Başlıbel faciəsindən 31 il ötür
Dördüncü ildir ki, tarixi günlər yaşayırıq. Ötən ilin sentyabrından Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. 36 il Qarabağı separatçı toqquşmalar məkanına, qan çanağına çevirmiş Xankəndi xuntası darmadağın edilərək ölkəmizdən qovulub. İşğalçı Ermənistanın bu müddətdə Azərbaycana qarşı törətdiyi deportasiya və soyqırımlarının amansız izləri isə tariximizə qanlı ləkələr kimi əbədi yazılıb.
Erməni silahlı quldur bandalarının ölkəmizdə törətdiyi soyqırımları silsiləsində Başlıbel faciəsi də qəddarlığı ilə seçilir. Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra 27 il əvvəl mühasirəyə düşmüş dinc əhaliyə qarşı törədilmiş bu amansızlığın, aşkar soyqırımının mənzərəsi və təfərrüatları aşkarlandı. Bu kənddə doğulub-böyümüş həmkarımız, QHT hərəkatı fəalı Xalid Vahidoğlu Başlıbeldə dinc sakinlərin məhv edilməsinin izlərini doğmaları ilə birgə öz gözləri ilə görüb. Soydaşımız kəndi tərk etdikləri günü belə xatırlayır:
– 1993-cü il martın 31-də adi qaydada yuxuya gedən ailəmizin artıq aprelin 1-də heç nəyi yox idi. İlk əvvəl 14 yaşınadək oxuduğum nağıllardakı kimi qəribə və sehrli görünsə də, amma bu nə yuxu idi, nə də nağıl. Bu heç həyatın 1 aprel zarafatı da deyildi. Həyatın aralarında bizim də olduğumuz minlərlə insana biçdiyi tale idi. Qısası, bir neçə saatda 45 illik qazandığı bütün daşınar və daşınmaz əmlakı itirən bir ailədə yetişdim, formalaşdım. Həmin kitab doğma kənddən yeganə yadigar olaraq bu gün rəfimin başında özünə yer tapıb.
1993-cü ilin aprelində sığındığımız ailənin qonşularının verdiyi çaydanı qaynadıb, onların verdiyi stəkanda çay içən ailəmizin indi maddi baxımdan hər şeyi var yenə: ev, maşın, insanın yaşayışı üçün lazım olan digər əşyalar. Bu illərin yeganə niskili doğma kəndimizə gedə bilmədiyimiz idi.
– Nəhayət, 27 ildən sonra Kəlbəcərə getdiniz və Başlıbel qətliamının izlərini görüb dəhşətə gəldiniz...
– Ermənilərin xalqımıza qarşı törətdiyi misilsiz vəhşiliklərdən biri 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində baş verib. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Lakin həmin şəxslər cəmi 17 gün gizlənə biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları onların gizləndiyi mağaraları aşkarlayıblar. Bu insanlar cəmi 2 ov tüfəngi və əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurları 27 nəfəri güllələyiblər. Onların arasında uşaq, qadın və qocalar da olub.
İkinci Dünya müharibəsinin iştirakçısı Hüseyn Hüseynov diri-diri yandırılıb. Ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağamirov isə işgəncə ilə qətlə yetirilib. 19 nəfər kənd sakini Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilərək 113 gün mühasirə həyatı yaşayıblar. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəliblər, günlərlə ac-susuz qalıblar.
Mühasirədən çıxaraq 4 gün yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma hər iki Dünya müharibəsinin iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. O bu günədək itkin sayılır, barəsində heç bir məlumat yoxdur.
– Başlıbelin son günlərini necə xatırlayırsınız?
– Mühasirə şəraitində yaşayan Başlıbeldə elektrik enerjisi olmadığından yalnız radio və maqnitofon dinləyə bilirdik. 1993-cü ilin 31 martında kəndin mərkəzinə – nənəmgilə getmişdik. Orada eşitdim ki, səhər tezdən kəndi tərk etməliyik...
– Uzun illərdən sonra isə yenidən kəndinizə yetişdiniz...
– Murovdağın dolaylarını maşında qalxarkən ötən illərdəki xəyallarımı, yuxularımı düşünürdüm. “Nissan”ın sentyabr ayında getməyə çətinlik çəkdiyi yolları 2 metrdən artıq qarın, üzümüzə vuran qarlı çovğunun altında piyada getdiyimiz günləri xatırlayırdım. Fikirləşirdim ki, hətta 14 yaşında 4 gün ac-susuz yol gələn uşağın gücü, 190 at gücündən çox imiş.
Təxminən, 2 saat yolçuluqdan sonra Qamışlıya çatırıq. Amma hər kəsin maraqla qarşıladığı Qamışlı qayalıqları, sovet dövründə Azərbaycanda olan yeganə tunel, buradan çıxanda açılan mənzərə, çayın şırıltısı da mənə heç nə demirdi. Başlıbelə daha tez çatmaq, kəndimizi görmək istəyirdim. Başlıbelə aparan yollar isə qoyub getdiyimizdən heç nə qalmayacağını göstərirdi. Körpülər dağılmış, qayalar uçmuş, yollar keçilməz olmuşdu. Sanki bizim qoruya bilməyib tərk etdiyimiz kəndimizi təbiət qorumaq istəmişdi: yola tökdüyü qayalar, sellə uçurduğu yollar, hər tərəfdən yola doğru yönəltdiyi böyük ağaclarla.
Bəylikdən Başlıbelə qədər olan 12 kilometrlik yol boyu 9 yerdə çayı keçməli olduq. Çay yatağını dəyişmiş, yolları sel yumuş, hətta Dərin dərədən bir dərinlik qalmamışdı. Turşsu bulağı yolun içinə sızsa da, özü yox idi. Sakinsiz Başlıbelin adının olub, özünün olmadığı kimi…
Başlıbelə çatdıq. Evimizi görmək istədim. Qaça-qaça çıxacağımı illərlə düşündüyüm yoxuşu güclə qalxdım. Hıçqırıq boğdu məni. Bir həyat qaynayan evin həyətinin otları saralmış, ağacları qurumuş, yeganə ayaqda qalmağı bacaran alma ağacının meyvəsi cırlaşmışdı. Bulağa tərəf baxmadan evə getmək istəyirdim. Düşmənin yandırdığı evin divarları qaralmışdı. 3 dəmir çarpayı biz qoyduğumuz yerdə idi. Sökülüb, yandırılıb viran edilən evin içində bir neçə əşyadan başqa heç nə qalmamışdı.
– Bəs kənddəki qırğının izləri, şəhidlərin dəfni...
– Qayalıq ərazidəki 12 nəfərlik ümumi məzarlığı əsgərlərlə birgə Başlıbel sakinləri dəmir parçası, bel, külünglə 2 saatdan artıq vaxta qazdılar. “Portda” kahalarında şəhidlərimizin qalıqlarını aşkar edəndən sonra onlara qəbirlər qazıldı. Erməni qaniçənləri tərəfindən qətlə yetirilən 10 nəfər Başlıbel sakini, laçınlı Əhliman kişi və zərdablı Vüqarı torpağa tapşırdıq.
Qalıqları aşkar edilənlərdən biri olan Yetim Gülarəyə əmin-amanlıq zamanında hər qış bir neçə dəfə odun aparmışdım, o da özünəməxsus ləhcəsi ilə mənə dua etmişdi. Gülarə nənəni torpağa tapşırmaq da mənə nəsib oldu.
Ruhları şad olsun. Hələ də dəfn yeri bilinməyən 12 nəfər Başlıbel sakininin də tapılıb İslam adəti ilə dəfn edilməsi gözü yolda qalan yaxınlarına nəsib olsun.
Söhbəti yazdı:
Pünhan ƏFƏNDİYEV
XQ