Yüksəlişin nəbzi Qarabağ və Şərqi Zəngəzurda döyünür

post-img

“Böyük Qayıdışa dair I Dövlət Proq­ramı”nın icrası üçün 2022–2026-cı il­lərdə təqibən 32 milyard manat məb­ləğində vəsait tələb olunur. Bundan əvvəl–2021–2023-cü illərdə isə dövlət büdcəsindən bu məqsədə 12,1 mil­yard manat vəsait ayrılıb.

Qeyd edək ki, təkcə 2023-cü ildə iş­ğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və ölkə iqtisadiyya­tına reinteqrasiyası istiqamətində işlər sürətlə davam etdirilib, bu ərazilərdə Azərbaycan Ordusunun, fövqəladə hal­lar, təhlükəsizlik orqanlarının fəaliyyə­tinin təmin edilməsi, ərazilərdə minatə­mizləmə tədbirlərinin təşkil olunması, habelə su, elektrik enerjisi, qaz və istilik təchizatı, həmçinin yol infrastrukturunun qurulması, habelə təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin tikintisi, azad olunmuş ərazilərdə əhalinin mərhələlərlə maliyyələşdirilməsi təmin olunub. Ötən il dövlət büdcəsindən azad edilən ərazilə­rin yenidən qurulması üçün 5 milyard 588 milyon manat vəsait ayrılıb.

Vətən müharibəsindən dərhal sonra düşməndən təmizlənən ərazilərdə aqrar sektor üzrə layihələrin icrasına başlanılıb. Təkcə 2022–2023-cü təsərrüfat ili üzrə 84,4 min hektar sahədə payızlıq taxıl əki­ni aparılıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edil­məsi ilə bağlı bəzi məsələlər haqqında” Prezident İlham Əliyevin 2021-ci il 27 ap­rel tarixli Fərmanının icrası çərçivəsində aqrar sahədə fəaliyyət göstərən subyekt­lərlə Zəngilan rayonunda 2,2 min hektar (o cümlədən 720 hektar örüş), Qubadlı rayonunda 2 min hektar əkin sahəsi üzrə uzunmüddətli (40 il), digər sahələr üzrə isə qısamüddətli (11 ay) icarə müqa­vilələri bağlanılıb. 

2022-2023-ci təsərrüfat ilində icarəyə verilən 68,5 min hektar əkin sahəsi üzrə icarə müqavilələrinin müddəti 2023-ci ilin noyabr ayında başa çatdığı üçün müqavilələrə xitam verilib. 2023–2024-cü təsərrüfat ili üzrə qısamüddətli icarə müqavilələri imzalanıb. Həmin ərazilərin kənd təsərrüfatı potensialının dəqiqləşdi­rilməsi məqsədi ilə faktiki əkin yerlərinin məlumatlar bazasına daxil edilərək xə­ritələnməsi gerçəkləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən işğaldan azad edilən sahələr üzrə Ağ­dam, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Xocalı, Xocavənd, Zəngilan və Tərtər ra­yonlarının müvafiq ərazilərində fəaliyyət göstərən 18 kənd təsərrüfatı məhsul is­tehsalçısına 73,5 min hektarda becərilən əkinlərə və çoxillik əkmələrə görə, dövlət büdcəsinin vəsaiti hesabına 16 milyon 701 min manat məbləğində əkin subsidi­yası verilib.

Bundan başqa, Tərtərin Çaylı və Xo­cavənd rayonunun Məmməddərə kənd­ləri ərazisində salınmış meyvə bağları üçün Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına ümumi dəyəri 2 milyon 75 min manat olan 2 dəst damlama su­varma sistemlərinin alışının, Qubadlı rayonunun Xanlıq kəndi ərazisində 14 dəst pivot suvarma sisteminin alışının maliyyələşdirilməsi məqsədi ilə 999 min manat güzəşt ayrılıb. Eyni zamanda, ümumi dəyəri 525 min manat olan 15 kənd təsərrüfatı texnikasının alışının ma­liyyələşdirilməsi məqsədilə 86 min ma­natlıq kredit və 183 min manatlıq güzəşt reallaşdırılıb.

Görülən işlər sırasında azad edil­miş rayonlarda daşınmaz əmlakın arxiv sənədlərinin rəqəmsallaşdırılma­sı da diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə 165 min daşınmaz əmla­kın arxiv sənədləri rəqəmsallaşdırılıb. Məsələn, Laçın rayonu ərazisində təmir olunan 367 fərdi yaşayış evinin və 144 mənzilin, Zabux kəndində yeni tikilən 223 fərdi yaşayış evinin və Şuşa şəhərində 223 mənzilin texniki pasportu hazırlanıb. Bundan başqa, Cəbrayıl, Qubadlı, Kəlbə­cər, Laçın, Zəngilan, Xocavənd, Ağdam rayonları üzrə arxiv sənədlərinin mövcud tikililərə bağlantısı prosesi həyata keçiri­lib, yaranan uyğunsuzluqlar araşdırılaraq müvafiq rayon icra hakimiyyətləri nü­mayəndələrinin iştirakı ilə dürüstləşdirilib.

İşğaldan azad olunan ərazilərdə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə rayon icra hakimiyyətlərinin, mərkəzi icra hakimiyyətləri və digər döv­lət müəssisə və təşkilatlarının nümayən­dələrinin iştirakı ilə 2023-cü il ərzində “QRGS” üzərindən 968 daşınmaz əmlak (bina va tikili) barədə arxiv məlumatları (sənədləri) rəqəmsallaşdırılıb, həmçinin 1132 bina və tikili ərazilərdə aparılan in­ventarlaşdırma nəticəsində təsbit edilib. Ümumilikdə isə hesabat ilinin sonuna 165 min daşınmaz əmlak (bina və tikili) barədə arxiv məlumatları rəqəmsallaşdı­rılaraq “QRGS”ə daxil edilib.

Azad olunan ərazilərdə su anbar­larının bərpası da diqqətdə saxlanılıb. Vətən müharibəsindən sonrakı müddət­də bu istiqamətdə işlər davam etdirilərək Tərtər rayonunda sututumu 5,86 milyon kubmetr olan Suqovuşan su anbarın­da və 5,2 kilometrlik magistral kanalda, Ağdam rayonunda sututumu 23 milyon kubmetr olan Xaçınçay su anbarında və 7 kilometrlik magistral kanalda tikinti işlə­ri başa çatdırılıb. Bundan başqa, Füzuli rayonunda ümumi sututumu 15,5 milyon kubmetr olan Köndələnçay üzərində 3 su anbarında və uzunluğu 20,2 kilometr, sərfi 20 kubmetr/saniyə olan Tərtərçay Sol Sahil kanalının yenidən qurulması üzrə kanalın 20,17 kilometr hissəsi be­tonla üzlənib, 1066 poqonometr uzunlu­ğunda selötürən kanal tikilərək üzərində “SKADA” sisteminin quraşdırılması işləri tamamlanıb.

Emin BAĞIROV,
iqtisadi şərhçi 

Prezident İlham Əliyevin rəhbər­liyi ilə bu gün işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq layihələri Böyük Qayıdış üzrə strateji çərçivədə həyata keçirilir. Başqa sözlə, keçmiş məcburi köçkünlərin dayanıqlı məs­kunlaşdırılması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında plan­laşdırılan zəruri ilkin şərtlərin yaradıl­ması ilə dəstəklənir, yeni şəhərsalma prinsipləri nəzərə alınmaqla yaşayış və qeyri-yaşayış komplekslərinin in­şası sürətlə reallaşdırılır. Bu proses­də isə, əsasən, “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının gerçəkləşdi­rilməsi önə çəkilir. Bax belə bir əsas­da Qarabağ və Şərqi Zəngəzur müa­sir standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin edilir. Kommunal və sosial xidmət­lər şəbəkəsinin, xüsusilə tullantıların səmərəli idarə edilməsi sisteminin qu­rulması diqqətdə saxlanılır. 

Bir sözlə, bölgədə iqtisadiyya­tın sürətli bərpası və dayanıqlı inki­şafı, o cümlədən rəqabətli istehsal sahələrinin səmərəli fəaliyyəti müasir infrastrukturun qurulması ilə şərtlən­dirilir. Prioritet istiqamətlərdə sahib­karlara geniş çeşidli stimullar verilir, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə prinsipləri geniş tətbiq olunur, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılır. 

Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpaolunan enerji mənbələ­rindən istifadə də diqqət mərkəzində saxlanılır, bu məsələdə “yaşıl enerji zonası” konsepsiyasına xüsusi əhə­miyyət verilir. Elə bunun nəticəsidir ki, Qarabağ və Şərqi Zəngəzurun ümumi məhsul buraxılışında, ixracda və məş­ğulluqda payı davamlı şəkildə artır. Bir sözlə, bu prioritetlər dövlət başçısının müvafiq göstərişləri və “Azərbaycan Respublikasının işğaldan azad edil­miş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində reallaşdırılır. 

Ümumiyyətlə, bərpa-quruculuq la­yihələrinin icrasına başlanan vaxtdan indiyədək birinci və ikinci mərhələlər üzrə bir sıra genişmiqyaslı tədbirlər həyata keçirilib və bu, hazırda da in­tensiv davam etdirilir. Əsas məqsəd isə işğaldan azad olunan ərazilərdə yenidənqurma işlərinin qısa zamanda tamamlanması və soydaşlarımızın öz torpaqlarına geri dönüşü üzrə yüksək səviyyəli həyat tərzinin yaradılmasıdır. Prezident İlham Əliyev bununla bağlı çıxışlarının birində deyib: “Qarşımız­da nəhəng vəzifə var. İnfrastruktur layihələri ilə yanaşı, əsas vəzifə azər­baycanlı məcburi köçkünlərin rahat qayıdışı və məskunlaşmasıdır. Bir mil­yona yaxın azərbaycanlı işğalın qur­banı olub, onların evləri talan edilib və dağıdılıb. Bu gün onların əksəriyyəti hər cür yaşayış şəraiti yaradılan doğ­ma şəhər və kəndlərinə böyük istəklə qayıdır. 

Yeri gəlmişkən, düşməndən təmiz­lənən ərazilərin ümumi planının qısa müddət ərzində hazırlanması Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən gerçəkləşdirilib. Ağdam və bir çox digər şəhər və kəndlərin Baş planlarının hazırlanması artıq başa çatdırılıb, eyni zamanda digər yaşayış məntəqələrinin layihələndirilməsinə başlanılıb. 

Ağdam şəhərinin adı çəkilərkən bir məsələni də xatırlatmaq istərdim. Ar­tıq 3 mindən çox keçmiş məcburi köç­kün ailəsi öz doğma torpaqlarına qayı­dıb. Ümumiyyətlə, 34 min 500 ailədən 16 min ailə Qarabağ iqtisadi rayonuna köçürülməsi planlaşdırılıb. Ağdamda 20 min nəfərin məskunlaşması nəzər­də tutulub. Bu şəhərdən başqa, onun 12 kəndinin, eyni zamanda Füzuli şəhəri və 10 kəndinin bərpa olunaraq 2026-cı ilin sonuna qədər təhvil veril­məsi qərara alınıb.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat