Məğlub generalın sayıqlamaları

post-img

Separatçı Karapetyanın antikonstitusiya çağırışları Ermənistan Cinayət Məcəlləsinin maddələri ilə cinayət sayılır

Ermənistanda mövcud hakimiyyəti devirməyə çalışanların, “kilsə hərəkatı”na dəstək verən qüvvələrin sırasında “beşinci kolon”la yanaşı, xaricdəki diaspo­run, lobbiçilərin qızışdırdığı qruplar, eləcə də Paşinyan iqtidarının sabiq mə­murları da yer alır. Sonuncuların nümayəndələrindən biri də hazırda Moskvaya sığınmış Ermənistanın keçmiş müdafiə naziri, “Ümumerməni Cəbhəsi” hərəka­tının lideri Arşak Karapetyandır. 

O, Ermənistan ordusunun bölmələrini keçmiş ərazilərdən geri çəkilmək əmrinə tabe olmamağa çağırıb. “Mən bilirəm ki, bu istiqamətdən geri çəkilmək üçün yük­sək rütbəli generalın imzaladığı yazılı əmr var. Yəni, biabırçı geri çəkilmə ilə bağlı” – Karapetyan Ermınistanın Tavuş bölgəsində baş verən hadisələri şərh edərkən deyib. Keçmiş nazir ordu za­bitlərinə müraciət ünvanlayaraq bildirib: “Xidmət etdikləri müddətdə onlar müvafiq qaydalara tabe olmalıdırlar. Amma zabit rütbəsi və şərəfi olan hər bir şəxs lazım gələrsə, öz həyatını da qurban verməyə borcludur. Biz öz şərəfimizi qorumaq və sonra qalib gəlmək üçün hər şeyi etməli­yik”, – deyə Karapetyan bəyan edib.

İndi Moskvada oturub zabit şərəfin­dən dəm vuran Karapetyan bir müddət əvvəl 11 min fərarisi olan bir ordunu yenidən qurmağın “yolları” barədə plan­larından söz açır: “Özümüzü silahlandır­maqdansa, ordunu bacarıqla idarə etmək lazım idi ki, Azərbaycana 5 milyardlıq silah qalmasın”. Ermənistanın keçmiş müdafiə naziri Paşinyan hakimiyyətinin orduya tanış olmayan bahalı Qərb silah­ları almasına qarşı çıxıb. (Qeyd edək ki, Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində düşməndən götürülmüş hərbi qənimətin dəyərinin 5 milyard ABŞ dollarına yaxın olduğunu bildirib). 

* * * 

Hazırda adı korrupsiya qalmaqalında hallanan erməni generalı “sandığın ağzı­nı açaraq”, üç il bundan əvvəl Moskvada apardığı separat danışıqlardan da bəhs etmişdir: “2021-ci ildə mən müdafiə naziri təyin olunanda Rusiyanın müdafiə naziri ilə razılıq əldə etmişdik. Həmin razılığa əsasən, Rusiyanın müxtəlif akademiya­larından 40 yüksək rütbəli general, zabit və hərbi sahənin professoru Ermənista­na gəldi. Onlar bilikli, təcrübəli zabitlər və generallar idi. Bu ekspertlərlə birlikdə bir sənəd hazırladıq. Sənəddə gələcək təhlükəsizlik sistemimizdən bəhs edilir­di. Bundan sonra biz Rusiyanın Müda­fiə naziri ilə görüşəndə ona bu dəstəyə görə təşəkkür etdim. Dedim ki, sizin işi­niz bununla bitmir, indi zəhmət olmasa, mütəxəssislər göndərin ki, layihəni həya­ta keçirək. Bizdə Ermənistana gəlib 3 il Ermənistan ordusunda işləməli olan 80-ə yaxın zabitin siyahısı var idi”. 

Bu açıqlaması ilə “beşinci kolon”un üzvü olduğunu faş edən generalın sözlə­rinə görə, sözügedən sənəddə Ermənis­tan ordusuna verilməli olan silah–sursat da göstərilibmiş və onların təminatının bir hissəsini Rusiya tərəfi öz üzərinə götürübmüş: “Bütün bunları həyata ke­çirsəydik, Qarabağı çətin ki, itirərdik və bugünkü kimi sərhəddin o üzünə qorxu ilə baxmazdıq”.

2016-cı il aprel döyüşlərindən bir neçə gün sonra o vaxtkı prezident Serj Sarkisyanın əmri ilə Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi vəzifəsindən yol verilən nöqsanlara görə azad edilən “fərasətli” general üs­tündən beş il keçəndən sonra başından daha böyük qələtə imza atacaqdı. 

Erməni mediasının məlumatına əsasən, Karapetyan “1 mart” hadisələ­ri ilə bağlı Robert Köçəryana qarşı ifa­də verən yeganə generaldır. Məhz bu “xidmətinə” görə Paşinyan onu özünə məsləhətçi təyin etmişdi. Müdafiə naziri vəzifəsinə təyinatından cəmi üç ay son­ra (2021-ci ilin avqustundan noyabrına qədər –red.) qovulmuş Arşak Karapet­yan indi işdən azad edilməsinin səbəb­lərindən danışıb və bu zaman baş naziri satqınlıqda ittiham edib. Xatırladaq ki, 2021-ci il noyabrın 16-da dövlət sərhə­dində Ermənistanın təxribatları nəticə­sində baş verən hərbi insident zamanı Azərbaycan Ordusu 7 şəhid verib, 10 hərbi qulluqçumuz isə yaralanıb. Son­radan sərhəddə silahlı insidentin Kara­petyanın özbaşınalığı səbəbindən törə­dildiyini etiraf edən baş nazir bu barədə müdafiə nazirinin ona məlumat vermədi­yini demişdi: “Bu cür hallarda heç kimi bu vəzifədə hətta yarım saat saxlamaram”. Karapetyanın həmin “özbaşınalığı” kimin göstərişi əsasında etdiyini güman etmək o qədər də çətin deyil. 

* * *

Hayastanın “Keçmiş” qəzeti iddia edir ki, Ermənistan hakimiyyəti Karapet­yanın nüfuzunun tədricən artmasından narahatdır. Bəzi ekspertlər daxildə onun tərəfdarlarının sayının getdikcə artdığını deyirlər. İntəhası, bu ehtimal özünü doğ­rultmayıb. Praqmatik erməni analitikləri­nin qənaətinə görə, A.Karapetyan keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatı dəstəklədiyini bildirsə də, onun Ermənistanda özü üçün geniş seçici ba­zasını yaratmaq şansı sıfıra bərabərdir. Mövcud durumda reallıq ondan ibarətdir ki, Ermənistanda rusiyayönlü istənilən qüvvə tez bir zamanda marginallaşır və bu fakt Nikol Paşinyanın hakimiyyətdə duruş gətirməsini şərtləndirən əsas amil­lərdən biridir. Hər halda, Kremlin göstərişi ilə hərəkət etdiyi şübhə doğurmayan keç­miş müdafiə nazirinin boynuna Paşinya­na qarşı hərəkatda icra edəcəyi konkret missiyanın qoyulduğu şübhəsizdir. 

“Ermənistan yəqin ki, dünyada ye­ganə ölkədir ki, başqa bir ölkənin tələbi ilə öz konstitusiyasını dəyişdirmək istə­yir”. Bu sözləri bir müddət bundan əvvəl “Ümumerməni cəbhəsi” hərəkatının lideri Arşak Karapetyan bildirib. Məğlub gene­ral fikirlərini belə tamamlayıb: “Azərbay­can yalnız bizim konstitusiyanı dəyişdir­məyimizi istəmir, həm də bizim tariximizi əlimizdən almaq istəyir”.

Bizim də öz növbəmizdə fərari erməni generalının nəzərinə danılmaz fakta çev­rilmiş bu həqiqəti çatdırmağımız yerinə düşər: Yəqin ki, Ermənistan dünyada ye­ganə ölkədir ki, konstitusiyasında qonşu ölkələrin ərazilərinə iddia öz əksini tapıb. Tarixə gəldikdə isə saxtalaşdırdığınız “şanlı salnamələrinizə” nəinki bizim, dün­yanın heç bir arxivin də ehtiyacı yoxdur. 

Günümüzün gerçək tarixini isə ermə­ni KİV-ləri rəsmi məlumat kimi tirajlama­ğa başlayıb. Onların yazdığına görə, iş­ğal illərində Xeyrimlinin inzibati ərazisinə daxil olan torpaqlarda Kirants kənd sa­kinləri tərəfindən tikilən 2 ev və 3 mağa­za Azərbaycanın nəzarətinə verilib. Əldə olunan razılığa əsasən, sərhədin delimi­tasiya və demarkasiya olunmuş hissəsini hər iki tərəfin sərhədçiləri qoruyurlar. Ar­tıq Kirants və Xeyrimli kəndləri arasında sərhədin delimitasiyası başa çatıb. 

* * *

Oxuculara xatırladaq ki, 2016-cı ildən Azərbaycan və Ermənistan sərhədinin Qazax rayonu istiqamətindən keçən his­səsinə sərhəd qoşunları nəzarət edirlər. Ermənistan ordusunun bölmələri işğal olunmuş kəndlərdən çıxarıldıqdan son­ra Azərbaycan sərhədçiləri irəliləyərək demarkasiya olunmuş sərhəd xəttində xidmətə başlayıblar. Fəqət Ermənistan­dakı müxalif–revanşist və kənardan idarə edilən qüvvələr vəziyyətlə barışmaq istə­mirlər. Onların əsas məqsədi Paşinyanı postundan devirməklə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına mane olmaq, bölgəni yeni hərbi qarşıdur­ma meydanına çevirməkdir. Bu isə baş tutması mümkünsüz plan, keçib getmiş qatarın vaqonuna minmək kimi xam xə­yaldlır. 

Mövcud siyasi quruluşu devirməyə, ordunu itaətsizliyə edilən çağırışlara görə cinayət məsuliyətinə cəlb olunma prese­denti Ermənistan Cinayət Məcəlləsində də nəzərdə tutulur. Arşak Karapetyan Moskvadan İrəvana qayıtdıqda Ermənis­tan prokurorluğu ona qarşı konkret itti­ham irəli sürərək cinayət işi qaldıra bilər. Əgər Paşinyan iqtidarı bunu etməsə, yəqin bu işi Azərbaycan hüquq–mühafizə orqanları yerinə yetirməli olacaq. 

Azərbaycan Respublikası Baş Pro­kurorluğunun üç il bundan əvvəl yaydığı məlumatda deyilir ki, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, törədildiyi vaxtdan ası­lı olmayaraq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin ediləcək. Xankəndi­dəki keçmiş separatçı rejimin başçıları­nın saxlandığı Bakı həbsxanası özünün növbəti sakinlərini gözləyir. 

P.S. Bu günlərdə Ermənistan baş pro­kurorluğu 2016–2018-ci illərdə ölkənin müdafiə naziri olmuş Vigen Sarkisyanın İrəvan və ABŞ-dakı evlərinin, habelə pul­larının müsadirə olunmasını tələb edib. Korrupsiyaya qarşı mübarizə məhkəməsi qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı baş prokurorluğun iddiasını icraata qəbul edib. Qanunsuz mənşəli əmlakın müsadirəsi departamenti məhkəməyə keçmiş müdafiə naziri Vigen Sarkisya­nın və onunla əlbir olan şəxsin tutulması tələbini təqdim edib. Siyahıya İrəvanın mərkəzində 1 mülk (dəyəri 181 milyon 125 min dram), ABŞ-ın Massaçusets şta­tında yaşayış massivi (dəyəri 940 milyon 909 min dram – 2 milyon 50 min ABŞ dolları) və 255 milyon 454 min dram qey­ri-qanuni vəsait daxildir.

Fikrət SADIXOV, 
Qərbi Kaspi Universitetinin professoru, politoloq:

– Ermənistanın müdafiə naziri və­zifəsində çox qısa müddət işləmiş Ar­şak Karapetyan indi Rusiyaya sığınıb. Özünü böyük hərbi “sərkərdə” hesab edən bu şəxs düşünür ki, bütün müxa­lif qüvvələr birləşərək, Nikol Paşinyana qarşı mübarizəyə qalxmalıdır. Guya, bu yolla onlar arzuladıqları nəticəni əldə edə biləcəklər. Amma görünən mən­zərə ondan ibarətdir ki, onların planı baş tutmur və heç nə alınmır. 

Daxildə siyasi təxribatla məşğul olan qüvvələrin arzusu gözlərində qal­dı. Keşiş Baqrat hakimiyyətə qarşı ki­fayət qədər kontingenti toplaya bilmədi. Onun “istefa”, “impiçment” kimi gurultu­lu bəyanatlarının da səmərəsi olmadı. İndi də hayların “fərari” generalı Arşak Karapetyan bu hərəkata qoşulmağa çalışır. Bu da, faktiki olaraq, sonda heç nəyi dəyişməyəcək. Çünki, Karapet­yanın Ermənistan cəmiyyətində sosial bazası, geniş dəstəyi yoxdur. O, ölkə­sindən qaçan, canını həbsdən qurtaran korrupsioner bir hərbçidir. Moskvada oturub siyasi bəyanatlar verməklə, ça­ğırışlar etməklə Ermənistanda siyasi vəziyyəti dəyişə biləcəyini düçünürsə, deməli, başı xarab olub. 

Həmin separatçı, avantürist, xaricin agenti keşiş Baqratın əli ətəyindən uzun durumda Tavuşa qayıtması da təsadüfi deyil. Demarkasiya prosesi gedir, sər­həd dirəkləri basdırılıb, sərhədçilər öz postlarında yerləşiblər.

İmran BƏDİRXANLI
XQ





Siyasət