I məqalə
Biz Cənubi Qafqaz regionunda tarixi transformasiyanın şahidiyik.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Tarixi-geosiyasi dəyişikliklərin memarı
“Cənubi Qafqazda tarixi-geosiyasi dəyişiklər” ifadəsi Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Bütövlükdə, Cənubi Qafqazda postmüharibə dövrünün yaradıcısı kimi Prezidentin lider olaraq misssiyası ayrıca tədqiq olunmalıdır. Çünki İlham Əliyev nəinki postsovet məkanında, hətta Avrasiyada siyasi-diplomatik sahədə ciddi yeniliklərə imza atmışdır. Bunun geosiyasi nümunəsi Cənubi Qafqazda tarixi transformasiyanın baş verməsindən ibarətdir. Cənubi Qafqaza münasibətdə Azərbaycan Prezidentinin ifadə etdiyi “tarixi transformasiya” tezisinin hansı məqamları əks etdirdiyini aydın təsəvvür etmək üçün qısa fəlsəfi-tarixi izaha ehtiyac vardır.
“Tarixi transformasiya” anlayışı “tarixi məkan” anlayışı ilə sıx bağlıdır. Sonuncunun isə konkret “coğrafi çərçivələri” mövcuddur. Bu cür əlaqələr zənciri tarixi transformasiyanı coğrafi determinizmlə bir-birinə bağlayır. Bununla tarixi transformasiyanın özündə məkanı, coğrafi sərhədləri, səbəb-nəticə əlaqələrinin dinamizmini ehtiva edən mürəkkəb bir fenomen olduğu aydınlaşır.
Bu isə geosiyasi və siyasi aspektlərdə o deməkdir ki, hər hansı regionda tarixi transformasiya özündə müxtəlif xarakterli çox sayda faktoru birləşdirir. Həmin prizmada tarixi məkanı təbii-coğrafi, sosial, iqtisadi, ictimai-mədəni, siyasi, hərbi, təhlükəsizlik və digər proseslərin qarşılıqlı əlaqədə cərəyan etdiyi məkan olaraq qəbul edə bilərik.
Tarixi məkan bu anlamda özünün coğrafi çərçivələrinə malikdir. Yəni müəyyən zaman kəsimində konkret coğrafi hüdudlarda müxtəlif təbiətli proseslərin qarşılıqlı əlaqəsi həmin məkanın tarixi obrazını məzmunlaşdırır. Prezident İlham Əliyevin “tarixi transformasiya” tezisi bu cür zəngin məzmuna malikdir. İndi onun konkret Cənubi Qafqazda məzmunlaşmasına nəzər salaq.
Cənubi Qafqaz tarixi-geosiyasi məkan kimi
Arnold Toynbinin qənaətinə görə, “tarixi tədqiqat sahəsi” anlayışı hər bir regionun tarixi-geosiyasi özəllikləri, onun yerləşdiyi coğrafiyanın kompleks şərtləri ilə sıx bağlıdır. Bu prizmada Qərbin tanınmış geostrateqləri (məsələn, H.С.Makinder, Z.Bzejinski, H.Kissincer və s.) Qafqazın Avrasiyada xüsusi statusa malik olduğunu vurğulamışlar. Həmin çərçivədə Azərbaycanın yeri və roluna ayrıca önəm vermişlər. Onlar Azərbaycanı Qərblə Şərq arasında “əsas geosiyasi körpü” kimi görmüşlər.
Qafqazın son 300 illik tarixi-geosiyasi dinamikasına baxsaq, indiki mərhələdə tarixi transformasiyaların real mənasını bir qədər aydın dərk edə bilərik. Son 300 ildir ki, bu region böyük geosiyasi güclərin toqquşma məkanı olmuş, onların hər biri yerli ölkələrin maraqlarını deyil, öz şəxsi maraqlarını əsas tutmuş və nüfuz uğrunda amansızcasına savaşmışlar. Həmin güclü geosiyasi dairələr, məqsədlərinə çatmaq üçün Cənubi Qafqazı hərbi, siyasi, geosiyasi və ideoloji toqquşma məkanına çevirmişlər. Nəticədə uzun illər Cənubi Qafqaz imperiya ambisiyalı qüvvələrin “Parçala, hökm sür!” siyasətinin qanlı məkanı olmuşdur.
Bu reallığın prizmasında indiki tarixi transformasiyanın mahiyyəti nədən ibarət ola bilər?
Geosiyasi konstruktivizm trendi
II Qarabağ savaşında Azərbaycanın möhtəşəm zəfəri əsrlərlə davam edən həmin dağıdıcı və parçalayıcı trendi “sındırdı”. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra isə yeni tendensiya başladı. Ötən müddət ərzində baş verən geosiyasi, siyasi və hərbi proseslər göstərdi ki, Cənubi Qafqazda ərazi bütövlüyünün və suverenliyin tam bərpasının əsasını qoyduğu tendensiya keçici deyildir.
Azərbaycan–Türkiyə birliyi bu transfomativ xarakterli tendensiyanı inamla dayanıqlı trendə çevirir. Onun başlıca əlaməti geosiyasi konstruktivizm, sülh, barış, əməkdaşlıq və təhlükəsizliyin, bütövlükdə, regional məkana hakim olmasından ibarətdir. Bununla region xalqları üçün yeni tarixi şans yaranmış oldu: əsr-lərlə davam edən konfrontasiyanın tarixi və geosiyasi təməli çökməyə başladı.
İlk zamanlar konfrontasiya tərəfdarları bununla qətiyyən barışmaq istəmədilər. Dalbadal təxribatlara, silkələnmələrə, vəziyyəti sabitlikdən çıxarmağa çalışdılar. Lakin bütün bu cəhdlərin qarşısında sağlam və pozitiv ruhlu Azərbaycan–Türkiyə strateji müttəfiqliyi durdu. Rəsmi Bakının xüsusi təşəbbüsü ilə Rusiya da bu prosesə dəstək verməyə başladı. Nəticədə, sözün həqiqi mənasında, tarixi transformasiya özünü göstərdi! Azərbaycan Prezidenti məhz bu trenddən bəhs edir. Onun həyata keçməsində dövlət başçısı və lider kimi İlham Əliyevin xidmətləri tarixi məzmunlu və əvəzedilməzdir!
Eyni zamanda, Prezident İlham Əliyevəldə edilən nailiyyətlərlə kifayətlənməməyə səsləyir. Savaşda qazanılan zəfər bizləri arxayınlaşdırmamalı, yerimizdə saymamalıyıq. Onları dəyişməz rəmzlərə çevirməməliyik. Yəni fəallıq davam etməlidir.
Tarixi transformasiyanın mahiyyəti tələb edir ki, daim yaradıcı olaq, yeni situasiyalara, risklərə və qeyri-müəyyənliklərə hazır olaq. Əslində, Azərbaycan artıq bu kimi risklərlə üz-üzədir. Onların sırasında informasiya savaşının əsas əlamətlərindən biri olan dezinformasiya, feyk məlumatlar, təxribatçı, əsassız informasiyalar ayrıca yer tutur. Prezident II Şuşa Qlobal Media Forumunda “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda müzakirələr zamanı bu prosesin əsas əlamətlərini aydın ifadə etmişdir. Dövlət başçısının konkret faktlara əsaslanan təhlilindən görünür ki, məsələnin vurğulanan aspekti son dərəcə həssas məqamlara toxunur.
Yanlış narrativlər
Prezident çıxışında vurğulamışdır ki, “Uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olmuşuq”. Hər iki faktor – manipulyasiya və yanlış narrativlik müasir informasiya müharibəsində çox geniş işlənən informativ təsiretmə növləridir. Hər birinin özəl funksiyası mövcuddur.
“Manipulyasiya” anlayışının müxtəlif tərifləri olmasına baxmayaarq, onların hamısını birləşdirən iki əlamət vardir: birincisi, psixoloji təsir gizli və maskalı edilir, ikincisi, bu təsirdə hədəfin maraqları nəzərə alınmır ki, bu da sonucda onun üzərində hökmranlıq məqsədi daşıyır. Deməli, faktları manipulyasiya etmək təsir hədəfi kimi seçilən subyektdə yanlış təsəvvürlər yaratmağa, onu özünə tabe etməyə hesablanır. Bunun üçün, adətən, qeyri-zorakı, incə texnologiyalarla insanların şüurunda süni dəyişikliklər edirlər və bir sıra hallarda faktiki olaraq onu özünün maraqlarına qarşı qoya bilirlər. Cəmiyyət miqyasında, bu, sosial kəsimlərin rəyində öz cəmiyyəti, dövləti və mədəniyyəti haqqında yanlış təsəvvürlər yaratmaq deməkdir.
Buradan “yanlış narrativ” anlayışı aydın olur. Narrativ “danışmaq, nəql etmək” deməkdir. Yəni subyekt hər hansı situasiyanı və ya uzun zaman kəsimində baş verən hadisələri öz subyektiv maraqlarına uyğun nəql edir, onun ideoloji konstruksiyasını yaradır. Bu zaman narrasiyanı yaradanı obyektiv mənzərə deyil, özünün şəxsi maraqlarına uyğun təsəvvür yaratmaq maraqlandırır. Siyasətdə də hər hansı məsələ haqqında subyekt öz maraqlarına uyğun “nağıl” danışır. Tarixçilər, adətən, öz narrativlərini yaradırlar. Yəni tarixi faktları öz maraqlarına uyğun müəyyən baxışlar sisteminə çevirirlər.
Cənubi Qafqazda da güclü dövlətlər əsrlərlə faktları manipulyasiya etməklə yanlış narrativlər uydurmuşlar. Obrazlı desək, bizə öz tarixi uydurmalarını həqiqi bilik kimi təqdim etmişlər. Konkret Azərbaycan tarixi, azərbaycanlılar, Azərbaycan mədəniyyəti, dövlətçiliyi, siyasəti, geosiyasəti və s. haqqında uydurma fikirlər yaymışlar. Məsələn, uzun müddət elə təəssürat yaradırdılar ki, azərbaycanlılar Cənubi Qafqaza gəlmədilər. Gürcülər və ermənilər isə sanki “min illərdir ki, burada bitmişlər”! Bizlər hər yerə, guya, gəlməyik, başqaları isə “əbədi hər yerə kök salmışlar”!
Dövlətçiliyimizə qarşı da yanlış narrativlər uydurmuşlar. Guya, türklərin burada dövlətləri olmamışdır, azərbaycanlılar ümumiyyətlə, dövlət qura bilmirlər. Bundan başqa, azərbaycanlılar qonşularına qarşı, guya, aqressivdirlər. Onlar hüquqa və qanuna əməl etmirlər.
Xüsusilə çar və sovet dönəmində biz hər yerdə, hər şeydə “günahkar” idik. Bunların fonunda ermənilər həm qədim, həm dövlətçi, həm də mədəni xalq kimi qələmə verilirdi. Bütün sovet təbliğatı Qafqaz istiqamətində erməni müstəsnalığını sübut etmək üzərində qurulmuşdu. Dövlət – ermənilərdə, ideya–ermənilərdə, mədəniyyət–ermənilərdə, elm-ermənilərdə, mərdlik–ermənilərdə və s. saxta şüarlarla regionun tarixi, mədəni və geosiyasi mənzərəsini korlayır, “antiekoloji mənəvi mühit” yaradırdılar.
Onlar erməniləri əsl döyüşçü, mərd savaşçı, hər şeyə qadir təfəkkür sahibləri kimi təqdim edərək, yalançı erməni nümunəsi yaradırdılar.
Etiraf edək ki, uzun müddət qərəzli dairələr buna nail oldular. Cənubi Qafqazda saxta erməni obrazı yaradılmışdı. Bu obrazda ancaq müsbət keyfiyyətlər vardı. Hətta üzdəniraq bir sıra azərbaycanlı kinomatoqraflar da ucuz erməni təbliğartı aparır, bunun fonunda azərbaycanlıların yanlış obrazını yaratmağa çalışırdılar. Bizi qorxaq, satqın, pislik edən, qonşu ilə yola getməyən insanlar kimi təqdim etməyə cəhd göstərirdilər.
Bütün bu haqsız və əsassız narrativlərin fonunda II Qarabağ savaşında qazanılan zəfərin hansı dərinlik və genişlikdə regionun saxta və konfrontasiya mahiyyətli mənzərəsini darmadağın etdiyi gün kimi aydın olur! Bu zəfər yanlış narrativləri, saxta pozitiv erməni dövlətçiliyi təsəvvürlərini və erməni ideyasını tarixin zibilliyinə atdı! Eyni zamanda, daha geniş miqyasda uydurmaların əsassızlığını nümayiş etdirdi.
Əlbəttə, bütün bunlar Azərbaycanın Cənubi Qafqazın tarixində tarixi transformasiya etdiyini aydın göstərir! Azərbaycan Prezidenti, cəmiyyət, xalq, ordu bütün dünya üçün nümunə ola biləcək regional dəyişikliyə nail oldu! Cənubi Qafqaz tamamilə fərqli “rəngdə” görünməyə başladı! Bu bağlılıqda dezinfomasiyalarla mübarizənin daha da aktuallaşdığına şübhə yeri qalmır. Çünki artıq təşəbbüs Azərbaycandadır ki, ona qarşı daha aqressiv yanlış narrativlərlə işlər görməyə çalışacaqlar. Prezident İlham Əliyevin “biz çox layları tərpətdik” deyimi vurğulanan kontekstdə dərin və geniş mənalıdır!
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru