Toğrul Nərimanbəyov – 95
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyov öz əsərlərində milli dəyərləri, tarixi yaddaşı və vətən sevgisini incə fırça ustalığı ilə canlandıran sənətkarlardan idi.
Anası İrma Lya Rude fransız idi. Atası – şuşalı Fərman Nərimanbəyov onu Tuluza universitetində oxuyarkən sevib almışdı. Repressiya dalğaları onları Sibirə və Özbəkistana atmış, məşəqqətlərə salmışdı. Yeri gəlmişkən, Toğrul Nərimanbəyov bir müddət anası ilə birgə həbsdə yaşayıb. Səhərlər dərsə gedib axşam yenidən həbsxanaya qayıdaraq çətin şəraitdə təhsil alıb. Xeyli sonra Vilnüsdə oxuyan tələbə Toğrul anası ilə Səmərqənddə görüşüb. 1961-ci ildə İrma Lya Rude, bir qədər sonra isə Fərman Nərimanbəyov bəraət alaraq Bakıya qayıdıblar.
Toğrul hələ tələbə ikən müxtəlif sərgilərdə iştirak edib. Dünyada tanınandan sonra Moskvada, Bostonda, Lüksemburqda və anasının vətəni Parisdə yaşayıb-yaradıb. Toğrul Nərimanbəyov “Fransa Müasir İncəsənət Ensiklopediyası”nda haqqında məlumat olan yeganə azərbaycanlı rəssamdır. Azərbaycanlı ruhunu heç vaxt dəyişməyib.
Görkəmli rəssamın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə fərqlənib. Toğrul Nərimanbəyovun iç dünyasını təcəssüm etdirən bənzərsiz lövhələri Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olub. Nar onun rəsmlərində Göyçaydan Bakıya, oradan da Parisə, Nyu-Yorka, İstanbula, Londona, Moskvaya və neçə-neçə uzaq şəhərlərə gedib çıxıb.
Qəribə və qeyri-adi yaradıcılıq qabiliyyətinə malik rəngkar təkcə doğma vətənində deyil, dünyanın əksər ölkələrində yaxşı tanınır. Onun əsərləri bir çox xarici ölkənin incəsənət muzeylərində, fondlarda saxlanılır. Çexiya, Rusiya, Hindistan, Fransa, Litva, ABŞ və digər ölkələrdə görkəmli rəssamın fərdi sərgiləri keçirilib.
Dünyaşöhrətli fırça ustasının “Şuşa” tablosu parlaq və isti boyalarla işlənmiş “Şuşa” tablosunun qarşısında dayanıb düşüncələrə dalmamaq mümkün deyil. Bu nağılvari əsərində o, təkcə Şuşanın mənzərəsini deyil, həm də şəhərin keçmişini, mədəni irsini və vətənsevərlərin onunla bağlı sevgi dolu duyğularını əks etdirə bilib. Tabloda Şuşanın qaynar həyatı, əlvan rəngləri Azərbaycanın mədəni ruhunun beşiyini dolğunluğu ilə gözlər önündə canlandırır. Bu tablo da məhz Toğrula xas özəl cəhətləri ilə sanki pardaxlanmış böyük, şipşirin bir nar “dad”ı verir.
Xalq rəssamı narın vurğunu olduğunu əsərlərində dəfələrlə bu meyvəni çəkməklə bizə çatdırıb. Təsadüfi deyil ki, rəssam bəzi natürmortlarında soyadını “NAR - imanbəyov” kimi qeyd edib. Fırçası elə hey nara “iman” gətirib. Onun 1965-ci ildə kətan üzərində yağlı boya ilə çəkdiyi “Göyçay bağlarında” tablosunda xalça üzərinə sallanmış nar ağacının meyvəli budaqları təsvir olunub. Bu əsər özünəməxsusluğu ilə seçilən nümunələrdəndir.
Ötən il Minskdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə qeyd olunan nar bayramını konsert nömrələri və hər kəsə pay verilən nübar narlar qədər, Toğrul Nərimanbəyovun nar təsvirli rəsmlərindən ibarət sərgi də dada, duza gətirmişdi. Böyük rəssam ruhu ilə orada iştirak edirdi.
Dahi rəssam teatr dekorasiyası yaratmaqda, səhnə avadanlığı hazırlamaqda da mahir olub. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovla birlikdə “Sevil” operası, “Nəsimi” və “Min bir gecə” baletləri üzərində işləyən Nərimanbəyov parlaq kolorit baxımından çox gözəl dekorativ kompozisiyalar hazırlayıb. O, həmçinin Fərəc Qarayevin “Qobustan kölgələri” (1969) və Qara Qarayevin “Yeddi gözəl” (1972) baletlərinin səhnə dekorasiyalarının eskizlərini çəkib.
T.Nərimanbəyovun portret janrında da dəyərli əsərləri var. İctimai xadimləri, söz sənəti ustalarını, musiqiçiləri və rəssamları təsvir etdiyi “Mahatma Qandi”, “Şair Fikrət Qoca”, “Yazıçı Anar”, “Bəstəkar Emin Sabitoğlu”, “Müğənni Yavər Kələntərli”, “Gənc bəstəkar Romeo Meloni”, “Siqaret çəkən Səttar Bəhlilzadə” , “Gürcü rəssamı Niko Pirosmani” və s. kimi portretləri məşhurdur. Toğrulun öz anasını təsvir etdiyi “Anamın portreti” əsəri də rəssamın yaradıcılığında mühüm yer tutur. Onun özünü təsvir etdiyi “Avtoportret” əsərində sənət axtarışında olduğunu anlamaq mümkündür.
Bostonda, Nyu-Yorkda, Parisdə sənətkarın Azərbaycan və dünya mədəniyyəti qarşısındakı xidmətləri hər zaman yüksək qiymətləndirilib. Bernd R.Seizinger Bostonda onun adına sərgi salonu - muzey açıb. Məşhur qırğız yazıçısı Çingiz Aytmatov Lüksemburqda səfir olan zaman oradakı sərgidə iştirak edib və Lüksemburq jurnallarından birinə verdiyi müsahibəsində Toğrul Nerimanbəyov sənətini yüksək qiymətləndirib: “...Toğrul rənglərə duyğu qatan, insanları yaşamağa inandıran rəssamdır. Sərgidə nümayiş olunan əsərlərə, xüsusən də “Çingiz Aytmatovun oğlu Eldarla” tablosuna baxdıqdan sonra bunu daha dərindən hiss etdim”.
Ulu öndər Heydər Əliyev Toğrul Nərimanbəyovun yaradıcılığına böyük dəyər verib. 2000-ci ildə onu “İstiqlal” ordeni ilə təltif edib. 2010-cu ildə isə Prezidenti İlham Əliyevin sərəncamı ilə rəssam “Şərəf” ordeni ilə mükafatlandırılıb.
Bunu da deyək ki, Toğrul Nərimanbəyov təkcə rəssam deyil, həm də opera ifaçısı idi. Onun gözəl, məxməri bariton səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkar səviyyədə ifa edirdi. O, müsahibələrindən birində deyib: “Rəssam olmasaydım, yəqin ki, heykəltaraş, ya bəlkə də vokalist olardım. Rəssamlıqda hər şey əvvəldən məlumdur. Başlanğıc da, iş prosesi də, sonluq da. Vokal isə tamam başqa bir aləmdir. Mən hər səhərimi torağay kimi mahnı ilə açıram”. Rəssam Bakıda “Kirxa” konsert salonunda, Opera və Balet Teatrında, Bolonyadakı (İtaliya) “Oratoria di San Rosso” zalında böyük konsertlər verib.
Yeri gəlmişkən, musiqiyə vurğunluğu rəssamın “Muğam” kompozisyasından da boy göstərir. Bu tablo Azərbaycan rəsm sənətinin şah əsərlərindən hesab edilir.
2013-cü ilin yayında böyük sənətkar 82 yaşında Parisdə dünyadan köçüb və gözəlliklərin əksi olan rəsmlərini bizə yadigar qoyub. Oğlu Fransua atasının yolunu davam etdirərək rəssamlıqla məşğul olur.
Ə.DOSTƏLİ
XQ