Putinə başsağlığı teleqramı: Rıjkovun ölümü və subliminal mesaj

post-img

Paşinyan nə demək istədi?

Ermənistan baş naziri Nikol Pa­şinyan Rusiya Prezidenti Vladimir Putinə SSRİ-nin sonuncudan əvvəlki baş naziri Nikolay Rıjkovun ölümü ilə bağlı teleqram göndərib. Paşinyanın Putinə belə bir başsağlığı mətni ün­vanlaması maraq doğurmaya bilməz. 

Doğrudur, Rıjkov adi biri deyildi. Ölü­münə qədər Rusiya Federasiya Şurasının üzvü və senator olmuşdu. Ancaq 95 yaşlı bu şəxsin hazırkı statusu bir dövlət liderinin başqa dövlətin liderinə başsağlığı verməsi üçün əsas sayıla bilməz. Belə nəticəyə gəlirik ki, Nikolun məqsədi başqadır, o, öz aləmin­də, subliminal mesaj verir. Bu mesajın hansı məqsəd daşıdığından söz açacağıq. Hələlik isə bəzi məqamlara diqqət yetirək. 

İlk növbədə bu suala cavab verək: 1929-cu ildə Ukraynada anadan olmuş Nikolay Rıjkov kim idi? Artıq qeyd etdik ki, o, SS­Rİ-nin sonuncu baş naziri olub. 1985-1991-ci illərdə keçmiş SSRİ Nazirlər Sovetinin Sədri işləyib. Sovet İttifaqı Kommunist Partiyası­nın Baş katibi Mixail Qorbaçovun ən yaxın adamı kimi tanınıb. Qeyd edək ki, əgər Qor­baçovun yarıtmaz idarəçiliyinə görə SSRİ-də millətlərarası münaqişələr yaranmışdısa, baş nazir kimi Rıjkov ölkə iqtisadiyyatının məh­vində həlledici rol oynamışdı.

Paşinyan isə başsağlığı teleqramında xa­tırladıb ki, Rıjkov Ermənistanın Spitak böl­gəsindəki minlərlə insanın ölümünə səbəb olmuş dəhşətli zəlzələnin nəticələrinin ara­dan qaldırılmasında fəal rol oynayıb. Əlbət­tə, demək olmaz ki, artıq dünyasını dəyişmiş dövlət xadimi yalnız buna görə Ermənistanın milli qəhrəmanı adına layiq görülüb. Hər halda, Spitakda zəlzələ 1989-cu ildə olduğu halda, Rıjkova Ermənistanın milli qəhrəmanı adı 2008-ci ildə verilmişdi. Elə isə Nikolun öz teleqramında daha nələrdən söz açdığı­na nəzər salaq. O, Rıjkovun müxtəlif məsul vəzifələrdə çalışarkən, ən çətin anda kömək əlini uzatmış sadiq dost kimi adını erməni xalqının yaddaşına əbədi həkk etdirdiyini vurğulayıb. 

Maraqlıdır, 2019-cu ildə Rusiyanın So­sialist Əməyi Qəhrəmanı adına layiq görül­müş Rıjkov Rusiya Krımı ilhaq etdiyi üçün Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və başqa ölkələrin tətbiq etdiyi sanksiyaya mə­ruz qalanlardan idi. Məlum olduğu kimi, o, kifayət qədər, aydın formada Krımı rus tor­pağı kimi qələmə verən fikirlər səsləndirmiş, təbliğat aparmış və bu, Qərbdə böyük hiddət doğurmuşdu. Əlbəttə, Qərbpərəst Paşinyanın əvvəldə yaşananları düşünməməsi mümkün­süzdür. Ancaq, heç şübhəsiz, onun düşündü­yü fərqli mətləblər var. 

Yəni, məsələ təkcə Rıjkovun Spitak zəl­zələsi kimi çətin durumda ermənilərə göstər­diyi dəstəkdə deyil. SSRİ-nin baş naziri pos­tunu tutmuş bu şəxs, ümumən, belə demək mümkünsə, erməni sevdalısı idi. Nəzərə alaq ki, Sovetlər Birliyinin gözəgörünməz, üzdə olmayan idarəedicilərindən sayılan Rıjkov dövlətdə ən məsul vəzifəni 1985-1991-ci illərdə tutmuşdu. O illərdə ki, erməni avan­türası baş qaldırmış və özünün ekstremizmə söykənmiş işğalçı mahiyyətini ortaya qoy­muşdu. Heç şübhəsiz, SSRİ-nin ikinci şəx­sinin də prosesdə “rolu” olmuşdu. 1990-cı il yanvarın 20-də Bakıya sovet qoşunlarının yeridilməsində də, həmçinin.

Amma daha əvvələ qayıdaq. 1982-ci il­dən SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işləyən ulu öndər Heydər Əliyevi 1985-ci ildə hakimiyyətə yiyələnmiş M.Qor­baçovun gözü götürmürdü. Ulu öndərə qısqanclıqla yanaşanlardan biri də həmin vaxt Nazirlər Sovetinin sədri, yəni baş nazir Rıjkov olmuşdu. Bunu 1982-1987-ci illərdə SSRİ Nazirlər Sovetində şöbə müdiri işləmiş İqor Prostyakov da təsdiqləyib. İ.Prostya­kov bildirib ki, Qorbaçov və Rıjkov Heydər Əliyevi sıxışdırmağa başladılar və onun ca­vabdehlik daşıdığı sosial sahəni stimullaş­dırmaq tədbirlərinin qarşısını aldılar. Keç­miş şöbə müdirinin sözlərinə görə, Əliyevlə Qorbaçov tam fərqli insanlar idilər və ikinci vəziyyəti düzgün qiymətləndirə bilmirdi. Heydər Əliyevin hazırladığı sosial layihələr müzakirəyə çıxarılan zaman dərhal Rıjkovla Qorbaçov bunun əleyhinə çıxırdılar. Bəhanə gətirirdilər ki, guya, həmin layihələrdə elmi əsaslandırma, rəqəmlər yoxdur. Amma, təbii ki, məsələ başqa idi. Hamı başa düşürdü ki, onlar Heydər Əliyevi sıxışdırmaqla məşğul­durlar. Ulu öndər keçmiş SSRİ-dəki hakimiy­yət olimpindən uzaqlaşdırıldıqdan sonra, bu sıxışdırmanın başqa, daha doğrusu, əsl səbəbi meydana çıxdı... 

Bəli, N.Rıjkov erməni avantürasının dəstəkçilərindən olduğundan, Ermənistanda rəğbət qazanmışdı. Bu avantüranın Azər­baycana qarşı yönəldiyi aşkardır. Eləcə də ümummilli lider Heydər Əliyevin illərlə er­məni millətçiliyinin qarşısına sədd çəkdiyi danılmaz həqiqətdir. Ümumən isə Qorbaçov ətrafına ermənipərəstləri yığmışdı. Onun iqti­sadi məsələlər üzrə müşaviri Abel Aqanbek­yan Qarabağ avantürasının “ilhamvericilə­rindən” idi. Görünür, Rıjkovun “xidmətləri” daha böyük mahiyyət daşımışdı və elə bu səbəbdən müstəqil Ermənistanın milli qəhrə­manı adına layiq görülmüşdü. 

Deməli, daşlar öz yerinə oturur. Bu gün Cənubi Qafqazda sülhdən danışdığını bil­dirən Ermənistanın baş naziri Putinə N.Rıj­kovun vəfatı ilə bağlı başsağlığı verirsə, keç­mişin xislətinə söykənir, bu, öz yerində. Bəs, Paşinyanın Putinə subliminal mesajı nədən ibarətdir? Axı əvvəldə də bildirdik ki, onun, yəni Ermənistan liderinin Rusiyanın dövlət başçısına Rıjkovun vəfatı ilə bağlı başsağlığı ünvanlaması təəccüblüdür. 

Beləliklə, Paşinyanın Putinə başsağlığın­da iki motiv var. Birincisi, o, Rusiya Prezi­dentinə dolayısı ilə Ermənistanı darda qoydu­ğunu bildirir. Teleqramdakı “erməni xalqının ən dar günlərində” məntiqi budur. Əlbəttə, Nikol Qərbpərəstdir, obrazlı desək, arxa­landığı dağlar başqadır, əslində, Moskvanın köməyini heç istəmir də. Elə isə Paşinyanın subliminal mesajının ikinci və daha vacib hissəsinə keçid alaq. 

Bəli, erməni baş nazirin teleqramı həm də öz ölkəsinin daxilinə hesablanıb. Yəni 95 yaşlı Rıjkovun dünyasını dəyişməsi, onun üçün fürsətdir. İrəvanın anti-Rusiya ritorika­sını körükləmək fürsəti. Paşinyan Rıjkovun, yəni bilavasitə erməni sevdalısının ölümünə diqqət çəkməklə, hazırda Rusiyada belə amp­luada olan birinin mövcudsuzluğu mesajını verir. Bu mesaj Rıjkovun simasında ermə­nipərəstliyin sonuncu rus mogikanı obrazını yaratmağa hesablanıb. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət