İran – Ermənistan ziddiyyəti: Aştiani dedi, Papikyan qulaq asdı

post-img

Regional təhlükəsizlik məsələsinə fərqli baxışlar

Ermənistanın müdafiə naziri Suren Papikyanın İrana səfəri və həmkarı Məhəmməd Rza Aştiani ilə görüşü siyasi müşahidəçilərin və ekspertlərin diqqət mərkəzindədir. Bu barədə söz açacağıq. Ancaq əvvəlcə bir məqamın üzərində dayanaq. 

Məlum olduğu kimi, İran – Ermənistan əməkdaşlığı hər zaman özünün çoxqütb­lülüyü ilə fərqlənib. Əgər İran – Azər­baycan münasibətlərində zaman-zaman gərginliklər qeydə alınıbsa, bu baxımdan Tehran – İrəvan əlaqələrində hansısa dis­komfort yaşanmayıb. Məsələyə bir qədər geniş yanaşsaq, İranın, böyük ölçüdə, nə Rusiya, nə Türkiyə, nə də Gürcüstanla problemi olub. 

Onu da demək lazımdır ki, İranda an­ti-Azərbaycan və anti-Türkiyə qüvvələrin baş qaldırdıqlarını görmüşük. Bu mən­fi meyil rəsmi Tehranın kursuna da təsir edib. Ümumən, İran – Azərbaycan mü­nasibətlərindəki gərginliyin hər zaman Ermənistan fazasının olduğunu da vurğu­lamalıyıq. 

Digər tərəfdən, vaxtilə Ermənista­nın İrana yanaşmasında Rusiya faktoru mühüm rol oynayıb. Yəni, Moskva hara qədər icazə veribsə, İrəvan həmin mə­safəyədək Tehranla işbirliyi qurub. Əslin­də, mövcud reallığı İslam respublikasının rəsmi dairələri də yaxşı biliblər. Sadəcə, durum onlara sərfəli olduğundan, əmək­daşlıq xəttini davam etdiriblər. 

Demək olmaz ki, 2018-ci ildə Qər­bpərəst Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanın Qərbin düşməni kimi qəbul edilən İranla müna­sibətlərində hansısa soyuqlaşma qeydə alınıb. İrəvan rəsmiləri anlayıblar ki, eyni anda həm Azərbaycana, Türkiyəyə və Ru­siyaya, həm də İrana qarşı çıxmaq müm­künsüzdür. Yəni, bu səriştəsizlər və siyasi qısırlar yığını, heç olmasa, bu məsələdə düzgün davranıblar. 

Ermənistan rəhbərliyi İranın, xüsusən, 44 günlük müharibədən sonrakı mövqe­yinə arxalanmaq xətti seçib. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərin icrasından boyun qaçıran rəsmi İrəvan ölkənin ərazi bütöv­lüyü və suverenliyi məntiqini, belə demək mümkünsə, satışa çıxarıb. Obrazlı desək, bu məntiqin ən birinci “alıcısı” məhz İran olub. Beləliklə, rəsmi Tehranın Azərbay­canın “Zəngəzur dəhlizi” (Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yol – red.) ideyasına qarşı çıxmasına dair siyasi klişe yaranıb. 

Ancaq o zaman İrəvan Qərbi Cənubi Qafqaza indiki qədər əzmlə gətirməmiş­di. Paşinyan Naxçıvana yola özünün də imzasının yer aldığı üçtərəfli bəyanatda əksini tapmış təminat məsələsini Ermə­nistanın ərazi bütövlüyünün və suveren­liyinin pozulması kontekstində yanaşmış və mövcud istiqamətdə manipulyasiya­lara əl atmışdı. İslam respublikası isə İran–Ermənistan ənənəvi quru yolunun bağlanmasının yolverilməzliyi üzərində dayanmışdı. Halbuki, sonradan tam ay­dın oldu ki, Azərbaycanın Naxçıvana yolu Ermənistan ərazisinə qəsb deyil. Bakı, sadəcə, həmin yolda sərhəd və gömrük nəzarətinin tətbiqini istəmir. Yəni, “Azər­baycandan Azərbaycana yol” məntiqini əsas götürür. 

O da məlumdur ki, hazırda Ermə­nistan bu məntiqə, başqa sözlə desək, ölkəmizin mövqeyinə Qərbə arxalanaraq qarşı çıxır. Mövcud prosesdə biz Qərbin Cənubi Qafqaza daha çox nüfuz etmək və Rusiyanı bölgədən tamamilə sıxışdırmaq niyyətini görürük. Heç şübhəsiz, durum İranın da diqqət mərkəzindədir və bunu Aştiani ilə Papikyanın Tehran görüşündə səslənmiş fikirlərdən də duymaq müm­kündür. 

Ancaq hələ buna qədər vurğulanmalı bir məqam da var. Söhbət “3+3” regional platformasından gedir. O platforma ki, “region region ölkələri üçündür” prinsipi­ni rəhbər tutur. Ermənistan sözügedən müstəvidə təmsil olunur. Ancaq onun təm­silçiliyi candərdi xarakter daşıyır. Əksinə, İran üçün məsələ son dərəcə aktualdır və kifayət qədər ciddi təminatdır. Cənubi Qafqazın ənənəvi oyunçuları Azərbay­can, Türkiyə və Rusiya Tehranı əmin edirlər ki, “3+3” həm də onun regional maraqlarının nəzərə alınmasıdır. Əlbəttə, bu xüsusda region dövlətlərinin sərhədlə­rinin dəyişməzliyi amili də var ki, bu isə İranın hazırkı mövqeyi ilə səsləşən siyasi tezisdir. 

Bəs Ermənistan hansı xətti götürür? İrəvan əvvəlki kimi, ölkənin ərazi bütövlü­yü və suverenliyi məntiqini satışa çıxarır və görünür, Qərb özünün Cənubi Qafqaz avantürizmi müstəvisində İrandan daha yaxşı alıcıdır. Əgər hazırda Tehran üçün sərhədlərin dəyişməzliyi prinsipi priori­tetdirsə, Ermənistan özünün destruktiv mövqeyi ilə həmin prinsipə, bir növ, zor tətbiq etməklə məşğuldur. Birincisi, ölkə Azərbaycanla şərti sərhəddə təxribatlar törədir, Bakını işğalçı kimi qiymətləndirib silah-sursat alır. İkincisi, sürətli silahlan­manın Azərbaycana qarşı yeni mühari­bəyə başlamaq məqsədini yalnız biz yox, erməni mediasının özü vurğulayır. Belə olan halda, İranın prinsipial xəttində də­yişikliyin formalaşması mütləqdir. Çünki hazırkı durumda Azərbaycana qarşı mü­haribə həm də Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq əzminin göstərici­sidir. Rusiyasız Cənubi Qafqaz məntiqinə gəldikdə, bu, o deməkdir ki, Moskvadan sonra növbə Tehranındır. Şübhəsiz ki, İslam respublikasında məsələnin yaxşı fərqindədirlər. 

Yəqin, bütün bunlara görədir ki, Papik­yanın Tehranda iranlı həmkarı Aştiani ilə görüşü heç də rəvan müstəvidə keçməyib. Regional təhlükəsizliklə bağlı məsələlərin müzakirəsinin aparıldığı görüşdə Aştiani bütün qonşularla əlaqələrin gücləndiril­məsinin İran İslam Respublikasının xarici siyasətinin prinsiplərindən biri olduğunu bildirib. O, mövcud xüsusda Ermənistanla da əlaqələrə böyük əhəmiyyət verildiyini deyib. Müdafiə nazirinin bu fikirləri İranın regionda münasibətlər baxımından paritet yaratmaq istədiyinin göstəricisidir. Qeyd edək ki, indiyədək İran – Ermənistan tə­masları baxımından mövcud ritorika heç də indiki qədər qabarıq olmamışdı. Hesab edirik ki, belə yanaşma ikincinin avan­türizminin birinci tərəfindən qəbul edil­məməsinin təsdiqidir. 

Maraqlıdır ki, Məhəmməd Rza Aştia­ni İranın ərazi bütövlüyü və suverenliyin toxunulmazlığı prinsipinə sadiqliyini ölkə­sinin regionda sülhün bərqərar olmasına dəstəyi kontekstində ifadə edib. Bu, nə deməkdir? Belə düşünmək mümkündür ki, əgər bölgədə sülhü pozmağa yönəl­miş qüvvələr aktivləşəcəksə, sözügedən prinsiplərin Tehran üçün heç bir əhəmiy­yəti qalmayacaq. Həmin qüvvələrin kim olduqları isə hər kəsə yaxşı məlumdur. 

Bəli, İran rəhbərliyi həmin qüvvələrin kimliyini yaxşı dərk edir. Elə məhz buna görə də cənab Aştiani bildirir ki, İslam respublikası Qafqaz regionu ilə bağlı si­yasətinə sadiq qalacaq və Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları dəstəkləyəcək. Birbaşa danışıq təklifini irəli sürən Bakıdır, ondan imtina yolu tu­tan isə İrəvan. O zaman Qərbin Cənubi Qafqazda möhkəmləndirmək məqsədinin olduğunu yenidən vurğulayaq. Aydındır ki, İran məhz bu tendensiyanı regional təhlükəsizlik üçün təhdid kimi görür. Ona görə ölkənin müdafiə naziri deyir ki, regio­nal təhlükəsizlik region ölkələri tərəfindən dəstəklənməlidir və bu siyasətə zidd han­sısa yanaşma heç bir şəkildə qəbuledil­məzdir.

O zaman gəlin, görək S.Papikyan Teh­randa iranlı həmkarı ilə görüşdə nələrdən söz açıb. Yox, elə düşünməyin ki, erməni nazir böyük mətləblərə baş vurub. Onun Aştianinin sadaladığımız fikirlərinin qar­şılığında deyəcək heç bir tutarlı sözü ola bilməz. Fikrimizi erməni mediası da təs­diqləyir. Hiss olunur ki, Papikyan Tehrana getməyinə əməlli-başlı peşman olub. 

Əslində, yazıda vurğuladığımız ay­rı-ayrı məqamlarla İran – Ermənistan münasibətlərindəki hazırkı ziddiyyət tra­yektoriyasının müxtəlif qütblərini diqqətə çatdırdıq. Ancaq bu baxımdan erməni na­zirin dilə gətirdiyi yalnız bircə cümlə (me­diada ancaq bu cümlə yer alıb – red.) hər şeyi deyir: “Bizim üçün hər iki ölkənin regi­onda sabitliyə eyni münasibət bəsləməsi çox vacibdir”.

Bəli, Papikyanın əlavə olaraq Tehran və İrəvan arasında daha sıx ikitərəfli mü­nasibətlərə çağırış səsləndirməsi yalnız və yalnız təfərrüatdır. Çünki İran və Er­mənistan regional təhlükəsizlik və sabitlik məsələlərinə fərqli münasibət bəsləyirlər. Bunu Aştianinin fikirləri də göstərdi, həmin fikirlərə qarşılıq Papikyanın bircə cümləlik münasibəti də. Hiss olunur ki, İrəvan Teh­ranı özünün saxta səmimiyyətinə inandır­maq və qəti şəkildə öz tərəfinə çəkmək niyyətindədir. Tərəf bəllidir. Ən əsası isə Ermənistan tərəfində İrana nəinki yer ol­madığı, ölkəni parçalamaq istəyən qüv­vələrin pusquda dayandıqları da gün kimi aydındır.

Ə.RÜSTƏMOV
XQ

Siyasət