Fransanın ardınca ABŞ və Avropa İttifaqı da Hayastana hərbi məqsədli yardım edir
Bütün daşlar yerinə oturur. O anlamda ki, əvvəllər Fransanın Ermənistanı silahlandırması rəsmi Parisin təkbaşına həyata keçirdiyi təşəbbüs təsiri bağışlayırdısa, artıq prosesin bütövlükdə kollektiv Qərbin egidası altında reallaşdırıldığını söyləmək üçün əsaslar var. Bu baxımdan iki məqamın üzərində dayanacağıq.
Məlum olduğu kimi, ABŞ Dövlət katibinin müavini Uzra Zeya bu günlərdə Ermənistanın Müdafiə Nazirliyində Amerika ordusunun nümayəndəsinin çalışacağı ilə bağlı qərarın verildiyi barədə məlumatı təsdiqləmişdi. İndi isə Birləşmiş Ştatların İrəvandakı səfirliyi konkret detalları açıqlayıb. Ali diplomatik təmsilçilik “Azadlıq” radiostansiyasının sorğusuna cavab olaraq bildirib ki, ABŞ Dövlət Departamentinin mülki müşaviri yaxın aylarda erməni hərbi birləşmələrində konsultativ dəstəyə rəhbərliyə başlamaq niyyətindədir. Səfirlikdən bu işə dəqiq nə zaman start veriləcəyi açıqlanmasa da, deyilib ki, Qlobal Müdafiə İslahatları Proqramı üzrə Ermənistana göndəriləcək müşavir ABŞ ordusu və ya Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilmir. Maliyyəni Dövlət Departamenti verir. Sən demə, müşavir Ermənistanın müdafiə institutlarını gücləndirməyə yardım göstərəcəkmiş: “ABŞ Dövlət Departamentinin Qlobal Müdafiə İslahatları Proqramı strateji səviyyəli məsləhət dəstəyi ilə dünya üzrə tərəfdaş ölkələrə daha möhkəm, effektiv və hesabatlı təhlükəsizlik institutları qurmağa kömək edir”.
***
O da məlumdur ki, Avropa İttifaqı 2020-ci ilin 44 günlük müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi və mövcud xüsusda tərəflərin sülhə gəlmələri yönümündə bir sıra addımlar atıb. Bu baxımdan Aİ Şurasının prezidenti Şarl Mişelin əməyini vurğulamaq mümkündür. Ancaq indi, görünür, vəziyyət dəyişib. Belə ki, Aİ Şurası Ermənistan Silahlı Qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardım göstərmək barədə qərar qəbul edib. Məlumatı qurumun mətbuat xidməti yayıb.
Məlumatda bildirilib ki, sözügedən yardım Avropa Sülh Fondu (APF) çərçivəsində həyata keçiriləcək. Nəzərə alaq ki, belə bir təşəbbüs Ermənistan üçün ilkdir. Məqsəd ölkənin silahlı qüvvələrinin maddi-texniki potensialını gücləndirmək, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Dəstək, həmçinin Ermənistanın dayanıqlılığını artırmaq və gələcəkdə Aİ tərəfindən aparılan beynəlxalq hərbi missiya və əməliyyatlarda mümkün iştirakı halında ölkənin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədini daşıyır. O da bildirilir ki, görülən tədbir tabor ölçülü bölmə üçün tam təchiz olunmuş çadır şəhərciyini təmin etməyə imkan verəcək.
Aİ Şirasının mətbuat xidmətinin bəyanatında o da bildirilib ki, hazırda Ermənistana qəbul edilən dəstək proqramı Avropa İttifaqının ölkə ilə ortaq dəyərlərə əsaslanan, Ermənistanda və Cənubi Qafqazda sülh, sabitlik və rifahı təşviq etmək məqsədi daşıyan tərəfdaşlığı çərçivəsində veriləcək. Aİ qurumla rəsmi İrəvanın Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi əsasında Ermənistanla siyasi və iqtisadi tərəfdaşlığını və əlaqələrini bütün ölçülərdə daha da gücləndirməyə sadiqdir. Bu, xarici siyasət və təhlükəsizlik siyasəti, o cümlədən, ümumi təhlükəsizlik və müdafiə siyasəti (CSDP) sahəsində dialoqun və əməkdaşlığın intensivləşdirilməsini əhatə edir.
Məsələ ilə bağlı Aİ-nin ən böyük ermənipərəsti qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin fikirləri də var. Borrel bildirib ki, təhlükəsizlik Ermənistanla Aİ-nin ikitərəfli münasibətlərinin daha vacib elementinə çevrilir. Onun sözlərinə görə, Avropa Sülh Fondunun görəcəyi iş Ermənistanın dayanıqlılığına töhfə verəcək: “Xarici işlər və təhlükəsizlik siyasəti üzrə dialoqumuzu genişləndirməkdə, eləcə də Ermənistanın gələcəkdə Aİ-nin rəhbərlik etdiyi missiya və əməliyyatlarda iştirakında marağımız var”.
Əvvəldə də bildirdiyimiz kimi, bu iki məsələ, ümumən kollektiv Qərbin Ermənistana hərbi dəstək ritorikasının mövcudluğundan xəbər verir. Yalançı dəstəklər ölkənin düşdüyü illüziya bataqlığındakı yerini bir qədər də möhkəmləndirir. İllüziyanın ilk avantürist simptomu isə artıq var. Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutublar. Rəsmi İrəvan, daha dəqiq desək, baş nazir Nikol Paşinyan administrasiyası məsələ ilə bağlı açıqlamasında faktı təkzib edib və məsələni Azərbaycanla qarşılıqlı əsasda araşdırmağa hazır olduğunu bildirib. Bunun bir adı var: həyasızlıq.
Bəli, Ermənistan hakimiyyəti həyasızlıq edir və ehtimal ki, rəsmi İrəvan bundan sonra da təxribatlarını davam etdirəcək. Çünki illüziya bataqlığı ölkənin başbilənlərinin başqa cür, yəni normal düşünmələrinə imkan vermir. Düşünməsinlər, ancaq nəzərə alsınlar ki, indiyədək Azərbaycana yönəlmiş bütün anti-sülh davranışları yekunda uğursuzluqla üzləşib. Əminliklə demək olar ki, ölkə 2020-ci ildən bəri itirə-itirə gedir. Rəsmi İrəvan durumun fərqində deyil və anlamır ki, Azərbaycanla barış üçün itirilən hər gün Ermənistana son dərəcə acınacaqlı perspektiv vəd edir. Necə deyərlər: can özünün, cəhənnəm Tanrının.
Ə.RÜSTƏMOV
XQ