. Beynəlxalq təşkilatlar və şirkətlər bizə elə qiymətlər təklif edirlər ki, hər bir kvadratmetrə təklif edilən qiymət 5-10 dəfə artıqdır. Çünki bizim də özümüzün Minatəmizləmə Agentliyimiz və şirkətlərimiz var. Bu, nə qədər davam edəcək, bunu demək çox çətindir”.
İşğaldan azad olunmuş ərazilərin əziyyətli və vaxtaparan iş olduğu hamıya məlumdur. Üstündən 25 il keçməsinə baxmayaraq, Balkanlarda hələ də mina partlayışlarının baş verdiyini forum iştirakçılarının diqqətinə çatdıran dövl\ət başçımız bu bəlanın artıq beynəlxalq xarakter aldığını vurğuladı: “Yəni, Balkanlarda münaqişə illərdir sona çatmasına baxmayaraq, hələ də bu hallar baş verir. Təəssüflər olsun ki, biz də onilliklər ərzində bununla üzləşəcəyik. Bu gün bizdə olan məlumata görə, orada bir milyondan artıq mina basdırılıb”.
Forumdakı çıxışında köçkünlərin Qarabağa qayıdışı məsələsinə də toxunan Prezident İlham Əliyev vətəndaşların dörd şəhərə və dörd kəndə artıq qayıtdıqlarını nəzərə çatdırıb: “Azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Bir neçə ay əvvəl biz 23 binadan ibarət yaşayış kompleksini istifadəyə verdik. Üç, dörd, beşmərtəbəli binalardır. Buraya yaxındır, oranı gedib görə bilərsiniz. Artıq orada sakinlər yaşayırlar. Yəni, Qarabağda və Şərqi Zəngəzurda geniş reabilitasiya proqramı həyata keçirilir”.
Azərbaycanın Qarabağ iqtisadi rayonundan çıxarkən evlərini yandıran, mal-qarasına od vuran, naqilləri, hətta unitazını çöküb aparan hay vandallarının özlərindən sonra torpaqlarımızda buraxdıqları yeraltı “yadigarları”nın əziyyətini hələ neçə illər çəkəcəyimiz şübhəsizdir. Onlar özünəməxsus “qisas” metodu saydıqları vəhşilikləri ilə bu torpağa, həqiqətən, vətən kimi baxmadıqlarının, deməli, burada yaşamağa layiq ünsürlər olmadıqlarının əyani sübutudur.
İ.HƏSƏNQALA
XQ