Almaniyalı deputat köhnə bayatıları təkrarlayır
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə aparılan kampaniyanın müəllifi, ölkəmizin qurumdakı nümayəndə heyətinin fəaliyyətinin dayanmasının baiskarı almaniyalı deputat Frank Şvabe yenə də gündəmə gəlib. Bu dəfə “Turan” İnformasiya Agentliyinə müsahibəsi ilə. Almaniyalı deputatın nələrdən söz açdığı üzərinə gələcəyik. Hələlik isə bəzi məqamları diqqətə çatdıraq.
***
Məlum olduğu kimi, Azərbaycan nümayəndə heyəti bu il yanvarın sonlarında AŞPA ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq barədə qərar verib. Həmin vaxt F.Şvabe BBC-nin Azərbaycan xidmətinə müsahibəsində məsələyə münasibət bildirmişdi. Sözügedən müsahibə AŞPA-da götürülmüş anti-Azərbaycan xəttinə, bir növ, bəraət cəhdinə oxşamışdı. Şvabe çalışmışdı ki, qurumun qərəzli yanaşmasına hansısa formada haqq qazandırsın. Əlbəttə, bu, cəhd olaraq qalmışdı.
Ümumən, AŞ hər zaman ölkəmizə münasibətdə qərəzli olub. Şvabenin Azərbaycanda insan hüquqlarına və qanunun aliliyinə dair vəziyyəti “pis” qiymətləndirməsi də bundan xəbər verirdi. Bəs konkret səbəb nə idi? Guya, Şvabe və dostları Azərbaycana gəlib siyasi məhbuslarla görüşmək istəyiblər, lakin buna imkan verilməyib. Siyasi məhbus dedikdə isə Qarabağdakı separaçı rejimin keçmiş liderləri nəzərdə tutulmuşdu. Digər yandan, “siyasi məhbus” ifadəsinin özü qərəzli münasibətin göstəricisidir. Çünki bu baxışda Azərbaycan qanunvericiliyini pozaraq, həbsə düşmüş şəxs anlayışı yoxdur.
Müsahibəsində Azərbaycanda 2024-cü il fevralın 7-də keçirilmiş Prezident seçkilərinə AŞPA-nın müşahidəçilərinin dəvət olunmadıqlarını iddia edən F.Şvabenin mövcud xüsusdakı müqayisəsi primitiv təsir bağışlamışdı. Belə təəssürat yaranımışdı ki, o, ATƏT-in seçkilərdəki müşahidəçilik missiyasına qısqanclıqla yanaşır.
Onu da bildirək ki, AŞ kimi Fransa neokolonializminin alətinə çevrilmiş qurumun Azərbaycana heç bir faydası yoxdur. Şvabeyə gəldikdə, bu şəxs Avropada yalnız Rusiyanın, Belarusun və Vatikanın AŞPA-da təmsil olunmadığını bildirərək, görüntü formalaşdırmışdı ki, sanki, qurumda yer almamaq hansısa böyük fəlakətdir. Əlbəttə, yanılmışdı.
Həm də ona görə yanılmışdı ki, əslində, AŞPA-nın işi heç də yalnız insan hüquqları sahəsində monitorinq aparmaqdan ibarət deyil. Halbuki, alman parlamentari bunu sanki ehkamlaşdırmaq yolunu tutmuşdu. Üstəlik, Şvabenin dediklərindən anlaşılmamışdı ki, onun Azərbaycan nümayəndə heyətinin pozduğunu bildirdiyi qaydalar nədən ibarətdir. Hər halda, seçkidə müşahidəçilik qayda ola bilməzdi. Daha bir nəticə də hasil olmuşdu ki, ölkəmizin yol verdiyi qayda pozuntusu ATƏT-i müşahidəçi kimi seçkilərə dəvət etməkdir. Şvabenin haqqında söz açdığımız qısqanclığı da elə budur.
Avropanın, o cümlədən, dünyanın mütərəqqi təşkilatları adına son dərəcə utancverici durum var. Bunu F.Şvabenin sözügedən müsahibəsi də təsdiqləmişdi. O, Azərbaycanın adını rüşvətdə hallandırmışdı. Ancaq əsas məqam bu deyildi. Almaniyalı deputat rüşvət almaq uğrunda dünyanın təsisatları arasında mübarizənin mövcudluğuna dair təəssürat yaratmışdı. “Avropa Şurası və ATƏT arasında bir fərq var ki, ATƏT-in işləməsi üçün səs yekdilliyi ilə verilən qərarlara ehtiyac var. Azərbaycan, Rusiya və Türkiyə kimi ölkələr ATƏT-in zəif təşkilat olmasını istəyir. Onlar istəyir ki, ATƏT-in etimadı zəifləsin. Lakin Avropa Şurasına qarşı bunu etmək olduqca çətindir. Çünki biz qərarların əksəriyyətini majoritar prinsiplə, yəni çoxluğun nəyi dəstəkləməsinə əsasən veririk. Bu cür vəziyyətlərdə biz daha yaxşı işləyirik və bu metodu istifadə etmək niyyətindəyik. Azərbaycan tərəfi isə bu iki təşkilatı bir-birinə qarşı qoymaq üçün oyun oynamağa çalışır”, – deyən Şvabe sanki diplomat deyil, cığal uşaq təsiri bağışlamışdı. “Cığal uşaq” təkcə Azərbaycanı deyil, elə ATƏT-i də birbaşa hədəfə almışdı: “ATƏT-in Azərbaycana getməsindən məmnun deyiləm. Çünki bizim razılaşmamız var ki, hansısa ölkənin bizdən bir-birimizə qarşı istifadə etməsinə imkan verməyəcəyik. Yəni, ya biz birlikdə çağrılırıq, ya da heç birimiz həmin ölkəyə getmirik. Mən ATƏT-dən bunu istəyirəm”.
Ümumən, Şvabenin söylədiklərinin hamısında məntiqsizlik var idi. Bilmək olmurdu ki, onun təmsil etdiyi təşkilat Azərbaycan nümayəndə heyəti ilə bağlı qərar verərkən, konkret nəyi əsas götürüb. Almaniyalı parlamentari, indiyədək anti-Azərbaycançı qüvvələrin dilə gətirdikləri şablonları təkrarlamaqdan başqa heç nə deməmişdi.
***
F.Şvabe “Turan”a müsahibəsində də şablonlara baş vurub. Bildirib ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququnun qaytarılması AŞ-nin tələbləri yerinə yetirildiyi təqdirdə mümkündür, ancaq Bakı hələlik belə bir istək nümayiş etdirməyib.
Azərbaycanın öz prinsipləri var. AŞPA-dakı nümayəndə heyətimizin təşkilatdakı iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı dünyanın mötəbər institutlarının böhranından xəbər verməkdədir. Azərbaycan bu böhrana ilk reaksiya verən ölkə kimi nümunədir. AŞ-nin üst eşelonu nəzərə almalıdır ki, səslərinə etimad etdikləri şəxslər hərəkət və davranışları ilə böhranı daha da dərinləşdirməkdədirlər.
Digər tərəfdən, nümayəndə heyətimizin addımı nəinki AŞ-nin, bütövlükdə Avropanın və dünyanın aparıcı təşkilatlarının ermənipərəstlik mərəzindən qurtulması üçün də siqnal olmalıdır. Bu təşkilatlar Ermənistanın və havadarlarının siyasi oyunlarında alətə çevrilərək, anti-Azərbaycan mövqeyi tutmaqla, dünya üçün son dərəcə təhlükəli presedent formalaşdırırlar. Çünki hərəkətləri, böyük ölçüdə, separatizm və ekstremizm xüsusundakı siyasi avantürizmə dəstəkdir. Dəstək isə bumeranq effekti yarada bilər. Nəzərə alaq ki, “köhnə qitə”nin bir çox yerlərində potensial separatizm ocaqları mövcuddur. AŞPA-nın Azərbaycana qarşı tutduğu ədalətsiz mövqe həmin ocaqların baş qaldırması üçün presedentdir. Belə hal yaşanacağı təqdirdə, Avropanın siyasi və mənəvi industriyasının hansı kökə düşəcəyini proqnozlaşdırmaq qorxunc düşüncələrə yol açır.
Şvabe hazırkı müsahibəsində onu da bildirib ki, AŞPA-nın yanvar sessiyasında qəbul edilmiş hesabatda Azərbaycan nümayəndə heyətinin bir il müddətinə səsvermə hüququndan məhrum edildiyi əksini tapıb. “Biz başqa həll variantını nəzərdən keçirməyə hazır olacağıq, ancaq bir şərtlə ki, Azərbaycan Avropa Şurasının qaydalarına tam əməl etməyə hazır olsun”, – deyən almaniyalı parlamentari yenə də köhnə havalardadır. O, Azərbaycan qanunvericiliyinə riayətin vacibliyini bir kənara qoyaraq və qanunları pozaraq həbsə düşənləri, bir növ, dissident qiyafəsində göstərir. Kimdir Şvabenin dissidentləri? Çox da düşünməyə ehtiyac yoxdur – Toplum TV-nin jurnalistləri, iqtisadi ekspert Qubad İbadoğlu. Almaniyalı deputatın fikrincə, onların azadlığa buraxılmamaları AŞ üçün mənfi siqnallardır...
***
Bəli, prinsiplərinə sadiq qalan Azərbaycan rəsmi səviyyədə bəyan edib ki, ölkəmiz hazırkı fəaliyyət strukturuna malik AŞ ilə yollarını tamamilə ayırmaq barədə də düşünür. Buna əsas verən səbəblərin bir neçəsini açıqladıq. Son olaraq onlardan ən başlıcası üzərində dayanaraq bildirək ki, Prezident İlham Əliyev 44 günlük müharibə müddətindəki çıxışlarının birində beynəlxalq təşkilatların təmsilçilərinin Azərbaycana haqsız müharibə apardığını bildirdiklərini diqqətə çatdırmışdı. Dövlətimizin başçısı vurğulamışdı ki, həmin təşkilatlar ölkəmizə irad tuta bilməzlər, çünki illər ərzində onların qəbul etdikləri sənədlərdə Ermənistan işğalçı kimi tanınıb. Yəni, həmin təşkilatların özlərini inkar yolu tutmaları məntiqi deyil.
Lakin biz müharibədən sonrakı müddətdə bu qurumların bəzilərinin tam fərqli davrandıqlarının şahidi olduq və olmaqdayıq. Belə yaramaz mövqeli təşkilatlardan biri məhz AŞPA-dır. Assambleyanın növbətçi bəyanatlarında Azərbaycan torpaqlarının, o cümlədən, Qarabağın ermənilər tərəfindən işğal olunduğu bildirilib. Hazırda onun tutduğu ermənipərəst mövqe isə o anlama gəlir ki, təcavüzkar, zorakılığa yol verən Ermənistan yox, Azərbaycandır. Əlbəttə, belə yanaşma, bütövlükdə, AŞ-ni prinsipsizləşdirir. Bu münasibət qurumu haqsızlıq və ədalətsizlik üçün vasitəyə çevirir. Deməli, AŞPA nə vaxt prinsipsizliyindən, buqələmunluğundan daşınar, o zaman Azərbaycan onunla əməkdaşlığa, qurumda təmsilçilik məsələsinə baxa bilər. F.Şvabenin “Turan”a müsahibəsində səsləndirdikləri və seçdiyi ton isə AŞPA-nın konstruktivlikdən uzaqlığının növbəti sübutudur və deməli, bu təşkilat Azərbaycana lazım deyil.
Ə.CAHANGİROĞLU
XQ