Azərbaycan – ABŞ: əməkdaşlıqdan strateji tərəfdaşlığa

post-img

Vaşinqtondan verilən məlamatlara əsasən Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanması nəzərdə tutulur. Bu məzmunda sənədin imzalanması əməkdaşlığın tamamilə yeni mərhələyə qədəm qoyması deməkdir.

APA-nın məlumatında bildirilir ki, Bakının Vaşinqtonla strateji tərəfdaşlığı üç istiqaməti əhatə edəcək. Bunlardan birincisi, enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, ikincisi, süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə, üçüncüsü, müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıqdır.

Yaradılacaq Strateji İşçi Qrupu bilavasitə bu istiqamətdə fəaliyyət göstərəcək.

“Report” informasiya agentliyi isə öz mənbələrinə istinadən xəbər verir ki, Prezident Tramp “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq və bu, avqustun 8-də, yəni bu gün reallaşacaq. Belə olan halda, 33 il əvvəlki ədalətsizliyə son qoyulacaq və bu da Prezident İlham Əliyev ilə həmkarı Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın yüksək nəticəsi kimi diplomatiya tarixində yer alacaq.

Xatırladaq ki, haqqında danışılan və Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsinə qadağa qoyan bədnam 907-ci düzəlişi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə rəsmi Bakının Ermənistana guya “blokada” tətbiq etməsini bəhanə kimi göstərərək qəbul etmişdi.

Sonrakı dövrlərdə ABŞ prezidentləri 907-ci düzəlişin icrasını müvvəqqəti dayandırsa da, Bayden-Blinken administrasiyası bu ədalətsiz qərarı yenidən qüvvəyə mindirərək Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb.

“Caliber.az”ın əldə etdyi məlumatda isə göstərilir ki, Vaşinqtonda siyasi və tarixi baxımdan mühüm əhəmiyyət daşıyan Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh sazişinin mətninin paraflanması gözlənilir. Bu addım tərəflərin müqavilə layihəsinin bütün bəndləri üzrə konsensusa gəldiklərini və mətnin məzmunu ilə razılaşmalarını rəsmi şəkildə təsdiqlədiklərini göstərir.

Paraflanma yekun imzalanma ilə eyni hüquqi qüvvəyə malik olmasa da, diplomatik baxımdan mühüm bir prosedurdur və sülh sazişinin mətninin razılaşdırılması mərhələsinin başa çatdığını təsdiqləyir. Beynəlxalq praktika baxımından bu, tərəflərin tamhüquqlu və hüquqi baxımdan məcburi olan sülh müqaviləsinin imzalanmasına doğru irəliləməyə hazır olduqlarını göstərir. Bu məlumatdan aydın olur ki, sülh müqaviləsinin bilavasitə imzalanması Ermənistanın 2026-cı ildə konstitusiyaya dəyişikliklərlə bağlı keçirəcəyi ümumxalq referendumundan sonra baş tuta bilər.

Vaşinqtonda yaşanacağı gözlənilən daha bir tarixi hadisə isə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannamənin imzalanmasıdır. “Trend”in əldə etdiyi məlumata görə, sənəd ABŞ Prezidenti Donald Trampın iştirakı ilə ərsəyə gələcək.

Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün 2 əsas şərt irəli sürmüşdü. Birinci şərt Minsk qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi, ikinci şərt isə Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır.

Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı Birgə Bəyannamədə Minsk Qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in Baş katibinə birgə müraciət edəcəyi təsdiqlənir.

Eyni zamanda Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən “sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması”nın zəruriliyi qəbul edilir. Yəni, yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri – Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyini təsdiq etməsidir.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Azərbaycanın dövlət başçısının bu tələbi də Ermənistan tərəfindən qəbul edilir. Belə ki, imzalanacaq Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur dəhlizi reallaşır.

XQ

Siyasət