O, hər gün Qocalar evinin pəncərəsindən giriş qapısına boylanır. Amma nə zillətlə böyütdüyü övladları, nə də illərini verdiyi, adları dilinin əzbəri olan nəvələri onu yada salır. Hər gecə yuxusunda doğma ocağını gəzib-dolaşır, bir vaxtlar mehriban yaşadığı can yoldaşı ilə görüşür.
Bəlkə də “uzaq-uzaq dağların arxasında” qalan o illərin xatirələri, ürəyində kino lenti kimi saxladığı xoşbəxt günləridi onu yaşadan. Hər dəfə həyat yoldaşının, ətrafında cəm olan oğul-qızlarının, nəvələrinin pünhan saxladığı foto-şəkillərə baxdıqca bir anlıq yenidən dirçəlir, gümrahlaşır, ağrı-acılarını unudur. Sonra özü özünə təskinlik verib deyir ki, yox, onlar məni unutmazlar, yəqin işləri çoxdu, başları açılan kimi zəng edəcəklər, gəlib məni buradan aparacaqlar, qulluğumda duracaqlar. Amma...
Bir Ana vardı kəndimizdə. Əri faşistlərə qarşı döyüşə gedəndə 1 yaşlı oğlu ilə qalıb. Bir ildən sonra ərinin məktubları kəsilib. Nə öldüsü, nə də qaldısı haqda heç bir xəbər ala bilməyib. Biri deyib, yəqin həlak olub, başqası deyib, ola bilsin ki, əsir düşüb, bəziləri də ürək-dirək verərək bildiriblər ki, gözlə, övladına görə də olsa, haçansa qayıdacaq. Qadın gümanla ümid arasında yaşayıb, gündüzlər günəşin yandırıb-yaxdığı pambıq tarlasında işləyib, gecələr yorğun, yuxusuz qalsa da, övladına layla çalıb, bircəciyinin böyüməsi üçün illərini verib. Müharibə qurtarıb. Cəbhəyə gedənlərin bəziləri yaralı, tayqıç, tayqol da olsa, evlərinə dönüblər. Amma Cəmilə xalanın əri dönməyib. O, ümidini üzməyib, harada əsgər şinelli adam görüb və elə bilib ki, əridir, qayıdıb...
O, oğlu üçün hər şey edib. Onu böyüdüb, oxudub, sevdiyi şəhərli qıza elçi düşüb...İllər ötüb, nəvələr dünyaya gəlib və getdikcə ananın yanına gəliş-gediş seyrəlib... Eldə-obada bəziləri Cəmilə xalaya rişxənd edib deyərdi:
– Oğlun üçün həyatını qoydun, özün doyunca yemədin, onu doyurdun, özün köhnə geyindin, ona hər zaman dəst-dəst paltarlar aldın, indi ayda-ildə bir dəfə qapını açmır. Cəmilə xala isə həmişə özünü sındırmadan deyərdi:
– Şükür Allaha heç nəyə ehtiyacım yoxdur, təki onlar xoşbəxt olsun... Bəzən də gileyini gizlətməyib: “Mən analıq borcumu yerinə yetirmişəm, oğlum oğulluq borcu barədə düşünsün...”, – bildirərdi.
Nəfəsinlə böyütdüyün, öz adını verdiyin nəvələr nə tez unutdular Səni. Sən isə ürəyində mərhəmət hissi, dilində dualar yenə onları düşünürsən....
İllərin mənə verdiyi dərs və həyatda görüb-götürdüklərimdən gəldiyim qənaət budur ki, gərək insan bəlli yaşdan sonra özü haqqında, sabahı haqqında düşünsün. Hər şeyi əzizləri, övladları üçün səfərbər, israf etməsin. Sirr deyil, bu gün cəmiyyətimiz vəfalı övlad, nəvə qıtlığı yaşayır. İllər ötdükcə bu təzad daha qabarıq özünü göstərir. Əgər əlində-ovcunda qiymətli bir şey varsa, sən unudulmursan. Yox, əksinədirsə, vay halına, onda ölən gününü sal yada...
Sən demə, ömür bir imtahanmış. Vəfalılar, yaxşılar, düzlər bu imtahandan keçmək üçün çox bədəl ödəməliymiş...
Bəlkə kimsə o Ananın, hansısa Babanın yerini kimliyini soruşacaq. Deyəcək ki, adını, ünvanını söylə, kömək edim, qulluğunda durum... Necə deyim, nə deyim? O, nur topası kimi qocalar, ağbirçəklər hər kənddə, şəhərdə var. Onlarla tez-tez küçədə, yaşadığımız həyətdə, dayanacaqlarda, klinikalarda rastlaşırıq. Diqqətlə baxsanız, çoxunun çöhrəsindən abır-həya tökülür. Lakin dillərində hər kəsə söylənə bilinməyən giley var. Çoxunun da ehtiyacı, umacağı bir şirin söz, bir telefon zəngidir.
Səməd MƏLİKZADƏ,
yazıçı-publisist