Müasir Azərbaycanın müstəqillik tarixi ümummili lider Heydər Əliyev şəxsiyyəti ilə o qədər çulğaşmışdır ki, bu iki dəyəri bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Parlaq şəxsiyyətin tükənməz siyasi irsini öyrəndikcə onun yeni-yeni məna çalarları üzə çıxır. Tarixə nəzər salaq. Sovetlər dönəmində heç kəsin cürət edib deyə bilmədiyi bir çox fikirləri məhz Heydər Əliyev söyləyirdi.
Ulu öndər respublikaya ilk rəhbərliyi dövründə Bakı Dövlət Universitetinin 50 illik yubileyində çıxışı zamanı bu təhsil müəssisəsinin tarixinə toxunan zaman universitet yaradıcıları olan AXC qurucularının ünvanına gözəl fikirlər səsləndirdi: “Azərbaycan xalqının tarixində birinci ali məktəbin yubileyi elə bir hadisədir ki, onun ictimai əhəmiyyəti Azərbaycanın dövlət hüdudlarından çox-çox kənara çıxır. Bakıda universitet Azərbaycan xalqının həyatının ağır günlərində yaradılmışdır. Lakin bu gərgin vəziyyət universitet yaradılması uğrunda hərəkatın qarşısını ala bilməmişdi. Biz Azərbaycan xalqının bu və bir çox digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşınalıq şəraitində Azərbaycan xalqının ictimai fikrinin, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar”.
Müstəqlllik ideyalarının carçısı olan Heydər Əliyev Azərbaycanın tarixi irsinə sevgi bəsləyirdi. O, hələ Naxçıvana rəhbərlik etdiyi, SSRİ-nin mövcud olduğu bir vaxtda ilk fürsətdə öz arzularını gerçəkləşdirdi. Təsadüfi deyil ki, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesi Naxçıvandan başlandı. 17 noyabr 1990-cı il tarixində Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiyasında böyük dövlət xadiminin təşəbbüsü ilə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması təklif edildi. Dahi şəxsiyyətin özünün işləyib hazırladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" tarixi qərarda deyilirdi:
1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.
2. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.
3. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının bütövlükdə Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin.
Ulu öndər çıxışlarının birində milli dövlətçilik şüurunun formalaşması kontekstində tarixi məsələlərə öz konseptual baxışını belə ifadə edir: "Bizim xalqımızın böyük, möhtəşəm tarixi var. Biz öz tariximizlə fəxr edə bilərik. Bizim xalqımızın böyük dövlətçilik tarixi olubdur. Ən qədim dövrlərdən Azərbaycan torpağında əzəmətli dövlətlər olmuşdur. Orta əsrlər Azərbaycan dövlətçiliyi tariximizə gözəl nümunələr vermişdir. Şirvanşahlar dövləti, Atabəylər dövləti, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər dövləti – bunlar hamısı Azərbaycan xalqının dövlətçiliyinin tarixidir. Ondan sonra Azərbaycanda olan xanlıqlar da dövlətçilik xarakteri daşımışdır. XX əsrin əvvəlində, 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Ondan sonrakı dövr, 1920-ci ildən 1991-ci ilə qədər olan dövr Azərbaycanın həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil dövlət olmamışdır, ancaq Azərbaycan xalqı böyük bir inkişaf dövrü keçmişdir. Beləliklə, Azərbaycan torpağında ən qədim zamanlardan indiyə qədər müstəqil dövlətlər olmuşdur. Biz bununla fəxr edirik və fəxr edə bilərik".
Heydər Əliyev müstəqilliyin ali məqsədi kimi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunmasına, xalqımızın özünü dərk etməsinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla, vətəndaş hünəri ilə çalışırdı. O, yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmkar mübarizə aparırdı.
Heydər Əliyevin parlamentdəki ilk çıxışını araşdırdıqca müstəqilliyə münasibətdə əsrin əvvələrində mövcud olmuş kəskin fikir ayrılıqları diqqətimizi cəlb edir. Hələ Azərbaycanın Zaqafqaziya seymində olduğu bir vaxtda bir qrup şəxs Azərbaycanın müstəqil ola bilməyəcəyi, nicatımızın yalnız Rusiyada olduğunu səsləndirirdi. Lakin M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.X.Xoyski, N.Yusifbəyli isə Azərbaycanın müstəqilliyinə çalışır və bu ideyanı təbliğ edirdilər. Hələ 1917-ci ildə Bakıda Müsəlmanların birinci qurultayında çıxış edən Nəsib bəy Yüsifbəyli deyirdi: "Kim deyə bilər ki, biz özümüzü idarəetmə səlahiyyətində bir millət deyilik?!"
Bu tarixi nailiyyəti yüksək qiymətləndirən Heydər Əliyev qeyd edirdi: "XIX əsrdən başlanan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxardı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün münbit zəmin yarandı".
Heydər Əliyevin 22 fevral 1998-ci il tarixili sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi üzrə dövlət komissiyasının tədbirlər planı təsdiq edilmişdir.
Tədbirlər planında Azərbaycan Xalq Cümhuriyyəti irsinin yaşadılması fəaliyyət növünə görə aşağıdakı kimi qruplaşdırılmışdır:
1) Cümhuriyyət irsinin öyrənilməsi.
2) Cümhuriyyət irsinin təbliği.
3) Gələcək nəsillərə çatdırılması.
Sonradan biz cənab İlham Əliyevin fəaliyyətində Azərbaycan Xalq Cümhuriyyəti irsinə hörmətin ifadəsini gördük. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının çap edilməsini, Cümhuriyyət generalları Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovun, Cümhuriyyət ideoloqları M.Ə.Rəsulzadənin, Əli bəy Hüseynzadənin və Əhməd bəy Ağaoğlunun yubileylərinin keçirilməsi barədə sərəncamları nümunə gətirmək olar.
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı verdiyi sərəncama görə, görkəmli dövlət xadiminin nəvəsi Əməkdar rəssam Rəis Rəsulzadə Prezident İlham Əliyevə göndərdiyi təşəkkür məktubunu da Cümhuriyyət tarixinin bir parçası hesab etmək olar. Məktubda deyilir:
"Hörmətli cənab Prezident!
Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı verdiyiniz sərəncama görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sərəncam bütün Azərbaycan xalqının sevincinə səbəb oldu. Bu, Sizin mənəviyyatımıza, mədəniyyətimizə, tarixi-dövlətçilik ənənələrimizə, istiqlal ideyalarına verdiyiniz bir töhfədir.
1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən M.Ə.Rəsulzadənin 110 illik yubileyi ilə əlaqədar sərəncam verilmişdi. Yenidən belə bir sərəncam imzalanması sevindiricidir. Bu, Xalq Cümhuriyyətinin banilərinə verilən layiqli qiymətdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan respublika bu gün müstəqil dövlət kimi dünya miqyasında öz layiqli yerini tutmuşdur.
Qüdrətli Azərbaycan dövləti quruculuğunda istiqlal ideyalarına sadiq olduğunuz üçün, ali dövləti fəaliyyətinizdə, xalqımızın və dövlətimizin gələcək inkişafı naminə apardığınız siyasətdə Sizə uğurlar, möhkəm cansağlığı, doğma Azərbaycanımızın daha da qüdrətlənməsində yeni nailiyyətlər arzulayıram".
Azərbaycanın siyasi irsinə münasibətdə Prezident İlham Əliyev tarixi şüura söykənir. Dövlətimizin başçısı Azərbaycanın dövlətçilik ənənələrini yüksək qiymətləndirir. Bildirir ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. AXC mürəkkəb şəraitdə üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
21 sentyabr 1993-cü il tarixdə Prezident səlahiyyətlərini həyata keçirən Ali Sovetin Sədri Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasında ziyalılarla görüşdə demişdir: "Azərbaycanda 1918-ci ildə ilk demokratik respublika yaradıldı. Bu, şübhəsiz ki, tarixi bir hadisədir. Azərbaycanın müstəqilliyi uğrunda son dövrlərdə gedən proseslərlə həm mətbuatda, həm də ictimai-siyasi proseslərdə ilk Azərbaycan Demokratik Respublikası böyük bir nailiyyət kimi qeyd olunub və onun gördüyü işlər yüksək qiymətləndirilibdir. Bu, təbii bir haldır, tariximizin böyük və parlaq bir mərhələsidir. Bu mərhələni biz layiqincə qiymətləndirməliyik və mən də bu gün sizin qarşınızda bunu bildirmək istəyirəm. Bəli, 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Azərbaycan tarixində böyük siyasi-ictimai hadisədir. Belə bir demokratik dövlətin mövcud olması və müəyyən qədər fəaliyyət göstərməsi Azərbaycanın sonrakı dövrlərinə təsir edibdir.”
Sonra isə Heydər Əliyev tarixşünaslıq qarşısında yeni vəzifələr müəyyən edərək bildirir: "Tarixçilərimizin borcudur ki, bu qüsuru aradan götürsünlər. Ancaq biz deməliyik ki, demokratik respublika, onun liderləri Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyov, Məmmədhəsən Hacınski və başqaları çox böyük işlər görüblər. Onlar Azərbaycanı müstəqil bir dövlət kimi dünyanın bir qisminə tanıtdılar, bir neçə tədbir gördülər. Eyni zamanda, onların fəaliyyətinin, ümumiyyətlə, uğursuzluğu təkcə ondan ibarət deyil ki, Azərbaycan 20-ci il aprel ayının 28-də Qızıl ordu tərəfindən işğal olundu. Hələ həmin işğala qədər bu demokratik dövlət, demək olar, öz süqutuna gəlib çatmışdı. Tarixçilər yaxşı bilirlər ki, 23 ay ərzində bu dövlətin tərkibi beş dəfə dəyişib, bu dövlətdə, bu parlamentdə beş partiya iştirak edib: Müsavat Partiyası, İttihad Partiyası, Əhrar Partiyası, Sosialist Partiyası, hətta "Daşnaksütyun" partiyası. Bu parlament sistemi dövlətin yaşamasına imkan vermədi və ayrı-ayrı qruplar, partiyalar arasında gedən çəkişmələr, çarpışmalar, intriqalar özü-özlüyündə bu dövlətin adına ləkə vurdu. Mən bunu nə üçün deyirəm? Ona görə ki, biz bundan ibrət dərsi almalıyıq. Biz o dövrü, o demokratik hökumətin fəaliyyətini qiymətləndiririksə və belə bir mərhələnin tariximizdə olması ilə fəxr ediriksə, həmin proseslərin qüsurlarını da bilməliyik ki, o səhvləri daha buraxmayaq".
Tarixi təcrübə göstərir ki, hər bir xalqın hansısa əlverişli situasiyada milli-etnik soykökünə qayıdışı əsasən lider fenomeninin fövqəladə missiyası ilə şərtlənir. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuş, böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev isə bu müstəqilliyin gələcək nəsillərə ötürülməsi üçün daha böyük tarixi missiyanı yerinə yetirmişdir. Tarixi varislik məsələlərinə daima həssaslıqla yanaşan Prezident İlham Əliyev tarixi və siaysi baxımdan mühüm əhəmiyyət daşıyan 15 oktyabr 2021-ci il tarixində Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq etmişdir.
Xalqımızın müstəllik savaşının ən uca zirvəsi Azərbaycanın ərazi bütövlüyünün suverenliyinin tam bərpa edilməsidir ki, bunun da şəriksiz lideri möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Bölgədəki yeni reallıqlar Azərbaycan xalqının tarixi torpaqları olan Qərbi Azərbaycan qayıdış üçün münbit şərait yaradır. Bu mənada məhz Heydər Əliyevin irəli sürdüyü tarixi varislik konsepsiyası bizim bu platformada perspektivlərimiz gücləndirən ən güclü amilə çevrilir. 1918-ci ildə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi biz tarixi torpaqlarımıza qayıtmaq hüququmuzu özümüzdə saxlayırıq. Azərbaycan xalqının bu istəyini Prezident İlham Əliyev özünəməxsus formada dəyərləndirərək erməniləri yersiz yerə təşviş keçirməməyi tövsiyə edərək deyir: “Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik!”. Müstəqlliyimiz dönməz və əbədi olsun! Tanrı Azərbaycanı qorusun!
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri