Uislin Ermənistan parlamentindəki çıxışına sözardı
Lüksemburq Deputatlar Palatasının sədri Klod Uisl Ermənistana gəlib və ölkənin parlamentində çıxış imkanı qazanıb. O, nitqində hansı cəfəng fikirləri dilə gətirib, bu barədə söz açacağıq. Ancaq əvvəlcə bir maraqlı məqamın üzərində dayanaq.
Deməli, K.Uils çıxış edərkən Erməni milli assambleyasının müxalifətdən olan deputatları tam tərkibdə iclas zalından çıxıblar. Çox güman ki, bu səhnəni görən lüksemburqlu qonağın gözü bərələ qalıb. Amma yayılmış məlumatlarda onun düşdüyü durum barədə heç nə olmadığından, məsələnin üzərində dayanmırıq. Sadəcə deyək ki, Ermənistan parlamentinin revanşist-şovinist kəsimi böyük hersoqluq kimi adlandırılan ölkənin ali şəxsinə çox böyük hörmətsizlik göstərib. Amma, ona elə bu da azdır. Sonda biləcəksiniz niyə?
İkincisi, haqqında söz açdığımız hörmətsizlik həm də ümumən erməni siyasi düşərgəsi daxilindəki ziddiyyətlərin nəticəsidir. Diqqət yetirək, K.Uisl prinsipcə erməni avantürizmi üçün aktual olan məsələlərdən danışıb. Müxalif siyasilər isə hətta bunu da eşitmək istəməyiblər. Çünki qonaq sədr kollektiv Qərbi təmsil edir. Deməli, sözügedən avantürizmin reallaşma yollarına dair fikir ayrılıqları son dərəcə ciddidir.
Üçüncüsü, K.Uisl ümumən mənasız məsələləri gündəmə gətirib. Yəni, bu adama qulaq asmağa ehtiyac yoxdur. Ehtiyacın olmadığını isə erməni müxalif siyasilər öz əməlləri ilə sübuta yetiriblər. Yaxşı olar ki, Lüksemburqun Deputatlar Palatasının sədri durumdan nəticə çıxarsın və bir daha Ermənistan parlamentində çıxış fikrinə düşməsin. Çünki onun dəstək kimi nəzərdə tutduğu tezislər birmənalı qarşılanmır.
***
İndi isə lüksemburqlu spikerin sərsəmləmələrinə diqqət yetirək. Əslində, cırtdan ölkənin təmsilçisi çıxışında yeni bir söz deməyib. O, rəhbəri olduğu qurumun təxminən bir həftə əvvəl Ermənistana dəstəklə bağlı qəbul etdiyi qətnamədə yer alanları təkrarlayıb. Əlbəttə ki, söhbət anti-Azərbaycan mahiyyət daşıyan, sırf ermənipərəstliyə söykənmiş qərəzli tezislərin təkrarlanmasından gedir.
Ümumən, Lüksemburq Deputatlar Palatasının çıxardığı qətnamənin üzərində dayanmaq iki cəhətdən zəruri idi. Birincisi, sənəddə beynəlxalq aləmin erməniləri müdafiə trayektoriyasındakı ayrı-ayrı tezislər yer almışdı. Yəni, hazırda Avropanın və dünyanın hansı ölkəsi, hansı beynəlxalq təşkilatı Ermənistanı müdafiə xarakterli qətnamə çıxarsa, mətni Lüksemburq Deputatlar Palatasınınkından fərqlənməyəcək.
İkinci məsələ bilavasitə Lüksemburqun özü ilə bağlıdır. Məlumdur ki, bu sayaq sənədlər erməni lobbi və diaspor təşkilatlarının yastığının altından çıxır. Görünür, dünya erməniliyi artıq “cırtdan”lardan istifadə mərhələsinə keçib.
Əlqərəz, Lüksemburq Deputatlar Palatasının Ermənistanı dəstəkləmək, regionda sülh və sabitliyin bərqərar olması naminə qəbul etdiyi qətnaməsində vurğulanıb ki, Azərbaycanın, guya, əsassız şəkildə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində 100 mindən çox erməni Qarabağdan məcburi köçmək məcburiyyətində qalıb. K.Uisl Ermənistan parlamentində bununla bağlı söz açarkən bir il əvvəl İrəvana deputat kimi gəldiyini diqqətə çatdırıb. Ardınca isə şivən ritorikasına və sentimentallığa baş vuraraq deyib ki, 2023-cü ilin sentyabrında “Azərbaycanın əsassız hərbi əməliyyatları nəticəsində 100 mindən çox erməninin zorla deportasiyası, Qarabağda baş vermiş faciəli hadisələrdən sonra” Ermənistana sədr kimi qayıtmalı olub. Sən demə, bu qatı ermənipərəstin vəzifəsi böyüyübmüş. K.Uislin ötən il də İrəvana baş çəkdiyini nəzərə alsaq, qətnamə oyununun kimin yastığının altından çıxdığını təsəvvürə gətirmək elə də çətin deyil.
K.Uisl erməni müxaliflərin saymazyana yanaşdıqları çıxışında Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarından da söz açıb. O qərardan ki, Lüksemburq Deputatlar Palatasınınn qətnaməsində də ona istinad var idi. Daha doğrusu, manipulyativ istinad. Qətnamədə bildirilmişdi ki, BƏM-in qərarına əsasən, beynəlxalq hüquq normalarına hörmətlə yanaşılmalı, eləcə də erməni hərbi əsirlər dərhal azadlığa buraxılmalıdırlar. Belə nəticə hasil olmuşdu ki, lüksemburqlu parlamentarilərin beynəlxalq hüquqdan anlayışları yoxdur. Hər halda, Azərbaycan tərəfi erməni hərbi əsirləri Ermənistan ərazisində saxlamayıb. Belə olan halda hansı hüquq əsas götürülüb?
K.Uisl Ermənistan parlamentindəki çıxışında rəhbərlik etdiyi qurumun qətnaməsində yer alan daha bir tezisi qabardıb. Söhbət 1991-ci ilin Almaatı Bəyannaməsindən gedir. Sözügedən bəyannamə keçmiş SSRİ-nin müttəfiq respublikalarının bir-birinin ərazi bütövlüklərini tanımalarını əsas götürürdüsə, o zaman həmin sənədə uyğun olaraq erməni hərbçilər Azərbaycan ərazisində olmamalı idilər. Olublarsa, deməli ən azı sərhədi qanunsuz keçiblər.
Lüksemburq Deputatlar Palatasının sədri çıxışında Ermənistan demokratiyasına dair nağıl da danışıb. Ola bilər, erməni müxaliflər həm də bu nağılı bildikləri üçün onun dediklərini dinləmək istəməyiblər. Necə də bilməsinlər? Axı bu şəxsin sədri olduğu qurumun bir həftə əvvəlki qətnaməsində də həmin nağıldan bəhs edilmişdi. Hər halda K.Uislin təfəkkürünün mücərrəd guşəsi qısa müddətdə təzə demokratiya mifi uyduracaq potensialda deyil. Çünki qətnamənin özü də köhnə havalara köklənmiş sənəd idi. Görünür, erməni demokratiyası “xəmiri” hələ çox su aparacaq. O cümlədən, İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulması da. Lükemburqlu deputatlar kimi, deputatbaşı K.Uisl də Ermənistanı Roma Statutuna qoşulduğuna görə möhkəmcə tərifləyib və deyib ki, guya sənədin ratifikasiyası ölkənin demokratikliyinin göstəricisidir...
Nəhayət, Lüksemburq Deputatlar Palatasının sədrinin Ermənistan parlamentindəki çıxışının son hissəsinə keçid alaq. Burada söhbət Avropa İttifaqı-Ermənistan siyasi münasibətlərindən gedib. Mövcud məsələdə spikerin üzərində dayandığı başlıca məqam Aİ-nin Azərbaycan-Ermənistan şərti sərhədindəki mülki müşahidə missiyası ilə bağlıdır. Sən demə, missiyanın səlahiyyət müddəti artırılmalı imiş. Hətta, müşahidəçilər Azərbaycanla Ermənistan arasında vasitəçiliyi reallaşdırmalı imişlər. Deyəsən, cənab Uisl İrəvanda olarkən yeməyini qarışdırıb, ya da hava ona ağır gəlib. Hər şey mümkündür. Nə bu adam, nə də onun ölkəsindəki həmkarları hələ də bilmirlər ki, Bakı və İrəvan arasında vasitəçilik dövrü arxada qalıb. Ən əsası isə belələri artıq saxta “ermənipərəstlik zəngulələri”nin hay avantürizminin davamı baxımından hansısa əhəmiyyət daşımadığının fərqinə varmırlar. Yaxşı olar ki, onlar Avropadakı erməni lobbi və diasporlarından başqa cür “faydalanmaq” yolları tapsınlar. Əks-halda, kənardan çox gülünc görünürlər.
Bəli, erməni müxaliflərin K.Uisl danışarkən iclas zalını tərk etmələri də lüksemburqlu deputat üçün biabırçı durumdur. O boyda məsafə qət edib Ermənistana gələsən, ölkədə hörmətsizlik görəsən? Bu, ona lazım idi?!
R.ƏVƏZ
XQ