Heç nə daimi deyil, düşmənçilik də, həmçinin. Dünən qan düşmənçiliyinə qədər münasibətləri pozulmuş qonşuların, bütöv tayfanın bu gün can bir qəlbdə yaşaması əfsanə deyil, reallıqdır. Tarixdən məlumdur ki, “qoca qitə”nin, eləcə də dünyanın ən sivil xalqları sayılan fransız, alman və ingilislər öz aralarında on illər boyu, hətta, yüz il müharibə aparıblar. Amma indi qonşular kimi dinc yanaşı, mehriban yaşayırlar, Avropa İttifaqı kimi beynəlxalq birlik yaradıblar.
Doğrudur, hazırda onları daha çox iqtisadi maraqlar birləşdirsə də, keçmiş düşmənçiliklərini tarixin arxivinə göndərməyi bacarıblar. Bu nümunəyə istinadla belə qənaətə gəlmək olar ki, əgər ermənilər Qafqazda, o cümlədən Azərbaycanda yaşamaq istəyirsə, gərək qonşularına qarşı yersiz iddialarından əl çəksinlər, “nifrət patologiyası”ndan, başqa xalqlara düşmən kimi baxmaq azarından qurtulsunlar.
Ermənilərin qeyd etdiyimiz azardan hələ qurtula bimədiklərini “MPG/Gallup” Beynəlxalq Assosiasiyasının 1.100 erməni respondent arasında apardığı sorğunun nəticələri sübuta yetirib. Təşkilatın “Sülh və təhlükəsizliyə beynəlxalq təminat verilərsə azərbaycanlılarla birgə yaşamağa hazırsınızmı?” – sualına respondentlərin 6,2 faizi mütləq şəkildə “bəli”, 9,6 faizi tərəddüdə “bəli” cavabını verib. Sorğuda iştirak edənlərdən suala yumşaq “yox” cavabını verənlər 6,1 faiz, mütləq “yox” deyənlər isə 75,7 faiz təşkil edib. Min yüz nəfərin cəmi 2,4 faizi suala cavab verməkdə çətinlik çəkib.
* * *
Proqnozlaşdırıla bilən olsa da, yenə də sorğunun nəticələri maraq doğurur, üstəlik, bizə müəyyən qənaətə gəlməyə əsas verir. Əslində, biz azərbaycanlılar bu nəticələrə təəccüblənməli deyilik. Yalnız “MPG/Gallup”un sualın qoyuluşunda “sülh və təhlükəsizliyə beynəlxalq təminət verilərsə” ifadəsinin yer almasının özü haqlı sual doğurur. Beynəlxalq təşkilat və ya qurum ermənilərin təhlükəsizliyinə harada və hansı formada təminat verməyə hazırlaşır? Ümumiyyətlə, belə bir təminata Azərbaycanın ehtiyacı varmı? Azərbaycan tərəfi dəfələrlə ən yüksək tribunadan bildirib ki, bizim Azərbaycanla Ermənistan arasında vasitəçilərə ehtiyacımız yoxdur və biz onların təsirini minimuma endirmək üçün əlimizdən gələni edəcəyik.
Tutaq ki, Ermənistanın başbilənləri və onların avropalı, okeanın o tayındakı tərəfdaşları tərəflərin sülhə nailolma səylərinin qarşısını illərlə aldılar. Onlar bununla son nəticədə nəyə nail olacaqlar? Faktiki olaraq heç nəyə. Bəs, erməni cəmiyyətinin, xalqının qazancı nə olacaq? Münasibətlərin normallaşdırılması, qarşılıqlı əməkdaşlıq üçün yaranmış fürsətin qaçırılması və itirilmiş vaxt. Bu gün Azərbaycan hakimiyyəti nə edirsə düzgün edir. Həyatın və dialektik materializmin qanunudur: bəzilərinin üstünlükləri və ya imtiyazları başqalarının hədsiz səlahiyyət və iddialarının məhdudlaşdırılması hesabına əldə olunur. Bu kontekstdən yanaşanda qonşular qətiyyən inciməməlidirlər. Axı, onların qəbul etməyə çətinlik çəkdikləri bu acı reallığı özləri ərsəyə gətiriblər.
Alman dramaturqu Bertolt Brextin “Qafqaz təbaşir dairəsi” pyesinin qəhrəmanı maraqlı və ibrətamiz bir kəlam işlədir: “Dünyada yaxşı hər şey ən faydalı olana məxsus olmalıdır”. Motivi və qayəsi Qafqaz xalqlarını dostluğa və qardaşlığa dəvət emək ideyasına köklənmiş əsərin ermənilərdə hansı assosiasiyanı doğurduğunu söyləmək çətindir. Bəlkə də məşhur şair–dramaturq əsərində erməniləri deyil, etnik mozaikası zəngin olan Qafqazın başqa xalqlarını nəzərdə tutub. Güman edə bilərik ki, “miatsum” tiryəkindən beyinləri dumanlanmış hayların Türkiyəyə, Suriyaya, İraqa, Gürcüstana və Azərbaycana qarşı ərazi iddialarından alman sənətkar da xəbərsiz olmayıb.
* * *
Sosial sorğunun nəticələri ermənilərin yuxarıda sadaladığımız mərəzlərdən nə vaxtsa xilas olacaqlarına ümidlərimizi heçə endirdi. Bu minvalla “batmanla gələn misqalla çıxar” məsəlində deyildiyi kimi, onların “şovinistlik komasından” ayılmaları üçün daha iki yüz ilə ehtiyacları var.
İki yüz əvvəli demirik, son 35 ildə azğınlaşmış daşnak-separatçı haylardan xalqımız o qədər pislik, yamanlıq görüb ki, bizə qarşı etdikləri cinayətləri, yaşatdıqları faciələri, iztirabları unuda bilmirik və unutmamalıyıq. Hətta, bütün bunlardan sonra da onlara xoşməramlı qonşuluq əlimizi uzadırıq. Azərbaycanın bu jestini qəbul edənə “salam”, etməyənə isə “yaxşı yol” deməkdən başqa seçimi qalmayıb.
Xalqımız neçə əsrdir çoxsaylı millətlərin nümayəndələri ilə sülh və tolerantlıq mühitində birgə yaşayışın nümunəsini ortaya qoyub. Separatizmə başlayana, torpaqlarımızı işğal edənə qədər ermənilərlə nəinki Qarabağda, o cümlədən Bakıda, Sumqayıtda, Gəncədə mehriban və problemsiz şəraitdə yaşayırdıq. Bu sülhü, mehribançılığı pozan ermənilər oldu. Bütün olub-keçənlərə baxmayaraq, ərazimizdəki digər xalqların nümayəndələri kimi, ermənilərə də birgə yaşayış təklif edilib. Amma onlar buna hazırdırmı? Xeyr! Milli natamamlıq kompleksindən əziyyət çəkən bu xalqın hamıya və hər şeyə nifrəti Ermənistanı monoetnik dövlətə çevirib. Nə gizlədək, dünyanın müxtəlif bölgələrində azərbaycanlılarla ermənilərin nəinki yanaşı, hətta birgə yaşayışına dair xeyli nümunə var. Təkcə Azərbaycanda yox, Türkiyədə, İranda. Rusiyada da belə beynəlmiləl ailələr az deyil.
Burada bir məqamı qeyd etməyi vacib sayırıq. Biz Azərbaycan və Ermənistan arasındakı hərbi-siyasi qarşıdurmaya ərazi münaqişəsi kimi baxmışıq. Amma 35 il əvvəl erməni daşnakları başladıqları bu davaya milli, dini, hətta tarixi rəng verdilər. Əslində, Cənubi Qafqazda bu qarşıdurmanın bitməsini istəməyənlərin, bundan öz xeyirlərinə bəhrələnənlərin bunu məhz milli münaqişə kimi təqdim etmələri də təsadüfi deyildi. Artıq gün kimi aydındır ki, ərazi iddialarını milli münaqişə zəmininə keçirənlərin niyyətini anlamayan, yaxud anlamaq istəməyənlər birgə yaşayışın mümkünsüzlüyünü deyən haylar və onların qərbli, şərqli “züytutan”larıdır. Bu, mütləq nəzərə alınmalı olduqca ciddi amildir.
* * *
Mövzu ilə bağlı fikir mübadiləsi etdiyimiz ekspertlərin bir qisminin iki qonşu xalqın bütün umu-küsüləri unudub, yanaşı yaşaması üçün vaxta ehtiyac olduğu barədə dedikləri ilə razılaşmamaq olmur. Həqiqətən də, zaman çox müşküllərin çarəsi sayıldığı kimi, bizim hekayətimizdə də ona ehtiyac duyulur. İlkin mərhələdə “birgə yaşayış” terminini “yanaşı yaşamaq” termini ilə əvəz etməyi daha məqsədəuyğun sayan ekspertlər hələlik hər kəsin öz evində rahat və təhlükəsiz şəkildə yaşaması modelinə üstünlük verirlər.
Hər kəs əkdiyinin bəhərini dərir, qazanına tökdüyü isə qaşığına çıxır. Ermənilərin günahsız soydaşlarımıza qarşı yol verdikləri başkəsmə, diri-diri yandırma olayları, kütləvi və məhkəməsiz edamlar, zorlamalar, yağmalama və talanlar bizim gözüdönmüş canilərə soyuqqanlı yanaşmağımıza mane olan çox ciddi səbəblərdir. Bu cür “psixolji sədləri” aşaraq, keçmiş cəllada əl uzatmaq o qədər də asan deyil. Ermənilərin yenidən yanaşı yaşamağın mümkünsüzlüyünü iddia etməsi onlarda qorxunun yaratdığı reaksiyadır. Həmin qorxunun mənbəyi isə yuxarıda sadaladığımız və insanlıqla bir araya sığmayan əməlləridir. Əgər bu iki xalqın birgəyaşayışı, doğrudan da, mümkün deyilsə, ortada iki yüz ilə yaxın sürən, arada hərdən alovlanan düşmənçilik, Qarabağ ermənisi Robert Koçaryanın iddia etdiyi kimi, “ermənilərlə azərbaycanlıların genetik uyğunsuzluğu” problemi varsa, bu halda hərə öz yolu ilə getməkdə davam eləsin. Atalar məsəlində necə deyilir: ...gedərlər yola salarıq. Bu, iki vur iki qədər sadədir...
İmran BƏDİRXANLI
XQ