Yeni tarixi mərhələdə milli ideya

post-img

IX MƏQALƏ

Beynəlxalq müqavilələr... An­caq kiminlə savaşırıq – bu bizim daxili işimizdir.

Karel Çapek

Cənubi Qafqazda ABŞ-ın inteqrasiya strategiyası

Ənənəvi olaraq, Amerika Birləşmiş Ştatları Cənubi Qafqaza iki geosiyasi strategiyanın nisbətində baxmışdır. Birin­cisi, realpolitikaya əsaslanan realizmdir. İkincisi, liberal konsepsiyaya dayanan idealizmdir. H.Kissincer bu iki xətti müqa­yisə edərək təklif etmişdi ki, ABŞ onların sintezində xarici siyasətini aparsın. 

Belə bir mövqenin politoloji anlamı bir məqamı aydınlaşdrımaqdan başlayır. Konkret H.Kissincer Amerikanın xarici si­yasəti kontekstində realizmlə idealizmin sintezi deyəndə nəyi nəzərdə tuturdu? O, burada başlıca prinsipi belə təqdim edr­di: Vaşinqton hər bir regionda dəyərlərin qəbul etdirilməsinə üstünlük verməlidir. Bunun üçün “yumşaq güc”lə “sərt gücü” növbələşdirməli və lazım olanda birləş­dirməlidir. Öncə, idealizm (yəni dəyərlə­rin “könüllü” qəbul etdirilməsi) xətti yeri­dilməlidir, lakin ciddi müqavimət olanda “sərt güc”dən (hərbi güc, iqtisadi sank­siyalar, informasiya və sosial təxribatlar, kriminal dairələrdən iğtişaşlar üçün istifa­də və s.) istifadə lazımdır. 

Belə aydın olur ki, ABŞ siyasəti üçün Amerika dəyərlərinin yayılması və hər bir cəmiyyətdə siyasi şüurdan tutmuş kütlə səviyyəsinə qədər yayılması öncül məsələdir. Bu məqsədə çatmaq üçün də məhz idealist və realist metodlardan isti­fadə qəbul ediləndir. 

Bu ümumi yanaşmanın işığında istə­nilən regionda Amerikanın hansı inteqra­siya modelinə üstünlük verdiyini anlamaq çətin deyil. Bu məqamda da iki məsələni fərqləndirmək gərəkdir. 

Birincisi, ümumi olaraq ABŞ regionda neoliberalizm dəyərlərini, Qərbin siyasi idarəetmə mədəniyyətini, sosial baxışla­rı, ictimai fəaliyyət özəlliklərini, dili, mədə­niyyəti yeritməyi strateji məqsəd sayırsa, yerli mədəni, psixoloji, mənəvi, əxlaqi və s. xüsusiyyətlər Vaşinqton üçün arxa plana keçir. Onlara verilən qiymət nə də­cədə region insanlarının Amerika dəyər­lərinə uyması ilə bağlı olur. Əgər insanlar tam qəbul edirlərsə, deməli “liberaldırlar”, “demokratdırlar”, “sivildirlər”, “mədənidir­lər” və s. Yox, əgər bunlara soyuq yana­şırlarsa, deməli, “köhnədirlər”, “avtoritar­dırlar”, “yeniliyə həssas deyillər”. O halda birinciləri təşviq etməli, ikinciləri isə neyt­rallaşdırmalıdır. 

Məsələ də burada qəlizləşir. Çünki “təşviq” yalandan layiq olmayan keyfiy­yətləri kimlərəsə aid etmək olur, “neyt­rallaşdırmaq” isə milyonların göz yaşını axıtması ilə sinonimə çevrilir. Bu cür yalançı təşviq siyasi spekulyasilara, təx­ribatlara, yalançı “regional qəhrəman, demokrat siyasilərin” yağışdan sonrakı göbələklər kimi çoxlmasına, “neytarl­laşdırma” isə intriqalara, münaqişələrə, qeyri-sağlam rəqabətə, haqsız geosiyasi normaların yaranmasına aparıb çıxarır. 

Normal və sağlam siyasi düşüncə üçün bunların milli ideya baxımından nə dərəcədə qəbuledilməz olduğu aydındır. Sübuta ehtiyac yoxdur. Ancaq məsələ bununla məhdudlaşmır. Bu, ikinci özəllik­lə əlaqəlidir.

İkincisi, ABŞ ümumi səviyyədəki hə­min nöqsanları, saxtakarlığı və yalan­çılığı maskalamaq üçün iştahlandırıcı layihələr təklif edir. Cənubi Qafqaz üçün bu, “İpək Yolu” layihəsi boyu əməkdaşlıq zolağı yaratmaq proqramında ifadəsini tapırdı. Müxtəlif maliyyə, idarəetmə, təh­lükəsizliyin təmini, iqtisadi infrastrukturun yenidən qurulması adı altında bir funda­metal dəyər tələb olunurdu: Amerikasa­yağı həyat tərzi olmalıdır! Bunun üçün, əlbəttə, milli dövlətlərdə “idaretmə şəffaf­laşmalıdır”. Hətta, o dərəcədə ki, insan­ların şəxsi həyatı barədə cəmiyyət hər şeyi bilməlidir. Bu istiqamətdə cinsi poz­ğun olanların təbliği ayrıca yer tutur. Bir başqa xətlə feminizm yeridilir. Nümunəvi kişi obrazını, o cümlədən mərd və qəhrə­man kişi obrazını ABŞ üçün keçərli olan qəhrəmanlar yaratmalıdırlar. Milli qəhrə­man olmamalıdır və s. 

Konkret sosial, iqtisadi, maliyyə, nəq­liyyat, informasiya proqramları, təhlükə­sizliyinin təmini və digər layihələrlə bö­yük bir geosiyasi məkanda özünə uyğun geosiyasi mənzərə yaratmağa çalışan ABŞ, əlbəttə, regional inteqrasiyada ma­raqlıdır. Ancaq bir şərtlə: bu inteqrasiya yerli xalqlara deyil, amerikanlara xidmət etməlidir. 

Bu tezisin fonunda Vaşinqtonun konk­ret hansı modeli təklif etməsinin elə bir anlamı yoxdur. Əsas olanı odur ki, Ame­rikasayağı regional inteqrasiya reallıqda hər bir region xalqının assimilyasiyası deməkdir. Bu baxımdan Vaşinqtonun in­teqrasiya modeli Aİ-nin, Çinin və Rusiya­nın modellərindən heç nə ilə fərqlənmir. 

Beləliklə, ABŞ bu üsulla Cənubi Qafqazda real olaraq heç bir uğur qaza­na bilməmişdir və indi də həmin vəziyyət davam edir. Hətta, bir zamanlar çox güc­lü və qorxunc görünən ABŞ indi çaşqın geosiyasi vəziyyətdədir. O, nə edəcəyini dəqiq bilmir. O dərəcədə bilmir ki, təca­vüzkar Ermənistana açıq dəstək verir və İranın geosiyasi manevrlərinə haradasa təkan verir. ABŞ İsrail – İran münasibət­lərində də təhlükəli manevrlər edir (hər halda KİV-də bu barədə informasiyalar çoxalmışdır). 

ABŞ-ın Cənubi Qafqazdakı bu cür mövqeyinin prizmasında Çin və Rusiya­nın inteqrasiya modelləri maraqlıdır.

Regional inteqrasiyada “Çin müdrikliyi”

Çin Aİ və ABŞ-dan fərqli fəlsəfə işı­ğında Cənubi Qafqazda “görünməyə” və hətta “işıq saçmağa” çalışır. Bunu ol­duqca ehtiyatlı və demək olar ki, siyasi məqamı hiss etdirmədən həyata keçir­mək istəyir. Çin Cənubi Qafqazda siyasi deyil, iqtisadi, energtik, nəqliyyat, loqisti­ka, yeni istehsal yerlərinin inşası, dil və mədəniyyətlə təsir etməyə cəhdlər göstə­rir. Mərkəzi Asiyada da eyni vəziyyətdir. Bunun üçün Çin “Bir Kəmər, bir yol” qlo­bal layihəsinin punktlarından yararlan­mağa çalışır. Onlar iqtisadi, geosiyasi, enerji, nəqliyyat, loqistika, informasiya və digər “yumşaq faktorları” əhatə edir. 

Pekin konkret olaraq hər hansı regio­nal inteqrasiya modelini təkilf etmir. Lakin atdığı addımları vahid bir bucaq altında birləşdirəndə özünə uyğun bir inteqrativ geosiyasi modelinin reallaşmasına cəhd hiss olunur. Burada Çin üçün təklif etdiyi qlobal layihənin Cənubi Qafqazda hər bir dövlət tərəfindən dəstəklənməsi ilk sıra­dadır. Bunun üçün, o, Azərbaycanla da, Ermənistanla da geniş əməkdaşlıq edə bilər. Hətta, Ermənistana Azərbayca­nın əleyhinə nəticə verə biləcək yardım göstərə bilər. 

Onun Cənubi Qafqaz məsələsində İranla hansı dəyərləri bölüşdüyü hələ tam aydın deyildir. Bu istiqamətdə də rəs­mi Pekin situasiyanı müəyyən balansda saxlamaqla gələcək hərəkətlər üçün ma­nevr imkanlarını saxlamağa çalışır. 

Pekinin Moskva ilə Mərkəzi Asiyada olduğu kimi, Cənubi Qafqazda da ma­raqları üst-üstə düşmür. Lakin Çin heç bir kəskinləşməyə getmir. Onu digərlərindən fərqləndirən başlıca cəhət bundan ibarət­dir. Bu, o deməkdir ki, rəsmi Pekin güclü maliyyə sərf etməklə geosiyasi meydan­da mövcudluğunu daha uyğun şərait ya­ranana qədər saxlamaq strategiyasını seçmişdr. Müdrik Çin hələ gözləyir! Bun­dan nə qazanacağını zaman göstərəcək! Bu aspektdə Çinin Türk Dövlətləri Təşki­latına münasibəti də maraqlıdır.

Zahirən rəsmi Pekin heç bir etiraz bildirmir. Eyni zamanda, öz ərazisndə yaşayan türklərin TDT-yə ümid yeri kimi baxmasını da qəbul etməz. Hətta adi simpatiya belə Pekində qıcıq yarada bilər. Ancaq hazırda vəziyyət elədir ki, Çindən başlayan “Orta Dəhliz” böyük bir ərazidə məhz TDT coğrafiyasından keçir. Burada hər hansı “qırılma” “Bir kəmər, bir yol”u arxivə ata bilər. Bir sıra mütəxəs­sislər TDT-yə alternativ yollardan bəhs edirlər. Lakin tarixi təcrübə göstərir ki, həmin alternativlər həm risklidir, həm də sabitliyin olmadığı yerlərdir. Gələcəkdə alternativlərin Çinə hansı səviyyədə baş ağrısı yarada biləcəyini Pekin yaxşı bilir. 

Bundan başqa, Çinin layihəsində Avropa faktoru ciddi yer tutur. Avropaya gedən ən etibarlı yol isə TDT-dən keçir! Deməli, bu təşkilatla əlaqə Çin üçün bö­yük geosiyasi əhəmiyyət kəsb edir. Xü­susilə ona görə ki, TDT hazırda dünyada sürətlə inkişaf edən potensiallı təşkilatlar­dan biridir. 

Çin üçün başqa bir inteqrasiya nü­munəsi Rusiyanın irəli sürdüyü Avrasiya inteqrasiya modeli ilə bağlıdır. Belə çıxır ki, Çinin Cənubi Qafqazda arzuladığı in­teqrasiya modeli hələ tam aydın deyildir və belə bir şəraitdə milli ideyaya onun necə təsir etdiyi də məlum olmur. O za­man, Çin məsələsinin bir müddət Cənu­bi Qafqazda aparıcı geosiyasi faktor ola biləcəyini proqnozlaşdırmaq çox çətindir. 

Bunun fonunda Rusiya bu istiqamət­də kifayət qədər qətiyyətli və ardıcıl görü­nür. O cümlədən, Cənui Qafqazda inetq­rasiyaya çox can atır. 

“Rus dünyası” inteqrasiya modeli

Rusiya Qərb və Çindən fərqli olaraq bir neçə yüz il Cənubi Qafqazda aparı­cı geosiyasi güc olmuşdur. Bu fakt onun tarixi, mədəni və geosiyasi aspektlərdə regional inteqrasiyada daha şanslı ol­masına dəlalət edir. Lakin bunun üçün Moskva indiyə qədər Cənubi Qafqazda yeritdiyi geosiyasi kursa ciddi düzəlişlər etməlidir. Çünki Rusiya bu müddətdə əsas olaraq imperiya ambisiyaları ilə re­giona münasibət bildirmişdir. 

Bunu bütün sferalarda, o cümlədən, dil və mədəniyyət aspektlərində açıq görmək olur. Ruslar Azərbaycan dilini öyrənmirlər, rus diplomatlar bir kəlmə belə Azərbaycan dilində danışmamışlar, mədəniyyətdə də özlərini aparıcı hesab edirlər. Bu məqamlar Rusiyanın regional inteqrasiyaya radikal və əsas olaraq öz şəxsi maraqları baxımından yanaşma­sını şərtləndirir. Buna görə də, Rusya Cənubi Qafqazın inteqrasiyasında bu qədər böyük potensiala malik olmasına baxmayaraq, real bir iş görə bilməmiş­dir. Əksinə, onun adı daha çox yerli döv­lətlər arasında münaqişə yaratmaqda hallanır. 

Bu baxımdan MDB, Avrasiya İqtisadi Birliyi və KTMT kimi təşkilatların Cənubi Qafqazda effekti minimumdur. Bu təş­kilatlar çərivəsində regionda hər hansı inteqrasiyadan söhbət gedə bilməz. Ək­sinə, Gürcüstan MDB-dən uzaqlaşıb, Ermənistan da uzaqlaşmış kimidir. Nə Gürcüstan, nə də Azərbaycan KTMT-də yoxdur, olmaları da gözlənilmir. MDB çər­çivəsində əməkaşlıq daha çox ikitərəfli xarakter daşıyır. Rusiyanın təklif etdiyi və yaratdığı təşkilatların nüfuzu çox aşağı­dır. 

Bunların fonunda Moskvanın tələ­bkarlıqla dil və mədəniyyət məsələsini ortaya atması başa düşüləndir. Ölkələri dövlət kimi inteqrasiya etməyə gücü çat­mayan bir dövlət dil və mədəniyyəti ilə burada qalmağa çalışar. Lakin milli ide­yanın geosiyasi kontekstində əhəmiyyətli olan iki məqam unudulmamalıdır

Birincisi, Rusiya dil və mədəniyyətdə regionda uğurlu olsa belə (hələ belə ol­duğu görünmür), regional inteqrasiyaya töhfə verə bilməyəcək. Çünki inteqrasi­ya edən dövlət kimi müasir dövlətçiliyin tələblərinə cavab verə biləcək konsepsi­yasi yoxdur. Rusiya Cənubi Qafqaz üçün heç bir yeni ümidverici bir inteqrasiya layihəsi təklif edə bilmir. Davamlı olaraq dil və mədəniyyətdən bəhs etmək inteq­rasiya aspektində boş yerə havanı dalğa­landırmaqdır.

İkincisi, Rusiya Cənubi Qafqazda mil­li ideya fonunda digər güclü dövlətlərlə rəqabətə hazır görünmür. Doğrudur, bu məqamda onun ABŞ, Aİ və Çin kimi güc­lü mərkəzlərdən elə bir fərqi yoxdur, yəni onlardan zəif deyildr. Lakin “uğursuz in­teqratorlar kvartetində” olmaq Moskvaya real nə vəd edir ki? Rəqiblərin də uğur­suz olmasından yaranan təsəllimi? Sərf edirsə, olsun! 

Ancaq zaman dayanmır. Situasi­ya anbaan dəyişir. Və meydana yeni perspektivli güclər çıxa bilər. Bu sırada mütəxəssislər ilk olaraq Türk Dövlərləri Təşkilatını (TDT) göstərirlər! Xüsusilə, milli ideyanın geosiyasi kontekstində ən cəlbedici və real faktor kimi TDT görünür!

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitki, fəlsəfə elmləri doktoru

Siyasət