Aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinken arasında keçirilən görüşdə İrəvana hərbi dəstəyin göstərilməsi məsələsinin də müzakirə olunması, o cümlədən, hərbi əməkdaşlığı nəzərdə tutan 20 bənddən ibarət sazişin imzalanması gündəmin ən aktual məsələlərindən biri olaraq qalmaqdadır. Azərbaycan mediası bununla bağlı araşdırma apararaq, ortaya ciddi sübutlar qoyub. Brüsseldə razılaşdırılmış sənədin fotosu mediada yayılıb. Bundan sonra ABŞ tərəfi sənədi “sırf dezinformasiya” adlandırıb. Dövlət Departamenti görüş zamanı təhlükəsizlik məsələlərinin gündəmdə olmadığını iddia edib.
Açıqlanan sənəddə Rusiyanın narahatlığına səbəb olan müddəalar da yer alıb. Belə ki, sazişdə Avropa İttifaqı Ermənistan hökumətinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti qoşunlarının “Zvartnos” beynəlxalq hava limanından, Ermənistan–İran sərhədindən və bütün digər sərhəd məntəqələrindən çıxarılması barədə qərarını dəstəklədiyini bildirib. Zənnimizcə, Aİ-nin bilavasitə dəstəyi ilə Nikol Paşinyan hökumətinin bu qərarı Rusiyanın Ermənistan ərazisində mövqeyini zəiflətmək üçün ilk konkret, nəzərəçarpacaq addımıdır və görünür, buna görə də Brüssel razılaşmaları kontekstində xüsusilə seçilir. Rusiya sərhəd qoşunlarının beynəlxalq hava limanı və İranla sərhəd kimi mühüm mövqelərdən çıxarılması regionda Avroatlantik təsirin genişlənməsinə şərait yaradacaq ki, bu da postsovet məkanında Moskvanın təsirinin azaldılmasına qarşı daha geniş strategiyanın bir hissəsi kimi qiymətləndirilə bilər. Bu, həm də Aİ-nin Cənubi Qafqaz regionunda öz mövqelərini möhkəmləndirməyə çalışdığı daha böyük geosiyasi oyun kontekstinə tamamilə uyğun gəlir. Məlum qərarın Ermənistanın Rusiyanın təsirindən tamamilə çıxması üçün tramplin rolu oynayacağını iddia etmək mümkündür.
Üzə çıxarılmış sənəddə qeyd olunur ki, Aİ və Ermənistan Rusiyanın Hayastandakı hərbi obyektlərinin statusunu onların 2044-cü ilə qədər mövcudluğunu nəzərdə tutan hazırkı sazişi nəzərə alaraq nəzərdən keçirib. Bununla əlaqədar onu demək olar ki, son vaxtlar Brüssel və İrəvanın Ermənistan ərazisindəki Rusiya hərbi bazasının gələcəyi ilə bağlı müxtəlif variantları kuluarlarda fəal şəkildə müzakirə etdiklərinə dair məlumatlar yayılırdı. İndi bu məsələnin 5 aprel görüşü ilə bağlı sənəddə öz əksini tapması təsadüfi hesab oluna bilməz. Rusiya hərbi kontingentinin Hayastandan çıxarılması Aİ və ABŞ-nin Ermənistan siyasətində strateji məqsədlərindən biridir. Ehtimal etmək olar ki, bununla bağlı müxtəlif ssenarilər, o cümlədən, 102-ci rus bazasının ətrafında gərginlik ocağının yaradılması nəzərdən keçirilir. Beləliklə, aydın olur ki, Rusiya hərbi bazası və rus hərbi qulluqçularının Ermənistanda olması ilə bağlı məsələlərin aktiv müzakirəsi 102-ci bazanın mövcudluğu haqqında sazişin müddətinin başa çatmasından xeyli əvvəl başlayıb. Aİ və Ermənistan İrəvanın Rusiya hərbi texnikası və texnologiyasından, həmçinin rus hərbi təhsilindən və təlimdən asılılığının azaldılması zərurətini də müzakirə ediblər.
Mediada yayılmış sənədlə bağlı Moskvanın mövqeyi özünü çox gözlətməyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 18-də keçirdiyi brifinqdə deyib ki, ölkəsi Brüssel danışıqları barədə mətbuata sızan məlumatlarla bağlı Ermənistandan dəqiq reaksiya gözləyir. Diplomat bildirib ki, İrəvan daha əvvəl Qərb dövlətləri ilə əməkdaşlığın üçüncü ölkələrə qarşı yönəlmədiyinə əmin edib: “Bu faktorları nəzərə alaraq, Ermənistan hakimiyyətindən yayılan məlumatlara aydın reaksiya, idealda isə bunun inkar edilməsini gözləyirik. Bütün hallarda söz rəsmi İrəvanındır”.
Onun sözlərinə görə, qərblilər Cənubi Qafqazdakı qonşuları arasında qarşıdurma yaratmağa çalışırlar və Ermənistana yalnız yeni böyük yanğını alovlandırmaq istədikləri alət rolu verilir: “Brüsseldəki görüş zamanı, həqiqətən də, İrəvana Rusiya bazasının və sərhədçilərinin Qərb mütəxəssisləri ilə dəyişdirilməsi, eləcə də Ermənistan Respublikasında kritik infrastrukturun istiqamətinin dəyişdirilməsi ilə bağlı planların qoyulduğu ortaya çıxsa, Moskva təəccüblənməyəcək”.
Onu da qeyd edək ki, yayılmış sənəd Ermənistanda da müzakirələrə yol açıb. “Birlikdə” adlanan erməni hərəkatının koordinatoru Aram Sarkisyan mətbuata sızan informasiyalara hakimiyyətin cavab vermədiyindən narazılığını bildirib. O, Ermənistan hakimiyyətinin son dərəcə təhlükəli oyun oynadığını qeyd edib. Brüsseldəki razılaşmaların Rusiya və İrana qarşı yönəldiyini vurğulayıb. Əlavə edib ki, bunu həm Tehran, həm də Moskva birbaşa və ya dolayısı ilə açıqlayır. O, Paşinyan iqtidarının bu təhlükəli gedişinin haylara baha başa gələcəyini də vurğulayıb.
Nəhayət, sənədin yayılmasından təxminən iki günə yaxın vaxt keçəndən sonra Ermənistan xarici işlər nazirliyi dilə gəlib. Nazirliyin mətbuat katibi Ani Badalyan Brüsseldə keçirilən üçtərəfli görüşdə heç bir gizli gündəliyin olmadığını bildirib. “Əslində, Brüssel görüşü Ermənistanın dayanıqlılığı və iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı idi. Bunun ətrafında reallığa uyğun gəlməyən lüzumsuz hay-küy yarandı. Azərbaycan mətbuatında dərc olunan kağız saxtadır, belə məsələlər Brüssel görüşünün gündəliyində olmayıb. Brüsseldə müzakirə edilən məsələlərin bütün gündəliyi görüşdən sonra yayılan birgə press-relizdə öz əksini tapıb. Gündəlik xaricində edilən hər hansı açıqlama yalandır. Brüssel prosesi tam şəffaf olub və bundan sonra da belə olacaq”, – deyə Ani Badalyan rəsmi İrəvanı, necə deyərlər, sudan quru çıxarmağa cəhd edib. Amma onun bu cəhdi uğursuz olub.
Siyasi analitik Armen Çibuxçyan Brüssel görüşü və M.Zaxarovanın bununla bağlı açıqlamalarını şərh edərkən deyib ki, əslində, görüşün görünən və görünməyən hissəsi olub: “Biz bunu təbii ki, xarici işlər nazirliyi tərəfindən rəsmi şəkildə təkzib etmişik. Ani Badalyan yayılan məlumatın absurd olduğunu və yalnız iqtisadi məsələlərin müzakirə olunduğunu bildirib. Bununla belə, görüşün qapalı hissəsi də olub”.
Onun sözlərinə görə, biz görüşdən sonra mətbuat konfransının keçirilmədiyini gördük: “Mən bilmirəm, sizin məlumatınız var, ya yox, Avropa Sülh Fondundan səhra hospitallarının yaradılması üçün 10 milyon avro ayrılıb və sair (qeyd edək ki, sənədə əsasən, mobil səhra düşərgəsinin, o cümlədən, tibb müəssisəsinin, habelə əlaqədar xidmət və obyektlərin yaradılması maliyyələşdiriləcək – S.H.). Bu, dolayı hərbi yardımdır. Yəni, hücum deyil, müdafiə xarakterli hərbi yardım məntiqinə uyğundur. Nə baş verdiyini başa düşürsünüz? Avropa Sülh Fondu Ermənistan üçün ən sadədən işə başlayır. Bundan əlavə, hərbi yardım məntiqində də eyni hal yaşanır. Deyək ki, ilk hərbi yardım ciddi silahlar olmadan döyüş meydanındakı vəziyyəti dəyişə bilməyən “Bastion” zirehli texnikasının tədarükündən başlayıb”.
A.Çibuxçyan daha sonra deyib: “Başqa sözlə, bunun fonunda, təbii ki, güman edirəm və şəxsi fikrimcə, Ermənistanla hansısa gizli danışıqlar aparılıb. Gizli danışıqlar olub. Sadəcə, onun afişası olmayıb. Avropa Sülh Fondu yardım edirsə, deməli, Paşinyan onlara nəsə vəd edib. Güman edirəm ki, Mariya Zaxarovanın Ermənistanın Brüsseldə nə razılaşdırıldığını izah etməli olması barədə bəyanatı o deməkdir ki, rus qoşunlarının Ermənistandan çıxarılması ilə bağlı razılaşma olub”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Brüssel görüşü ilə bağlı yayılan sənəd Azərbaycanda böyük narahatlıq doğurub. Onun sözlərinə görə, səsləndirilən bəyanatlar və üçtərəfli görüşdən sonra mətbuata verilən açıqlamalar ziddiyyət təşkil edir: “Azərbaycan və Ermənistan sülh və dövlətlərarası münasibətlərin qurulması üzərində iş aparırlar. Ölkəmiz digər dövlətlərdən, beynəlxalq təşkilatlardan prosesə dəstək vermələrini gözləyir. Çox təəssüf ki, bunun əksinə olaraq, bəzi ölkələr Ermənistanı silahlandırmaqla onu Azərbaycan əleyhinə qaldırmağa çalışırlar. Bəzi ölkələr isə, bu məsələdə ziddiyyətli bəyanatlar verirlər. Azərbaycan məsələni diqqətdə saxlayacaq və özünün ərazi bütövlüyünə, suverenliyinə yönələn bütün məsələlərə kəskin reaksiya verəcək”.
Deputat vurğulayıb ki, Ermənistanın silahlandırılması, Qərbdəki müəyyən dairələrin təsiri altına salınması İrəvanın Azərbaycana və qonşu dövlətlərə qarşı ərazi iddiası iştahını daha da artıra bilər: “ABŞ tərəfinin rəsmi bəyanatının həqiqət olduğuna inanmaq istərdik. Çox istərdik ki, Vaşinqton verdiyi bəyanata uyğun olaraq, bundan sonra Ermənistana ancaq humanitar yardım və ikitərəfli münasibətlərdən irəli gələn məsələlərlə bağlı kömək göstərsin. Bu gün Ermənistanın silahlandırılması, müəyyən dairələrin təsiri altına salınması bu ölkənin təcavüzkarlıq niyyətlərinin yenidən baş qaldırmasına səbəb ola bilər”.
Politoloq İlyas Hüseynov isə deyib ki, Brüssel görüşündə Ermənistana hərbi dəstəyin göstərilməsinin müzakirəsi əvəlcədən ehtimal edilirdi. Onun sözlərinə görə, Ermənistana hərbi və təhlükəsizlik sahəsində dəstəyin verilməsi ilə bağlı yayılan 20 bənddən ibarət sənəd regional təhlükəsizliyə təhdidləri artıran, sülhə və əmin-amanlığa zərbə vuran məqamdır. Eyni zamanda, Ermənistanın silahlandırılmasına cəhdlərin edilməsi revanşizm əhval-ruhiyyəsini gücləndirən amildir: “Burada yeni geosiyasi konfiqurasiyaya qarşı faəliyyət özünü göstərməkdədir. Yeni reallıqlar müstəvisində Azərbaycanın sülhə verdiyi töhfələr nəzərə alınmır, əksinə gərginliyin yaradılması niyyəti ortaya qoyulur”.
İ.Hüseynov bildirib ki, qlobal müharibələr fonunda həm də Azərbaycanın əsas strateji müttəfiqi Türkiyəyə qarşı da analoji qərəzli münasibət sərgilənməkdədir: “Bu, qəbuledilən deyil. Biz uzun illərdir ki, Qərbin türkofob münasibətini görmüşük. Ermənistanın hazırda Fransa başda olmaqla Qərb və Hindistan tərəfindən silahlandırılması da deməyə əsas verir ki, bir sıra güc mərkəzləri regional təhlükəsizliyə töhfə vermək adı altında bölgəmizə müdaxilə etmək, özlərini arbitr kimi danışıqlar masasında görmək istəyirlər. Onların bu pozucu və destruktiv fəaliyyətləri son vaxtlar ardıcıl xarakter almaqdadır”.
Beləliklə, aydın olur ki, Qərbdəki müəyyən dairələrin əsas məqsədi Ermənistanı silahlandıraraq bölgədə yeni münaqişə ocağı körükləməkdir. Ancaq onların təxribatının baş tutmayacağı, əksinə bumeranq effekti verərək Ermənistana yönələcəyi birmənalıdır. Həmin dairələr regionda yaranmış geosiyasi reallıqları, getdikcə güclənən Azərbaycan–Türkiyə amilini gec-tez nəzərə almalı olacaqlar. Bu tandem istənilən təxribatlara qarşı durmağa qadirdir.
Səxavət HƏMİD
XQ