Ermənistanda bir aydan çoxdur davam edən etiraz aksiyalarına dözümlü yanaşan Nikol Paşinyan iqtidarının, deyəsən, “tolerantlıq limiti” bitmək üzrədir. Əgər əvvəllər sanksiyalaşdırılmamış etiraz və itaətsizlik aksiyalarına çıxanlar saxlanıldıqdan bir müddət sonra sərbəst buraxılırdılarsa, son günlər etirazçılarla bağlı həbs qətimkan tədbirinin seçilməsi diqqəti cəlb edir. Ölkənin istintaq komitəsi dünən Hayastanın tanınmış müğənnisi “Spitaktsi Hayko” ləqəbli Aykaram Gevondyanın oğlu Qraçya Gevondyanın saxlanıldığı barədə məlumat yayıb. Məlumata görə, Gevondyan bir qrup şəxslə hökumət, parlament və polis binalarını zorakılıqla ələ keçirməyi planlaşdırmaqda ittiham edilir.
Onun revanşist qüvvələrin mayın 26-da İrəvanın mərkəzində keçirməyi planlaşdırdıqları mitinq zamanı həmin hərəkətləri etmək niyyətində olduğu vurğulanıb. Gevondyanın əməllərinin üstünün onun telefon danışıqları əsnasında açıldığı qeyd edilib. Xəbərdə o da qeyd olunur ki, Qraçya parlamentdəki müxalifət fraksiyasının nümayəndələrindən birinə yaxındır. İstintaq komitəsinin yaydığı bütün videokadrlarda Gevondyanın sabiq prezident Robert Koçaryanın deputat oğlu Levonun yanında olduğu görünür. Saxlanılan şəxsin aprelin sonlarından etibarən, ölkədə keçirilən etiraz aksiyalarında fəal iştirak etməsi də diqqətdən yayınmır.
Q.Gevondyanın hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunmasını onun vəkilləri isə təsdiqləyiblər. Onlar bildiriblər ki, cinayət işi hazırda təhqiqat mərhələsindədir. Vəkillər həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayət də veriblər. Hüquqşünasların fikrincə, bu, yalnız qarşıdakı günlərdə gözlənilən küçə iğtişaşlarını cilovlamaq üçün edilib və azad toplaşmağa qarşı yönəlib. Müdafiə tərəfi iddia edib ki, Gevondyanın hərəkətlərində hakimiyyəti ələ keçirməyə yönəlmiş hərəkətlərə dair eyham belə yoxdur. Ancaq onların şikayəti təmin edilməyib.
Ümumilikdə, Azərbaycanla demarkasiya prosesinə başlanılması səbəbindən Ermənistanda yaşanan gərgin atmosfer davam edir. Biz hər gün müxalifətin hakimiyyət əleyhinə hansısa addım atmasının, media müstəvisində ittihamlar irəli sürülməsinin şahidi oluruq. Müxalifət mayın 26-da arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə yeni mitinqə hazırlaşır. Eyni zamanda, hakim düşərgənin mənsubları da qarşı tərəfin ittihamlarını cavabsız qoymurlar. Hiss olunur ki, iqtidar komandasında monolitlik var. Onlar müdafiə deyil, hücum mövqeyindədirlər.
“Hraparak“ qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb ki, baş nazir Paşinyan “Vətən naminə Tavuş” hərəkatının və onun lideri B.Qalstanyanın addımlarını diqqətlə müşahidə edir. Qəzet, hətta, mübaliğəyə yol verərək, Paşinyanın prosesləri 24 saat boyunca canlı yayım vasitəsilə izlədiyini yazıb. Qeyd edilir ki, Ermənistan hökumətinin başçısı Qalstanyanın keçirdiyi görüşlərdəki çıxışlarını və mətbuata açıqlamalarını da diqqətlə nəzərdən keçirdikdən sonra, hökumət üzvlərinə və ya hakim partiyanın rəhbərliyinə bu bəyanatlara reaksiya verilib-verilməməsi ilə bağlı təlimatlar göndərir.
Onu da bildirək ki, etiraz aksiyalarına apostol kilsəsinin nümayəndəsinin rəhbərlik etməsi müxalifətin və iqtidarın qarşılıqlı ittihamlarında dini çalarların öz əksini tapmasına səbəb olub. Qalstanyan özü mitinqlərdə və digər görüşlərdəki çıxışlarında dindən gen-bol bəhs edir. İki gün öncə parlamentin sədri Alen Simonyan “İncil”dən sitat gətirmişdi. Dünən isə hakim “Mülki müqavilə” partiyasından olan deputat Hayk Koncoryan müxalifəti tənqid edərkən bir qədər də qabağa gedib. O, sabiq prezidentlər Levon Ter-Petrosyanı, Robert Koçaryanı və Serj Sarkisyanı şeytan adlandırıb. Deputat revanşistləri siyasi murdarlıqda və cibgirlikdə ittiham edib. Koncoryanın sözlərinə görə, keçmiş hakimiyyətlər siyasi cibgirliklə xırda şeyləri yox, ölkənin bütün sərvətlərini mənimsəyiblər: “Xalqın olan-qalanını çapıb-taladınız, ciblərinizə doldurdunuz, hakimiyyətdən sui-istifadə etdiniz, indi də başqa donda qayıtmağa çalışırsınız. Ermənistanda siyasi bütpərəstliyin heç bir perspektivi yoxdur, çünki ölkədə yeni nizam, yeni siyasi ənənə yaranıb, demokratiya bərqərar olub. Bəziləri inanmırlar, amma biz hər şeyi bilirik. Kimlərsə yenə oğruları geri qaytarmağa çalışırlar. Hakimiyyəti geri almaq üçün insanların duyğularını istismar edirlər”.
Şeytanın İsa məsihi üç dəfə sınadığı “Bibliya” hekayəsindən sitat gətirən Koncoryan deyib: “Şeytan erməni xalqını da Ter-Petrosyanın, Koçaryanın və Sarkisyanın timsalında üç dəfə sınayıb. Erməni xalqı şeytanın hər üç sınağından üzüağ çıxıb”.
Deputat qeyd edib ki, Koçaryan 44 günlük müharibədən sonra baş nazir Paşinyanı devirərək hakimiyyəti ələ keçirməyə üç dəfə cəhd etsə də, bu cəhdlər nəticəsiz qalıb. Onun sözlərinə görə, Koçaryan bu dəfə orta əsrlər təfəkkürü ilə hərəkət edən erməni apostol kilsəsinə sığınaraq, onun çətiri altında özünün məkrli planını həyata keçirməyə çalışır: “Bu, həqiqətən də görünməmiş bir haldır. Kilsə üçün problem təkcə ondadır ki, indi orta əsrlər deyil. Hər yerdə kameraların olduğunu da hesablamamısınız. İndi orta əsrlər olmadığı kimi, o dövrün inkvizisiya münasibətləri də yoxdur. Hansısa din adamı özü orta əsrlərdə yaşaya bilər, amma o, düşüncə tərzini XXI əsrin xalqına sırıya bilməz”.
B.Qalstanyanın mayın 21-də Qarabağdakı keçmiş separatçı rejimdə müxtəlif “vəzifə tutmuş” şəxslərlə və “deputatlarla” İrəvanda bağlı qapılar arxasında görüş keçirməsi də Ermənistanda müzakirə mövzusudur. Politoloq David Stepanyan Ermənistanda hakimiyyət dəyişikliyinə dair proqram açıqlayacağını elan edən Baqratın alternativlərinin olmadığına inanır: “Nə təklif etdiklərini anlamaq istəyirəm. Deyirlər ki, demarkasiya pisdir. O zaman daha yaxşısını təklif etsinlər, biz də dinləyək. Alternativ fəaliyyət planı yoxdursa, deməli, alternativ də yoxdur. Mən Paşinyanı Qalstanyan, Danielyan və ya Petrosyanla əvəz etmək fikrində deyiləm, buna əsas yoxdur”.
D.Stepanyanın sözlərinə görə, “Vətən naminə Tavuş” hərəkatı müxtəlif mərkəzlərlə işləyir, amma ətrafında birlik yoxdur. Onun fikrincə, bunu iştirakçılarının sayı günbəgün azalan Qalstanyanın aksiyaları da sübut edir: “Küçələrdə insanların sayı azaldıqca, aqressivləşirlər. Aqressivləşdikcə sağa-sola hücum edirlər, qarşılarına çıxana “satqın” deyirlər. Bu dini hərəkat cəmiyyətdə tolerantlıq yaratmalı, insanları bir ideya, bəlkə də din ətrafında toplamalıdır, amma bunun tam əksini görürük, cəmiyyəti bölünməyə aparır. Artıq aqressivlik bütün hədləri aşır və bu, çox narahatedicidir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “XQ”yə açıqlamasında bildirdi ki, artıq Ermənistanın radikal müxalifəti də keşiş Baqratın Paşinyanı devirə bilməyəcəyini anlamağa başlayıb. Onun sözlərinə görə, radikal müxalifət hər vasitədən istifadə etdi. Onlar 2021-ci ilin fevralında hərbi çevriliş yoluna baş vurdular, sonra bunun uğursuz olduğunu görüb həmin ilin yazında mitinqlər keçirdilər. Yenə də uğursuz olaraq, 2022-ci ildə bu addımlarını təkrarlamaq istədilər. İndi də uğursuzluğa düçar olublar. Çünki erməni cəmiyyətinin böyük hissəsi Paşinyanı dəstəkləyir: “Həmin erməni cəmiyyəti ki, artıq müharibə istəmir, bölgədə sülh istəyir. Paşinyan da onlara arxayındır. Keşiş heç bir nəticə əldə edə bilmədiyi üçün Tavuşa qayıtdı. Düzdür, bir-iki gün sonra yenidən İrəvana gələrək burada müxtəlif görüşlər keçirdi. Ancaq onun siyasi müxalifətin liderləri ilə görüşləri də nəticə vermədi. Baqrat mayın 26-da yeni mitinq planlaşdırır. Mən mitinqə çox adamın qatılacağını gözləmirəm. Artıq bu “potensial” da xərclənib”.
E.Şahinoğlu qeyd etdi ki, keşiş baş nazir olmaq iddiasını ortaya qoyub, amma bunun üçün katolikosun xeyir-duasını vacib sayıb: “Ancaq katolikos da anlayır ki, keşişi hakimiyyət uğrunda mübarizədə dəstəkləmək hökumət başçısı ilə birbaşa qarşıdurmaya getmək deməkdir. Paşinyan daha sonra kilsəyə ayırdığı yardımları da kəsə bilər. Bununla bağlı parlament sədri Alen Simonyanın açıqlaması var. Yəni, Paşinyana Azərbaycanla məsələləri rahat şəkildə həll etməyə artıq heç nə mane olmur”.
Politoloq onu da dedi ki, Prezident İlham Əliyev son açıqlamalarında iki ölkənin sülhə indiki qədər yaxın olmadığını bildirib: “Bu reallıqdır. Paşinyan da son aylarda “sülh sazişi üçün vaxt yetişib” deyir. Ermənistanda radikal müxalifət və kilsə sülhə maneə deyil. Onlar Paşinyandan xeyli zəifdirlər. Demək, həm rəsmi Bakının, həm də rəsmi İrəvanın saziş imzalamaq üçün iradəsi var, məsələni yekunlaşdırmaq lazımdır. Buna baxmayaraq, Ermənistanın hökumət üzvləri sülh sazişinə sərhəd məsələsini salmağa çalışırlar. Onlar sərhədin Alma-Ata bəyannaməsi əsasında müəyyənləşdirilməsini istəyirlər. Prezident İlham Əliyevin mövqeyi belədir ki, bütün məsələləri sülh sazişinə daxil etmək mümkün deyil. Çünki sərhədlərin müəyyənləşməsi vaxt aparan prosesdir. Digər tərəfdən Azərbaycan və Ermənistan arasında ortaq razılaşmada vurğulanıb ki, sərhəd harada mümkündürsə, Alma-Ata bəyannaməsinə görə müəyyənləşəcək, harada mübahisə yaranacaqsa, orada məsələ qarşılıqlı razılaşma əsasında həll olunacaq. Bu o deməkdir ki, əslində, rəsmi İrəvan da sərhədin hamısının adı çəkilən bəyannaməyə görə müəyyənləşməsinin çətinliklərini anlayır. Belə olan halda Alma-Ata bəyannaməsi sülh və ya çərçivə sazişinin imzalanmasına mane olmamalıdır”.
Müsahibimiz İran Prezidenti və onu müşayiət edən nümayəndə heyətinin sərhədə gələrək dövlətimizin başçısı ilə görüşməsi nümunəsindən Ermənistan baş nazirinin də yararlana biləcəyini vurğuladı. Onun fikrincə, danışıqlarda əldə edilən müsbət nəticələr göstərir ki, Azərbaycanın və Ermənistanın vasitəçilərə ehtiyacı yoxdur. Tərəflər sülh və ya çərçivə sazişinin imzalanması üçün üçüncü ölkənin axtarışına ehtiyac duymurlar.
Politoloq onu da bildirdi ki, sülh və ya çərçivə sazişinin sərhədin sıfır nöqtəsində imzalanması mümkündür. Məsələn, Qazax və Tavuş istiqamətində sərhəd artıq müəyyənləşib, həmin hissədə şərait yaradıb liderlərin görüşü və sülh sazişinin imzalanması üçün hazırlıqlara başlanıla bilər. Bu, həm də sərhədin müəyyənləşən hissəsinin liderlər tərəfindən təsdiqi anlamına gələr.
Səxavət HƏMİD
XQ