BƏƏ parlament sədri Milli Məclisdə

post-img

Oktyabrın 30-da ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Milli Məclisə gəlib.

Qonaqlar parlamentin plenar iclas zalı ilə tanış olduqdan sonra Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Saqr Qobaş burada Xatirə kitabını imzalayıb.

Sonra Sahibə Qafarova ilə Saqr Qobaş arasında təkbətək görüş keçirilib. Görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Parlamentin sədri BƏƏ Federal Milli Şurasının sədrinin ölkəmizə ilk rəsmi səfərinin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi, əməkdaşlıq imkanlarının genişlənməsi və parlamentlərarası münasibətlərin dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə dövlətlərarası münasibətlərin dinamik və hərtərəfli inkişafından məmnunluq ifadə olunub. Vurğulanıb ki, tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olan iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Fəal siyasi dialoqun rolu xüsusi vurğulanaraq, ali və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfər və görüşlərin, imzalanan sənədlərin bu prosesdə mühüm əhəmiyyət daşıdığı bildirilib.

Azərbaycana ilk rəsmi səfərindən və Beynəlxalq Parlament Konfransında iştirakından məmnunluğunu bildirən Saqr Qobaş ölkəsinin ikitərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Qonaq səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qanunverici orqanlar arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumuna əsaslanaraq əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.

XQ

Son xəbərlər