“İki pərdəlik” ifşa

post-img

Nyu-York Məhkəməsi uzun sürən araşdırmalardan sonra, nəhayət, amerika­lı ermənipərəst senator Bob Menendezlə bağlı qərarını açıqlayıb. Məhkəmə heyəti Nyu-Cersi ştatından Demokratlar Partiyasının Senatdakı təmsilçisini ABŞ Cinayət Məcəlləsinin nə az, nə çox, 16 maddəsi üzrə təqsirli sayıb. Prokuror­lar sübuta yetiriblər ki, bu “məşhur” senator Misirin hərbi maraqlarına xidmət edib, cinayət təqiblərinə müdaxiləyə, eləcə də Qətər rəsmilərinin sərmayələri­nin təhlükəsizliyini təmin etmək üçün səlahiyyətlərindən sui-istifadə hallarına yol verib. İddialara əsasən, Bob Menendez və onun erməni əsilli həyat yoldaşı bu “fəaliyyətləri” müqabilində qızıl külçələr, zinyət əşyaları, yüz minlərlə dollar nağd pul, bahalı avtomobillər və digər formada rüşvəti rahatca mənimsəyiblər.

Bundan əvvəlki məhkəmə prose­sində senatorun həyat yoldaşı, erməni əsilli Nadine Arslanyanın da adı ke­çirdi. Fəqət, onun məhkəməsi “qəfil xəstələnməsi” səbəbindən hakim tərə­findən qeyri-müəyyən müddətə təxirə salınmışdı. Yəni, Nadinenin “xəstəliyi” ilə bağlı quraşdırdığı “tamaşa” onun və ərinin həbsxanaya aparan yolunu mü­vəqqəti olaraq uzatmışdı. Amma “tama­şanın” ikinci pərdəsi mütləq oynanılma­lı idi. 

Nyu-York Məhkəməsi sübuta yetirib ki, Bob Menendezlə yanaşı, Nyu-Cersi ştatından olan iş adamları Vael Hana və Fred Daybes də dövlətin yox, şübhəli qrupların maraqlarına xidmət ediblər. Onlar hətta Ağ evin xarici siyasətinə tə­sir göstərməyə çalışıblar. 

Yada salaq ki, ABŞ Senatının xarici əlaqələr komitəsinin rəhbəri vəzifəsin­dən kənarlaşdırılan Menendez ermə­nipərəst fəaliyyətini Konqresin yuxarı palatasında davam etdirirdi. Yeri gəl­mişkən, bir maraqlı faktı da oxucula­rın diqqətinə çatdıraq ki, 2006-cı ildən Nyu-Cersi ştatının senatoru olan Bob Menendez federal agent kimi müttəhim­lər kürsüsünə oturdulan ilk senatordur. Ümumiyyətlə, son 20 ildə Senatın bu ermənipərəst, rüşvətxor üzvünə qarşı məhkəmə ikinci dəfədir ki, korrupsiya ittihamı ilə cinayət işi qaldırır. Bundan əvvəlki məhkəmə prosesi həm Nadine Arslanyanın “xəstəliyi”, həm də and­lı hakimlərin yekdil hökm çıxara bil­məməsi üzündən yarımçıq qalmışdı.

ABŞ-dakı erməni lobbisinin dəstək­lədiyi, ölkəmizə qarşı düşmən mövqeyi ilə tanınan Bob Menendezi məhkəmə rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək, Femidaya maneçilik törətmək və elektron əlaqə vasitələri ilə dələduzluq daxil olmaqla 16 ittiham üzrə təqsirli bilib. Onu 20 ilə yaxın həbs cəzası gözləyir.

Hay sevgilisi Nadine Arslanyan­dan təkcə rüşvətxorluğu deyil, həm də həyasızlığı əxz etmiş senator bu ilin iyununda Nyu-Cersi ştatından müstəqil namizəd kimi Senata yeni seçkilərdə iştirak etmək barədə müraciət edibmiş. Əslində, “Haykanuşun” toruna düşmüş ispan əsilli başabəla hüquqşünasın qol­larının qandallanmasını onun Bakıya qarşı məkrli planlarının Femida tərəfin­dən ifşa edilməsi faktı kimi də qəbul edə bilərik. İntəhası, bu ifşa bir qədər vaxt apardı və “iki pərdədən ibarət tamaşa” ilə müşayiət olundu. Hamının maraqla izlədiyi bu tamaşanın acı sonluğu, bəd­bin epiloqu ən çox amerikalı erməniləri “sarsıdıb”. 

Bəli, bu adamlar çörəyini yedikləri “supergücün” milli mənafeyini yox, iş­ğalçı Ermənistanın maraqlarını əsas gö­türüblər. Tarixin arxivinə göndərdiyimiz Qarabağ münaqişəsi dönəmində “de­mokratiya, insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı qəbul edilən bütün qərarların mahiyyətini məhz ermənilə­rin maraqlarının qorunması siyasəti təş­kil edirdi. Bob Menendez Bakıya qarşı məkrli planların icrası prosesində daim fəal iştirakçı olub. Misal üçün, o, Sena­tın xarici əlaqələr komitəsinin sədri kimi Xankəndidən çıxmağa tələsməyən se­paratçı–xunta rejiminin müdafiəsi üçün bütün üsullardan istifadə edir, hətta ABŞ Dövlət Departamentinin rəhbərli­yi ilə mübahisəyə girişirdi. Elə o zaman Menendezin və hayların “təəssübünü çəkən” digər senatorların Kaliforniya­dakı erməni diasporundan böyük məb­ləğdə “ənam” aldıqları çoxlarına məlum idi. İndi məhkəmənin menendezlərə qar­şı irəli sürdüyü bütün ittihamların təs­diqlənməsi həm də deyilənlərin həqiqət olduğunun sübutudur. 

Beləliklə, ABŞ Femidası tarixində növbəti qalmaqallı prosesə – “menen­dezqeyt”ə nöqtə qoyuldu və erməni lob­bisi bu dəfə də pərdə arxasında qaldı... 

İ.HƏSƏNQALA
XQ

Siyasət