Azərbaycanın Səməndər quşu

post-img

Külə döndüyü ocaqda yenidən dirilən şəhid Xocalı

Əfsanəvi Səməndər quşu barədə rəvayətlərin hamısında Xeyir qüvvələri təmsil edən bu möcüzəli qanadlını Şər qüvvələr oda atsa da o hər dəfə diriliərək, alovlaradan sıyrılıb yenidən öz yuvasına dönür. 32 il əvvəl soydaşlarımızın qanına susamış quduz erməni millətçilərinin gecənin qaranlığında nəhəng tonqala çevirərək, yer üzündən sildikləri, uşaqlı-qocalı, qadınlı-kişili oda atdıqları şəhid şəhərimiz Xocalı ötən dövrdə Səməndər quşu taleyi yaşayan, nəhayət, üzüntü və nisgillərimizi toy-bayrama çevirən bir müqəddəs ünvandır.

Bugünlədə bir neçə minillik mədə­niyyətin varisi olan Xocalının bir qərinə­lik külünün üstündə yenidən dirçəldilib kərpic-kərpic ucaldığını görəndə, istər-istəməz, xalqımızın Xeyirin məğlube­dilməzliyinə mütləq inamını təcəssüm etdirən bu əfsanəvi süjet yada düşür. Son 36 il müddətində Qarabağı yerüs­tü cəhənnəmə çevirmiş Xankəndi xun­tası 6 ay əvvəl birdəfəlik darmadağın edilib ölkəmizdən qovulandan sonra bu ərazidə ilk dirçəldilən məntəqələrdən olan Xocalıda indi qalib Azərbaycanın günü-gündən daha güclü vuran nəbzi təntənə ilə döyünür.

Yenidən “dirilən” Xocalıda aparılan müasir, sürətli və geniş tikinti-qurucu­luq işlərinin bir diqqətçəkən əlaməti burada çalışanların ölkəmizin bütün bölgələrinin dəmir biləkli oğlanlarından ibarət olmasıdır... 

Birinci və İkinci Qarabağ mühari­bəsində savaşmış xeyli qazinin şəhid şəhərin “dirildilmə”sini düşmənlə dö­yüşün davamı adlandırması və burada xüsusi fədakarlıqla çalışması da qaba­rıq nəzərə çarpır...

Xocalını dirçəldənlər sırasında er­məni vandallarının eyni tale yaşatdıqları, uşaq yaşlarında Meşəlidən, Kosalardan, Cəmillidən, Umudludan, Sırxavəndən... didərgin düşənləri görmək də son dərəcə qutsal bir yurdsevərlik timsalı kimi öyünc doğurur...

Xocalıda atasını da, anasını da itirmiş uşaqların böyüyüb öz doğma ocağının çırağını yandırmağa gəlməsi isə xalqı­mızın Vətən sevgisinin insana sonsuz sevinc yaşadan bir duyğu olaraq təzahür etməsi demək deyilmi?..

Bir vaxtlar yerli “hökumət”in – Xocalı sovetinin sədri olmuş Sovet Allahverdiye­vin bir neçə aydır ki, kütləvi məzarlıqların aşkarlanmasına rəhbərlik etməsi, artıq 12 həmyerlisinin qalıqlarının tapılması­na nail olması və bu qeyrət işini inadla davam etdirməsi xalqımızın daha bir yük­sək mənəvi keyfiyyətini nümayiş etdirir...

AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları isə antik Xocalı mədəniyyətinin izlərini qoruyub saxlamış, düşmənin qarət edib dağıtdığı qəbiris­tanlıqda apardıqları indiki tədqiqatla bu yeraltı muzeyin qədim türklərə məxsus olduğunu bir daha sübuta yetirirlər...

Bütün bunlar barədə qəzetimizin Xo­calıda ezamiyyətdə olan əməkdaşı Tahir Aydınoğlunun hazırladığı yazıda XQ-nin növbəti sayında daha geniş söhbət açılacaq.

XQ









Sosial həyat