Növbəti mesaj, əldən qaçan şans və erməni avantürizmi
Ermənistanın baş naziri Nikol Paşinyan “Telegram” kanalındakı video yayımında söylədiklərini, dolayısı ilə daha əvvəl də dilə gətirib. O, çıxışlarının birində bildirmişdi ki, məqsədi ölkəsi üçün mülkiyyət sənədi almaqdır. Başqa sözlə, söhbət “kupça”dan gedirdi. Həmin vaxt bir sıra müxalif siyasilər baş nazirin bu fikrini hay-küylə qarşılamışdılar. Həqiqətən, sual yaranmışdı: otuz ildən çoxdur fəaliyyət göstərən ölkənin mövcudluğunu təsdiqləyən hüquqi sənədin olmaması nə deməkdir?
Amma N.Paşinyan reallığı dilə gətirmişdi. Ona qarşı çıxanlar isə reallıq hissini itirmişlər idilər və onlar Ermənistan cəmiyyətində yenə qalmaqdadırlar. Görünür, belələrinin xəstəliklərini aradan qaldırmaq vaxt aparacaq. Nikol hələ ötən il vaxtın itirilməsinin ölkəsi üçün heç bir nəticə verməyəcəyinin, əksinə, əlavə problemlər doğuracağının anonsunu səsləndirmişdi.
Lakin onu da vurğulayaq ki, Paşinyan dilə gətirdiyi həqiqətlərə söykənib fəaliyyət göstərə bilmir. Daha dəqiq desək, bunu bacarmır və ənənəvi erməni avantürizminin girovuna çevrilir. Deməli, indi “Telegram” kanalında açıqladığı reallıqlar hələ o demək deyil ki, baş nazir fikrini dəyişməyəcək. Onun dediklərinə adekvat davranacağı, istər-istəməz, şübhə doğurur.
Beləliklə, Ermənistan baş naziri bildirib ki, ölkənin təhlükəsizliyinin təminatı üçün onun legitimliyi üzərində dayanmaq lazımdır. Legitimlik xətti isə beynəlxalq səviyyədə tanınmış sərhədlərdir. Bu fikrə münasibət bildirəcəyik. Hələlik isə...
Bəli, Nikol yayımında sərhədlərin qorunması və təhlükəsizlik məsələsində erməni cəmiyyətinə hakim kəsilmiş düşüncəni açıqlayır. Sözügedən düşüncədə başlıca rolu ordu oynayır. Yəni, ordu güclüdürsə, deməli, təhlükəsizlik etibarlı əllərdədir. Paşinyana gəldikdə, baş nazir söylədikləri ilə güclü ordu amilini bir kənara qoyur, sözlərindən belə çıxır ki, ordu amili bütün digər məsələlərin yoluna qoyulmasından sonra aktual sayıla bilər. Yaxud, ona müraciət dinc və diplomatik həll yolu olmadıqda, mövcud istiqamətdəki bütün qapılar bağlandıqda məqbuldur.
Xəstə erməni cəmiyyətindəki hərbə-zorbalıq xarakterinə sübut baxımından çox da uzağa getməyə ehtiyac yoxdur. Həmin cəmiyyət Ermənistan dövlətinin, onu dəstəkləyən xarici qüvvələrin Azərbaycana qarşı ərazi iddiasına sadiqlik göstərmiş, beynəlxalq hüquqa zidd olaraq işğal siyasətini dəstəkləmişdi. 44 günlük müharibə nəticəsindəki acınacaqlı məğlubiyyətdən nəticə çıxarmamışdı. Üstəlik, hazırda Ermənistanda güclü ordu qurub Azərbaycanın üzərinə getmək, Qarabağı geri qaytarmaq kimi revanşist baxışlar var. Paşinyan fikirləri ilə, faktiki olaraq, bu yanaşmanın keçərsizliyini bildirir. Onun ordu amilini ikinci plana atmasına səbəb elə budur.
Digər tərəfdən, N.Paşinyan Ermənistan ordusunun gücsüzlüyünü vurğulayır. O, ümumən, hazırkı məqamda güc yolu ilə nəyəsə nail olmağın mümkünsüzlüyündən söz açır. Əlbəttə, Nikol fikrini açıq-aşkar bildirə bilməz. Daxildəki başıpozuqların hərəkətə keçmələrindən qorxur. Mövcud səbəbdən həmişə, bir qayda olaraq, sözünü subliminal mesajlar vasitəsilə çatdırır. Xəstə cəmiyyət isə ya onun nə dediyini anlamır, ya da anlayıb baş nazirə “satqın” və “xain” damğası vurur. Paşinyan isə bunun qarşılığında özünüqoruma instinktindən qaynaqlanmış həyasızlığını işə salır, vaxtilə hər şeyi dediyini, amma sözünə qulaq asılmadığını bildirir...
Gələk, N.Paşinyanın “legitimlik xətti” ritorikasına. Hesab edirik ki, əvvəlki, belə demək mümkünsə, “kupça” məntiqinin davamı olan bu ritorika ilə baş nazirin “beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz” deyimi arasında ziddiyyət var. Məsələ burasındadır ki, Ermənistanın legitimliyi qurama xassəyə malikdir. Beynəlxalq səviyyədə tanınmaya gəlincə, Ermənistan adlı dövlət var və hələ 1991-ci ildə şans yaranmışdı ki, sözügedən legitimlik formalaşsın. Yəni, vəlvələdən və ya zəlzələdən ortada olan dövlətin qəbul edilməsi mümkün görünməyə başlamışdı. Ancaq Ermənistan həmin şansı elə o zaman əldən qaçırdı. Sübut olundu ki, ermənilər dövlət milləti olmağa layiq deyillər. O da məlum oldu ki, beynəlxalq miqyasda tanınmış sərhədlər ermənilərə azlıq edir. Nəticədə Azərbaycan torpaqları işğala məruz qaldı. İşğal otuz ilə yaxın çəkdi...
Ötən müddətdə dünya birliyi Ermənistanı başqa dövlətin torpağına qəsb gerçəkləşdirdiyinə inandıra bilmədi. Rəsmi İrəvan işğalın dayandırılması ilə bağlı BMT-nin dörd qətnaməsinə məhəl qoymadı, çağırışlara əhəmiyyətsiz yanaşdı, sülh danışıqlarını dalana dirədi. Yekunda Azərbaycan öz gücü ilə ədaləti bərpa etdi...
N.Paşinyan hazırda legitimlikdən danışmaqla, ölkəsi üçün həm də, bir növ, ədalət formulu axtarışına çıxıb. Hesab edir ki, erməni legitimliyi dövlətin təhlükəsizliyi üçün faktor rolunda çıxış etməlidir. Əlbəttə, o, otuz ildən artıq müddətin həmin legitimliyin qəbullanması baxımından itirilmiş illər olduğunun fərqinə varmasa da, yaxşı bilir ki, legitimliyin mövcudsuzluğu ölkənin təhlükəsizliyi baxımından böyük problemdir. Onun subliminal mesajsız, tam açıq şəkildə ortaya qoyduğu da elə budur. Beləliklə, N.Paşinyan bəyan edir ki, legitimlik “heç kimin bizə (Ermənistana – red.) hücum etməyə haqq qazandırmaq şansı”nın yaranmaması üçün lazımdır.
Bəli, erməni cəmiyyəti bu barədə düşünməlidir. Elə Paşinyanın özü də. Düşünməlidir ki, Azərbaycanla kompromisə getməmək, Bakının şərtlərini qəbul etməmək, məğlub dövlət kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək, Cənubi Qafqazı qlobal güclərin maraq və mənafe davasındakı rəqabət platformasına çevirmək Ermənistana heç bir legitimlik qazandırmayacaq. Həm də ona görə qazandırmayacaq ki, Ermənistanın ərazi bütövlüyünün özü nə qədər beynəlxalq səviyyədə tanınsa da, həmin tanınma üçün sərhəd xətti anlayışı yoxdur.
Bir daha deyək ki, bu qeyri-müəyyənliyi Ermənistanın özü Qarabağ avantürasını işə salmaqla yaratmışdı. Yəni, mövcud durumda dünya birliyinin edəcəyi heç nə yoxdur. Dünya böyük ölçüdə gücə tabedir. Beynəlxalq aləm Azərbaycanın hüquqi cəhətdən özünə məxsus olanı güc yolu ilə əldə etdiyini gördü, prinsip etibarilə ölkəmizin mövqeyini bəyəndi.
Qeyd edək ki, dünya birliyi Ermənistanın hazırkı əraziləri kimi meydana çıxan torpaqların, əslində, ona məxsus olmadığından da xəbərdardır. İstər-istəməz belə düşüncə yarana bilər və yaranır ki, ermənilərin öz dövlətləri və əraziləri olmayıb, onlar varlıqlarını qonşularına qarşı iddialarla sürdürüb, çeşidli qlobal oyunlarda alətə çevriliblər. Mövcud amplua kimlərəsə, hansı qüvvələrəsə “fayda” gətirsə də, aydındır ki, belə mənfi reputasiyalı topluma münasibət müsbət deyil.
Bəli, xaricilər mahiyyətcə erməniləri azğın obrazında görürlər. Tarixin müxtəlif dövlərində onların azğınlığından yararlanıblar. Sonra erməni avantüristləri lazımsız əşya kimi kənara atılıblar. Ona görə 1991-ci ildə mövcudiyyətinə başlamış Ermənistan adlı dövləti şans qismində dəyərləndirmək mümkündür. Ölkənin işğalçılıq siyasəti, qonşulara qarşı ərazi iddiaları fonunda Paşinyanın hazırda legitimliklə əlaqədar vurğulaqıdığı məqamlar şansın əldən çıxma təhlükəsindən xəbər verir. Belədə daha bir sual yaranır: Nikol proseslərdə günahkar deyilmi?
Əlbəttə, günahkardır! Paşinyan hazırda dilə gətirdiklərini 44 günlük müharibədən əvvəl deməli idi. Amma demədi və “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verdi. 44 günlük müharibədən sonra da Paşinyan üçün şans yaranmışdı. Ancaq Azərbaycanın ona uzatdığı sülh əlini sıxmadı. Hətta bəzən həqiqətləri dilə gətirəndə, ilk baxışdan konstruktiv kimi görünəndə də, sonda prinsipial davranmağı bacarmadı. Bu gün isə bir növ küncə sıxılmış təsiri bağışlayır və legitim xətlərdən danışır. Hakimiyyətə gələndə yarada biləcəyi, 44 günlük müharibədən sonra yaratmaq üçün şans qazandığı və heç bir imkandan istifadə edərək yarada bilmədiyi xətlərdən...
Ə.CAHANGİROĞLU
XQ