II Şuşa Qlobal Media Forumu – yalanlara qarşı mübarizə əzmimiz

post-img

Həsən bəy Zərdabi ənənələri və dezinformasiyalarla mübarizə platformamız

İyulun 20-dən start götürmüş və dünən də davam etmiş II Şuşa Qlobal Media Forumunun mövzusu son dərəcə aktualdır - “Yalan məlumatların ifşası: Dezin­formasiyaya qarşı mübarizə”. 

Belə bir mövzunun seçilməsi adi məsələ sayıla bilməz. Çünki həm bizim qarşılaşdığımız, həm də bütövlükdə, dün­yanın üzləşdiyi reallıqlar var. Elə bir real­lıqlar ki, onların ədalətsizlik payı bəşəri dəyər və prinsipləri təhdid təbiətinə malik­dir. Yazımızda bununla bağlı beş məqa­ma nəzər salacaq, eyni zamanda, digər əlaqəli məsələrə də diqqət yetirəcəyik. 

Birinci məqam. Bəli, yalan və dezin­formasiyalar, ümumən dünyanı düşün­dürür. Deməli, mövzunun II Şuşa Qlobal Media Forumu müstəvisinə çıxması fun­damental anlam daşıyır. Nəticə etibarilə Azərbaycan beynəlxalq ictimaiyyət üçün faydalı işə imza atmış olur. Bəs dünya ya­lanlar və dezinformasiyalar barədə nə dü­şünür? Daha doğrusu, onlara qarşı hansı tədbirləri görür? Bu mənada Qərb təcrü­bəsinə istinadən bir sıra faktları sadala­maq mümkündür. Məsələn, Almaniyada internet qanunu, sosial media ilə bağlı Şəbəkə Mühafizə Qanunu (NetzDG), Fransada İnformasiyanın Manipulyasi­yası ilə Mübarizə Qanunu var. Habelə, Avropa İttifaqının Süni intellekt üzrə Uy­ğunlaşdırılmış (təklif) Qaydaları da de­zinformasiyaya, manipulyasiyaya səbəb ola biləcək məzmunlara qarşı müqavimət formalaşdırmaqdadır. Bundan başqa, qardaş Türkiyədə sosial media platforma­larındakı xəbər çirkliliyi və dezinformasi­yalarla mübarizə baxımından qanunveri­ciliyin təkmilləşdirildiyini deyə bilərik.

İkinci məqama keçid alarkən belə bir sual ünvanlayaq: Qeyd etdiyimiz qa­nunvericilik tədbirləri mənfi təmayülləri nə dərəcədə əngəlləyir və ya əngəlləyə bilir­mi? Nəzərə almalıyıq ki, texnoloji inkişaf siyasi, sosial, iqtisadi və digər məqsəd­lər naminə saxta bilgilər yayan ayrı-ay­rı fərdlər və qruplar üçün münbit zəmin formalaşdırır. Hələ mövcud labirintin yön­ləndirici bilgilər təzahürü də var. Bəzən görürük ki, dezinformasiyaya əsaslanmış məzmun troll və bot (saxta) hesablarda, “Facebook” və “Twitter” kimi məşhur so­sial media platformalarında yayılır. Bu zaman insanların müstəqil qərar qəbul etmə potensialına zərər gəlir, ictimai rəy şübhələrlə, bir növ, sınağa çəkilmiş olur. Nəticədə cəmiyyətlərdə mediaya inam da azalır ki, əslində, bizi daha çox düşün­dürən elə budur. 

Bəli, belə nəticəyə gələ bilərik ki, 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş II Şuşa Qlobal Media Forumu Azərbayca­nın dünyanı düşündürən mövzunu müza­kirəyə çıxarması baxımından bəşəriyyətə töhfədir. Deməli, ölkəmizin düzənlədiyi mötəbər toplantı Həsən bəy Zərdabinin “Əkinçi”si ilə açıqlanmış prinsipləri bey­nəlxalq aləmə ixrac edir. Özü də söhbət səmərəli ixracdan gedir. Çünki yalanların ifşasına və dezinformasiyaya qarşı müba­rizəyə həsr olunmuş forumun ayrı-ayrı pa­nellərinə nəzər salanda əminliklə söyləyə bilərik ki, problemə fundamental yanaşma ortaya qoyulub. Onu da qəti şəkildə vur­ğulamaq olar ki, artıq Şuşada keçirilən forumlar dünya mediasını, həmçinin xari­ci aləmi narahat edən məsələlərin müza­kirəyə çıxarıldığı geniş platformaya çev­rilir. Belə bir platformanın mövcudluğu, eyni zamanda, Həsən bəyin ruhuna dərin ehtiramın, azad sözə dəyərin müstəsna nümunəsidir. 

Üçüncü məqam. Yalanlar və de­zinformasiyalar dünyanı cənginə almış böyük bəla statusuna necə sahibləndi? Hesab edirik ki, suala cavab vermək üçün bir qədər keçmişə üz tutmaq lazımdır. Gö­türək, elə “ərəb baharı” adı ilə başlanmış inqilablar dövrünü. Məlum olduğu kimi, həm internetin, həm də sosial medianın gücünü dünya ilk dəfə məhz həmin döv­rdə gördü. Ortada ilk baxışdan olduqca sadə mexanizm var idi: sosial mediada aktiv bir qrup şəxs Misirdə dövlət çevrilişi edir, Tunisdə aranı qatır, tezliklə inqilab dalğası Liviyanı cənginə alır. Başqa təfər­rüatlar da var ki, üzərində dayanmırıq. 

Təxminən, 10-12 il əvvəlin bu mən­zərəsini müşahidə edərkən, elə təsəv­vür yaranırdı ki, sanki internet və sosial şəbəkələr ayrıca fövqəltəbii seqmentdir, onun heç nəyə dəxli yoxdur, birbaşa xalq­lar, daha dəqiq desək, narazı kütlənin özünütəsdiq məkanıdır. Lakin tezliklə bütün daşlar yerinə oturmağa başladı. Məlum oldu ki, proseslər zərgər dəqiqli­yinədək hesablanıb. Bəs Misirdə Hüsnü Mübarəkin, Liviyada Müəmmar Qəzza­finin devrilməsi ilə vüsət götürmüş inqi­lab dalğasının ən böyük silahı nə oldu? Əlbəttə ki, yalanlar və dezinformasiyalar. 

Heç də demək istəmirik ki, ərəb ölkələ­rindəki hakimiyyət dəyişiklikləri üçün daxi­li zəmin yox idi və hər şey birbaşa sosial şəbəkələr üzərində uyduruldu. Ancaq həmin ölkələrdəki ssenarilər mütərəqqi sonluq gətirmədi. El dilində deyildiyi kimi, dinsizin öhdəsindən imansız gəldi. Nəticə isə göz önündədir. Bu gün inqilab dalğa­sı ilə üzləşmiş ölkələr səfalət içərisində­dirlər, onların əhalisi yaşayış səviyyəsi baxımından inqilabdan əvvəlki dövrdə olduğundan qat-qat geridir. Deməli, yalan və dezinformasiyalarla idarə olunan hərə­katlar insanların rifahına xidmət etmədi və əslində, edə də bilməzdi. Amma bunu əv­vəldən görən və duyan oldumu? Təəssüf ki, yox! 

Dördüncü məqam. O da məlum oldu ki, doğuluşdan şikəstliyə düçar olmuş ya­lan mahiyyət toplumları şikəst qoymaq məqsədini daşıyır. Bu yerdə diqqəti öz reallıqlarımıza çəkməyi vacib sayırıq. Axı müstəqilliyin ilk günlərindən ölkəmizi zəif salmaq istəyənlər də bizə qarşı şər və böhtandan istifadə ediblər. Ona görə Pre­zident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Foru­munun açılışında bildirib ki, Azərbaycan uzun illər ərzində faktların manipulyasi­yasının, yanlış narrativlərin qurbanı olub. Dövlətimizin başçısı mövcud xüsusda ayrı-ayrı detalları da açıqlayıb. Məsələn, erməni diasporunun ölkəmizə qarşı səfər­bərliyi, ermənipərəst siyasətçilərin, media nümayəndələrinin hücumları, yanlışlıqlar yaymaları, respublikamızı reallıqdan çox uzaq bir şəkildə təqdim etmələri. Bütün bunları görə-görə gəlmişik. 

Digər tərəfdən, Prezident İlham Əliyev Azərbaycana yönəlmiş dezinformasiya savaşının daha bir seqmentini də açıq­layır. Söhbət ölkəmizlə bağlı natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlardan gedir ki, ayrı-ayrı xarici media orqanlarının qərəzli münasibəti qaldığı kimi, həmin hesabatlar da yenə yayılmaqdadır. Dövlətimizin başçısı bu hesabatların Qərbdən qaynaqlandığı­nı vurğulayır və belə mənfi təmayüllərin mövcudluğuna görə təəccübləndiyimizi, məyus olduğumuzu bildirir. 

Yeri gəlmişkən, ən böyük məyusluğu İkinci Qarabağ müharibəsinin ilk günlərin­də yaşadıq. Həmin vaxt dünyanın müxtə­lif media orqanları, siyasi ekspertləri elə fon yaratdılar ki, sanki hərbi əməliyyatlara ilk start verən Ermənistan rəhbərliyi olma­mışdı. Onlar apardığımız savaşı ədalət­siz, işğalçılıq məqsədi daşıyan avantür­zm qismində göstərməyə baş vurdular. Bir sözlə, ortada dünya adına son dərəcə böyük rəzillik yaşandı. 

Ancaq həmin vaxt Prezident İlham Əliyev neqativ meyillərə qarşı təkbaşına mübarizə apardı. Dövlətimizin başçısı dünyanın müxtəlif aparıcı media orqan­larına verdiyi otuzdan artıq müsahibədə reallıqların və əsl həqiqətlərin üzərində dayanmaqla, ölkəmizin informasiya cə­bhəsində də üstünlük qazanmasını təmin etdi. 

Beşinci məqam. Lakin xaricdəki er­mənipərəst dairələr, ölkəmizin inkişafını gözü götürməyən qüvvələr Vətən mühari­bəsindən sonra da Azərbaycana qarşı de­zinformasiyalarına ara vermədilər. Onlar Ermənistanın təxribatlarına cavablarımızı işğalçı niyyəti kimi təqdim etməyə giriş­dilər. Çalışdılar ki, ölkəmizin ərazisində se­paratçı rejim qalsın, ömrünü sonsuzadək sürdürsün. Məhz bu səbəbdən 2023-cüilin sentybarında reallaşdırdığımız lokal xarakterli antiterror tədbirlərini süngü ilə qarşıladılar. Çalışdılar ki, dünyada Qa­rabağ ermənilərinə beynəlxalq təminat məsələsi naminə müqavimət formalaşsın, beləliklə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məntiqi heçə sayılsın. 

Lakin niyyətlərinə nail ola bilmədilər və reallıqların üzünə düz baxmaq məcbu­riyyətində qaldılar. Prezident İlham Əliyev də 2-ci Şuşa Qlobal Media Forumunda mövcud məqama toxundu: “Vaxt keçdik­cə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır”. 

Dövlətimizin başçısı forumda dün­ya mediasının, informasiya işinə məsul qütblərin Azərbaycanda və regionda baş verən hadisələri obyektiv şəkildə işıqlan­dırmalarının vacibliyindən söz açdı. Heç şübhəsiz, bu, yalnız istək deyil. Nəzərə alaq ki, mövcud istiqamətdə çalışmaq şərtdir. Buna görə də Prezident İlham Əliyev ölkəmizin dezinformasiyalara və yalanlara qarşı gələcəkdə də biganə qal­mayacağını vurğulayır. Hesab edirik ki, “Yalan məlumatların ifşası: Dezinforma­siyaya qarşı mübarizə” mövzusundakı 2-ci Şuşa Qlobal Media Forumu həm də ümumən üzləşdiyimiz və dünyanın qarşı­laşdığı ədalətsizliklərə biganə qalmamaq əzmimizin təntənəsidir. 

Ə.CAHANGİROĞLU
XQ



Siyasət