Doğma Xankəndi, biz də qayıtdıq!

post-img

Təsəvvür edin ki, içində xoşbəxt yaşadığınız, acılı-şirinli xatirələrinizin beşiyi olan evinizi ölüm təhlükəsindən tərk etməyə məcbur olursunuz. Öz doğma yurdunuzda, əzəli torpağınızda mənfur qonşularınız sizə yaşamaq üçün fürsəti evinizdə heç nəyə toxunmadan çıxıb getmək şərtilə verirlər.

Var-dövlətinizi, olanınızı-olmazınızı qoyub, qapıya qıfıl vurub, sonsuz kədər içində həyət-bacana, küçəyə sonuncu dəfə baxıb getməyə məcbur olursunuz. Daha sonra evsizliyin, yurdsuzluğun, məcburi köçkünlüyün bitməyən əziyyətləri azalsa da, tükənməyə qoymadığınız geri dönmək ümidiniz...

Ancaq bir gün sanki möcüzə baş verir, nağıllarda deyilən kimi, yer yerindən oynayır. Böyük Sərkərdənin rəhbərliyi altında cəngavər oğulların torpağımıza göz dikən, ona yiyələnməyə çalışan yağıları gəldikləri yerə qədər qovduqlarının şahidi olursunuz. Doğma yurdunuz azadlığına qovuşur, 36 ildən sonra həyəcanla, sevinc göz yaşları işində yenidən öz evinizi görmək xoşbəxtliyini yaşayırsınız. İçəri girirsiniz, otaqları gəzirsiniz və heç gözləmədiyiniz halda sizin üçün çox qiymətli, xüsusilə mənəvi dəyəri yüksək əşyanızı tapırsınız – ailə quranda həyat yoldaşınızın özü ilə gətirdiyi açıq qırmızı ipəklə üzlənmiş cehizlik yorğanı!

Yenə elə nağıllardakı kimi, sonu xeyirin şər üzərində qələbəsi ilə başa çatan bu hekayəmizin qəhrəmanları ilə Xankəndidə təsadüfən tanış olduq. Öyrəndik ki, Məhərrəm Babayev doğma şəhərə vaxtilə bir yerdə çıxdığı həyat yoldaşı Sahibə xanımla birlikdə qayıdıb, 1 ilə yaxındır burada yaşayırlar. Özü təqaüdçüdür, yoldaşı isə Xankəndidəki şirniyyat evlərinin birində işləyir. Elə ayaq üstə başlayan söhbətimizi də S.Babayevanın iş yerində çay süfrəsi ətrafında davam etdirdik, kəşməkəşli tale yollarında başlarına gələnləri, bugünkü xoş təəssüratlarını qəzetimizlə bölüşdülər. Məhərrəm kişi bildirdi ki, ilk dəfə axtaranda vaxtilə yaşadıqları Nəriman Nərimanov küçəsindəki 12 nömrəli evlərini tanıya, tapa bilməyiblər:

- Az vaxt deyil, hər şeyimizi qoyub çıxanda1988-ci il idi, üstündən 36 il keçmişdi. Küçə də, ev də dəyişib. Evimizə kim yiyələnmişmişsə otaqlarımızı bölüb, əlavə tikinti aparıb, krayəşinlər saxlayırmış. Qəhər boğmuşdu bizi. Sonra yüklərin arasında öz yorğanımızı tapdıq. Sahibə üzündəki rəngi bir az solmuş qırmızı ipəyi görən kimi dedi ki, bu mənim cehizlik yorğanımdır. İndi öz üstümə sərirəm. Sözlə ifadə edilə biləcək duyğular deyil...

S.Babayeva da söhbətə qoşuldu. Dedi ki, Xankəndini tərk etməyə məcbur olanda 21 yaşında idim, bugünlərdə 60 illiyimi burada qeyd etdik:

- Ev-eşiyimizdən didərgin düşəndə məcburi köçkün kimi əvvəlcə Ağdama, sonra Şəkiyə pənah apardıq. Çətinliklərimiz çox olsa da həmişə dövlətimizin qayğısı ilə əhatə olunmuşduq. Bu yerlərə qayıtmaq inamımızı heç zaman itirməmişdik.

Həmsöhbətlərim evlərinə, həyətlərinə tez-tez baş çəkdiklərini, ağaclara, güllərə su verdiklərini bildirdilər. Onlara illər sonra öz bağlarının meyvəsindən yemək də qismət olub. Hələlik ikisi qayıtsa da, 3 övladları, 8 nəvələri var. Bugünlərdə nəvələri baba-nənələrinin yanına qonaq gəliblər, onları şəhərdə gəzdirib, evlərini göstəriblər.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi



Sosial həyat