Bakıda Fransa əsarətinə qarşı Müstəqillik Hərəkatlarının Qurultayı

post-img

İyulun 17-də Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsi­ka, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda birinci Qurultayın açılış mərasimi keçirilib.

Qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mü­barizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur. Niderland koloniyaları olan Bonayre və Sən-Martin adalarından 3 təşkilat Qurultayın işində fəxri qonaq qismində iştirak edib.

Açılış nitqi ilə çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildi­rib ki, Yeni Kaledoniyada baş verən son iğtişaş­lar zamanı, Fransa polisi tərəfindən müstəqillik hərəkatlarının üzvləri qanunsuz həbs olunub. Onlarla terrorçu kimi davranılıb və gizli şəkildə Parisə aparılaraq müxtəlif işgəncələrə məruz qa­lıblar. Onlar arasında azyaşlı uşaqları olan qadın­lar da var. Bakı Təşəbbüs Qrupu siyasi məhbus­ların ailələrinə və onları müdafiə edən vəkillərə yardım göstərəcəyini bəyan edir.

Bugünkü tədbirdə həmin siyasi məhbusla­rın bəzilərinin ailə üzvlərinin iştirak etdiklərini diqqətə çatdıran A.Abbasov vurğulayıb: “Bakı Təşəbbüs Qrupu Fransa koloniyalarında yaşayan gənclərə Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq imkanı verən tələbə-təhsil təqaüdü elan edib. Artıq bu ildən başlayaraq həmin əra­zilərdən olan gənclər bu təqaüddən yararlana bilərlər”.

Sonra çıxış edən Qvadelupanın Azadlığı na­minə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep Bakıda belə bir Qurultayın keçirilməsinə dəstək göstərdiyi üçün Azərbaycan hökumətinə təşək­kürünü bildirərək deyib: “Azərbaycan cəsarətli addımlar atır. BMT-nın çətiri altında Bakı Təşəb­büs Qrupunun dəstəyi ilə biz ilk dəfə Bakıda belə bir tədbir keçiririk”.

O, bu Qurultayın tarixi xarakter daşıdığını qeyd edərək bildirib: “Biz kolonializmə qarşı birlikdə mübarizə apara bilərik. Bizim məqsədi­miz dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltməkdir. Biz əlimizdən gələni edəcəyik ki, həmrəyliyimizi möhkəmləndirək, dünyada daha çox görünə bilək. Fransa koloniyalarına qarşı ci­nayətlər törədən dövlətdir. Məqsədimiz dünyanı Fransaya təsir göstərmək üçün səfərbər etmək­dir”.

Daha sonra Qurultayda Bakı Təşəbbüs Qru­punun fəaliyyətinə dair 1 il ərzində keçdiyi uğur yolu barədə videoçarx nümayiş etdirilib.

İcraçı direktor Abbas Abbasov Qurultay işti­rakçıları üçün Bakı Təşəbbüs Qrupunun birillik fəaliyyətinin yekununa dair qısa təqdimatla çıxış edib.

“Yeni Kaledoniyanın müstəqillik yolu və yeni çağırışlar” mövzusunda müzakirələrlə da­vam edən tədbirdə digər iştirakçıların çıxışları dinlənilib.

Yeni Kaledoniyanın xarici işlər naziri Mika­el Forrest Bakıda keçirilən tədbirdə iştirakları­na görə Azərbaycan hökumətinə və buna şərait yaradan bütün insanlara təşəkkürünü ifadə edib. Deyib ki, Fransanın koloniyaları ilə bağlı bu Qu­rultayda biz çətin yoldan uzaqlaşmaq üçün həll yolu tapmalıyıq. “Biz plaftormalarımızı möh­kəmləndirməliyik, müzakirələr aparmalıyıq. Si­yasi fəaliyyətimizi elə qurmalıyıq ki, çağırışlara cavab tapa bilək. Bakı Təşəbbüs Qrupu bizə im­kan yaradıb, bunu dəyərləndirməliyik. Bir araya gələrək müxtəlif gələcək platformalar barədə düşünməliyik. Yeni dünya düzənində öz yerimizi tapmalıyıq”, - deyə o əlavə edib.

Sonra çıxış edən Yeni Kaledoniya Konqre­sinin üzvü İzabella Kaloi vurğulayıb ki, mayın 13-dən bəri Yeni Kaledoniyada yaşananları hamı bilir. Azərbaycana gəlmək, bu qurultayda işti­rakımızın məqsədi Fransa dövlətinin bizə qarşı aktlarının qəbuledilməz olduğunu qətiyyətlə bil­dirməkdir. Biz bunu sərt şəkildə qınayırıq. Bura­da əsasən irqçi polislərdən söhbət gedir. Yazılan hesabatlar, insanların bu barədə dedikləri hələ də reallığa çevrilmir. Nəticə olaraq insanlarımıza qarşı düzgün hərəkət edilmir, hazırkı vəziyyət­də regionda qarşıdurmalar, yanğınlar baş verir. İllərdən bəri yaranmış problemlər gündən-günə daha geniş vüsət alır.

İ.Kaloi bildirib ki, bununla bağlı keçirilən tədbirlər, əlbəttə, məsələni kökündən həll et­mir. “Demək istərdim ki, biz repressiyaya mə­ruz qalmışıq. Bütün bunların yaranma səbəbi çox təəssüf ki, bizim səsvermə hüquqlarımızın ləğv edilməsidir. Bunu Fransa dövləti edib, hüquqlarımızın tapdalanması yolverilməz və qəbuledilməzdir. Biz bununla bağlı məlumat verdik, təkliflər hazırladıq və əksəriyyət də bu təklifə müsbət yanaşdı. Amma Fransa dövləti bizi dinləmək istəmədi. Ümumiyyətlə, səsvermə hüququnun dondurulması qərarı seçicilərə, mə­dəniyyətimizə və müqəddəratımıza qarşı olmaq deməkdir”, - deyə İzabella Kaloi əlavə edib. O, qurultayın təşkilinə görə bir daha Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib.

Yeni Kaledoniya parlamentinin üzvü Ma­ria Saliqa diqqətə çatdırıb ki, Fransa dövlətinin hərəkətləri qəbuledilməzdir və beynəlxalq sə­viyyədə müzakirə olunmalıdır. Makron Fransası bütün demokratiya qaydalarına üz çevirib. Maria Saliqa qeyd edib ki, Fransız Polineziyasında bu ölkənin atom, nüvə testlərini xatırlayırıq. Həmin ərazilərdəki xalqlar bundan uzun müddət əziyyət çəkdilər. “Fransa terrorçu dövlətdir. Azad etmək istəmədiyi ərazilərdə hökmranlığını sürdürür”, - deyə o vurğulayıb.

Müzakirələr zamanı çıxış edən digər iştirak­çılar bildiriblər ki, Fransa hakimiyyəti onların öz müqəddəratını təyinetmə hüququnu tanımalı və müstəqillik proseslərini dəstəkləməlidir. On­lar müstəmləkə siyasəti nəticəsində iqtisadi və mədəni zərərlərdən bəhs edərək, yerli əhalinin hüquqlarının qorunmasının və inkişafının təmin olunmasının vacibliyini diqqətə çatdırıblar.

Qurultay işini “Beynəlxalq Azadlıq Cəbhə­sinin yaranması” mövzusunda müzakirələrlə da­vam etdirib.

İki gün davam edəcək Qurultay iştirakçı tərəflərə müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə vahid platforma yara­daraq Fransa müstəmləkəçiliyinə qalib gəlmək üçün nəticəyönümlü fəaliyyətin əlaqələndirilmə­sinin yolları barədə müzakirə aparmaq imkanı yaradacaq. Həmçinin koloniyaların təmsilçiləri öz müqəddəratını təyin etmək mübarizəsində ən səmərəli təcrübə və strategiyalar barədə fikirləri­ni bölüşəcəklər.

koloniyalarda Fransa hökuməti tərəfindən bu ərazilərin sahibləri olan yerli xalqlara qarşı törədilən çoxsaylı cinayətlər və qeyri-qanuni hərəkətlər barədə beynəlxalq ictimaiyyətin mə­lumatlılığının artırılmasına, ümumilikdə XXI əs­rin bəlalarından biri olan müstəmləkəçilik prob­leminə diqqət çəkməyə töhfə verəcək.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azər­baycan Respublikasının sədrlik etdiyi Qoşul­mama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə ara­dan qaldırılmasına doğru” mövzusunda konf­ransın iştirakçıları tərəfindən yaradılıb. Artıq bir ildir ki, Qrup müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə dəstək verir. Bu xüsusda, Bakı Təşəbbüs Qrupu tərəfindən artıq 15-dək beynəlxalq konfrans təşkil edilib. Onlardan 4-ü BMT-nin Nyu-York, Cenevrə və Vyanadakı qə­rargahlarında, biri İstanbulda, digərləri isə Bakı­da keçirilib.

XQ

Son xəbərlər