Yalanın ayağına taxılan erməni protezi

post-img

Qondarma soyqırımı əfsanəsinin iflası rəsmi İrəvanı ayıldacaqmı?

Birinci Dünya müharibəsinin ge­dişi zamanı – 1915-ci ilin aprelindən başlayaraq, Osmanlı imperiyasının ona qiyam qaldıran erməni millətin­dən olan vətəndaşlarını məcburən ölkənin daxilinə köçürməsi hadisə­si ilə bağlı Ermənistanda növbəti isterika dalğası baş qaldırıb. Psixo­logiya elminin şəxsiyyətin psixi pozğunluğunun göstəricilərindən biri hesab etdiyi isterikanın bəzi haylar arasında bu dəfə baş qaldır­masına Ermənistan parlametinin hakim “Mülki müqavilə” partiyasın­dan olan deputatı Andranik Koçar­yanın səsləndirdiyi fikirlər səbəb olub.

A.Koçaryan bildirib ki, məlum hadisələr zamanı ölən ermənilərin hamısının adları­nı dəqiqləşdirmək və siyahısını açıqlamaq lazımdır. Deputat sonradan güclü tənqid­lərə tuş gəlməmək üçün özünü sığortala­mağa çalışıb. Özünün də “soyqırımından əziyyət çəkən” şəxs olduğunu iddia edib. Onun sözlərinə görə, həm ata, həm də ana tərəfdən əcdadları “qurban” gedib: “Biz, nəhayət, hər kəsin adının daxil edil­diyi siyahıya sahib olmalıyıq. Bəlkə onların sayı qəbul edildiyi kimi, 1,5 milyondan çox, yaxud azdır?!”

Deputat qeyd edib ki, İkinci Dünya mü­haribəsi dövründə nasist Almaniyasında və onun işğal etdiyi ərazilərdə soyqırımına məruz qalan yəhudilər bunu etməyə mü­vəffəq olublar. Ancaq Ermənistanın bunu niyə edə bilmədiyi bəlli deyil. Koçaryan bu təşəbbüsün Türkiyə ilə münasibətlərin qu­rulması üçün də önəmli olduğunu bildirib. Əlavə edib ki, buna görə utanmağa ehti­yac yoxdur.

Qeyd edək ki, hakim partiyanın depu­tatı bununla qondarma hadisələrə xəstə təfəkkürlü haylardan bir qədər fərqli mü­nasibət sərgiləyib. Ancaq Ermənistan cə­miyyətində qondarma soyqırımı mövzusu o qədər daşlaşıb və qəlibləşib ki, onunla bağlı qəbul edilmiş ümumi fikirdən fərq­li yanaşma ortaya qoyanlar dərhal güclü tənqid atəşinə tuş gəlirlər. Onlar vətən xa­ini, Türkiyənin, Azərbaycanın “agenti” ad­landırılır, hər yerdə çıxdaş olunurlar. Uy­durma mövzu haylar arasında, sanki, bir tabudur. Onunla bağlı fərqli fikir söyləmək az qala böyük cinayət işlətməyə bərabər tutulur. İndi hakim partiyanın deputatının bu istiqamətdə fərqli fikir söyləməsi haylar arasında aydın səmada çaxan şimşək ef­fekti doğurub.

Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, Türkiyə hökuməti dəfələrlə Er­mənistana dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin iştirakı ilə arxivləri birgə açmağa, komissiya yaratmağa ça­ğırıb. Ancaq arxivlərin açılmasından sonra əsl həqiqətlərin üzə çıxacağından qorxan Ermənistanın əvvəlki Koçaryan-Sarkisyan rejimi bundan imtina edib. Onlar öz fikir­lərini belə “əsaslandırıblar” ki, “soyqırımı” qəbul edilmiş “fakt”dır və bu mövzuda hər hansı müzakirə açıla bilməz. Beləliklə, Türkiyənin təşəbbüsləri faydasız qalıb.

Ümumiyyətlə, Koçaryanın məlum yanaşması mənsub olduğu hakimiyyət düşərgəsinin ümumi dəst-xəttindən qay­naqlanır. Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişi ilə əvvəlki rejimlərin is­tismar və manipulyasiya etdikləri ermənilə­rin, necə deyərlər, sevimli mövzusunda da gözlənilməz dönüş qeydə alındı. Hiss olu­nur ki, Paşinyan hayların “tarixi fakt” kimi qəbul etdikləri hadisələrə yenidən qiymət verməyə çalışır. Onu şübhə altına alan bəyanatlar səsləndirir. Baş nazirin rəhbəri olduğu “Mülki müqavilə” partiyasının ya­ratmış olduğu Demokratiya Məktəbində 2024-cü il aprelin 13-də “Ermənistan Res­publikasının sosial psixologiyası” mövzu­sunda mühazirə oxuması bunun daha bir göstəricisi hesab oluna bilər. Hayastanda belə güman edilir ki, Paşinyan bununla dövlətlərarası münasibətlərin qurulması üçün Türkiyənin ilkin şərtinə – “soyqırı­mı”ndan imtinaya əməl edir.

“Hraparak” qəzeti yazır ki, Paşinyan bununla “erməni soyqırımını inkar etmək”, bu “faktı şübhə altına almaq” və Türkiyəyə qarşı irəli sürülən tələblərdən əl çəkmək məqsədilə “tövbə qapısı”nın rəsmən açıq olduğuna eyham vurur. Qəzetin yazdığı­na görə, bir saat davam edən mühazirə­nin əsas mahiyyəti bundan ibarət olub ki, “erməni soyqırımı” ilə bağlı bəyanatların mətni SSRİ və Türkiyə arasında münasi­bətlərin 1946-cı ildən başlayaraq pisləş­məsi, həmçinin 1952-ci ildə NATO-nun yaradılması zamanı Moskva tərəfindən kəskinləşdirilib. Paşinyanın fikrincə, SSRİ “soyqırımından xilas olmuş” mühacirlərin geri qaytarılmasını təşkil edib və bu, iddia­lar məsələni daha da kəskinləşdirib.

Nikol bütün mühazirə boyu “soyqırı­mı”, “medz yeghern” (erməni dilindən tər­cümədə “böyük fəlakət” deməkdir – S.H.) və ya “bədbəxtlik” sözlərindən də istifadə etməyib. Halbuki, ermənilər özləri ABŞ prezidentlərinin aprelin 24-ü ərəfəsində haylara ünvanladıqları müraciətlərdə Ağ ev rəhbərlərini həmişə “soyqırımı” sözün­dən yayınmaqda ittiham ediblər. Qəzet qeyd edib ki, hətta, ABŞ Prezidenti Co Bayden bu ənənəni pozaraq, 2021-ci il aprelin 24-də ermənilərə müraciətində ilk dəfə olaraq “soyqırımı” sözündən istifadə etsə də, Ermənistanın baş naziri bundan imtina edir. Yeri gəlmişkən, girişdə adını çəkdiyimiz A.Koçaryan onu da deyibmiş ki, “soyqırımı” və “medz yeghern” sözləri arasında heç bir fərq yoxdur.

Əlbəttə, hələlik Ermənistanda sağlam düşüncə tərəfdarlarının sayı çox azdır. Amma, görünən odur ki, belə düşünənlər mövqelərini açıq ifadə etməkdən də çə­kinmirlər. Məsələn, parlamentin deputatı Ovik Ağazaryan deyib ki, Ermənistan Tür­kiyəyə qarşı iddia ilə bağlı heç bir hüquqi akt təqdim edə bilməz. Çünki həmin ha­disələr Osmanlı imperiyasında baş verib: “Biz o zaman dövlət olaraq mövcud deyil­dik, buna görə də iddiaçı tərəf ola bilmə­rik. Dünyanın müxtəlif yerlərində yaşayan hər bir insan iddia ilə çıxış edib, hər şeyi əsaslandıra bilirsə, bu başqa məsələdir. Biz Türkiyədən heç nə tələb edə bilmərik. Nə deməliyik: Bu torpaqları Ermənistan Respublikasına verin? Hansı beynəlxalq standartlara əsasən?”

Ancaq cəmiyyətdəki radikal-revanşist kəsim baş nazirin və onun tərəfdarlarının mövqeyini kəskin tənqid etmək yolunu tutub. Onlardan biri 8 il (2011–2019-cu illərdə) parlamentin sədr müavini olmuş, müxalifətdə olan Respublika partiyasının icraçı orqanının üzvü Eduard Şarmaza­novdur. O deyib ki, Paşinyanın söylədiyi mühazirədən bir gün sonra A.Koçaryanın səsləndirdiyi fikirlər baş nazirin tezislərinin davam etdirilməsi sayıla bilər. Şarmaza­novun fikrincə, Koçaryan bütün “qurban”­ların adlarını açıqlama çağırış etməklə, guya, “soyqırımı” faktını açıq şəkildə şü­bhə altına alıb.

Azərbaycana və Türkiyəyə münasibət­də hər zaman kəskin mövqeyi ilə seçilən, Vətən müharibəsi dövründə Ermənistanın ombudsmanı vəzifəsində çalışarkən ölkə­mizi olmazın məsələlərdə ittiham edən Ar­man Tatoyan isə “erməni soyqırımı”nın ta­nınması üçün “real əsasların” toplanması çərçivəsində qurbanların adlı siyahısının yaradılmasını Ermənistanın dövlətçiliyinə qarşı addım adlandırıb. O, sosial şəbəkə hesabında yazıb: “Hökumət 1,5 milyon “erməni soyqırımı qurbanı”nın (?) adlı si­yahısının tərtib olunmasını “soyqırımı” ilə bağlı real əsasların yaradılması hesab edərək, erməni kimliyinə və dövlətçiliyinə qarşı qəbul edilməsi qətiyyən mümkün ol­mayan addımlar atır”.

O, Türkiyə hökumətinin də “soyqırımı qurbanları”nın sayını mübahisələndirmək ideyasını irəli sürdüyünü, Paşinyanın bu­nunla inkar siyasətini təbliğ etdiyini vurğu­layıb.

Parlamentdəki “Şərəfim var” müxalifət fraksiyasının katibi Tiqran Abramyan isə jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, “erməni soyqırımı”nın 109-cu ildönü­mü ərəfəsində İrəvan Ankaraya növbəti güzəştə getməyə qərar verib: “Ermənistan hakimiyyəti Türkiyənin tələblərinə əməl edir və Osmanlı imperiyasında “erməni soyqırımı” faktından tədricən imtina yolu­nu tutub”.

Abramyan Qarabağ məsələsində Pa­şinyan və komandasının leksikonunun də­yişməsinin nəyə gətirib çıxardığını da xa­tırladıb. Deyib ki, 44 günlük müharibədən sonra hakimiyyət tədricən “Artsax” deməyi dayandırıb, bunun əvəzində “Dağlıq Qara­bağ” deməyi üstün tutub. İndi də hakimiy­yət həmin yolla gedir”.

“Qafqaz tarixi” mərkəzinin rəhbəri Rizvan Hüseynov mövzu ilə bağlı “XQ”-yə bildirdi ki, “erməni soyqırımı” məsələsi müstəqilliyin bərpasından bəri Hayastanın dövlət siyasətidir: “Ermənistan dövlətinin, necə deyərlər, xəmiri bu miflə yoğrulub. Qondarma soyqırımı, “böyük Ermənistan”, “böyük Tiqran” və “miatsum” onların ide­ologiyasının təməl prinsipləridir. Erməni dövlətçiliyi bu məsələlər üzərində bərqə­rar olub və hayları birləşdirən “dəyərlər”­dir. Ancaq ötən onilliklər göstərdi ki, onlar bu istiqamətdə getməklə heç nəyə nail ola bilmirlər. Ədavəti qızışdırırlar, düşmənçilik toxumu səpirlər və bunun nəticəsində öz­ləri yeni faciələr yaşayırlar. Əslində, belə xəstə təfəkkür onların 2023-cü ildə uzun illər yaşadıqları Qarabağdan da çıxma­sına səbəb oldu. Türkiyə ilə münasibət qurulmasını qeyri-mümkün edən səbəb­lərdən biri də uydurma hadisələrlə özlərini aldatmaqları və onu “fakt” kimi dünyaya sırımaqlarıdır”.

R.Hüseynov ermənilərin bundan öncə olduğu kimi, bundan sonra da heç nəyə nail ola bilməyəcəyini vurğuladı: “Paşin­yan iqtidarının bu məsələdə mövqeyi bir qədər fərqlidir. Yəni, daha yumşaqdır və nisbətən sağlam mövqedən çıxış edir. O, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa meyillidir. Buna görə də münasibətlərin qurulmasına mane olan əngəlləri dəf etməyə çalışır. Amma uydur­ma soyqırımı məsələsi qeyd etdiyim kimi, onlar üçün dövlətçiliyin təməl prinsipidir. Paşinyan istəsə də, istəməsə də qon­darma hadisələrə dəstək ifadə etməlidir. Buna məhkumdur”.

Sözsüz ki, 109 il öncə Osmanlı impe­riyasında baş verən hadisələrə müasir Er­mənistanda millətçilərin, radikal baxışlara malik şəxslərin yanaşmasının necəliyin­dən asılı olmayaraq, fakt faktlığında qalır. Fakt isə bundan ibarətdir ki, millətçilər, onların daşnak rəhbərləri Osmanlı imperi­yasını, müasir dövrdə isə Türkiyəni yum­şaq desək, sevməyən dövlətlər məlum hadisələri saxtalaşdırıblar. Türkofob, isla­mofob mərkəzlər də məkrli niyyətlərini hə­yata keçirmək üçün “soyqırımı” kartından yararlanırlar. Onlar müharibə edən dövlətə qarşı qiyam qaldıranların məcburiyyətdən ölkənin daxilinə aparılmasını “soyqırımı” kimi qələmə verməklə Türkiyənin müsbət imicini zədələməyə, onu gözdən salmağa çalışırlar.

Təəssüf ki, bəzən dünyanın müxtə­lif yerlərində tarixdən xəbərsiz olanlar, o zamankı şəraiti düzgün qiymətləndirə bil­məyənlər hadisələrin qeyri-obyektiv təb­liğatına inanırlar. Tarix isə baş verənlərin canlı şahididir. Faktlar, tarixi sənədlər, açı­lan arxivlər göstərir ki, əslində, ermənilər özləri zaman-zaman türklərə qarşı soyqı­rımı siyasəti aparıblar. Bunu haylar özləri də çox yaxşı bilirlər.

“Soyqırımı”nın mif olduğunu son vaxt­lar dünyada daha çox insan görür, dərk edir. Erməni yalanının, necə deyərlər, maskası yırtılıb, iç üzü, mahiyyəti bəlli olub. Məhz bunları başa düşən, “soyqırı­mı” yalanının ayaq tutsa da yerimədiyini görən Paşinyan iqtidarı deyəsən, fərqli yol seçmək qərarına gəlib. Baş nazirin və onun komandasının mövqelərində nə qə­dər ardıcıl və səmimi olacaqlarını isə za­man göstərəcək.

Səxavət HƏMİD
XQ



Siyasət