“Baş kəsməklə” yoxsa, əməkdaşlıqla?!

post-img

Azərbaycanın yaratdığı reallıq və imperialist təfəkkürdən imtina zərurəti

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian İsrailə dəstək verməklə bağlı Azərbaycana yönələn ittihamlara münasibət bildirib. Məlum olduğu kimi, o, belə əsassız və sübutsuz yanaşmaların İslam respublikasının maraqlarına zidd mahiyyət daşıdığını vurğulayıb və fikrini əsaslandırmaq üçün bir sıra məqamlara toxunub.

Qeyd edək ki, bir müddət əvvəl Prezident Məsud Pezeşkianın özü də ölkəsindəki anti-Azərbaycan təmayülləri sərt şəkildə qınamışdı. Dövlət başçısı İran daxilində Azərbaycanın istənilən diplomatik addımına şübhə və düşmənçiliklə reaksiya verilməsinin artıq travmatik hal aldığını demişdi. Onun bu ritorik sualı isə tam yerinə düşmüşdü: “Biz hansı addımları atmışıq ki, Azərbaycandan bu qədər ehtiyat edirik?”

Əlbəttə, Prezident Pezeşkian da oğlu Yusif kimi 12 günlük İran–İsrail müharibəsi zamanı Azərbaycanın ikinciyə dəstəklə bağlı ölkəsində yayılmış isterik durumun əsassızlığını vurğulayıb. O, başqa fikirlər də dilə gətirib. Ancaq hesab edirik ki, əsas məsələ Prezidentin səsləndirdiyi sualdır.

Həm Məsud Pezeşkianın, həm də övladı Yusif Pezeşkianın açıqlamaları, istər-istəməz, rejissoru böyük Həsən Seyidbəyli olan, baş rolunu sevimli sənətkarımız Rasim Balayev ifa edən məşhur “Nəsimi” filmindəki bir səhnəni yada salır. Həmin epizodda Əmir Teymur Nəsiminin qolunu açıb onu azadlığa buraxdığı üçün səs-küy qaldıran din xadimlərinə əsəbi şəkildə deyir: “Hanı sizin kəlamınızın qüdrəti? Nə vaxtadək baş kəsməklə qalib gələcəyəm mən?”

Bəxtimiz elə gətirib ki, iki böyük dövlətin əhatəsindəyik. Söhbət Rusiyadan və İrandan gedir. Əlbəttə, tarixə müraciət edib müxtəlif məqamları yada salmaq, vaxtilə nələrə sahib olduğumuzu xatırlatmaq niyyətində deyilik. Tarixə də bir qayda olaraq, kimlərin hansı iddialara düşdüklərini görəndə üz tuturuq. Məsələn, inanmırıq ki, İtaliyada Roma imperiyasını yada salıb qonşu ölkələrə ərazi iddiası irəli sürənlər tapıla. Çünki bu gün Avropa sərhədsizdir. İnsanlar Macarıstandan vurub İspaniyadan çıxırlar.

Əlbəttə, müqayisə aparmaq məqsədimiz yoxdur. Sözümüz ondadır ki, bu günə və gələcəyə baxmaq lazımdır. Yeri gəlmişkən, İran Prezidenti bir müddət əvvəlki açıqlamasında da bunu vurğulamış və tamamilə yeni münasibətlər sisteminə qədəm qoymağın zəruriliyindən söz açmışdı.

Əlqərəz, Azərbaycan müstəqillik qazanandan üzü bəri əhatəsində olan iki böyük dövlətin – Rusiyanın və İranın ən müxtəlif basqılarına məruz qalıb. İran hərbi təyyarələrinin Biləsuvaradək irəliləyib əzələ nümayiş etdirdiklərini, Rusiyanın Qarabağ kartı ilə ölkəmizə təzyiqlərini çox görmüşük. Hələ başqa məqamlar da var. Halbuki bunların heç biri olmamlı idi. Əslində, Prezident Pezeşkianın da verdiyi sualın məğzində dayanan budur.

Təsəvvür edin, Rusiya və İran dövlətçilik ənənələri, güc və qüdrətləri ilə öyünür, həmin gücü və qüdrəti göstərmək üçün ərazicə onlardan kiçik Azərbaycanı hədəf seçir. Görəsən, bu, nə yanaşmadır? Sual ətrafında çox da düşünməyək. Çünki cavab məlumdur. Həm Rusiya, həm də İran imperialist təfəkkürün əsiridir.

Diqqət yetirək, indi Rusiyada anti-Azərbaycan ritorikası xeyli güclənib. Ölkənin ictimai xadimləri, ziyalıları belə hazırda bu ritorikanın nəinki əsiri, hətta quludurlar. Biri Azərbaycana raket tuşlayır, o biri yer üzündən silir, bir başqası Bakıya tank yeridir. Bir adam ərazicə kiçik Azərbaycanın nə dediyini düşünmür.

Ölkəmizin rəhbərliyi isə, təxminən, bunu bildirir: Təyyarəmizi vurmusunuz, günahkarları müəyyənləşdirin, cəzalandırın, kompensasiya ödəyin. Rusiyadakı urapatriotların dediklərindən isə belə çıxır ki, Azərbaycan heç nə tələb etməməli imiş. Necə heyrətlənməyəsən? İranda da yumşaq desək, eyni heyrətedici fikirlər səsləndirənləri, fətva verənləri az görməmişik.

Bəli, həm İranda, həm də Rusiyada anti-Azərbaycan təmayüllər o qədər yüksək fazadadır ki, bu gün Azərbaycan cəmiyyətində hər iki dövlətə qarşı təəccüb, şübhə və etimadsızlıq var. Həmişə də belə olub. Dövlətimiz ən ağır şərtlər altında fəaliyyət göstərərək beynəlxalq aləmlə yanaşı, yaxın xaricin də təhlükələrinə qarşı mübarizə aparıb. Mübarizə aparıb və möhkəmlənib.

Halbuki İran da, Rusiya da fərqli davrana bilərdi. Axı özlərini böyük sayırlar. Ancaq elə vəziyyət yaradıblar ki, kiçik Azərbaycan onlara qarşı çıxmaq məcburiyyətində qalıb. Görəsən, “baş kəsməkdən” başqa yolları olmayıbmı? Niyə kəlamlarını qüdrətli etmək barədə düşünməyiblər? Nə üçün, heç olmasa, indi bu barədə fikirləşmirlər?

Hazırda belə təsəvvür var ki, İran Prezident Pezeşkianın şəxsində “baş kəsmək” deyil, kəlama kəramət gətirmək əzmindədir. Dövlət başçısı bildirir ki, İran özü də müstəqil dövlət olaraq Ermənistanla münasibətlər qurur və bunları qonşuluq siyasəti çərçivəsində aparır. Eləcə də Azərbaycanın öz xarici siyasətini formalaşdırmaq və istənilən ölkə ilə əməkdaşlıq etmək hüququ var: “Azərbaycan müstəqil dövlətdir və onun bütün dünya ölkələri ilə münasibətlər qurmağa haqqı var. Azərbaycan rəhbərliyi öz davamlı mövqeyini hər zaman açıq şəkildə ifadə edib”.

Sonda onu da deyək ki, müxtəlif cəbhələrdə mübarizə şəraitində inkişaf etmiş Azərbaycan mühüm regional aktordur. Prezident Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian isə bildirib ki, radikal və məsuliyyətsiz ritorika yalnız regionda gərginliyi artırır. Tam əminliklə onu da demək mümkündür ki, bu gün güclü və qüdrətli ölkəmizə qarşı çıxmaq meyilləri də gərginliyi artırır.

Bir halda ki, gələcəyə baxmaq lazımdır, deməli, ixtilafları da gələcəyə daşımaq gərəksizdir. Gələcəyə əməkdaşlığı, işbirliyini aparmaq lazımdır. Azərbaycan dövlətinin də hər zaman bəyan etdiyi məhz budur.

Ə.RÜSTƏMOV
XQ

Siyasət