İrəvan–Avropa İttifaqı: xoruzun quyruğu göründü

post-img

Ermənistanın Rusiya ilə körpüləri yandırmaq qərarı ciddiləşir

Ermənistan–Avropa İttifaqı (Aİ) münasibətlərinin mülkidən daha çox hərbi xarakter daşıdığı əvvəlcədən bəlli idi. Fransanın dominantlıq etdiyi bu qitə təşkilatının Ermənistanda yerləşdirdiyi bədnam “mülki missiya”nın nadincliyi barədə dəfələrlə yazmışıq. Faktiki olaraq kəşfiyyat xarakterli missiyanı yerinə yetirən, istefadakı fransız jandermeriyasının və ordudan tərxis olunmuş alman hərbçilərinin təmsil olunduğu bu kontingent birtərəfli qaydada İrəvanı qorumaqla məşğuldur. İki ölkə arasında situasiyanın monitorinqini həyata keçirdiyini bəyan edən bu missiya ermənilərin Azərbaycanla şərti sərhəddə törətdiyi təxribatlara nəinki susur, əksinə, birtərəfli qaydada Bakını günahlandırmağa cəhd göstərir. Yeri gələndə isə faktları təhrif edir, reallığa uyğun olmayan məsuliyyətsiz bəyanatlar səsləndirir. 

Məsələnin maraqlı tərəfi həm də odır ki, Yelisey sarayının diktəsi ilə hərəkət edən mis­siyanın davranışından ermənilərin özləri də məmnun deyil. Onlar bu barədə tənqidlərini açıq şəkildə yazır və dilə gətirirlər. Aİ missi­yasının ünvanına həmin iradlar onun bölgə­də mövcudluğundan qəti narazı Rusiyanın, yaxud İranın mediasında deyil, Ermənistan mətbuatında yayılır. Axı, sadəcə, adı mülki olan bu missiyanın Cənubi Qafqazda peyda olması Bakıdan da çox Moskvada və Tehran­da qıcıq yaradır. 

***

Rusiyanın “Grey Zone” teleqram kanalı Ermənistanın müdafiə naziri Suren Papik­yanın Avropa İttifaqının baş diplomatı Josep Borrelə məktubu ilə bağlı material dərc edib. Həmin məktubda Papikyan Aİ-dən Avropa Sülh Fondu (ASF) vasitəsilə “logistika və hərbi tibb sahəsində” Ermənistana yardım göstərilməsini istəyib. Papikyan yazır ki, bu yardım “Ermənistanın təhlükəsizlik arxitek­turasının şaxələndirilməsində mühüm rol oy­nayacaq” və bu, “regionda mövcud reallıqları nəzərə alaraq, Ermənistan üçün həyati əhə­miyyətə malikdir”. 

Məktubun məzmunundan göründüyü kimi, Ermənistan və Aİ arasında birgə əmək­daşlıq münasibətləri prinsipcə yeni mərhələyə qədəm qoyur. Bu, artıq Aİ-nin ASF vasitəsilə Ukrayna silahlı qüvvələri üçün səxavətlə hə­yata keçirdiyi layihənin Ermənistana “tam­hüquqlu əməkdaşlıq” formasında yardım kampaniyası ola bilər. Papikyanın məktubun­dan bu məntiqi nəticə çıxır. Aydın məsələdir ki, “məktub olayı”nın ortaya çıxarılmasında başqa məqsədlər də var. Yəni, Moskva özün­dən sürətlə uzaqlaşmanın sürətlənməsi kon­tekstində İrəvana göstərmək istəyir ki, onun atdığı və atacağı bir addım belə Rusiya xüsusi xidmət orqanlarının diqqətindən kənarda qal­mır. 

Rəsmi İrəvanın atdığı bu addımın bir sıra məqsədlərdən xəbər verdiyini deyən Qərbi Kaspi Universitetinin professoru, siya­si şərhçi Fikrət Sadıxovun fikrincə, bununla Paşinyan hakimiyyəti elektoratı sakitləşdir­məyə çalışır: “Demək istəyirlər ki, müharibə­də Azərbaycana uduzmağımıza baxmayaraq, biz artıq silahlanmışıq və özünü müdafiə et­məyə qadir dövlətə çevrilmişik. Digər tərəf­dən, demək istəyirlər ki, baxın, bizi dəstək­ləyən qüvvələr az deyil. Bu, həm də region ölkələrinə, o cümlədən Azərbaycana yönəlik ismarıcdır. Amma bu ideyanın nə dərəcədə re­allaşacağını zaman göstərəcək. Çünki Aİ Uk­raynaya yardım göstərmək planında bir sıra problemlərlə üzləşib. Misal üçün, Macarıstan buna etirazını bildirmişdi. Aİ üzvləri yalnız müxtəlif vasitələrlə Budapeşti ram edəndən sonra Kiyevə hərbi kömək edə bildilər”.

Tanınmış politoloq Papikyanın Borrelə məktubunun altında Paşinyanın beynəlxalq müstəvidə hesablanmış siyasi addımının giz­ləndiyini də istisna etmir: “Paşinyan ölkəsinin Rusiyaya çox tellərlə sıx bağlı olduğunu yaxşı başa düşür. İrəvanın atdığı yeni addımlar re­allaşacağı təqdirdə, bu, Kremli ciddi şəkildə narahat edəcək. Bu narahatlıq və narazılığın, hətta, regionda, ilk növbədə, Ermənistan­da hərbi qarşıdurmaya gətirib çıxaracağını istisna etmək olmaz. Belə texnologiyaların ustası sayılan Rusiya tərəfdaşlarına kömək adı altında Ermənistanda olduqca mürəkkəb hərbi-siyasi situasiya yarada bilər. Paşinyan bu cür təhlükəli oyunlara gedəndə, görünür, bu amilləri yaddan çıxarır. Bu, ya onun diplo­mat kimi səriştəsizliyindən, ya da bunu, guya, region ölkələrinə əzələ nümayişi kimi qələmə vermək planından irəli gəlir”. 

***

İndi İrəvan sanki özü üçün nəyin pis, nə­yin isə daha pis olduğunu aydınlaşdırmağa çalışır. S.Papikyanın J.Borrelə, demək olar ki, gizli məktubunu ələ keçirən Moskva bu­nunla hər tərəfə çatacaq uzun qollara malik olduğunu bir daha göstərdi. Bu iki ölkənin münasibətlərində səsi eşidilən “həqiqət saa­tı”nın yaxınlaşdığının sübutu kimi başqa bir faktı da yada sala bilərik. Söhbət Antalyada keçirilən diplomatik forumda erməni həmkarı Ararat Mirzoyanın ona yaxınlaşmasını səbir­lə gözləyən Rusiya Xarici işlər naziri Sergey Lavrovun, bu, baş vermədiyindən Moskvaya qayıtdıqdan dərhal sonra “ələkeçməz” diplo­mata telefon açmasından gedir. Telefon da­nışığının təfsilatı açıqlanmasa da, Lavrovun Mirzoyana Antalyada eşitməkdən qaçdığı nə barədəsə xəbərdarlıq etdiyi şübhə doğurmur.

“Əgər tezliklə erməni mallarının Rusiya ərazisinə girişi qadağan edilsə, buna təəc­cüblənmərəm. İrəvanın anti–Rusiya ritorika­sı üzərində bizim təsir rıçaqlarımız var”. Bu sözləri isə rusiyalı ekspert Yevgeni Mixaylov söyləyib. O, daha sonra erməni xalqına ya­zığı gəldiyini bildirsə də, fəqət İrəvan indiki siyasətini davam etdirərsə, bunun yaxşı heç nəyə gətirib çıxarmayacağına əminliyini ifa­də edib.

Mövzu ilə bağlı “XQ”yə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İrəvanın Moskva ilə artıq “va-bank”a getdiyini dedi: “Baş nazir Nikol Paşinyan, eləcə də hökumətin digər üzvləri açıq şəkildə bildirirlər ki, Ermənistan Kol­lektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurub və bu qurumu tərk etmək barədə ciddi düşünür. Bu fikri Pa­şinyanın özü də açıqlayıb. Bu isə o deməkdir ki, lap yaxınlarda bu məsələ rəsmi şəkildə qaldırılacaq. Artıq İrəvan Moskvaya rəsmi məktubla müraciət edərək, rus sərhədçilərinin “Zvartnos” hava limanından çıxmalarını tələb edib. Yəni, Rusiya ilə aralarındakı körpülərin hamısını yandırmağa başlayıblar. İntəhası, Paşinyan onu da yaxşı anlayır ki, əgər o, Ru­siyadan uzaqlaşırsa, bunun alternativini tap­malıdır. Yaranacaq təhlükəsizlik boşluğunu kimsə doldurmalıdır. Avropa İttifaqına müra­ciətlərin sayı məhz buna görə artıb. Üstəgəl, Ermənistanın bu quruma üzvlüyü ilə bağlı daxildə müzakirələr başlayıb. Bir növ Pa­şinyan məsələlərə kompleks yanaşır. O, başa düşür ki, əgər Rusyadan sürətlə qopacaqsa, həmin sürətlə o boşluğu doldurmalıdır. Əks–təqdirdə Moskva Ermənistanı və Paşinyanın özünü çox ciddi şəkildə cəzalandıra bilər”.

İrəvanın alternativ gücü yalnız Avropada gördüyünü vurğulayan E.Şahinoğlu Avropa İttifaqının Ukraynada necə hərəkət etdiyini də göz önünə almağın vacibliyini önə çəkdi: “Ukrayna az qala Avropanın tərkib hissəsi sa­yılan ölkə olsa da, artıq iki il idi Aİ Kiyevə normal hərbi texnika göndərə bilmirdi. İndiki vəziyyətdə Paşinyana da müxtəlif şirin vədlər verilə bilər. Amma bu, həmin vədlərin yerinə yetiriləcəyi mənasına gəlmir”. 

***

Beləliklə, Ermənistan hökuməti Rusi­ya ilə münasibətləri aşkar şəkildə kəsməyə başlayıb. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bildirib ki, Ermənistan hökuməti Moskva ilə əlaqələri nümayişka­ranə şəkildə kəsir: “Buna səbəb axtarır, bir addımın ardınca digəri gəlir, bu, onların si­yasətinə uyğundur. Düşünürəm ki, məsələ “Zvartnots”la məhdudlaşmayacaq. İndi nə deyirlərsə–desinlər, yavaş-yavaş KTMT-dən çıxmağı həyata keçirirlər. Sonra da Gümrü­dəki 102-ci hərbi bazamızın çıxması məsələ­sini qaldıracaqlar”.

Bununla paralel olaraq, göründüyü kimi, “daşlar ölkəsi”ni cənubdan da sıxmağa başla­yıblar. Həmin Papikyanın iki gün bundan əv­vəl Tehrana səfər erməsi də əbəs deyildi. Eyni vaxtda Qərbyönlü erməni KİV-ində anti-İran isterikasının güclənməsi də təsadüf sayıla bil­məz. Bu barədə özünün Telegram kanalında politoloq Sergey Melkonyan müəyyən fikir­lərini paylaşıb. Onun tezislərinin Moskvanın Ermənistandakı “Verelq” kimi ideoloji rupo­ru tərəfindən dərc edilməsi müəyyən qənaətə gəlməyə əsas verir. Belə tezisləri, bir qayda olaraq, Rusiya əleyhinə təbliğat aparan sayt­lar və ayrı-ayrı şəxslər yayırlar. 

İrəvanın yeritdiyi xarici siyasət xəttinin nəticələrini indidən görmək mümkündür. Ermənistan hakimiyyəti Rusiya ilə körpüləri yandırmaqda davam edərsə, digər tərəfdən, İranla da münasibətləri bilərəkdən pisləş­dirərsə, o zaman yaranan boşluğu dolduracaq yeganə regional güc Türkiyə ola bilər.

Bu barədə fikirlərini “XQ” ilə bölüşən politoloq Fərhad Məmmədovun sözlərinə görə, İran indi “Ermənistandan gözləntilərinə cavab tələb edir: “O cümlədən Azərbaycanla şərti sərhəddə İran missiyasının yerləşdirilmə­si, habelə Tehranın Moskva ilə birlikdə Qərbi Zəngəzurda hərbi bazasını yerləşdirməsi planı var. İran hazırda Hindistan silahlarının çatdı­rılması üçün Ermənistana öz ərazisindən isti­fadə imkanı yaradır və bu xidmətindən rəsmi İrəvanı şantaj etmək üçün yararlanmağa çalı­şır. Bu minvalla Ermənistan tədricən klassik tərəfdaşları arasında qarşıdurmaya sürüklənir və bu qarşıdurma informasiya cəbhəsində də davam edir”.

Münasibətlərin açıq qarşıdurmaya keçi­din zaman məsələsi olduğunu deyən F.Məm­mədov bunun qarşısını ilin əvvəlindən haqqında danışılan daxili siyasi böhran və ya növbədənkənar seçkilərin ala biləcəyinə diqqəti çəkdi: “Rusiya ilə İranın strateji müt­təfiqliyini nəzərə alsaq, Moskva və Tehranın İrəvana eyni vaxtda təzyiq etmək qərarına gəldiklərini ehtimal etmək olar. Ermənis­tan mətbuatında İran əleyhinə kampaniya Paşinyan tərəfindən deyil, ABŞ səfirliyi­nin təşəbbüsü ilə aparılır. Bu kampaniyaya ABŞ-ın Ukraynadakı keçmiş səfiri və infor­masiya resurslarının formalaşdırılması üzrə mütəxəssis rəhbərlik edir”. 

***

Hələlik Paşinyan eyni vaxtda iki, üç, yaxud daha çox stulda oturmağa cəhd edir. Amma görünən odur ki, Ermənistanın Qərb himayədarları artıq bu variantdan heç də razı deyillər. İndi Paşinyana təkcə daxildəki Rusi­yayönlü müxalifət deyil, həm də ofisinin divar­ları arasında daha radikal Qərbyönlü düşərgə dayanıb. Bu arada Tehran səfəri zamanı İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ilə gö­rüşən Ermənistanın müdafiə naziri Suren Pa­pikyan hər iki ölkənin regional sabitlik məsələ­sində oxşar mövqedə olmasının vacibliyindən, təhlükəsizliyə nail olmaq üçün əlaqələri daha da sıxlaşdırmağın əhəmiyyətindən danışıb. Öz növbəsində M.R. Aştiani bütün qonşularla mü­nasibətlərin möhkəmləndirilməsinin İranın xa­rici siyasətinin tərkib hissəsi olduğunu, amma Ermənistanın onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir Tehranın regi­on ölkələrinin ərazi bütövlüyü və suverenliyi­nin dəstəklənməsində qətiyyətli mövqeyini bir daha bəyan edib. 

Cənubi Qafqazın təhlükəsizlik arxitektu­rası regionun özündə formalaşmalıdır. Əks- halda, o, bu gün İrəvanın atdığı yanlış ad­dımların sonucunda fövqəldövlətlər arasında hərbi teatr meydanına çevrilə bilər.

İmran BƏDİRXANLI
XQ









Siyasət