Ermənistanda rekviyem melodiyası

post-img

Kilsə, dövlətsizlik şüuru və iflas kabusu

Bir sıra siyasi ekspertlər hazırda Ermənistanda baş verən proseslər fonunda erməni dövlətçiliyi üçün təhlükənin mövcudluğunu qabardırlar. Bununla bağlı düşüncələr get-gedə daha ciddi xarakter almağa başlayır. Təsviri psixoloji mahiyyət daşıyan durumda qəribə trayektoriya sezilir. Sanki, hansısa gözəgörünməz qüvvə erməni varlığını, belə demək mümkünsə, dövlətsizlik zamanına sürükləyir. Belə təsəvvür yaranır ki, həmin qüvvəni görən və hiss edən yalnız baş nazir Nikol Paşinyandır. 

Paşinyan və komandası ötən müddətdə sırf erməni xisləti ilə davranmağın bütün mümkün imkanlarını işə saldı, sınaqdan keçirdi. 44 günlük müharibənin baş vermə səbəblərinin timsalında deyə bilərik ki, hətta özündən əvvəl mövcud olmuş iqtidardan da betər ermənilik fikrinə düşdü. Savaşdan sonra da erməniliyin faydası ehtimalları üzərində dayandı. Lakin iqtidar komandası yekunda bütün cəhdlərin səmərəsizliyini gördü. Həqiqətən görübmi və ya yenə ermənilik etməyəcək ki, bu barədə qəti söz demək müşküldir. Fakt ortadadır. Paşinyan hakimiyyətinin təmsilçiləri Azərbaycanla sülhün tərəfdarı qismində çıxış edirlər. 

Delimitasiya və demarkasiya işlərinin yenicə start götürdüyünü nəzərə alsaq, sülh prosesinin kövrək mahiyyəti vurğulanmalıdır. Onu da nəzərə alaq ki, Azərbaycan–Ermənistan sərhədinin hələ çox cüzi bir hissəsi müəyyənləşib. Qarşıda problemlərin çıxması mümkündür. Hər bir halda birbaşa ikitərəfli danışıqlar ənənəsinin formalaşmasını müsbət tendensiya kimi vurğulamaq olar. Ancaq müsbət tendensiyaları süngü ilə qarşılayanlar var. Tavuş arxiyepiskopu Baqrat Qalstanyan və onun kimilər sülhə əngəl törədirlər, özlərini Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq niyyətinə kökləyir, saxta vətənpərvərlik şüarları səsləndirirlər. 

Lakin onların başlatdıqları hərəkatın uğur qazanmaq, hazırkı iqtidarı uzaqlaşdırmaq şansı bir o qədər yüksək qiymətləndirilmir. Onlar yalnız erməni dövlətçiliyinin məhvinə aparan simptomlardır. O zaman diqqət yetirib görək Ermənistan dövlətinin mövcudluğunu zəruriləşdirən hansı amil olub? Ermənilərin özlərinin uydurduqları və artıq gülüş predmetinə çevrilmiş rəvayət və hekayələrmi?.. 

Erməni ictimai şüurunun, belə demək mümkünsə, dərki platforması kilsədir. Üzərindən neçə müddət keçsə də, kilsə amili cəmiyyət üçün aktuallığını qoruyur. Niyə? Ona görə ki, erməni şüuru onun ictimai, elə həm də siyasi həyata təsirlərindən qurtula bilmir. Bu yerdə yada N.Paşinyanın ritorik tərzdə səsləndirdiyi “Nə üçün ümumerməni hərəkatına din xadimi rəhbərlik etməlidir?” sualı düşür. Erməni cəmiyyəti suala cavab verə bilmir, köhnəlikdən çıxmağı bacarmır. Nəticədə baqratlar, qareginlər at oynadırlar. 

***

Eməni kilsəsinin yanaşma tərzi fundamentallıqdan uzaqdır. Onu dövlətçiliyin ideoloji məktəbi rolunda təsəvvürə gətirsək, təlqin etdiyi nə varsa, fəlsəfilikdən, yəni gerçək dövlətçilik ruhundan uzaq şeylərdir. Çünki kilsənin illərlə aşıladığı nifrət, qəzəb, quldurluq, soyğunçuluq, qətllər və sair naqisliklərdir. Fəlsəfi əsasda üstünlük qazanmalı olan dövlətçilik ruhu tipik erməni anlayışından uzaq məsələdir. 

Ermənilərə ideya-fəlsəfi çıxış nöqtəsi heç lazım da olmayıb. Oğurluqlar, quldurluqlaq, qətllər gerçəkləşdirmək üçün nə fəlsəfə? Digər tərəfdən, erməni qövmünün dövlətçilik ruhuna sahiblənməməsinin bir səbəbi də millətin daxili dünyagörüşüdür. Ermənilər hər zaman çalışıblar ki, kimlərsə onlar üçün nə isə etsin? Bu gün də eyni xarakterdədirlər. Diqqət yetirək, ictimai-siyasi xadimlər, eləcə də sabiq dövlət rəsmiləri indiki acınacaqlı durumdan danışırlar, öz aləmlərində çıxış yolu axtarırlar. Tapdıqları budur - bizə yaxşı müttəfiq lazımdır. O müttəfiq ki, gəlib mübarizə aparsın, vuruşsun, öldürsün. Bunlar isə it arabanın kölgəsində yatıb onu öz kölgəsi bildiyi kimi qürrələnsinlər. 

Əminliklə deyə bilərik ki, erməni varlığının son iki yüz ilə yaxın müddətdəki fəaliyyəti kimlərinsə onlar üçün nəyisə etməsinin doğurduğu mənzərələr toplusudur. Maraqlı, əslində, faciəvi haldır ki, ermənilər həmin “mənzərələri” tarix kimi qələmə veriblər. Kimlərinsə oyunları naminə alətə çevrildiklərinin fərqinə varmayıblar. Düşünməyiblər ki, hər bir alətin istifadə müddəti var və sonda lazımsız əşya kimi kənara atılır. 

Tarixdən və alətə çevrilməkdən söz düşmüşkən, ermənilər 1830-cu ildə Cənubi Qafqaza “istifadə olunmaq” üçün köçürüldülər. Köçürüldülər ki, türk dünyası arasında xristian bufer zonası yaransın. “Plan” Qərbdə işlənilmişdi. Məqsəd Osmanlı dövlətini zəiflətmək, onun açılım nöqtələrinin qarşısını kəsmək idi. Bu, Rusiyaya da sərf edirdi, fars şovinizminə də. Ona görə də “plan” kifayət qədər yaxşı işlədi. O qədər yaxşı işlədi ki, erməni qövmü 1918-ci ildə dövlət qazandı. Azərbaycanın əzəli və əbədi torpaqları, qədim türk yurdları hesabına formalaşmış dövlət. 

Özünə aid olmayana sahiblənmək iddiasını içində daşıyan erməni qövmü əldə olunmuşlarla kifayətlənmədi, yeni torpaqlar ələ keçirməyə qalxdı. Elə o zamandan XX əsrdə Azərbaycanla münaqişəsinin yeni “əsasları” meydana çıxdı. Bu münaqişə SSRİ-nin yarandığı ilk illərdə daha bir ulu türk yurdunun – Zəngəzurun Ermənistana güzəştə gedilməsi ilə “ahəngdarlıq” qazandı. Növbədə Qarabağ idi.

Nəhayət, XX əsrin sonlarına doğru sabiq SSRİ-nin süqutu yeni reallıqlar doğurduğu kimi, ermənilərin Qarabağ avantürasına da məxsusi “çalarlar” qazandırdı. Həmin “çalarlara” görədir ki, Azərbaycan xalqı otuz ilə qədər davam etmiş işğalla üzləşdi. İşğal türk dünyası qarşısındakı bütövləşmə maneələrini dərinləşdirdi. Deməli, haqqında söz açdığımız “plan” daha “məhsuldar” oldu. 

***

Lakin zaman ötdü. Azərbaycan gücləndi. Bu güclənmə, bütövlükdə, türk dünyasının təşəkkülü müstəvisində getdi. Diqqət yetirək, ölkəmizin möhtəşəm Zəfəri ilə başa çatmış 44 günlük müharibədən sonra sözügedən trayektoriya fərqli şəkil aldı. Bu şəkillənmənin adı Zəngəzur dəhlizidir. 

Erməni cəmiyyəti onu da dərk edə bilmir ki, hazırda türk dünyası qlobal faktordur və Ermənistan onun qarşısında dayanmaq üçün çox xırda, əzib-keçilməsi asanlıqla mümkün olan maneədir. Erməni cəmiyyəti hələ də Tiqran, Njde, Aşot kimi yolkəsənləri, Andranik kimi tayqulaq cəlladları qəhrəman qiyafəsində görür. Bu qövm üçün saxta tarix sərsəmliyi gələcəyə daşımaq vasitəsi olduğundan, vəziyyətlə barışa bilmir. Nəticə etibarilə Ermənistan cəmiyyəti daxilində baş verənlər aqonik mərhələyə çatır. 

Bəli, əvvəldə vurğuladığımız fikrə qayıdaraq bir daha deyək ki, Ermənistan dövləti özünün məhvinə doğru gedir. Ermənilər bunu dərk etməyəcək qədər huşsuz haldadırlar. Bugünkü Ermənistan dövlətçilik təfəkkürünün işləmədiyi bir toplumun faciə yaşantısındakı dramatik tamaşanı xatırladır. Erməni cəmiyyətinin, böyük ölçüdə duruma qarşı çıxacaq nə ideoloji sistemi, nə də həmin sistemə bağlı daxili müqavimət hissi var. 

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət