Daşkəndin “Renessans press” nəşriyyatı tədqiqatçı jurnalist, “Xalq qəzeti”nin Orta Asiya üzrə müxbiri Qulu Kəngərlinin 2 il əvvəl nəşr etdiyi “Keçmiş unudulmayanda tarixə dönür” adlı elmi-publisistik kitabını böyük maraq və tələbatı nəzərə alıb nəfis tərtibatla yenidən Azərbaycan və özbək dillərində təkrar çap edib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin “Ön söz” yazdığı oçerk və məqalələr toplusunu özbək dilinə xalqımızın dostu, tanınmış jurnalist və tərcüməçi Rüstəm Cabbarov çevirib. 700 səhifəlik kitabın Azərbaycan variantının redaktoru Təranə Kazımovadır, özbək versiyasını isə dosent Gülnaz Səttarova və Şəhla Qasımova redaktə ediblər.
Kitabın birinci hissəsi “Taleyi Mərkəzi Asiya ilə bağlı olan tanınmış Azərbaycan türkləri” adlanır. Burada qardaş türk ölkələrində yaşamış və indi həmin ölkələrdə sakin olan tanınmış azərbaycanlılar haqqında söhbət açılır, onların həyatı və fəaliyyəti işıqlandırılır. Bu silsilədə bizə bəlli olan soydaşlarımızla yanaşı, tanımadığımız, haqqında eşitmədiyimiz adlar da var.
Səmərqənd şəhərində yaşayan, sonra İndoneziyaya gedərək orada İslamı yaymış Mövlana Malik İbrahim, Azərbaycandan gəlib ömrünü Buxara fəlsəfi mühitinə bağlamış Mövlana Yusif Qarabaği, böyük filosof Mirzəcan Şirazi, tacik mətbuatının Zərdabisi, Buxarada çap edilən ilk tacikdilli “Buxarai Şarif” qəzetinin naşiri və redaktoru Mirzə Cəlal Yusifzadə, Səmərqənddə doğulmuş, Fransada məşhurlaşmış bəstəkar Əminulla Hüseynov (Andre Osseyn), onun oğlu, məşhur fransız aktyoru və rejissoru Rüstəm Hüseynov (Rober Osseyn), Pakistanın azərbaycanlı prezidenti, Qızılbaş nəslindən olan Ağa Məhəmməd Yəhya Xan Qızılbaş və digərləri haqqında oçerk və araşdırmalar bu ünlü soydaşlarımızı çağdaş oxuculara tanıdır.
İkinci hissə isə “Günahsız günahkarlar” adlanır. Bu bölmədə Orta Asiyaya sürgün olunmuş azərbaycanlılar haqqında söhbət açılır. Yazılarda həyatın amansızlığına sinə gərərək yüksəlmiş, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanda yüksək vəzifələr tutmuş soydaşlarımızın acılı-şirinli taleyindən bəhs edilir. Vətən xainləri damğası vurulmuş insanların arvadlarının Akmola və Kaраqanda düşərgələrinə sürgün edilmiş günahsız qadın soydaşlarımızın məhrumiyyətləri, bu sıradan məşhur Rəfibəylilər nəslinin Qazaxıstana sürgün edilmiş nümayəndələrinin çəkdikləri müsibətlər barədə yazılar kitabın tarixi mənbə kimi dəyərini artırır.
Tanınmış yazıçı, özbək ədəbiyyatının klassikinə çevrilmiş Maqsud Şeyxzadə, ictimai-siyasi xadim Əli Yusif Yusifzadə, Azərbaycanın və Qazaxıstanın böyük ictimai-siyasi xadimi Əhməd bəy Pepinov, Səmərqənddə ömrünün sonunadək sürgün həyatı yaşamış Qara bəy Qarabəyli, “Qürbətdə günəşi neylərəm” deyə fəryad edən Almas İldırım, Tacikistan KP MK-nın birinci katibi olmuş Mirzə Davud Hüseynov, bu ölkələrdə yüksək vəzifələrdə çalışmış Əliheydər Şirvani-Mustafabəyov və Daşkəndə sürgün edilmiş məşhur xanəndə Cahan Talışinskayanın bəlalı ömür yolu da bu bölmədə ətraflı işıqlandırılır.
Kitabın “Orta Asiyada teatrın yaranması” fəslində isə Özbəkistanda, Türkmənistanda və Tacikistanda milli səhnə sənətinin yaranmasında və inkişafında Azərbaycan rejissorlarının və aktyorlarının fəaliyyətindən danışılır.
T.RÜSTƏMLİ
XQ