ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

post-img

ABŞ Dövlət Departamentinin mətbuat xidməti aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündə Ermənistana geniş hərbi dəstəyin göstərilməsi məsələlərinin əksini tapdığı sənədin mətbuatda yayılmış fotosu ilə bağlı AZƏRTAC-ın ABŞ bürosunun sorğusunu cavablandırıb.

“Bu sənəd sırf dezinformasiyadır, təhlükəsizlik məsələləri gündəmdə olmayıb. Biz sizin diqqətinizi aprelin 5-də Brüsseldə keçirilmiş üçtərəfli görüşün yekununda Avropa İttifaqı və Ermənistan ilə birlikdə qəbul etdiyimiz press-relizə yönləndirmək istərdik. Avropa İttifaqı və Ermənistan ilə birlikdə keçirilmş Brüssel görüşündə diqqət yalnız ticarət tərəfdaşlıqlarını şaxələndirməyə və humanitar ehtiyaclarını həll etməyə çalışan Ermənistanın iqtisadi dayanıqlılığına, o cümlədən Ermənistanda demokratiya və qanunun aliliyi kimi sahələrdə davam edən islahatları dəstəkləməyə yönəlib”, - deyə Dövlət Departamentinin mətbuat xidmətinin sorğuya cavabında qeyd olunub.

Xatırladaq ki, Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşü ilə bağlı sənədlərdən birinin ötən gün fotosu yayılıb. Azərbaycan ictimaiyyətində geniş narahatlıq doğuran həmin fotodan da göründüyü kimi, üçtərəfli görüşlə bağlı daha əvvəldən verilən açıqlamaların əksinə, həmin sənəddə həm ABŞ-ın, həm də Avropa İttifaqının Ermənistana geniş hərbi dəstək göstərməsi əks olunub. AZƏRTAC məsələ ilə bağlı ABŞ Dövlət Departamentinə sorğu ünvanlayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın ABŞ-dakı xüsusi müxbiri

Vaşinqton

Siyasət