“Demokratiya qiyafəsi”nə bürünmüş ölkədə insan hüquqları rəzil durumdadır
Ermənistanda insan hüquq və azadlıqları pozulur. Bununla bağlı faktlar 2018-ci il inqilabınadək də qeydə alınıb, ondan sonra da. Beynəlxalq ictimaiyyət isə heç vaxt məsələyə ciddi önəm verməyib. Hətta, terrorçu Koçaryan-Sarkisyan xunta rejiminin zamanında adi hal almış insan haqlarına aşkar həqarət təmayüllərinə də göz yumulub. Baş nazir Nikol Paşinyanın hakimiyyətə yiyələnməsindən sonra isə problem tamamilə unudulub.
Əvəzində Ermənistanın “Qafqazda demokratiya adası” obrazına dair fikirlər tirajlanıb və rəsmi İrəvan məsələni özünün xarici siyasət seqmentinə daxil edib. Dəfələrlə görmüşük ki, N.Paşinyan və komandasının üzvləri müxtəlif beynəlxalq platformalarda demokratiya amilindən Azərbaycana qarşı yararlanmağa cəhd göstəriblər. Onlar bəzi beynəlxalq dairələrin ölkəmizə münasibətdəki ikili standartlar siyasəti, bu siyasətin başlıca elementi sayılan qərəzli yanaşmalar, Azərbaycana ünvanlanmış anti-demokratik təqdimatlar fonunda Ermənistan demokratiyası məfhumundan üstünlüyə yiyələnmək üçün alət kimi istifadə edib, manipulyasiyalara yol veriblər.
Əslində, Ermənistan rəhbərliyi 44 günlük müharibəyə də, belə demək mümkünsə, demokratiya sipərinə arxalanaraq başlamışdı. Elə zənn etmişdi ki, ölkənin mövcud istiqamətdəki yüksək təbliğatı Azərbaycanı yenmək, Qarabağın anşlüzü baxımından fayda doğuracaq. Əlbəttə, rəsmi İrəvan yanılmış və bunun acı nəticələrini sadə ermənilər yaşamışdılar və bu gün də yaşayırlar. Həmin ermənilər müharibədən əvvəl olduğu kimi, savaşdan sonrakı dövrdə də “demokratiya nağılı”nın gəlişigözəl ifadələrindən başqa heç nə görmədilər.
Hazırda istər Azərbaycanla münasibətlər məsələsində, istərsə də digər istiqamətlərdə, o cümlədən Rusiya müstəvisində Paşinyana havadarlıq edən qüvvələr yenə demokratiya amili üzərinə köklənirlər. Onlar Ermənistanın qorunmasının vacibliyini əsaslandırarkən elə fon yaradırlar ki, sanki ölkənin müdafiəsi bəşəri dəyər və prinsiplərə ali hörmətin təcəssümüdür. Belə təqdimatlar rəsmi İrəvana daxildəki etirazları boğmaq, hər cür qanunsuzluğu törətmək üçün yaxşı sığınacaqdır.
Lakin deyəsən, indi vəziyyət bir qədər fərqlidir. Hərçənd, bu fərqliliyin beynəlxalq dairələrin Ermənistan hakimiyyətinin anti–demokratik hərəkətlərinə yanaşmasını dəyişdirəcəyini düşünmək sadəlövhlükdür. Çünki həmin dairələr üçün demokratiya, insan hüquq və azadlıqları kimi məsələlər yalnız siyasi spekulyasiya vasitələridir.
Əlqərəz, Ermənistan parlamentinin müxalif “Ermənistan” və “Şərəfim var” fraksiyaları Avropa Şurasını və beynəlxalq insan haqları təşkilatlarını ölkədə demokratiya sahəsində geriləməni, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasını pisləməyə çağırıblar. Onların yaydıqları müraciətdə bildirilib ki, Ermənistanda insan hüquqlarının pozulması və demokratiyanın tənəzzülü göz qabağındadır. Ölkənin hazırkı hakimiyyəti beynəlxalq ictimaiyyət qarşısında özünü demokratiyanı inkişaf etdirmiş kimi göstərir. Ancaq insan hüquq və əsas azadlıqlarını kobud şəkildə pozur.
Erməni müxaliflərin bəyanatında daha sonra bildirilir ki, hökumətin cəhdlərinə baxmayaraq, beynəlxalq insan haqları təşkilatları ölkədə bir neçə il ərzində dövlət hakimiyyətinin konsolidasiyası şəraitində müxalifətdə olan yerli icma liderlərinin devrilməsi tendensiyasının davam etdiyini, mövcud xüsusda hakim partiyanın maliyyəsi ilə bağlı şəffaflığın yoxluğunu, nəticə etibarilə demokratiyanın faiz nisbətinin aşağı düşdüyünü bildirirlər. Müxaliflər əlaqədar beynəlxalq qurumların Ermənistan hökumətinin söz və sərbəst toplaşma azadlığına hücumlarını gücləndirdiyinə dair hesabatlar yaydıqlarını vurğulayıblar. Onlar, həmçinin, qeyd ediblər ki, yerli qanunvericilik həbsə son çarə kimi baxsa da, alternativ həbs üsullarına üstünlük versə də, hazırda Ermənistanda həbs ən çox yayılmış təcrübə olaraq qalır və müxalifət xadimlərinə qarşı geniş istifadə olunur.
Ermənistanın parlament müxalifətinin bəyanatında o da bildirilir ki, ölkədə əks düşərgələrdə yer alan siyasətçi opponentlərin qondarma cinayət işləri ilə təqibi, bütün mümkün vasitələrlə repressiyalara məruz qalmaları adi hala çevrilib və bu cür hərəkət və davranışlar hakimiyyətin iş üslubu, vizit kartıdır: “Müxalifətdən olan deputatlar, deputatlığa namizədlər, müxalifət partiyalarının təmsilçiləri, bir sıra ictimai xadimlər, onlarca yerli icma rəhbərləri uzun müddətdir ki, qondarma ittihamlarla həbsdədirlər”.
Bundan başqa bəyanatda vurğulanıb ki, Ermənistanda müxalif fəaliyyətinə görə yüzlərlə insan sırf polisin ifadəsi əsasında qeyri-qanuni həbs edilib və uzun müddətdir azadlıqdan məhrum olunub. Habelə, ictimai xadimlər, siyasətçilər və onların yaxınları, həlak olmuş hərbçilərin valideynləri Ermənistanın indiki hakimiyyətini tənqid etdiklərinə görə cinayət törətməkdə ittiham və ya mühakimə olunurlar: “Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müəyyən etdiyi meyarların tətbiqi gerçəkləşərsə, məlum olar ki, yuxarıda qeyd edilən əksər hallardakı kimi, hazırda həbslə üzləşənlərin çoxu siyasi məhbuslardır”.
Ermənistan parlament müxalifətinin bəyanatında o da vurğulanıb ki, həbsdən fərqli fikirlərə qarşı mübarizə vasitəsi kimi istifadə edildiyi, o cümlədən, ibtidai və məhkəmə araşdırmalarına əsasən bəzi hallarda ölümlə nəticələnən repressiv münasibətin olduğu ölkədə insan haqlarından və ya demokratiyadan söhbət gedə bilməz. İctimai-siyasi xadimlərə bu münasibətin bir məqsədi var: söz azadlığına mane olan mühit və ab-hava yaratmaq. “Yuxarıda göstərilənlərə əsaslanaraq, biz beynəlxalq hüquq müdafiə təşkilatlarının diqqətini Ermənistanda demokratiya və insan haqlarının kobud şəkildə pozulması hallarına cəlb edirik. Biz Avropa Şurasını Ermənistanda davam edən demokratiyanın tənəzzülünü, insan haqları və əsas azadlıqların kobud şəkildə pozulmasını qətiyyətlə pisləməyə çağırırıq”,– deyə Ermənistanın müxalif parlament fraksiyalarının bəyanatında deyilir.
Bəli, hər şey göz qabağındadır. Erməni müxalif parlament fraksiyasının Avropa Şurasına və digər beynəlxalq qurumlara ünvanlanmış bəyanatı isə acınacaqlı vəziyyətin təsviri baxımından əhəmiyyətli sayıla bilər. Bu təsvir nəticə çıxarmaq və hərəkətə keçərək durumu dəyişdirmək üçün yaxşı istinadgahdır. Hərçənd, əvvəldə də dediyimiz kimi, nəinki bu sənədin, eləcə də digərlərinin beynəlxalq dairələrə heç bir təsiri yoxdur. Çünki həmin dairələrin Qərbin forpostuna çevrilmiş Ermənistana münasibəti fərqlidir. Onların ümumən insan hüquq və azadlıqları məsələsinə yanaşmaları da həmçinin. Bu ikili yanaşma qaldıqca Ermənistandan gələn bütün bəyanat və çağırışlar qulaqardına vurulacaq.
Sonda bir məqama da diqqət yetirək. Haqqında söz açdığımız bəyanatın müəllifləri Ermənistanın sabiq hakimiyyətində təmsil olunanlardır. O kəslər ki, özləri iqtidarda yer alanda insan hüquq və azadlıqlarına önəm verməyiblər. İndi bu adamlar bəşəri dəyərlərdən, həmin dəyərlərə hörmətdən dəm vurur, mövcud xüsusda Paşinyan hakimiyyətinə ittiham yağdırırlar. Necə deyərlər, “daşı günahı olmayan atsın”. Belə görünür, Ermənistanda günahsız yoxdur. Hər halda riyakar ölkədə doğulub, onun siyasi mühitində günahsız qalmaq olmur.
Ə.RÜSTƏMOV
XQ