...Gündəlikdə səkkizinci variantdır

post-img

İrəvan Bakının sülh sazişi ilə bağlı son təkliflərinə cavab verib

Deyəsən, Ermənistan və Azərbaycan arasındakı sülh danışıqlarının növbəti və sonuncu raundu uzaqda deyil. Bunu deməyə əsas verən, ilk növbədə, Nikol Paşinyan hökumətinin Bakının sülh sazişi ilə bağlı səkkizinci təkliflər paketi ilə bağlı verdiyi açıqlamadır. 

Həmin təkliflər paketi bu ilin fevralında qarşı tərəfə çatdırılmış və fevral ayının 21-də Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan açıqlama ver­mişdi. Dünən isə Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan jurnalistlərə məlumat verib ki, söhbət iki ölkə arasında “sülh müqaviləsi” layihə­sinə dair təkliflərin səkkizinci variantından gedir.

Azərbaycanın sülh müqaviləsində müzakirəsini vacib saydığı məsələlərin nədən ibarət olduğu hər kəsə məlumdur. Bura Azərbaycanın hələ də işğal altında qalmış səkkiz kəndinin geri qaytarılma­sı və Ermənistan qanunvericiliyində yer almış qonşu Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı maddələrin aradan qaldırılmasıdır. İkitərəfli danı­şıqlarda İrəvan üçün “aşılmaz səddə” çevrilən, bu günədək müzakirəsindən yayındığı məhz bu mövzulardır. Sülh gündəliyinin bu iki paraqrafı üzrə qarşılıq­lı razılığa gəlindikdən sonra, qalır neytral platformada sülh masasının arxasında “tet-a-tet” əyləşmək və sazişi imzala­maq. A.Qriqoryanın açıqlamasından bu qənaət hasil olur ki, Paşinyan iqtidarı, nəhayət, Azərbaycanın sülh gündəliyini müzakirə etməyə hazırdır və danışıqları davam etdirmək niyyətindədir. 

Vaşinqton dialoqu alqışlayır 

“Biz açıq şəkildə bildirdik ki, dialoqu alqışlayırıq”. Bu sözləri Azərbaycan –Er­mənistan münasibətlərinin normallaşma­sı ilə bağlı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə bəyan edib. Azərbay­can və Ermənistan arasında gələcək mümkün təmaslara dair sualı cavablan­dıran M.Miller onu da bildirib ki, proble­min həlli yalnız danışıqlar masasından keçir: “İndi qarşıda baş tutacaq danışıq­lar barədə nəsə demək istəmirəm. Biz ikitərəfli görüşləri, dialoqu alqışladığımızı bir daha açıq şəkildə bildirdik. Ağ Ev bu dialoqun asanlaşdırılması üçün üzərinə düşən istənilən rolu oynamaqdan məm­nundur və biz buna davam edəcəyik. Hər hansı konkret görüşlərdən əvvəlcədən danışmaq istəmirəm”. Amma Amerika cəmiyyətində heç də hamı Millerin açıq­ladığı rəsmi mövqeyin səmimiliyinə inan­mır. Misal üçün, amerikalı sabiq diplomat Ceyms Karden “Amerikan mühafizəkar­lığı” (“The American Conservative”) jur­nalında dərc olunan məqaləsində yazıb ki, əgər ABŞ həqiqətən də Ermənistanı xoşbəxt gələcəklə təmin etmək istəyir­sə, Qafqaza müdaxiləni dayandırmalıdır. O, məqaləsində daha sonra qeyd edib ki, Birləşmiş Ştatlar Cənubi Qafqaza lü­zumsuz və əlavə müdaxilədən çəkinmə­li, postsovet məkanına vurduğu zərəri azaltmalıdır: “İrəvanın Avropa İttifaqı (Aİ) və ABŞ ilə münasibətləri gücləndirmək istəyinə baxmayaraq, Brüssel görüşündə növbəti dörd il ərzində Ermənistana 270 milyon dollar qrant ayrılması barədə razı­laşma ekspertləri heyran etmədi”. Siyasi texnoloq Karden İrəvanla Brüssel və Va­şinqton arasında yaxınlaşmanı son dərə­cə təhlükəli adlandırıb. Bunun ardınca tanınmış diplomat Paşinyan hökumətini, haqlı olaraq, Qərbin inteqrasiya ilə bağlı yalan vədlərə inanan və hələ də bunun acısını yaşayan Ukrayna və Gürcüsta­nın “təcrübəsini” nəzərə almağa çağırıb. Kənar müşahidəçilərdə belə bir yanlış qənaət formalaşa bilər ki, uzunömürlü münaqişənin tənzimlənməsi prosesinə birbaşa və ya dolayısı ilə aidiyyatı olan aktorlar tərəflərin arzuladıqları sülhə öz töhfələrini verməyə çalışırlar. Amma real­lıqda hər şey göründüyü kimi deyil. Bakı son otuz ildə bu cür “vasitəçilərin”, “həm­sədrlərin” münaqişənin həllinə ikiüzlü, qərəzli münasibətlərinin dəfələrlə şahidi olub. “Cənubi Qafqazda sülhün müm­kün qədər tez təmin olunması üçün hər şey edilməlidir”. Hayastan mediası xəbər verir ki, bunu İrəvanda səfərdə olan Av­ropa Şurasının baş katibi Mariya Peyçi­noviç-Buriç Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşündə de­yib. Baş katib bildirib ki, regionda sülhün alternativi yoxdur. Onun sözlərinə görə, sülhün təmin olunması və onun müm­kün qədər uzunömürlü olması üçün ciddi çalışmaq lazımdır. Onu da qeyd edək ki, AŞ-nin baş katibi Ermənistana səfəri çər­çivəsində bir sıra rəsmi şəxslər, o cümlə­dən, baş nazir Nikol Paşinyanla görüşüb. M.Peyçinoviç-Buriçin qarşıdakı günlərdə Azərbaycana səfəri də gözlənilir.

“Böyük bacı” ümidləri doğrultmadı

İrəvanın Bakıdan bu günədək aldı­ğı sülh sazişinin yeddi variantını qəbul etməməsinin, danışıqlardan yayınması­nın əsas səbəblərdən biri kimi avropalı “bacısı” Fransanın adını tam əminliklə çəkmək olar. Bəs indi nə baş verdi ki, Er­mənistan hakimiyəti Azərbaycanın sülh paketinin müzakirəsinə hazır olduğunu bildirdi? Yoxsa qərbli təəssübkeşlərinə bağladığı ümidlər özünü doğrultmadığı­na görə haqq yoluna gəldi?! Fransanın Cənubi Qafqazda sülh prosesinə “tor­mozlayıcı” təsirlərini şərh edən italiyalı analitik, Roma Sapienza Universitetinin beynəlxalq hüquq üzrə fəlsəfə doktoru Valentina Şabert bu təmayülün bölgə ölkələrinə yalnız ziyan gətirəcəyini bil­dirib: “Fransanın hərəkətləri Brüsselin özünü etibarlı vasitəçi kimi göstərməyə çalışdığı Cənubi Qafqazda sülh prose­sində Avropa İttifaqının səylərini sarsıda bilər”. Təcrübəli ekspert qeyd edib ki, bu yaxınlarda Fransa ilə Ermənistan arasın­da hərbi-texniki əməkdaşlıq sahəsində imzalanan sazişlər Bakının mənfi reaksi­yasına səbəb olub: “Fransadan Ermənis­tana hərbi texnikanın verilməsi Azərbay­can tərəfindən mənfi qarşılandı. Çünki Cənubi Qafqaz regionunda hələ də sülh əldə olunmayıb. Ümumiyyətlə, ayrı-ayrı ölkələrin öz milli maraqları çərçivəsində müstəqil fəaliyyət göstərməsi və Cənubi Qafqazda əvvəllər aralarında münaqişə yaşamış ölkələr arasında sülhün və dia­loqun təşviqinə dair geniş ümumavropa yanaşmasına riayət etməməsi yolveril­məzdir. Bu vəziyyət Avropanın məsələyə yanaşmasının özünün detallarının şübhə altına düşməsinə gətirib çıxarır”. V.Şa­bert daha sonra diqqəti İtaliya Xarici işlər nazirinin müavini Edmondo Çiriellinin ap­relin 5-də Brüsseldə keçirilən ABŞ–Aİ–Ermənistan görüşü ilə bağlı verdiyi son şərhə çəkib. Onun sözlərinə görə, nazir Fransa diplomatlarını Cənubi Qafqaz­da davamlı sülhə nail olmaq üçün digər aktorların səylərinə xələl gətirməməyə çağırıb. 

Göründüyü kimi, hayların fransız “züytutanlar”ından fərqli olaraq, italiyalı beynəlxalq hüquqşünas Bakı ilə İrəvan arasında münasibətlərin normallaşma­sı məsələsində sağlam mövqe nümayiş etdirir. Xanım Şabertin Parisin Cənubi Qafqazda destruktiv əməlləri ilə bağlı hüquqi mülahizələrinin əyani təsdiqi göz qabağındadır. Fransanın Ermənistandakı səfiri Olivye Dekotini növbəti qalmaqallı açıqlaması ilə gündəmə gəlib. O, “X” so­sial şəbəkəsindəki hesabında bunları ya­zıb: “Fransa Ermənistana başqa ölkələr üçün əlçatmaz olan ən müasir hərbi texnikanı tədarük edir”. Səfir paylaşımı­na Fransanın “Thales” şirkətinin istehsal etdiyi radarları, o cümlədən, üç ədədi Er­mənistana təhvil verilmiş “Ground Master 200” sistemləri barədə məqalənin linkini də əlavə edib. 

Yəni, müsyö Dekotini bununla demək istəyir ki, Fransa hazırda Ermənistana elə hərbi texnika göndərir ki, başqaları onu heç cür əldə edə bilməzlər. Səfirin bu açıqlaması Makron Fransasının Ermə­nistanı fəal şəkildə silahlandırmaq kimi hərbi-siyasi avantürasından əl çəkmədiyi anlamına gəlir. Bu isə Cənubi Qafqazda uzunmüddətli sülhün əldə olunması im­kanlarına mənfi təsir göstərir.

Ermənistan parlamentində telefonsuz dinləmələr 

Dünən Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın və xarici iş­lər naziri Ararat Mirzoyanın iştirakı ilə parlamentin qapalı iclasında dinləmələr başlayıb. Hay saytlarının verdikləri mə­lumatlara əsasən, iclasın gündəliyinə Azərbaycanla Ermənistan arasında sər­hədlərin delimitasiya və demarkasiyası üzrə məsələlər daxildir. Məlumatda o da qeyd olunur ki, dinləmələr iqtidarda­kı “Vətəndaş sazişi” partiyasının təşəb­büsü ilə keçirilir. Parlamentdəki müxalif fraksiyalar bu xarakterli müzakirələrin təşkilinə etirazlarını bildiriblər. Bu sə­bəbdən parlamentin sədri Alen Simon­yan iclasın qapalı keçirildiyini və məx­filiyini əsas göstərərək gündəliyi qəbul etməyənlərin iclas zalını tərk etməsini istəyib. Spikerin göstərişinə əsasən, de­putatlar dinləmələrdə telefonsuz iştirak ediblər. 

Bəli, iki ölkə arasında sülh sazişində erməni parlamentarilərinin müzakirəsi­ni və yekdil rəyə gəlmələrini tələb edən nüanslar var. Onlar əvvəlcə Fransadan, İran üzərindən Hindistandan Ermənista­na silah-sursatın daşınmasına, İrəvanı yenidən müharibəyə sürükləməyə çalı­şanların təhlükəli planları ilə bağlı sağlam mövqelərini bildirməli, kəndlərin geri qay­tarılması, sərhəd xəttinin hansı xəritələr əsasında çəkiləcəyinə aydınlıq gətirməli­dirlər. Onlar İrəvanın qərbli havadarlarına güvənərək beynəlxalq tribunalardan ya­lan və böhtanla dolu bəyanatlar vermək təcrübəsinə son qoyması və Bakının irəli sürdüyü sülh sazişinin səkkizinci variantı barədə ciddi düşünməlidirlər. 

Nəhayət, Nikol Paşinyanın özünün də etiraf etdiyi kimi, “ərazi bütövlüyü­nün qarşılıqlı tanınması, sərhədlərin demarkasiyası və kommunikasiyaların blokdan çıxarılması prosesi” gecikmədən həllini tapmalıdır. Əgər bunlar baş ver­məzsə, Azərbaycanın sınaqdan çıxmış sülhəməcburetmə üsulunu işə salmaq­dan başqa yolu qalmayacaq. Bu reallığı, gec də olsa, Ermənistan və onun kəmfür­sət və məkrli himayədarları da anlama­lıdırlar.

Fərhad MƏMMƏDOV,
siyasi icmalçı

Bəli, Azərbaycan tərəfi sülh sa­zişinə səkkizinci dəfə öz şərhlərini əlavə edib qarşı tərəfə göndər­mişdi. İndi Ermənistan rəhbərliyi buna öz şərhlərini qoşaraq Bakıya qaytarıb. Biz həmin şərhlərlə tanış olandan sonra ya danışıqlara ge­dəcəyik, ya da növbəti şərhlərimi­zi hazırlayıb onlara göndərəcəyik. Ümumiyyətlə, sülh danışıqları pro­sesi davam edir və bu prosesdə durğunluğun yarandığını, görüş­lərin keçirilmədiyini demək doğru olmaz. Bu ilin əvvəlindən xarici işlər nazirlərinin, eləcə də sərhəd məsələsi ilə bağlı hökumət komis­siyalarının görüşləri baş tutub. Bu müddətdə ölkə liderləri iki dəfə görüşüblər. 

Amma bir qədər əvvəl Ermə­nistan xarici işlər naziri bildirmiş­di ki, sülh sazişi ilə bağlı ziddiyət yaradan iki prinsipial məqam var. Birincisi sərhədlərin delimitasi­yasına, ikincisi isə kommunika­siyaların açılmasına aid məqam­lardır. Bu fakt onu deməyə əsas verir ki, digər məsələlər ətrafında ümumi razılıq mövcuddur. Əsas məsələlərdən biri Azərbaycanın dörd kəndin geri qaytarılması ilə bağlı gözləntiləridir. Narahatlıq doğuran digər məqam isə Ermə­nistanın konstitusiyasında məlum maddələrin dəyişdirilməsidir. Sa­daladığımız məqamlara qarşı tərə­fin mövqeyi hələlik aydın deyil. Düzdür, baş nazir Paşinyanın hər iki məsələ barədə açıqlamaları var. Amma onun bəyanatlardan irəli gələn hər hansı hərəkətini görmü­rük. Yəni, prosesin başlanması, müvafiq qərarların qəbul edilməsi yoxdur. Bu halda etiraf etməliyik ki, bir tərəfdən danışıqlar davam edir, digər tərəfdən Azərbaycanın sülh gündəliyinə əlavə etdiyi şərh­lərinə rəsmi İrəvan cavab vermə­yib.

İmran BƏDİRXANLI
XQ



Siyasət