Fransa yeni müstəmləkəçilik bataqlığında

post-img

Regional və qlobal miqyasda önəmi günü-gündən artan, fəal xarici siyasət yürüdən Azərbaycan 13 il öncə daha bir mühüm beynəlxalq platforma əldə etdi. Özünün xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq xəttini seçmiş ölkəmiz 2011-ci il mayın 26-da İndoneziyanın Bali adasında Qoşulmama Hərəkatına (QH) üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, təşkilata tamhüquqlu üzv qəbul olundu. Azərbaycan qısa müddət ərzində uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazandı.

Ölkəmiz üzvlərinin sayına görə, dünyada BMT-dən sonra ikinci təşkilata (QH-nin 120 üzvü, 19 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var – S.H.) üzv olandan sonra onun fəaliyyətinə önəmli töhfələr verməyə başladı. Buna görə də 2016-cı ilin sentyabrında hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının Venesuelanın Marqarita adasında keçirilən XVII Zirvə görüşündə növbəti sammitin Bakıda keçirilməsi və 2019–2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olundu. Ölkəmizin sədrliyi 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilən XVIII Zirvə toplantısı ilə başladı. Daha sonra üzv dövlətlərin yekdil qərarı ilə sədrliyimiz daha bir il uzadıldı.

İş elə gətirdi ki, Azərbaycanın ­sədrliyinin başlanmasından bir neçə ay sonra – 2020-ci ilin əvvəlindən dünya böyük bir bəlaya – COVID-19 pandemiyasına, necə deyərlər, ürcah oldu. Pandemiyaya qarşı qlobal mübarizə məqsədilə QH-nın sədri qismində Prezident İlham Əliyevin bir sıra önəmli təşəbbüsləri oldu. Belə ki, Azərbaycanın hərəkata sədrliyi dövründə 2020-ci ilin mayında QH-nın liderlər səviyyəsində onlayn sammiti, 2020-ci ilin dekabrında isə BMT Baş Assambleyasının xüsusi sessiyası keçirildi. Həmçinin bu dövrdə Azərbaycanın təşəbbüsü ilə bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələri qəbul edildi. Bundan əlavə, ölkəmiz əksəriyyəti QH-yə üzv olan ­80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərdi. QH-nın bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi hərəkatın koronavirusla mübarizədə liderliyinə dəlalət edirdi.

Ölkəmizin QH-nin sədri kimi hər zaman xüsusi diqqət yetirdiyi məsələlərdən biri də yeni müstəmləkəçilik (neokolonializm) tendensiyalarına qarşı mübarizənin aparılması idi. Azərbaycan neokolonializm meyillərinin artmasından ciddi narahatlığını dəfələrlə bəyan edib. Bakı hesab edir ki, dekolonizasiya prosesi nəticəsində yaranmış QH keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.

Hazırda 13 ərazini öz müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir. Eyni zamanda, buna səsini çıxarmayan Avropa təsisatlarının “qoca qitə”də yerləşməyən ölkələrin daxili işlərinə müdaxiləsi cəhdləri hiddət doğurur. Həmçinin, digər ölkələrin daxili işlərinə qarışmağı adətə çevirmiş Avropa Parlamenti və AŞPA-nın bununla bağlı susqunluğu diqqəti cəlb edir.

Onu da qeyd edək ki, Prezident ­İlham Əliyev neokolonializm meyilləri ilə bağlı məsələyə tez-tez etirazını bildirir. Dövlətimizin başçısı QH-nın sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla yüksək tribunalardan sadalayıb. Sonuncu dəfə mayın 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində cənab İlham Əliyev bildirdi ki, Azərbaycan QH-nın sədri kimi hər zaman yeni müstəmləkəçilik tendensiyalarına qarşı mübarizəni təşviq edib: “Artıq söylədiyim kimi, həmin hərəkatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin aparılması o deməkdir ki, biz buna inanırıq. Çünki biz ədalət naminə danışırıq, çünki biz beynəlxalq hüquq naminə danışırıq. Yəni, biz belə bir məsələyə imkan verə bilmərik ki, indi – XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii ki, biz öz səsimizi ucaltdıqda, hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda, bu, onunla bağlı deyildi ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Bu səbəbdən Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Onda siz nəyə görə tənqid etmirsiniz? Nəyə görə siz sanksiyalar tətbiq etmirsiniz? Nəyə görə susursunuz? Bəli, biz sədr olaraq, hərəkat daxilində bu işi gördük. Bu, bizim vəzifəmiz idi. İndi görürük ki, digər ölkələrə, imperiyada yaşayan xalqlara gəldikdə, biz bilirik ki, azad və müstəqil olmaq nə deməkdir. Biz bunu bilirik və həmin insanlara kömək etmək istəyirik...”

Mövzu üzrə fikirlərini öyrəndiyimiz politoloq İlyas Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan QH-yə 4 il sədrlik edən dövlət kimi bir sıra qlobal təşəbbüslərə imza atıb. Qeyd etdi ki, hərəkatda cəmləşən dövlətlər qrupu dünyada bir-biri ilə qarşıdurma şəraitində olan güc mərkəzlərinə qarşı öz mövqelərini bildirir, problemlərindən danışır və birliyi, həmrəyliyi təşviq edirlər. Hərəkatın əsas mahiyyəti də bundan ibarətdir: “Əslində, Qoşulmama Hərəkatının fəlsəfəsi ilə Azərbaycanın xarici siyasəti üst-üstə düşdüyü üçün sədrliyimiz çox uğurlu nəticələr verib. Eyni zamanda Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafına xüsusi diqqət yetirib. Azərbaycanın təşəbbüsü ilə 2021-ci ildə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, 2022-ci ildə Gənclər Təşkilatı yaradılıb, 2023-cü ildə Qadınlar Platformasının yaradılması ideyası üzv dövlətlər tərəfindən dəstəklənib. Azərbaycanın QH-yə sədrliyi dövründə hərəkatın beynəlxalq nüfuzu və çəkisi artıb. 2024-cü ilin yanvarından QH-da sədrlik Uqandaya keçib. Ancaq ölkəmiz bu mötəbər təsisatın sədrlik “üçlüyü”nün üzvü kimi onun fəaliyyətində və uğurlarında yaxından iştirak etməyə davam edir. Digər tərəfdən 2023-cü il iyulun 6-da QH-nın Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə beynəlxalq miqyasda qeyri-hökumət təşkilatı kimi Bakı Təşəbbüs Qrupu yaradılıb. Qrup məhz Fransa müstəmləkəçiliyinin və digər müstəmləkəçiliklərin qarşısının alınması, xalqların azadlığı və müstəqilliyinə nail olunması uğrunda müxtəlif tədbirlər keçirir. Eyni zamanda, biz ayrı-seçkiliyə, etnik və dini dözümsüzlüyə qarşı çıxırıq”.

İ.Hüseynovun sözlərinə görə, dünyada elə güc mərkəzləri, elə dövlətlər qrupu var ki, onlar məhz müəyyən kriteriyalar hesabına özlərinin hegemon və imperialist mövqelərini genişləndirirlər. Dövlətləri, necə deyərlər, özününkülərə və özgəninkilərə bölürlər: “Bu isə çox təhlükəli tendensiyalara yol açır. Eyni zamanda, bu dövlətlər əllərinə düşən fürsətdən istifadə edərək tarixi keçmişlərini, əhalisini, ərazisini, müxtəlif beynəlxalq təşkilatlardakı rolunu işə salaraq, dövlətləri məzəmmət edir, onları təsir altına salmaq istəyir, hədələyir, şantaj və təhdid dili ilə danışırlar. Nəticədə dövlətləri özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası da onların bu məqsədinə xidmət edən qurumlara çevrilib”.

Müsahibimiz qeyd etdi ki, əslində, tamamilə başqa yanaşma olmalıdır. Bu təşkilatlar müxtəlif regionlarda yaşayan xalqların hüquqlarını qorumalı, onların azadlıqlarını təşviq etmək istiqamətində fəaliyyət göstərməlidirlər. Təəssüf ki, onlar yalnız siyasi sifarişləri yerinə yetirirlər. Ona görə də bu qeyri-bərabərlik və qərəzli, məkrli yanaşmalar, əlbəttə, dünyada bölücülüyə xidmət edir. Bu gün biz əslində, yeni pandemiyadan, yeni kütləvi xəstəliklərdən, qarşılaşa biləcəyimiz müxtəlif çağırışlardan sığortalanmamışıq: “Hazırda dünya kəskin qütbləşmiş, son dərəcə parçalanmış vəziyyətdədir. Dünya ölkələri bu bölücü xətləri aradan qaldırmaq üçün fəaliyyət göstərməli olduqları halda, təəssüf ki, fərqli yanaşma sərgiləyən dövlətlər hələ də var. Əksər ölkələr hələ də necə deyərlər, birqütblü dünya ilə hesablaşmalı olduqlarını düşünürlər. Bizim müşahidə etdiyimiz və Prezident İlham Əliyevin son dövrlərdə öz nitqlərində və müsahibələrində bildirdiyi fikir bundan ibarətdir ki, Qlobal Cənub adlanan bir fenomen formalaşıb. Bu dövlətlərin əhalisi, təbii ehtiyatları, nəqliyyat imkanları, iqtisadiyyatları, gənclərin əhalinin ümumi sayında çoxluq təşkil etməsi də diqqəti xüsusi cəlb  edir”.

Məşhur amerikalı sosioloq və politoloq Samuel Hantinqtonun vaxtilə dediyi kimi, biz bu gün təkcə sivilizasiyaların toqquşmasını yox, şimalla cənub arasında mübarizənin getməsini də müşahidə edirik. Azərbaycan yeni dünya nizamının formalaşması prosesində özünə güclü tərəfdaşlar, dostlar qazana bilib. Biz müxtəlif təhdidlərə qarşı da birgə fəaliyyət göstərməyə hazırıq. Əslində, bizim kimi ölkələrə başqa çıxış yolu da qoymurlar. Azərbaycan öz dövlət və milli maraqlarını hər bir situasiyada qorumağa qadirdir.

Səxavət HƏMİD 
XQ

 



Siyasət