Ermənistanın radikal müxalifətinin uzun müddətdir böyük hay-küylə anons etməsinə, vətəndaşları aktiv iştiraka çağırmasına baxmayaraq, mayın 26-da keçirilən mitinq gözlənildiyi kimi, çox sönük keçdi. Əlbəttə, bunun da obyektiv səbəbləri var. Məsələ ondadır ki, 2020-ci ildə baş tutan İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə düçar olan, böyük itki verən erməni xalqı o günləri bir daha yaşamaq istəmir.
Onlar başa düşürlər ki, erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan, onun “Vətən naminə Tavuş” hərəkatı aysberqin görünən tərəfidir. Görünməyən tərəfdə isə hayların bəlalarının baiskarları – Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan, Qarabağdan getmiş Vitali Balasanyan, “Daşnaksütyun” partiyasının ali şurasının sədri İşxan Saqatelyan, “Şərəfim var” blokunun lideri Artur Vanetsyan və digər revanşistlər gizləniblər. Xalq onu da başa düşür ki, Baqrat bu böyük oyunda ortalığa atılmış “peşka”dır.
Aydın bilinir ki, əgər revanşistlər Nikol Paşinyanı devirməyə müvəffəq olsaydılar, Baqrat keçid dövrü üçün, uzağı bir il müddətinə baş nazir olacaqdı. Bundan sonra yeni parlament seçki keçiriləcək və sabiqlərin bir nümayəndəsi yeni baş nazir olacaq. Ondan sonra baş verənlər isə erməni xalqının qorxulu yuxusudur.
Haylar onu da başa düşürlər ki, revanşistlər hakimiyyətə gələsi olsalar, Azərbaycanla yeni müharibə qaçılmaz olacaq. Bu zaman isə müharibəyə rəvac verən revanşistlər yox, sadə xalq qurbanlar verəcək. Eyni zamanda, erməni xalqı getdikcə Qarabağda vaxtilə baş verənlərin etnik separatizm, Azərbaycana qarşı apardıqları müharibənin isə işğalçılıq müharibəsi olduğunu, bundan əlavə, daha 8 kəndimizi zəbt etdiklərini anlayırlar. Başa düşürlər ki, bunlar Azərbaycanın beynəlxalq hüquqla tanınmış suveren əraziləridir. Anlayırlar ki, Azərbaycanın heç bir qonşusuna, o cümlədən Ermənistana ərazi iddiası olmayıb və yoxdur.
Ölkəmizin Zəngəzur dəhlizini açmaq üçün, guya, Ermənistanın cənubuna hücum edəcəyi barədə yayılan məlumatların da zaman keçdikcə feyk olduğu öz təsdiqini tapdı. Ermənilər onu da anlayırlar ki, delimitasiya və demarkasiyanın aparılması ilk növbədə iki ölkə arasında qarşılıqlı etimadın yaranmasına, həmçinin, sülh müqaviləsinin imzalanmasına da töhfə verər, hayların təhlükəsizlik şəraitdə yaşamalarına səbəb olar. Onu da başa düşürlər ki, nə azərbaycanlılar, nə də ermənilər bu bölgədən heç hara köçüb gedəsi deyil. Gec-tez dil tapıb birgəyaşayış qaydalarını öyrənmək lazımdır. Yalnız sülh müqaviləsinin imzalanması, qarşılıqlı əməkdaşlıq, gediş-gəlişin, beləliklə ticarətin bərpa olunması bölgənin sabitlik və əmin-amanlıq adasına çevrilməsinə, eyni zamanda erməni xalqının iqtisadi qazanc əldə etməsinə, sosial rifah halının yüksəlməsinə gətirib çıxara bilər. Bütün bunlara görə erməni xalqı radikal müxalifətə, revanşistlərə, daşnaklara və keçmişin qalığı olan digər ünsürlərə “yox!” deyir. Mayın 26-da keçirilən mitinq bunun daha bir göstəricisi oldu.
Mitinqin özünə gəldikdə isə qeyd etmək lazımdır ki, əvvəlcə gənclərin İrəvan küçələrində yürüşü olub, daha sonra onlar Respublika meydanına gəliblər. Aksiyaya rəhbərliyi yenə B.Qalstanyan edib. Əsas şüar isə dəyişməz qalıb: Baş nazir Paşinyan istefa verməlidir!
Çıxış edən arxiyepiskop hərəkatın sonuncu – üçüncü mərhələyə çatdığını bildirib. Onun sözlərinə görə, onların müvəqqəti baş nazirliyə namizədi üç əsas məqama əməl etməlidir:
– Partiya və ya qrup maraqlarından üstün olmaq, ədalətə əsaslanan ictimai birliyi təşviq etmək;
– mövcud vəziyyətin “dondurulması” ilə xarici siyasət. O, Azərbaycanla real danışıqlara başlamalıdır. Bu danışıqlar güc tətbiqi olmadığı və ya “məhbusların” (Azərbaycanda saxlanılan separatçıların “qlavarları” nəzərdə tutulur–S.H.) Bakıdan qaytarılması şəraitində (?) baş tutmalıdır. Baş nazirliyə namizəd Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən çıxarılmasını (?) təmin etməli, delimitasiya prosesinə zaminlər cəlb olunmaqla aydın xəritələr əsasında sülh müqaviləsi bağlandıqdan sonra başlanmalı;
– gələcək seçkilərdə şəxsi iştirak iddiası olmadan növbədənkənar seçkilər keçirməlidir.
Bundan sonra şounun ən “yaddaqalan” məqamı yaşanıb. B.Qalstanyanın baş nazir postuna namizədliyi irəli sürülüb. Bunu “Vətən naminə Tavuş” hərəkatının rəhbərlərindən olan şərqşünas Qurgen Melikyan bəyan edib.
Namizədliyi irəli sürdükdən sonra Qalstanyan iştirakçılara minnət qoyaraq, bu vəzifəni tutmağa can atmadığını, lakin mübarizənin buna apardığını bildirib. “Mən heç vaxt məsuliyyətdən yayınmağa çalışmamışam. Namizədliyimlə bağlı geniş dairələrin gözləntilərini nəzərə alaraq, mən bütün ermənilərin katolikosu ilə bunu müzakirə etdim və qərara gəldik ki, xidmətimi və baş nazirliyimi birləşdirə bilmərəm” – deyə Qalstanyan bildirib. Bu səbəbdən o, katolikosdan onun 30 illik dini xidmətini dondurmağı xahiş edib.
Arxiyepiskop əlavə edib ki, onun ikili vətəndaşlığı var və bu, məhdudiyyətləri nəzərdə tutur: “Buna uyğun olaraq, biz qanunların tələblərinə uyğun və hüquqi sahənin bütün imkanları çərçivəsində fəaliyyət göstərəcəyik”. Baqrat mitinqdən sonra ölkənin baş naziri ilə görüşməyi planlaşdırdığını da söyləyib.
Erməni apostol kilsəsinin dünən yaydığı məlumatda isə bildirilib ki, B.Qalstanyan bütün ermənilərin katolikosuna müraciət edərək onun mənəvi xidmətini dayandırmağı xahiş edib. Qeyd edilib ki, “srbazan”ın müraciəti ana taxtda müzakirə edilib. Onun yepiskop ordeninin qorunub saxlanılması, kilsə və inzibati xidmətinin isə dayandırılması qərara alınıb.
Dünən isə etirazçılar yenə İrəvan küçələrində itaətsizlik aksiyası keçirməyə, yolları bağlamağa cəhd göstəriblər. Polis isə aksiya iştirakçılarını saxlayıb və bu zaman gücdən istifadə edib. Ümumilikdə, aksiyada saxlanılanların sayı 284 nəfərə çatıb. Bildirilib ki, onların 273 nəfəri cərimə olunaraq azadlığa buraxılıb. 11 nəfərin işinə isə məhkəmədə inzibati qaydada baxılır. Ermənistanın Daxili İşlər Nazirliyi paytaxt küçələrində nəqliyyatın hərəkətinin bərpa edildiyini də açıqlayıb.
Mayın 27-də “Armenian Report” saytında yerləşdirilmiş “Həyasız manipulyasiya: İnsanlar hər şeyi xatırlayır, görür və bilir” sərlövhəli analitik məqalədə deyilir ki, dünyanın istənilən demokratik ölkəsində istənilən prezidentə, baş nazirə qarşı tənqidlər ola bilər və hətta olmalıdır: “Onları tənqid etmək olar və edilməlidir ki, bu tənqid əsasında düzgün nəticələr çıxarılsın. Bu da son nəticədə konkret problem sahəsində vəziyyətin yaxşılaşmasına gətirib çıxarmalıdır. Amma tənqid təhqirə, daha çox primitiv manipulyasiyaya çevrilməməlidir. Təəssüf ki, biz bu gün özlərini Ermənistanın bəlkə də ən mühüm vətənpərvərləri elan etmiş siyasi qüvvələrdən məhz bunu görürük. Bəli, söhbət indiki hakimiyyətə qarşı mübarizənin üçüncü, sonuncu mərhələsinə qədəm qoyduğunu Respublika meydanında yüksək səslə elan edən “Vətən naminə Tavuş” hərəkatından gedir. Bu, yəqin ki, hərəkatın sonu olacaq”.
Qeyd edilir ki, qarşı tərəf başqa cür düşünür: “Onlara elə gəlir ki, bizim insanların yaddaşı dayazdır, reallığı dərk etmək səviyyəsi aşağıdır. Bəli, dəqiq belədir. Əks-təqdirdə Robert Koçaryan və Serj Sarkisyan heç vaxt açıq şəkildə və ya mümkün qədər gizli şəkildə böyük siyasətə qayıtmağa cəhd etməzdilər. Amma onlar Baqrat Qalstanyanı qoç kimi qabağa itələyərək başqa cür davranmağa qərar verdilər”.
Müəllif Qalust Qriqoryan yazır ki, Baqrat bazar günü ruhani statusunun onun üçün nə qədər vacib olub-olmadığını göstərdi. Bildirilir ki, həmin gün qarşımızda adi bir karyeraçı peyda oldu, məqsədinə çatmaq naminə hansı paltar geyinməsinin onun üçün heç bir əhəmiyyəti yoxdur. O, hər kəsin gördüyü kimi, baş nazir postunu tutmaq ümidilə dini inancından əl çəkməyə hazırdır. Ancaq onun rəhbərlik etdiyi hərəkat respublikanın keçmiş başçıları kimi uğursuzluğa məhkumdur.
Yazıda o da bildirilib ki, Ermənistanın xaricində və daxilində respublikanın qanuni seçilmiş baş nazirini öldürmək istəyən qüvvələr də var. Qeyd edilib ki, bu, onların son cəhdi ola bilər. Sabiq rəhbərlərin keçmişindən xəbərdar olan və bəzi xarici qüvvələrin hadisələrin bu cür inkişafında maraqlı olduğunu başa düşən ölkə vətəndaşlarının böyük qismi bunu aydın dərk edir.
Səxavət HƏMİD
XQ