Azərbaycan–Almaniya iqtisadi əməkdaşlığı ölkələrimizin maraqlarına uyğundur

post-img

Martın 1-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu toplantısı və “Yaşıl enerji” Məşvərət Şurası ilə bağlı nazirlərin 2-ci iclası ərəfəsində Almaniyadan ölkəmizə böyük nümayəndə heyəti səfərə gəlib. Bu, həm də ənənəvi enerji konfransına olan yüksək beynəlxalq maraqdan irəli gəlir. 

Qeyd edək ki, Almaniya Federativ Res­publikasının aparıcı şirkətlərinin rəhbərlərin­dən ibarət nümayəndə heyətinə Almaniya–Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Uni­per Global Commodities SE” şirkətinin birin­ci vitse-prezidenti Uve Fip, “Rhenus Group” beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru Heinrix Kerstgens, “VNG” Səhmdar Cəmiyyətinin İdarə Heyəti­nin sədri Ulf Heitmüller, “Rohde & Schwarz” şirkətinin regional satış direktoru Viktoriya Gerasimova və “HHLA International” şirkəti­nin icraçı direktoru Filip Sveens daxildir. 

Fevralın 28-də Prezident İlham Əliyev Al­man İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı al­man iş adamlarının ölkəmizə səfərininin əhə­miyyətindən söhbət açaraq əvvəlki görüşləri məmnunluqla xatırladıb. Bu baxımdan böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmi qeyd olunub. 

Nümayəndə heyəti adından Prezident İlham Əliyevə qəbula görə minnətdarlığını çatdıran Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Ralf Horlemann döv­lətimizin başçısının Münxen səfəri zamanı Almaniya kansleri ilə keçirdiyi görüşlərin onlarda yüksək təəssürat yaratdığını diqqətə çatdırıb. COP29-un keçirildiyi bu ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün yaranmış imkanın sabitlik, iqtisadi inkişaf və əmin-amanlıq baxımından çox önəmli olduğu­nu diqqətə çatdırıb. 

Səfir alman iş adamlarından ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən birinin ölkəmizlə əmək­daşlıqda maraqlı olduqlarını nümayiş etdir­məkdən ibarət olduğunu vurğulayıb. Azər­baycan Prezidentinin inauqurasiya nitqində iqtisadi, o cümlədən enerji sahəsində transfor­masiya məsələlərinin ciddi önəm verməsinin əməkdaşlıq üçün böyük imkanlar yaratdığını xatırladan nümayəndə heyətinin rəhbəri Al­maniya biznes dairələri və şirkətlərinin bu gündəliyə böyük töhfələr verməyə hazır oldu­ğunu deyib.

Almaniya nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlə­rimizdə həmişə mühüm rol oynadığını vurğu­layaraq bu amili əlaqələrimizin yaxşı göstəri­cisi kimi dəyərləndirib. Yeri gəlmişkən, ötən ilin martında Prezident İlham Əliyev Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşün­də əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlər, o cümlədən ölkələrimiz arasında iq­tisadi əməkdaşlıq əlaqələrinin vəziyyəti müza­kirə olunmuşdu. Həmin görüşü məmnunluqla xatırladan dövlətimizin başçısı Azərbaycanın özünü təmin edən ölkə olduğunu qeyd edərək bildirib ki, ölkəmizdə gedən proseslər və hə­yata keçirilən işlər Azərbaycanın normal hə­yatını təmin edir. 

Almaniya nümayəndə heyətinin rəhbə­ri Azərbaycana infrastruktur, sənaye, kənd təsərrüfatı, bank və maliyyə, alternativ enerji və digər sahələrlə məşğul olan 40-dan artıq şirkətin rəhbəri və nümayəndələri ilə gəldik­lərini diqqətə çatdıraraq keçirdikləri səmərəli görüşlərin onda yüksək təəssürat yaratdığını bildirib. O deyib ki, Azərbaycan, həqiqətən, iqtisadi islahatlarla bağlı böyük işlər həyata keçirir. Onun fikrincə, iki ölkə yalnız ənənə­vi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanlara malikdir.

Yeri gəlmişkən, son illər Azərbaycan–Al­maniya iqtisadi-ticarət əlaqələrində dinamik inkişaf müşahidə olunur. Ölkəmiz Almaniya­nın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşı sayılır. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda bu ölkənin Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsin­də Azərbaycanın payı təxminən 65 faiz təşkil edir. Eyni zamanda, Almaniyanın Federal İqti­sadiyyat və İxraca Nəzarət Ofisinin məluma­tına istinadən, Almaniyanı neftlə təmin edən ölkələr sırasında önəmli yerlərdən birini məhz Azərbaycan tutur. 

İki ölkə arasında ən yüksək səviyyədə baş tutan qarşılıqlı səfərlər, eləcə də Azərbaycanın biznes imkanlarının və “Made in Azerbaijan” brendinin təşviq olunması məqsədilə Almani­yada keçirilən biznes forumlar ikitərəfli iqti­sadi-ticari əlaqələrin daha da genişlənməsinə xüsusi töhfə verir və ikitərəfli iqtisadi müna­sibətləri yeni mərhələyə qaldırır. Bununla ya­naşı, Azərbaycanın iqtisadi və turizm potensi­alının Almaniyada təşviq olunması məqsədilə ölkəmiz hər il Almaniyada keçirilən müxtəlif beynəlxalq sərgilərdə milli stendi ilə iştirak edir.

M.YAQUBZADƏ
XQ

İqtisadiyyat