Eşq də olacaq, aşiq də!..

post-img

Yaxşı mahnının resepti birdir: onun sözlərini adi şeir kimi, musiqisiz söyləmək mümkün deyil, melodiyasının ilk akkordlarını eşidən kimi mətnin zümzüməsi ada­mın dilinə gəlir. Təbii ki, bu cür nəğmələr çox olmasa da, var. Biri də “Şeyx Sənan” dramından məşhurlaşan “Kor ərəbin mahnısı”dır. 

Üç dahi sənətkarın – şair-dramaturq Hüseyn Cavidin, bəstəkar Fikrət Əmiro­vun və tamaşanın quruluşçu rejissoru Adil İsgəndərovun dühasının, istedadının məhsulu olan “Şeyx Sənan” tamaşası həm ən müxtəlif məqamları ilə, həm də aktyor Məmmədəli Əliyevin canlı ifa etdi­yi mahnı ilə yadda qalıb: 

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı! 

Nə xəlq olaydı, nə xaliq, nə eşqi-həsrət olaydı!..

Möhtəşəm mahnının tarixi ötən əsrin 50-ci illərindən başlayır. Özü də məhz 1956-cı ildə indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuş “Şeyx Sənan” üçün bəstələnib. Aktyor deyirdi ki, mən o mahnını oxuyub qurtaran kimi Bülbül səhnəyə çıxdı, əllə­rimi sıxıb dedi ki, sağ ol Məmmədəli, nə gözəl oxudun!

Cavid şeiriyyəti üçün fəlsəfi və ədəbi baxımdan adi sayılacaq bir şeir parçası əsərin ruhuna o qədər uyğun gəlir, Fikrət Əmirovun bəstələdiyi musiqi ilə bir-birini o qədər tamamlayır ki, Kor ərəbin dərd iz­harı “Şeyx Sənan” tamaşası qədər məş­hurlaşır. Üstəlik, teatrın tamaşalarında daha çox kiçik, həm də canlı mahnı oxu­maq gərəkən rolların tapşırıldığı Məm­mədəli Əliyev də bu ifaya görə az qala ildırım sürəti ilə tanınıb. 

Onu da xatırladaq ki, 1961-ci ildə milli televiziya rejissorluq məktəbinin görkəmli nümayəndəsi, yenilikçi Rauf Kazımovski Məmmədəli Əliyevin bu ifasını film es­tetikasında lentə alıb. Fikrət Əmirov da bu lenti özü ilə Amerika səfərinə aparıb. Nəinki respublika, o zamankı ittifaq, hət­ta dünya televiziya məkanında klip anla­yışının hələ formalaşmadığı bir dövrdə Rauf Kazımovski Məmmədəli Əliyevi elə Kor ərəbin səhnə libasında İçərişəhərdə, Şirvanşahlar sarayının ərazisində çəkib. Bu, Azərbaycan televiziyası üçün bir ilk idi və güman etmək olardı ki, hələ o za­manlar dövrünün böyük müğənniləri – Rəşid Behbudov, Şövkət Ələkbərova və Gülağa Məmmədovun repertuarına daxil olmuş bu mahnı dillərdən düşməməliydi, klip isə ara-sıra mavi ekranda göstəril­məliydi. Amma... Bizim bir çox mənəvi sərvətlərimizə bəslədiyimiz biganəlik bu əsərdən də, onun ifaçısından da yan öt­məyib. 

1978-ci ildə o illərin cavan tədqiqat­çısı, əsas elmi yaradıcılığı ilə paralel olaraq, Azərbaycan musiqi tarixini öyrə­nib təbliğ edən, bugünümüzün görkəmli alimi, radionun məşhur “Axşam görüşləri” proqramının müəllifi və aparıcısı Rafael Hüseynov radionun arxivindən Məmmə­dəli Əliyevin ifasında "Kor ərəbin mahnı­sı"nın lent yazısını tapıb. Həmin lentin izi ilə artıq yaşlaşmış, teatrdan da çoxdan uzaqlaşmış Məmmədəli Əliyevi də ta­pıb, onun digər ifalarını da. Beləcə, “Kor ərəbin mahnısı” yenidən yada düşüb. Bu gün həmin mahnı digər xanəndələrin – Alim Qasımov, Mələkxanım Əyyubova və Mənsum İbrahimovun, eləcə də gənc nəsil xanəndələrin repertuarındadır. 

Hazırda "Şeyx Sənan" tamaşası Milli Dram Teatrının oynanılmasa da, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarındadır. Tamaşanın quruluşçu rejissoru Cənnət Səlimo­va, bəstəkarı isə Firudin Allahverdidir. Amma bu tamaşada Kor ərəbin mahnısı yoxdur. Mizanı yetişən Kor ərəb eləcə bələdçisi ilə səhnəyə gəlir və sözünü, yəni şeirini deyib səhnədən çıxır. Həmin şeirə yeni bir musiqinin yazılmasının qu­ruluşçu rejissorun istəyi, yaxud bəstəka­rın qərarı olduğunu deyə bilmərik. Hər halda, məntiq anlaşılandır: ilk mahnının melodiyası və ifaçının səsi artıq neçə nəsil Azərbaycan musiqisevərinin qulaq yaddaşına həkk olunub. Amma ənənə deyilən bir nəsnə də var, axı. Yeni bəstə ilk mahnının müəllifi Fikrət Əmirovun əsəri ilə müqayisədə mütləq uduzar... Hətta güclü və təsirli olsa belə... 

Bu məqamda yenə də yaxşı mahnının düsturu yada düşür: Gənc Tamaşaçılar Teatrının səhnəsində bu səhnə əsərinə baxanda Kor ərəbin mahnısını eşitməsək belə, Məmmədəli Əliyevin yumşaq və qəlb titrədən səsi, Firkət Əmirovun hüzn­lü melodiyası qulağımıza gəlir...

Gülcahan MİRMƏMMƏD

Mədəniyyət