XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan ulu öndər Heydər Əliyevin siyasi portreti Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış müdrik idarəçilik məktəbinin canlı təcəssümüdür. Müstəqil Azərbaycanımızın memarı və qurucusu olan Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin əsas istiqamətlərindən biri də respublikamızın mükəmməl enerji siyasəti və təhlükəsizlik sisteminin formalaşdırılmasıdır.
Ulu öndərin Azərbaycanın qüdrətli dövlətə çevrilməsi istiqamətində müəyyənləşdirdiyi siyasətinin əsas bazasının ilk olaraq iqtisadi prioritetlər istiqamətində təmin etdi. Xüsusilə enerji siyasətində əhəmiyyətli qərarların verilməsi güclü ölkə reallığını yaratdı. Əgər bu siyasət neftlə başlamışdırsa sonrakı illərdə enerji siyasətinin yüksək inkişafı ilə təşəkkül tapdı. Ulu öndər hələ XX əsrin 70-ci illərindən dünyanın ümumi inkişaf kontekstində ölkəmizin yerini və inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirmiş, qloballaşma müstəvisində layiqli yer tutması üçün əzmlə çalışmış və böyük fədakarlığı sayəsində bunlara nail olmuşdur. Ulu öndər hələ SSRİ dövründən respublikamızda təhlükəsizliklə bağlı işlərin bünövrəsini qoymuşdur. Yüksək idarəetmə qabiliyyətinə, geniş dünyagörüşə, siyasi təfəkkürə sahib olan tarixi liderin böyük səyləri sayəsində Azərbaycan qısa bir vaxtda aqrar respublikadan sənaye ölkəsinə çevrilmişdir.
Təəssüf ki, 1990-1993-cü illərdə Azərbaycanın nəinki bəyan olunmuş müstəqilliyi, hətta bütövlükdə bir dövlət kimi mövcudluğu sual altında idi. Artıq dövləti idarə edə bilməyən AXC-Müsavat cütlüyü də siyasət meydanından getmək məcburiyyətində qalmışdı. Xalqımızın istək və arzusu ilə 1993-cü ildə siyasi hakimiyyətə gələn zaman Heydər Əliyevin qarşısında çətin və mürəkkəb vəzifələrin, xüsusilə də, ölkənin təhlükəsizlik məsələlərinin həlli dururdu. Ulu öndər çıxışlarının birində Azərbaycanın həmin dövrünü belə xarakterizə edirdi: "Azərbaycan müstəqil dövlət kimi yaşamağa başlayanda çox çətin və ağır vəziyyətdə idi. Biz artıq təhlükəsizliyimizi özümüz təmin etməli idik. O illərdə Azərbaycanda rəhbərlikdə olan insanların səriştəsizliyi nəticəsində ölkədə proseslər çox mənfi istiqamətdə gedirdi - xaos, anarxiya, hərc-mərclik, Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz, torpaqlarımızın itirilməsi, vətəndaş müharibəsi. Bütün o illər bizim üçün çox ağır, çətin keçirdi və Azərbaycanın müstəqil dövlət ölkə kimi yaşaması sual altında idi".
Beləliklə, Azərbaycanın müstəqillik dönəmində məhz Ulu öndərin xalqımızın istək və tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin və vətəndaşlarının bütün təhdidlərdən etibarlı şəkildə müdafiəsinə xidmət edən effektiv təhlükəsizlik siyasətinin həyata keçirilməsinə başlanıldı. Ötən əsrin 90-cı illərinin ortalarına doğru bütün daxili problemlərin tədricən aradan qaldırılması, hakimiyyətin zorla dəyişdirilməsi cəhdlərinin qarşısının alınması və bu qeyri-konstitusion ənənəyə son qoyulması, ictimai-siyasi sabitliyin bərpa olunması, iqtisadi təhlükəsizliyimizin təmin edilməsi, ordu quruculuğu istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlanılması, "Əsrin müqaviləsi"nin imzalanması, Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməyə başlaması enerji və milli təhlükəsizlik siyasətinin həyata keçirilməsindən xəbər verirdi.
1994-cü ilin sentyabr ayında dünyanın tanınmış neft şirkətləri ilə Azərbaycan arasında “Əsrin müqaviləsi”nin imzalanması yalnız ölkəmizin neft strategiyasının uğurla reallaşması və gələcək iqtisadi inkişaf, enerji siyasətində təməllərin formalaşdırılması deyildi, həm də Azərbaycanın təhlükəsizlik konsepsiyasına dahi lider Heydər Əliyev tərəfindən böyük müdrikliklə əlavə edilən olduqca mühüm, həm də qlobal məzmun daşıyan siyasi və tarixi bir hadisə idi. Tarixdə ilk dəfə olaraq, Heydər Əliyevin sayəsində Xəzər neftinin alternativ marşrutla dünya bazarlarına çıxarılması ilə bağlı razılaşmaların əldə olunması, Bakı-Tbilisi-Ceyhan neft xəttinin təməlinin qoyulması, respublikamızın qlobal enerji müzakirələrindəki yerinin möhkəmlənməsi Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyini gücləndirən, onu qlobal səviyyədə söz sahibinə, mühüm tərəfdaşa çevirən siyasi-iqtisadi faktorlar idi.
ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Rusiya və digər ölkələrin ən iri neft şirkətlərinin cəlb olunduğu “Əsrin müqaviləsi” Azərbaycanın regional və qlobal əhəmiyyət daşıyan enerji siyasətinin strateji təməlini təşkil edir. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində “Çıraq-1” özülü Qərb standartlarına uyğun olaraq bərpa olundu. 1997-ci ildə isə “Çıraq” yatağından neft hasilatına başlandı. Bundan iki il sonra Azərbaycan “Əsrin müqaviləsi” çərçivəsində neftin hasilatından gəlir əldə etməyə başladı. Belə ki, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edildi və ilk dəfə Azərbaycan nefti Novorossiysk limanına nəql olundu. Bakı-Supsa boru kəməri inşa edilərək, 1999-cu ildə işə salındı. ATƏT-in Türkiyənin İstanbul şəhərində keçirilən Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalandı. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyularaq tikintisinə başlandı. 2006-cı ildə isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Beləliklə, Azərbaycanın fəal neft siyasəti qlobal əhəmiyyətli regional layihələrin reallaşmasına imkan verdi.
Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu “Əsrin müqaviləsi” və Azərbaycanın enerji strategiyası onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilməklə bərabər, həm də yeni layihələr və müqavilələrlə inkişaf etdirildi. TAP, TANAP, Cənub Qaz Dəhlizi kimi qlobal layihələrə imzasını atan ölkə başçısı sözü də imzası qədər etibarlı lider olaraq Azərbaycanı etibarlı tərəfdaş və Avropanın enerji təhlükəsizliyində mühüm rola malik dövlətə çevirdi.
Bu gün Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələrinin geostrateji, siyasi və iqtisadi əhəmiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Çünki Azərbaycanın bu sahədə yürütdüyü strateji kurs həm də enerji təhlükəsizliyinin təmin edilməsi və bu ölkə ilə əməkdaşlıq edən ölkələrin milli maraqları baxımından son dərəcə əhəmiyyətlidir. Ümumiyyətlə, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfə verən Azərbaycanla enerji tərəfdaşlığı çoxşaxəli tərəfdaşlıq baxımından yüksək qiymətləndirilir. Çünki Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi önəm verən aparıcı dövlətlər üçün böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi, iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfə verir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizliyinin təminatçısı və inkişaf mənbəyi adlandırırlar.
Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca sahələrdən birinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə reallaşmır. Ölkəmizin enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində əsas amil kimi çıxış edir. Təbii ki, bu reallıqların həyata keçirilməsinin daha bir mühüm amili Prezident İlham Əliyevin Ulu öndərin siyasətini uğurla davam etdirməsidir. Bu gün Azərbaycan regionda nəinki söz sahibidir, ölkəmiz həm də bir sıra qlobal məsələlərdə təşəbbüskar roluna malikdir. Ən əsası budur ki, həyata keçirilən çoxşaxəli enerji siyasəti sayəsində Azərbaycan regional güc mərkəzindən qlobal strateji tərəfdaşa çevrilməkdədir. Bunun nəticəsidir ki, digər dövlətlər regional və beynəlxalq təhlükəsizliyin təmin və mühafizə olunması, eləcə də, səmərəli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində Azərbaycanla çoxşaxəli əməkdaşlığa müstəsna önəm verirlər.
Qlobal əhəmiyyətli regional layihələrin reallaşmasının əsas iştirakçısı olan Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul olunur. Eyni zamanda, düzgün neft siyasəti sayəsində iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətə, real güc amilinə çevrilib. Bu isə ölkəmizin bütün məsələlərdə öz sözünü deməsinə, bölgədə təhlükəsiz ölkə statusuna malik olmasına gətirib çıxarıb. Azərbaycan, eyni zamanda, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən geostrateji nəqliyyat qovşağına çevrilmişdir. Bu istiqamətlərdə ən səmərəli nəqliyyat dəhlizləri bu gün Azərbaycandan keçir və beynəlxalq yollar həm də respublikamızda kəsişir. Azərbaycandan keçən tranzit yüklərin həcminin ildən-ilə artması bu istiqamətdə marşrutların səmərəli olması ilə yanaşı, həm də təhlükəsizlikdən xəbər verir ki, bu da dövlətimizin böyük uğurudur.
Son dövrlərədək Azərbaycanın milli təhlükəsizliyinin əsas problemi və hərbi-geostrateji vəzifəsi artıq keçmişdə qalmış Ermənistan – Azərbaycan münaqişəsinin həllinə nail olmaq, respublikamızın pozulmuş ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmək və bu fonda regionda sülhü və dinc əməkdaşlıq mühitini təmin etməkdən ibarət olmuşdur. Bunun üçün ölkə rəhbərliyi bütün istiqamətlərdə fəal iş aparmış və torpaqlarımızın işğaldan azad edilməsi dövlət siyasətinin mərkəzində dayanmışdır.
2020-ci il sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi növbəti hərbi təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin başladığı hərbi əməliyyatlar cənab İlham Əliyevin qətiyyətli siyasətinin, ordumuzun qüdrətinin, xalqımızın milli həmrəyliyinin göstəricisi olmaqla bərabər, həm də respublikamızın mükəmməl təhlükəsizlik konsepsiyasının təntənəsinə çevrildi. Bu konsepsiyanın əsasında həyata keçirilmiş tədbirlər 44 günlük müharibə zamanı Azərbaycanın həm hərb meydanında, həm də siyasi-diplomatik sahədəki qələbələrinin təməlində dayandı. Vətən müharibəsindən ötən 3 il ərzində etibarlı təhlükəsizlik sistemi formalaşdıran Prezident İlham Əliyev hərbi-siyasi uzaqgörənliklə və böyük təmkinlə əzəli torpaqlarımız olan Qarabağda milli suverenliyimizi tam bərpa etdi. Qarabağda həyata keçirilmiş Fərrux, Sarıbaba-Qırxqız və “Qisas” əməliyyatları, Laçın yolunda dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılması bizi addım-addım bu məqsədə yaxınlaşdırdı.
Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 19-20-də keçirdikləri lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Qarabağdakı erməni separatizminə birdəfəlik son qoyuldu. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən oktyabr ayının 15-də Xankəndi başda olmaqla, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə, Sərsəng su anbarı ərazisində Azərbaycan bayrağının ucaldılması, Zəfər Günündə Xankəndidə hərbi paradın keçirilməsi, sülhməramlıların Qarbağdan çıxarılması, bir güllə atılmadan dörd qeyri-anklav kəndin qaytarılması yalnız yaşadığımız dövrün deyil, xalqımızın son bir neçə əsr daxil olmaqla dövlətçilik tarixinin ən böyük hadisələrindəndir.
Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşən və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi respublikamızın milli təhlükəsizlik strategiyasının əsasını torpaqlarımızın işğaldan azad olunması təşkil etmişdir. Beləliklə, ərazi bütövlüyümüzün bərpa olunması, Qarabağda erməni separatizminə son qoyulması Azərbaycanın təhlükəsizlik siyasətinin ən böyük uğuru və ulu öndər Heydər Əliyev siyasi yolunun təntənəsidir.
Ölkəmizin son illərdə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə qurmağa başladığı yaşıl enerji sistemi Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi qərarı ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə əhəmiyyətli töhfəsidir. Bərpa olunan enerji növlərinin yaradılması, “ağıllı” kəndlər və şəhərlər qurulur. Azərbaycanın yaşıl enerji siyasəti qlobal siyasi arenada və beynəlxalq iqtisadi münasibətlər sistemində mövqeyini daha da gücləndirmək imkanı yaradır.
Prezident İlham Əliyevin şəxsi nüfuzu, siyasi liderlik qabiliyyəti sayəsində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində atdığı addımlar dövlətin beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə töhfə verib, etibarlı tərəfdaş imicini formalaşdırıb və Azərbaycanı qlobal problemlərin həll olunduğu platformaya çevirib. Azərbaycanda hazırda nəhəng enerji infrastrukturu yaradılıb və bununla da, Avrasiyanın enerji xəritəsi dəyişdirilib.
Bu gün dünya birliyi tərəfindən Azərbaycanın ən təhlükəsiz dövlət hesab olunmasının nəticəsidir ki, ölkəmiz humanizm, multikulturalizm, tolerantlıq, iqtisadi çətinliklərin həlli, dünya miqyaslı problemlərin dialoq formasında müzakirəsi ilə bağlı mötəbər tədbirlərə evsahibliyi edir.
Arzu Abdullayev,
Naxçıvan Dövlət Universitetinin prorektoru, dosent