COP29 hazırlığı davam edir

post-img

Martın 7-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ikinci iclası olub.

Azərbaycan Respublikası Prezidenti­nin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezi­dent İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, ilk iclasdan ötən müddət ərzində COP29-a hazırlıq çərçivəsində görülmüş işləri qeyd etdi. Samir Nuriyev dövləti­mizin başçısının sərəncamı ilə Təşkilat Komitəsinin tərkibinin daha da genişlən­dirildiyini, Milli Məclisin deputatlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin təmsilçiliyi ilə inklüzivliyin təmin olundu­ğunu diqqətə çatdırdı. 

Təşkilat Komitəsinin sədri Azərbay­can Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasındakı çıxışında və “Euronews” televiziyasına müsahibəsində COP29 Sədrliyinin gün­dəliyinin əsas istiqamətlərini və çərçivəsi­ni müəyyən etdiyini bildirdi. Samir Nuriyev bu tezislərdə əks olunduğu kimi, xüsusilə neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli yanaş­manın və bu dövlətlərin fəaliyyətlərinin onların ətraf mühit məsələlərinə verdiyi töhfə müqabilində qiymətləndirilməsinin vacibliyini vurğuladı. Təşkilat Komitəsinin sədri bu günlərdə Azərbaycanın 2020-ci il ilə müqayisədə 2030-cu ilədək metan emissiyalarının həcminin 30 faiz azaldıl­ması hədəfini ehtiva edən “Qlobal Metan Vədi”nə qoşulduğunu bildirdi. 

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həm­rəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının artıq təsdiqləndiyini, COP29-un keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlandığını diqqətə çatdıran Təşkilat Komitəsinin sədri hər iki Tədbirlər Planı arasında uzlaşmanın təmin edilməsinin önəmini vurğuladı.

Samir Nuriyev BMT-nin İqlim Dəyiş­mələri üzrə Çərçivə Konvensiyasının Ka­tibliyi ilə aparılan işlərə toxunaraq, ölkəmi­zin hazırlıq səviyyəsinin BMT tərəfindən müsbət qiymətləndirildiyini qeyd etdi.

Təşkilat Komitəsinin sədri COP29-da Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrlik təcrübəsini və digər bey­nəlxalq təşkilatlarda fəal təmsil olunması­nı nəzərə alaraq, ölkəmizin qlobal Cənub və qlobal Şimal arasında körpü rolunu oynamağa qadir olduğunu və COP29-da qlobal həmrəyliyə və konsensusa nail olunması istiqamətində səylər göstərəcə­yini bildirdi. 

Samir Nuriyev, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Azərbaycan və Braziliya arasında COP-la bağlı “Üçlük” mexanizminin yaradılmasının təqdirəla­yiq addım olduğunu bildirdi.

Daha sonra ekologiya və təbii sərvət­lər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxış edərək, ölkəmizin COP29-a sədrliyindən irəli gələn məsələlərin müzakirəsi məqsədilə Türkiyə, Almaniya, BƏƏ və Keniyaya səfərləri, xarici ölkələrin və beynəlxalq təşkilatların iqlim məsələlərinə məsul rəs­mi şəxsləri ilə keçirdiyi görüşlər barədə məlumat verdi. Muxtar Babayev bu mötə­bər tədbirə hazırlıq prosesi çərçivəsində daha çox səfər və görüşün təşkil oluna­cağını qeyd edərək, növbəti səfərin Çinə olacağını diqqətə çatdırdı. 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29-a hazırlıq pro­sesində nəqliyyat məsələlərinin həlli is­tiqamətində atılan addımlar barədə mə­lumat verdi.

Xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev Azər­baycanın COP29 prioritetləri və təşəb­büsləri, müxtəlif tərəf müqabilləri ilə təmaslar barədə danışdı.

COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova təşki­lati-logistika məsələləri və hazırlıq işləri barədə məlumat verdi. 

Milli Məclisin deputatı Nigar Arpada­rai İqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempion kimi öz fəaliyyəti barədə danış­dı.

Deputat Fatma Yıldırım parlament diplomatiyası və iqlim dəyişiklikləri, həm­çinin Azərbaycan Respublikası Milli Məc­lisinin COP29-la bağlı fəaliyyəti barədə məlumat verdi.

Gənc İqlim çempionu Leyla Həsənova bu statusda keçirdiyi görüşlər və apardığı fəaliyyət barədə məlumat verdi. 

Azərbaycan Respublikası Qeyri-Hö­kumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əli­yeva və “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsis­çisi Pərvanə Vəliyeva COP29-da vətən­daş cəmiyyətinin rolu barədə danışaraq, vətəndaş cəmiyyəti nümayəndələrinin də Təşkilat Komitəsinə daxil edilməsinin yüksək qiymətləndirildiyini, milli və bey­nəlxalq QHT-lər, özəl və dövlət sektorları­nın nümayəndələrinin birgə əməkdaşlığı­nın təqdirəlayiq olduğunu bildirdilər. 

İclasın sonunda COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının ic­rası və digər aidiyyəti məsələlər üzrə tap­şırıqlar verildi.

XQ



Son xəbərlər