“Rusiya Ermənistanı xarici müdaxilələrdən necə xilas etdi?”

post-img

Və yaxud Azərbaycan ərazilərinin 30 illik işğalına rəvac verən kimlər idi?

Bu günlərdə Rusiyanın “Beynəlxalq həyat” nəşrində Rusiya Xarici İşlər Nazirliyinin istefada olan baş məs­ləhətçisi Aleksandr Ananevin Birinci Qarabağ mühari­bəsinin gizlinlərindən bəhs edən “Rusiya 1990-cı illərdə Ermənistanı müdaxilələrdən necə xilas etdi” sərlövhəli çox maraqlı bir məqaləsi ilə tanış oldum. Yaxın tariximi­zin qaranlıq səhifələrinə işıq salan bu yazıda kimin dar ayaqda xalqımızın yanında olduğu və kimin bizə arxa­dan zərbə endirdiyi konkret faktlarla aydın göstərilir. Müəllif yazır: 

“Birinci Qarabağ müharibəsi (1992-1994) zamanı Ermənistan üç dəfə Tür­kiyənin real müdaxiləsi təhlükəsi altın­da olub. Rusiya hər dəfə hadisələrin belə inkişafının qarşısını dinc yolla ala bilib.

Rusiyanın Ermənistandakı ilk sə­firi Vladimir Stupişinin xatirələrinə görə, “Artsax” (qondarma “DQR”-in keçmiş erməni adı İ.R.) uğrunda dö­yüşün qızğın vaxtında “Burbulis və Qraçov (Rusiyanın keçmiş müdafiə naziri –İ.R.) Ermənistan prezidenti ilə Rusiya qoşunlarının Ermənistan əra­zisində statusunu hüquqi cəhətdən rəsmiləşdirmək barədə razılığa gəlir­lər”. Rusiyanın Ermənistandakı birinci elçisi sonra deyir: “Ermənistanda bi­zim hərbi mövcudluğumuz (SSRİ-nin dağılmasından sonra - müəllifin qeydi) onun hökumətinin və əminəm ki, bunu görmüş və indi də görən xalqın açıq şəkildə ifadə edilmiş iradəsinə uyğun olaraq qorunub saxlanıldı. Bu mövcud­luq nə qədər simvolik olsa da, onların təhlükəsizliyinin ən mühüm təminatla­rından biridir. Bəli, Gümrüdəki (keçmiş Leninakan) döyüşə hazır motoatıcı di­viziya da o qədər simvolik deyildi”.

Bununla eyni vaxtda, “1992-ci ilin mayında Türkiyə parlamentində müza­kirələr başlandı: gündəmdəki məsələ azərbaycanlı qardaşları erməni təca­vüzkarlarından qorumaq üçün Naxçı­vana qoşun göndərib-göndərməmək idi, çünki Türkiyənin 1921-ci il Qars müqaviləsinə əsasən belə bir hüququ var”. Bu müzakirələrdə həm Türkiyənin baş naziri Süleyman Dəmirəl, həm də prezident Turqut Özal iştirak edirdi.

Bu vaxta qədər Türkiyə Silahlı Qüvvələrinin 3-cü Səhra Ordusu ar­tıq Ermənistan-Türkiyə sərhədində yerləşdirilmişdi, “onun sərəncamın­da 1500-dən çox tank, 2500-ə yaxın top və minaatan, 1100-dən çox zirehli transportyor var idi. Ermənilərə qarşı ikinci cəbhənin açılması perspektivi real konturlar alırdı. Taktiki hərbi hava qüvvələri komandanlığı da 270-ə qə­dər döyüş təyyarəsi ilə quru qoşunları qrupuna dəstək verirdi”. Türkiyə Quru Qoşunlarının Baş Komandanı Muhittin Fisunoğlu o zaman bildirdi ki, “bütün lazımi hazırlıqlar görülüb və ordu çıxa­rılma əmrini gözləyir”.

Rusiyada Türkiyə təhlükəsini çox ciddi qəbul etdilər: Rusiya Federasi­yasının Dövlət Dumasında Türkiyə Or­dusunun Ermənistan sərhədləri yaxın­lığında kəskin fəallaşması ilə bağlı xüsusi dinləmələr keçirildi. Dinləmələr­də xarici işlər naziri Andrey Kozırev və MDB Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, aviasiya marşalı Yevgeni Şapoşnikov iştirak ediblər. 1992-ci il mayın 20-də yaranmış vəziyyətə əsas­lanaraq, baş komandan təcili olaraq İrəvana uçdu və hava limanında ke­çirdiyi mətbuat konfransında Türkiyə tərəfinə xəbərdarlıq edərək bildirdi ki, “oraya (Qarabağ münaqişəsinə İ.R.) başqa bir tərəf qoşularsa, onda biz Üçüncü Dünya müharibəsinin astana­sında ola bilərik”. 

Öz növbəsində, Rusiya Federasi­yasının Türkiyədəki səfiri Albert Çernı­şev Türkiyənin münaqişəyə müdaxilə­sinə Moskvanın mümkün reaksiyası ilə bağlı xəbərdarlıq edir ki, “1921-ci il Qars müqaviləsi nə Türkiyəyə, nə də Rusiyaya hərbi müdaxilə hüququ verir”. Bu bəyanatlar Türkiyənin hərbi-siyasi dairələrinin Ermənistan və Qarabağ problemi ilə bağlı sonrakı davranışla­rına ciddi təsir göstərdi. Bundan son­ra Türkiyə hücuma keçmək əvəzinə Ermənistana iqtisadi təzyiq yolunu tutmağa qərar verdi, sərhədi rəsmən bağladı, həmçinin Bakının döyüş sur­satı ilə təmin edilməsi və azərbaycanlı mütəxəssislərin yenidən hazırlanması haqqında müqavilə imzaladı və ATƏT-in 1993-cü ilin fevralında qəbul edilən Dağlıq Qarabağ münaqişəsi bölgəsinə döyüş sursatı idxalını qadağan edən qərarını pozdu. (Rusiyalı diplomatın bu fikri adamda doğrudan da istehza və sarkazm doğurur. Elə ATƏT o za­man qəbul etdiyi qərar da bunun kimi. Demək Rusiya Ermənistanda qoşun yerləşdirib erməniləri silahlandıra bilər, amma Türkiyə Azərbaycana silah-sur­sat verə bilməz.– İ.R. )

İsveç Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun CA&C Press AB saytına görə, “1993-cü ilin yazında Azərbaycanın xeyrinə heç bir müsbət dəyişiklik baş vermədiyindən, Türkiyədə bəzi dairələr birbaşa hərbi müdaxilə ideyasını fəal şəkildə dəstək­ləməyə başladılar. 1993-cü ilin apre­lində Rifah Partiyasının spikeri və Ana Vətən Partiyasının deputatı Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinə hərbi müdaxiləsinin zəruriliyini bəyan etdilər. Cümhuriyyət Xalq Partiyasının sədr müavini İstemihan Talay Türkiyə hökumətini Azərbaycan Respublikası­na kifayət qədər hərbi yardım göstər­məməkdə ittiham etdi”.

Türkiyə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin – ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin səfirlərinə Dağlıq Qarabağda ha­disələrin inkişafının, Ankaranın nöqte­yi-nəzərindən 1974-cü ildə Kiprdəki və­ziyyəti xatırlatması barədə xəbərdarlıq edərək bildirdi ki, Türkiyə “qardaş Azər­baycan xalqını qorumaq üçün” yenidən oxşar addımlara əl ata bilər.

Eyni zamanda, Ermənistana hərbi müdaxiləyə yeni hazırlıq üçün konk­ret tədbirlər görülür. “Türkiyə Silahlı Qüvvələrinin 3-cü Səhra Ordusu tam döyüşə hazır vəziyyətə gətirilir, Tür­kiyə Hərbi Hava Qüvvələrinin bazala­rında “Fantom” aviasiyasının hücum eskadrilyaları sutka boyu hərbi növ­bəyə başlayırlar”. Parlamentdə də ehtiraslar coşmağa başlayır: 1974-cü ildə Türkiyənin Kiprə hərbi müdaxiləsi zamanı baş nazir olmuş deputat Bülənt Ecevit Naxçıvan, Zəngəzur və Qara­bağ vasitəsilə Türkiyəni Azərbaycanla birləşdirmək üçün Ermənistanın cənub rayonlarının ilhaqını təklif edir. Eyni zamanda, Türkiyə tərəfdən Ermənis­tan ərazisinin atəşə tutulması kəskin surətdə güclənir. Vəziyyət saatbasaat pisləşirdi.

1993-cü il may ayının əvvəlində Rusiyanın müdafiə naziri Qraçov pre­zident Boris Yeltsinin tapşırığı ilə göz­lənilmədən Ankaraya bir günlük səfərə yola düşür. Rusiyanın hərbi naziri və­ziyyətlə bağlı Kremlin mövqeyini kəs­kin və lakonik şəkildə bildirir və türk tərəfinin mülahizələrinə qulaq asma­dan dərhal təyyarəyə qayıdır. Rusiya mətbuatı yazır ki, Qraçov Ankaraya səfəri zamanı “Türkiyə yüksək hərbi komandanlığının nümayəndələri ilə Zaqafqaziyadakı münaqişələrin həlli məsələlərini müzakirə edib”.

Moskvanın xəbərdarlığından sonra Türkiyə rəhbərliyi Rusiya ilə qarşıdur­maya girmək riskinə düşməyərək ikin­ci dəfə müdaxilə ideyasından əl çəkir. Lakin buna baxmayaraq, Türkiyə diplo­matik demarşa və iqtisadi sanksiyalara əl atır.

Dörd ay sonra, 1993-cü ilin sent­yabrında Türkiyə rəhbərliyi Rusiyadakı parlament böhranı “pərdəsi altında” er­məni məsələsini güc yolu ilə həll etmək şansının olduğu illüziyasına qapılir.

Ermənistan-Türkiyə sərhədində Türkiyə Silahlı Qüvvələrinin 9-cu Sarı­kamış diviziyasının 220-ci mexanikləş­dirilmiş və 9-cu artilleriya dəstələri atəş məsafəsində Ermənistanla sərhədə yaxınlaşır. Türkiyənin yeni baş naziri Tansu Çillər açıq şəkildə ermənilərin Dağlıq Qarabağa hücumu dayanmasa, bura qoşun göndərəcəyi ilə hədələyir.

Yunanıstanın Ermənistandakı o vaxtkı səfiri Leonidas Xrizantopulo­sun xatirələrinə (“Qafqaz xronikaları. Ermənistanda dövlət quruculuğu və diplomatiya”) görə, 1993-cü il sentyab­rın sonunda Türkiyə rəhbərliyi Rusiya parlamentinin sədri Ruslan Xasbulato­va müraciət edib, onu dəstəkləməkləri müqabilində türk qoşunlarının Ermə­nistana yaxınlaşan işğalına mane ol­mamaq barədə razılığa gəlirlər. Həmin vaxtda da Xasbulatovun Boris Yeltsinlə qarşıdurması özünün zirvəsində idi. L.Xrizantopulos Türkiyənin mümkün işğalı ilə bağlı məlumatı Fransa və ABŞ səfirləri France D'Artinqə və Harri Gilmordan alır: “Rusiya parlamentinin sədri Xasbulatov Türkiyənin baş nazi­ri Tansu Çillər ilə gizli razılaşma əldə edirlər... Xasbulatov qalib gəlsəydi, rus sərhədçiləri Zaqafqaziyadan geri çəkiləcəkdilər... Bu, Türkiyəyə kürd problemini bəhanə edərək Ermənista­na məhdud şəkildə müdaxiləni həya­ta keçirməyə imkan verəcəkdi”. Lakin Yeltsin əleyhinə üsyan yatırılan kimi türk qoşunları Ermənistan sərhədindən dərhal geri çəkildilər.

Beləliklə, Birinci Qarabağ müha­ribəsi boyu Rusiya Türkiyənin Ermə­nistan-Azərbaycan münaqişəsinə açıq müdaxiləsinin qəti əleyhdarı kimi çıxış etdi. Ermənistanın 1992-ci il mayın 15-də Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulması və Rusiyanın 102-ci ordusu­nun Gümrüdə yerləşdirilməsi bundan sonra Baş Qərargahın və Türkiyə rəh­bərliyinin hadisələrə müdaxilə ehtirası­nı soyutdu. 

Tərcümə etdi:
İlqar RÜSTƏMOV
XQ

Siyasət