Azərbaycan–İran: Aramızda qəlb bağlılığı, tarixi bir bağlılıq və kök bağlılığı var

post-img

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, Prezident Seyid İbrahim Rəisinin, Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və onları müşayiət edən digər şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib. Dövlətimizin başçısının səfirlikdə dedikləri, ümumən verdiyi mesajlar son dərəcə önəmlidir. 

Əvvəlcə bildirək ki, prezidentlər İlham Əliyevlə Seyid İbrahim Rəisi mayın 19-da İran–Azərbaycan dövlət sərhədində görüşmüş, Araz çayı üzərində inşa olunmuş “Xu­dafərin” hidroqovşağının istismara verilməsi və “Qız qalası” hidroqovşağının açılışı mə­rasimində birgə iştirak etmişdilər. Həmin görüşdə dövlət başçılarının səsləndirdikləri siyasi tezislər son illər ölkələr arasında nəzərə çarpmış müəyyən soyuqluğun tamamilə aradan qalxmasının göstəricisi kimi diqqət çəkməklə yanaşı, Bakının və Tehranın gələ­cəyə müştərək baxış platformasının mövcudluğunun və həmin platformanın fundamen­tal xassəyə malikliyinin təsdiqi olmuşdu.

Prezident İlham Əliyev bunları bildir­mişdi: “Hörmətli cənab Prezident, mən hesab edirəm ki, bugünkü görüş və mə­rasim İran–Azərbaycan əlaqələrinin ta­rixində gözəl, parlaq səhifə kimi qalacaq. Çünki bu gün açılışını edəcəyimiz layihə həm texniki nöqteyi-nəzərdən çox önəm­lidir, eyni zamanda, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək. Xalqlarımızın birgə uğuru, təbii ki, dostlarımızı sevin­dirir, bunu bəyənməyənlər isə hesab edirəm ki, öz işləri ilə məşğul olsalar, daha yaxşı olar. Əsas odur ki, İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər, öz xalqları­na və bütün dünyaya açıq bəyan edirlər ki, biz birlikdəyik və bundan sonra da bir­likdə olacağıq. İran–Azərbaycan əlaqələ­ri bölgəmizdə sabitliyin önəmli şərtidir. Təbii ki, belə gözəl layihə xalqlarımızın rifahını yaxşılaşdıracaq və iş yerlərini artıracaq, beləliklə uğura doğru növbə­ti addım olacaq. Əminəm ki, gələcəkdə buna oxşar birgə layihələrin sayı çox ola­caqdır”.

İran Prezidenti də mərasimdə sə­mimi fikirlər səsləndirmişdi: “Allahın adı ilə. Cənab Prezident, çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev ilə yenə də bir daha yaxından görüşürük və bir­gə müzakirəmizi yenidən nəzərdən ke­çiririk. Böyük xoşbəxtlik ondan ibarətdir ki, bu görüş bir yerdə baş tutur, burada böyük bir layihə həyata keçirilib və bu, iki xalq üçün çox uğurlu bir görüşdür. Hazır­da biz istismara verilməsi iki xalq və iki dövlət üçün çox əhəmiyyət kəsb edən bir layihənin açılışında iştirak edəcəyik. Bunun özü əlamətdar bir hadisədir ki, iki xalq, iki dövlət arasında da çox mühüm böyük layihələr həyata keçirilə bilər. Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi və birgə uğurlarımızı bəyənməsinlər. Bunlar bizim üçün əhəmiyyət kəsb etmir. Əsas odur ki, ölkələrimiz, dövlətlərimiz və xalq­larımız üçün nə xeyirlidirsə, biz onu birgə həyata keçirdik”.

Ayrıca onu da bildirək ki, Azərbaycan Prezidentinin “Biz ta qədimdən gələn ulu əcdadlarımızın arzularını indi həyata ke­çiririk. Əminəm ki, bundan sonra da iki qardaş xalq bir-biri ilə sıx təmasda yaşa­yacaq, quracaq, belə gözəl xariqələr ya­radacaq” fikri ilə İranın dövlət başçısının “Biz Azərbaycanın uğurunu, nailiyyətini öz nailiyyətimiz bilirik. Bizim Azərbaycan­la münasibətlərimiz, bağlılığımız təkcə qonşuluq bağlılığı deyil, aramızda qəlb bağlılığı, tarixi bir bağlılıq və kök bağlılığı var. Bu, tarixi bir hadisə, yəni, iki ölkə, iki xalq arasında tarixi bir hadisənin əsası olacaq və bu, tarixə də həkk ediləcək” fikri bir-birini tam sürətdə tamamlamışdı. 

***

Prezident İlham Əliyev İranın ölkə­mizdəki səfirliyində başsağlığı diləklərini çatdırarkən də mayın 19-da keçirilmiş görüşü xatırlayıb. Seyid İbrahim Rəisini böyük dövlət xadimi, görkəmli siyasətçi və İran xalqının etibarını qazanmış şəx­siyyət kimi xarakterizə etmiş ölkəmizin lideri vurğulamışdı ki, onunla dövlət sər­hədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakı İran-Azərbaycan əlaqələrinin nə qədər möhkəm olmasın­dan xəbər verir. Ən əsası isə bu iştirak “həm xalqlarımıza, həm bütün dünyaya çox açıq mesaj idi ki, biz dostuq, qarda­şıq, biz bundan sonra da birlikdə olaca­ğıq”. 

Bəli, dövlətimizin başçısı həm mər­hum Prezident Rəisinin, həm də özünün sözügedən açılış mərasimindən sonrakı fikirlərinin çox ciddi siyasi məna yükü da­şıdığını diqqətə çatdırıb. Başlıca məqam isə hər iki prezidentin gələcək inkişafda bölgədə yerləşən ölkələrin fəal iştirakı məsələsini önə çəkməsidir ki, cənab İl­ham Əliyev başsağlığı verərkən, xüsusən bu məqamın üzərində dayanıb, məsələ­nin fundamentallığını vurğulayıb. Dövləti­mizin başçısı fikirləri ilə beynəlxalq aləmə bir daha mesaj vermiş olub. Söhbət “re­gion region ölkələri üçündür” mesajından gedir. O mesajdan ki, Tehranın böyük əzmlə dəstəklədiyi “3+3” regional platfor­masının başlıca ideya motividir. 

Bildiyimiz kimi, İran da Cənubi Qafqa­za aidiyyatı olmayan qüvvələrin regiona yeni düzən, oyun qaydaları gətirmək niy­yətlərinə qarşıdır. Yəni, İslam Respubli­kasının strateji xəttini məhz bu yanaşma təşkil edir. Əlbəttə, belə yanaşmanın formalaşmasında Prezident Rəisinin xid­mətləri böyükdür. Ancaq, hər bir halda, bu dəst-xətt heç də ayrı-ayrı şəxslərə bağlı olmamalıdır. Dövlətimizin başçısı səfirlikdə bildirdikləri ilə mövcud pream­bulaya bir daha aydınlıq gətirdi, eyni za­manda, götürülmüş kursun davamlılığı xüsusunda dövlətimizin təminatını açıq­ladı. Bu, ölkəmiz baxımından da İranla birgə əməkdaşlıq xəttinin stratejiliyinin yüksək səslə ifadəsi idi: “Bildiyiniz kimi, faciədən əvvəl biz iki saatdan çox bir­likdə idik. Bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlər müzakirə edilmişdir. İran-Azər­baycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdir və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdir. Bununla bə­rabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmış­dıq, önəmli qərarlar qəbul edilmişdir”. 

Prezident İlham Əliyevin mərhum dövlət başçısı Seyid İbrahim Rəisi ilə görüşdə iştirak edən şəxslərin sər­həd təması zamanı müzakirə olunmuş məsələləri İranın yeni rəhbərliyinə çat­dıracaqlarına əminliyini vurğulaması müstəsna məqamdır. Bu da Bakının Teh­ranla münasibətlərinin önəminin növbəti dəfə, özü də ali səviyyədə bəyan edilmə­sidir. Prezident İlham Əliyevin vurğuladı­ğı kimi: “Çünki, bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mər­hum Prezident Rəisi ilə söhbət əsnasın­da qəti iradəmizi bildirdik ki, bundan son­ra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda”.

Sonda bir daha deyək ki, Azərbay­can Prezidentinin İran İslam Respubli­kasının ölkəmizdəki səfirliyində olarkən dediyi fikirlərdə daha böyük mesaj yükü Azərbaycan–İran münasibətlərini gözü götürməyən qüvvələrədir. Dövlətimizin başçısı həmin qüvvələrə qarşı ölkəmizin müqavimət əzmini prinsipial şəkildə nü­mayiş etdirdi. İndi qalır, eyni prinsipiallığı İranın yeni rəhbərliyinin əsas götürməsi. Əminik ki, belə də olacaq və Azərbay­can–İran münasibətlərindəki müsbət di­namika bundan sonra daha yeni və sıx əməkdaşlıq konturlarına əsaslanaraq in­kişafını tapacaq. Əminliyimiz həm də ona görədir ki, hər iki ölkə xalqlarının istər ənənə bağlılıqları, istər ortaq tarixi bö­lüşmələri, istərsə də adət yaxınlıqları və mənafe uyğunluqları bunu, bütövlükdə, yeni qlobal şəraitdə birgə addımlamağı­mızı tələb edir. 

Ə.CAHANGİROĞLU
XQ



Siyasət