Qərbdə Azərbaycan bərabər tərəfdaş kimi qəbul edilir

post-img

Şərqlə Qərbin kəsişməsində, tarixən formalaşmış mühüm nəqliyyat yollarının üzərində yerləşən Azərbaycanın dünyada rolu, önəmi və nüfuzu gü­nü-gündən artır. Ölkəmizin nüfuzunun yüksəlməsi­nin daha bir göstəricisi son illərdə paytaxtımızda tez-tez keçirilən mötəbər beynəlxalq tədbirlərdir. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilər də bu cür tədbirlərin ünva­nına çevirilib. Belə tədbirlərdən biri də mədəniyyət paytaxtımız Şuşada artıq ikinci dəfə keçirilən Qlo­bal Media Forumudur.

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda başlayan II Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev də iştirak edib. Dövlətimizin başçısı müxtəlif məsələlərə dair sualları cavablandırıb. Prezi­dentin səsləndirdiyi fikirlər ölkəmizdə və dünyada böyük maraq doğurur.

Qeyd edək ki, 2023-cü il iyulun 21–23-də keçirilən I Şuşa Qlobal Media Foru­mu “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusuna həsr edilmişdi. Builki forum isə qeyd etdiyimiz kimi, “Yalan mə­lumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda idi. Belə bir möv­zuya müraciət edilməsi heç də təsadüfi sayılmamalıdır. Məsələ ondadır ki, şərti olaraq, “dezinformasiya maşını” adlandı­ra biləcəyimiz aparat çox fəal şəkildə iş­ləyir. Bu “maşın”ın sayəsində dünyadakı müəyyən mərkəzlər olduqca çirkin işlərə imza ataraq xəbis niyyətlərini həyata ke­çirirlər. Müxtəlif mərkəzlərdən aldıqları vəsaitlə və ideoloji təlimatlarla işlər görən bu maşının əsas hədəfi müstəqil xarici siyasət yürüdən Azərbaycan kimi ölkələr olur. Müstəqillik illərində biz ölkəmizə qarşı yürüdülən dezinformasiya siyasə­tinin mənfi nəticələrini çox görmüşük və təəssüf ki, hələ də görməkdəyik.

Prezident İlham Əliyev forumda yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mövzusunda moderator – “Euronews” televiziyasının aparıcısı və prodüseri xanım Rebekka Maklaflin-İst­hamın sualına cavab olaraq təəssüf hissi ilə bildirdi ki, bu gün dünyada baş verən­lər məhz bu mövzunun bir növ qurbanına çevrilib: “Təəssüf ki, bu, bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilib. Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqın­da beynəlxalq mediada yayılan məlumat­lar həqiqətə uyğun olmur – yəni faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmu­şuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, me­dia nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbay­canı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər”.

Həqiqətən də, Azərbaycan hələ 1980-ci illərin sonlarından başlayaraq, Qarabağ məsələsində böhtanlara mə­ruz qalıb. Qərb dünyasındakı, əsasən ABŞ-dəki ermənipərəst mərkəzlər ölkə­mizi əsassız hücumların hədəfinə çevi­riblər. Həmin illərdə ermənilər Azərbay­canda açıq separatizmə başlamışdılar. 1992-ci ildən iki ölkə arasında mühari­bəyə çevrilən hadisələr nəticəsində əv­vəlcə Qarabağın dağlıq hissəsi, sonra isə keçmiş DQMV-yə aid olmayan 7 ra­yonumuz işğal altına düşmüşdü. Ölkəmiz bir milyon qaçqın və məcburi köçkünlə üzləşmiş, minlərlə insan itkisinə, soyqı­rımlarına, ölçüyəgəlməz maddi itkilərə məruz qalmışdı. Ancaq Qərbdəki dairələr baş verənlərə görə Ermənistanı ittiham etmək əvəzinə, Azərbaycanı təqsirkar çıxarmağa çalışırdılar. 1989-cu ildə Av­ropa Parlamentinin qəbul etdiyi bədnam qətnamə bu istiqamətdə ilk addım ol­muşdu. Sonra isə işğalçılara ABŞ Konq­resinin Nümayəndələr Palatasının qəbul etdiyi “Azadlığa dəstək aktı”na 907-ci düzəliş dəstəvüz oldu. 907-ci düzəliş se­paratçılara sanki, qol-qanad verdi. Onları Azərbaycan torpaqlarının işğalına ruh­landırdı. Nəticədə 1992-1993-cü illərdə rayonlarımız sürətlə işğal altına düşdü.

Bu məqam Prezident İlham Əliyevin forumda toxunduğu məsələlərdən biri idi. Dövlətimizin başçısı bildirdi ki, biz etnik təmizləmənin, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq bizi dün­yada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırma­sı, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tət­biq edib. Biz işğalın və təcavüzün qur­banı olmuşuq və o zaman Konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Yəni, bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir mil­yon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır.

Prezidentin səsləndirdiyi digər bir fikir də diqqəti cəlb edir. Cənab İlham Əliyev qeyd etdi ki, o zaman bizim bey­nəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi: “Biz müstəqil­liyini yeni bərpa etmiş ölkə idik və ciddi səylər göstərməli idik. Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Biz özümüzü günahlandırırdıq, resurslarımızı səfərbər edirdik, beynəlxalq ictimaiyyəti maariflən­dirirdik”.

Bu məsələ ilə bağlı qeyd etmək lazım­dır ki, müstəqilliyin ilk illərində ölkəmizi idarə edən səriştəsiz hakimiyyətlər infor­masiya siyasətini də düzgün qura bilmir­dilər. İnformasiya cəbhəsindəki blokada, sözün əsl mənasında, ulu öndər Heydər Əliyevin hakimiyyətinin ilk illərində yarıldı. Ulu öndər səfər etdiyi hər bir ölkədə au­ditoriyalar qarşısında çıxış edərək Ermə­nistan–Azərbaycan münaqişəsi ilə bağlı əsl həqiqətləri çatdırırdı. Heydər Əliyev Qarabağda mövcud olan vəziyyəti, ermə­nilərin hansı əraziləri işğal etdiyini xəritə üzərində əyani şəkildə həmin ölkələrin ictimaiyyət nümayəndələrinə izah edirdi. Eyni zamanda, işğalın ölkəmizə vurduğu yaraları aydın nümayiş etdirirdi.

Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişi ilə informasiya cəbhə­sində də əsaslı dönüş əldə edildi. Qa­rabağ məsələsində müdafiədən hücum diplomatiyasına keçilməsi strategiyası özünü bu sahədə də göstərdi. Düzdür, ölkəmiz yenə də əsassız hücumlara mə­ruz qalırdı. Bakıda keçirilən hər bir bey­nəlxalq tədbir azərbaycanofob, islamofob dairələrin Azərbaycanı qaralaması üçün fürsətə çevrilirdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı bu hücumlar özünün pik nöqtəsinə çatmışdı. Lakin çevik idarəçilik mexanizmi sayəsində hər bir “feyknyus” ifşa edilirdi. Artıq onlar necə deyərlər, nokauta düşdüklərini dərk edirdilər.

Prezidentin bu istiqamətdə sonrakı fi­kirləri də maraqlıdır: “Daha sonra biz dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər bizim mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir. Ona görə də bu məsələyə yanaşmanın ən yaxşı yolu budur: 30 il müstəqil olan ölkə nə edə bilər? Sizin kimi şəxsləri Bakıya və bölgələrimizə dəvət etmək və bizim nə işlər gördüyü­müzü, planlarımızı təqdim etmək, göz­ləntilərimizi sizə çatdırmaqdır ki, biz döv­lət quruculuğunda nələrə nail olmuşuq. Məhz, bu, ən səmərəli üsuldur”.

Cənab İlham Əliyev, həmçinin bildirib ki, Azərbaycanla bağlı natamam, qey­ri-dəqiq və manipulyasiya edilmiş hesa­batlar Qərbdən qaynaqlanır və bu, bizim gündəlik həyatımızın bir hissəsinə çev­rilib. Əvvəllər biz təəccüblənirdik, sonra məyus olurduq, indi isə buna çox biganə yanaşırıq. Bizim üçün fərq etməz, çünki burada əsas qərar sahibi Azərbaycan xalqıdır və hökumətin fəaliyyəti məhz xalqın mənafeyi naminədir. Əlbəttə, biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıq­landırılsın. Bu, müəyyən dezinformasiya sayəsində obyektiv deyilsə, eybi yoxdur. Ancaq bu, məqsədyönlü şəkildə edilir­sə, bu, Azərbaycanı nüfuzdan salmağa yönəlibsə, əlbəttə, biz sual veririk ki, bu, nədən baş verir, bu, niyə belə olmalıdır? Dediyim kimi, bizim bununla bağlı edə biləcəyimiz o qədər də çox deyil. Bu gün Qarabağda apardığımız işlər, ola bilsin ki, bu vəziyyəti dəyişə bilər. Ancaq vaxt keçdikcə siyasi dairələrdə – Qərbdə re­allıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır.

Mövzu ilə bağlı “XQ”yə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Prezident İlham Əliyevin forumda çıxışından gəlinən qənaət budur ki, Azərbaycan beynəlxalq aləmdə dost­larının və tərəfdaşlarının sayını artırıb, müxtəlif regional təşkilatlarda ölkənin mə­nafeyi baxımından iştiraka marağı artıb. Onun sözlərinə görə, dövlətimizin başçısı Avropa Parlamenti və Avropa Şurası, o cümlədən Fransa xaricində Azərbayca­nın Qərblə münasibətlərində problemin olmadığını bu şəkildə dəyərləndirib: “Vaxt keçdikcə, Qərbin siyasi dairələrində real­lıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır”.

E.Şahinoğlu qeyd edib ki, Azərbay­can Vətən müharibəsindəki Qələbədən 3 il sonra antiterror tədbirləri ilə işğala və separatizmə birdəfəlik son qoydu: “Göz­ləmək olardı ki, bu qələbəmizi həzm edə bilməyənlərin sayı çox olacaq, bizə təz­yiq artacaq. Heç biri olmadı, kiçik istis­nalar xaricində ərazimizdə separatizmə son qoymağımıza etiraz olmadı, əksinə, tərəfdaşlığa üstünlük verənlərin sayı art­dı. Reallıq budur”.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev forumda Azərbaycanın uzun illərdir üzləşdiyi əsassız hücumlara bu gün ABŞ-nin 45-ci Prezidenti Donald Trampın da məruz qaldığını vurğulayıb. “Prezident Tramp “Vaşinqton Post”u və “Nyu-York Tayms”ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən onunla tamamilə razıyam. Mən təkcə bu məsələ­də deyil, onun bir çox bəyanatları ilə razı­yam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır. Elə, sadəcə, bunu görəndə biz özümüzü bir az rahat hesab edə bilərik. Yəni bu gün diqqət Azərbaycandan yayınıbdır” – deyən Prezident İlham Əliyev medianın, hər kəsin obyektiv olmasını arzu etdiyini bildirib. Ancaq medianın xüsusi məsu­liyyəti var. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanla­rın həyatına təsir edir.

Səxavət HƏMİD
XQ



Siyasət