Maraqların kəsişmə dalanı – Zəngəzur dəhlizi

post-img

Ağ ev “quyuya atdığı daşı” nədən belə tezliklə çıxarmaq istəyir? 

Ermənistanla birbaşa sülh danışıqlarının arzuedilən finişə çatması üçün Bakı bütün mümkün variantları İrəvanın qarşısında sərgiləyib. Sülh sazişinin mətninə sayca onuncu təkliflər paketimiz və orada yer alan şərtlərimiz şəffaf və ədalətlidir. Buna adekvat cavab vermək, danışıqlar masasına əyləşmək əvəzinə, Paşinyan iqtidarı ermənipərəst Qərbdən imdad diləmək cəhdlərindən əl çəkmək istəmir. Güvəndiklərinə ümidlərinin özünü doğrultmadığına inanmaq istəməyən Ermənistan rəhbərliyi çeşidli “taktiki gedişlər” edir. “Üçlüy”ün 5 aprel Brüssel sammitindən sonra Avropadan və ABŞ-dan özlərinə hərtərəfli dəstək, Bakıya isə təzyiq gözləyən Paşinyan və onun komandası son patronlarını xərcləməkdədir. 

Artıq bunu açıq şəkildə söyləyə bilə­rik: Vaşinqtondan ötrü Ermənistan və Azərbaycan arasında sülh sazişinin tez­liklə imzalanması onun barışığa can at­masının deyil, ondan sonrakı mərhələdə bölgədə hadisələrin hansı ssenari üzrə cərəyan edəcəyindən keçirdiyi narahatlı­ğın təzahürüdür. Bu narahatlığın başlıca səbəbi isə mütləq işə düşəcək Zəngəzur dəhlizinin və qitələrarası habın – Orta dəhlizin Rusiyanın və İranın nəzarətinə keçməsi ehtimalı ilə bağlıdır. Ağ ev hələ­lik bu yöndə əndişəsini diplomatik tərzdə, həm də “ezop dili”ndə ifadə etməkdədir. 

* * *

Dövlət Departamentinin rəsmisinin “hər iki tərəf kompromisə getməlidir” deyərkən konkret kimin hansı güzəştlərə getməli olduğunu açıqlamaması, yəni detallara varmaması ən müxtəlif ehtimal və versiyaların irəli sürülməsinə yol açır. Bundan özü üçün yanlış qənaətlər çıxa­ran rəsmi İrəvan, eləcə də Ermənistan müxalifəti bir-birinə düz və tərs mütə­nasib yanaşmalara baş vururlar. Misal üçün, erməni politoloq Tiqran Abramyan Millerin hansı yeni sərt güzəştlərdən danışdığını anlamadığını deyir. “Biz, əs­lində, altı ildir uduzmuş, məğlub və geri çəkilən Ermənistanı görmüşük. 2018-ci ildən sonra İrəvan bütün danışıqlarda gedə biləcəyindən daha çox güzəştə getdi. İndi vasitəçiliyə iddialı ABŞ yeni güzəştlər elan edir. Ola bilsin ki, burada söhbət Zəngəzur dəhlizindən gedir”.

Böyük iqtisadi əhəmiyyətə malik Zən­gəzur dəhlizinin açılmasında regional və regiondankənar aktorların marağının ol­duğunu deyən erməni ekspert Türkiyə ilə Azərbaycan üçün bu dəhlizin işə düşmə­sinin müstəsna siyasi əhəmiyyət kəsb et­diyini xüsusi olaraq vurğulayır: “Məqsəd Ermənistanla İranı ayırmaqdır. İran indi də deyir ki, Ermənistanla sərhədinin ol­maması onun üçün qırmızı xəttdir. Amma dəhliz açılanda İranın hansı prioritetlərə sahib olacağını heç kim bilmir”. 

Paşinyan iqtidarına müxalifətdə olan deputat Artur Xaçatryan isə bildirir ki, Er­mənistan artıq bütün mümkün güzəştlərə getdiyinə görə “sərt kompromis” yalnız Zəngəzur dəhlizinin açılmasına aid ola bilər: “Bir gün bundan əvvəl Ərdoğan demişdi ki, Zəngəzur dəhlizi açıq olma­lıdır”. Onun sözlərinə görə, Azərbaycan bu yolu açmaq üçün Ermənistana təzyiq edir, Paşinyan isə həmin yolun əvəzinə, “Dünyanın kəsişməsi” ideyasını irəli sür­məklə təzyiqlərdən yayınmağa çalışır. 

İki ölkə arasında sülhün əldə olunma­sından sonra Zəngəzur nəqliyyat dəh­lizinin açılması, həqiqətən də, ABŞ-nin və onun avropalı partnyorlarının Cənubi Qafqaz regionundakı maraqlarının kəsiş­mə nöqtəsinə çevrilib. Hazırda məhz bu layihəni kollektiv Qərbin bölgədə güddü­yü siyasətinin əsas prioriteti hesab etmək olar. Aydın məsələdir ki, burada söhbət heç də 2020-ci il 10 noyabr tarixli üçtərəf­li Bəyanatda göstərildiyi kimi, dəhlizin Rusiya FTX-nın və sərhəd qoşunlarının nəzarəti altında fəaliyyət göstərməsin­dən getmir. Göründüyü kimi, Vaşinqton Azərbaycanı Naxçıvana, oradan isə Tür­kiyəyə birləşdirəcək nəqliyyat kommuni­kasiyalarının Ermənistanın nəzarətində olmasına çalışır. Yuxarıda qeyd etdik ki, Ağ ev bütün hallarda Zəngəzur layihəsi­ni Cənubi Qafqaz ölkələrinin Moskvadan asılılığını azaltmaq üçün “toxuduğu zən­cirin” vacib halqası sayır.

* * *

Mövzu ətrafında iki aydan çoxdur da­vam edən müzakirələr indi özünün pik nöqtəsinə çatıb. Oxuculara xatırladaq ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayn iyunda Bakıya səfəri ərəfəsində Konq­resdəki dinləmələrdə bu məsələ barədə ətraflı danışıb. Çıxışında Nümayəndələr Palatasının üzvlərinə Mərkəzi Asiyanın bütün ölkələrinin öz mallarını Avropaya, dünya bazarına Çin, yaxud Rusiya va­sitəsilə ixrac etdiyini xatırladan Ceyms O'Brayn bu qovşaqda Azərbaycanın al­ternativ marşruta çevrilə biləcəyini vur­ğulamışdı. Amma, o, bu zaman nəqliyyat marşrutunun keçəcəyi ölkələrin sırasına Ermənistanı da əlavə etməyi “unutma­mışdı”: “Bir marşrut Gürcüstandan Qara dənizə keçir. Digəri isə daha geniş mar­şrutdur və o, Azərbaycan, Ermənistan və Türkiyə ərazisindən keçə bilər”. 

Bu məqamda “stop-kadr” eləyib, O'Braynın alternativ marşrutla bağlı “ma­raqlı” açıqlamasını Vaşinqtonun kompro­misə getmək təklifi ilə tamamilə üst-üstə düşməsi versiyasına diqqət yetirməyə dəyər. Yəni, ABŞ Dövlət katibinin müavini bir ay bundan əvvəl Ağ evin Zəngəzur­lə bağlı mövqeyini tam açıqlığı ilə orta­ya qoyub. Məlum olur ki, Bakıdan tələb olunan güzəşt Orta dəhlizə Ermənistanın da qoşulmasına razılıq verməsidir. Bəs, bunun əvəzində İrəvan hansı güzəştlərə gedəcək? Hələlik bu barədə okeanın o tayından konkret heç nə deyilməyib. 

Bundan başqa, O`Brayn İrəvana səfəri zamanı Paşinyan hakimiyyəti ilə Azərbaycan, Ermənistan və Türkiyə arasında nəqliyyat kommunikasiyaları­nın bərpasının vacibliyi məsələsini də müzakirə etmişdi. Həmin danışıqlarda Ağ evin yüksək səviyyəli diplomatı açıq mətnlə bildirib ki, bu kommunikasiyala­rın açılması ABŞ-nin Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqazda təsir imkan­larını sıfıra endirmək strategiyasının bir hissəsidir. İlk baxışda regional nəqliy­yat kommunikasiyalarının, o cümlədən Azərbaycanla Naxçıvan arasında yolun açılması məsələsinə yanaşmada ABŞ və Ermənistanın mövqeləri oxşar görü­nür. Bu oxşarlığı şərtləndirən əsas amil Vaşinqton kimi, İrəvanın da Rusiyanın Zəngəzur dəhlizinə nəzarətini tamamilə istisna etmələridir.

Onu da qeyd edək ki, Ermənistanın rəsmi mənbələrindən mətbuata sızan məlumatlara görə, Azərbaycanla Ermə­nistan arasında imzalanacaq sülh sazişi­nin son mətnində Zəngəzur dəhlizindən bəhs edən bənd yoxdur. İntəhası, eyni zamanda, kənar aktorlar regional nəq­liyyat kommunikasiyalarının açılması məsələlərinin müzakirəsini davam etdi­rirlər.

Ortaya çıxan sual budur: Azərbaycan bu kommunikasiyaların ABŞ və Ermə­nistanın istədiyi formada açılmasında maraqlıdırmı? Məlum olduğu kimi, qar­şılıqlı razılaşma əsasında Azərbaycan İran ərazisindən keçməklə Naxçıvanla ayrıca nəqliyyat əlaqəsi yaratmağa üs­tünlük verir. Hazırda Şimal–Cənub bey­nəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi kimi gələcəkdə İranın avtomobil və dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi plan­laşdırılan “Araz yolu” adlanan nəqliyyat kommunikasiyalarının inşası da davam etdirilir. Onu da xatırladaq ki, bu layihə Ermənistanın 2020-ci il 10 noyabr tarixli Bəyanatında müəyyən edilmiş öhdəliklə­rini yerinə yetirməməsindən, Azərbaycan və Naxçıvan arasında maneəsiz nəqliy­yat və logistika kommunikasiyaların açı­lışından imtina etməsindən sonra həyata keçirilməyə başlanıb.

* * *

Rəsmi Bakı dəfələrlə, həm də açıq şəkildə bəyan edib ki, baş nazir Paşin­yanın irəli sürdüyü və rəsmi Vaşinqtonun dəstəklədiyi “Dünyanın kəsişməsi” ide­yası onu qətiyyən maraqlandırmır. Çün­ki ABŞ-nin geosiyasi maraqlarına cavab verən bu layihə Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasına yönəlib ki, bu da onun Rusiyadan ayrılmasına və Qərblə yaxınlaşmasına gətirib çıxarma­sına hesablanıb. 

Beləliklə, proseslərin hətta kənar mü­şahidəçisi də görür ki, Cənubi Qafqazda sülh əldə olunandan sonra ABŞ-nin Er­mənistana yerləşməsi və Rusiya hərb­çilərinin oradan qovulması prosesi daha da asanlaşacaq. Məgər son iki ildə ABŞ-nin Ermənistanda keçirdiyi hərbi təlimlər, Dövlət katibi Antoni Blinkenin köməkçilə­rinin, senator və konqresmenlərin İrəva­na intensiv səfərləri buna xidmət etmir? Elə üç gün əvvəl başlamış “Eagle Part­ner-2024” birgə hərbi təlimlərini də, əs­lində, Rusiyanın Ermənistandan çıxarıl­ması üşün “repetisiya” saymaq olar.

Baş verən bütün bu proseslərin fo­nunda Azərbaycan özünün qəti mövqe­yindən geri çəkilmək barədə düşünmür və Ermənistandan sülhün şərtlərini ye­rinə yetirməsini tələb edir. Buraya hələ də işğal altında olan 4 anklav kəndin geri qaytarılması, Ermənistan konstitu­siyasından ölkəmizə qarşı ərazi iddiala­rının çıxarılması kimi tələblər daxildir. Bu məsələlərdə Azərbaycanın milli təhlükə­sizliklə bağlı narahatlığı var və bunu həm region ölkələri, həm də kənar aktorlar mütləq nəzərə almalıdırlar. Ən azı ona görə ki, bu tələblər yerinə yetirilmədən sülh müqaviləsinə imza atmaq yenidən hayların və onların arxasından boylanan­ların tələsinə düşmək, bölgənin gələcə­yini təhlükə qarşısında qoymaq demək olar. 

ABŞ, doğrudan da, bölgədə sülh istə­yirsə, bunları mütləq göz önünə almalı və Cənubi Qafqazda gərginliyi artıra biləcək hərəkətlərə deyil, İrəvana təzyiq göstər­məyə üstünlük verməlidir. 

 

İmran BƏDİRXANLI
XQ

Siyasət