Berlinin Cənubi Qafqazda “sülh buzu”nu əritmək cəhdi

post-img

Almaniyanın regionda fəallaşmasını rəqibləri necə qarşılayacaq?

Bəri başdan qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri və baş nazirlərin müavinlərinin görüşünün yaxın vaxtlarda olacağını Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan demişdi. O, görüşdə ölkələr arasında sülh sazişi layihəsinin müzakirəyə çıxarılma ehtimalından söz açmışdı. Ən önəmlisi isə A.Qriqoryan Ermənistanın Azərbaycandan sülh müqaviləsi ilə bağlı əlavə təkliflər aldığını nəzərə çatdırmışdı. Azərbaycanın yeni təkliflərində bəzi yumşalmaların olduğunu deyən A.Qriqoryan bu yumşalmanın nədən ibarət olduğunu açıqlamamışdı. 

Yeri gəlmişkən, Bakının sülh müqaviləsi ilə bağlı təkliflərində müəyyən yumşalma­nın olduğunu Ermənistanın xarici işlər nazi­ri Ararat Mirzoyan da bildirmişdi. Sonuncu dəfə İrəvan Bakıya sülh müqaviləsi variantını 2024-cü il yanvarın 4-də göndərib. İndiyədək tərəflər bir neçə dəfə, belə demək mümkünsə, fikir mübadiləsi aparıblar. Lakin ortada konk­ret nəticə yoxdur. Nəticə ona görə yoxdur ki, İrəvan müxtəlif təkliflər irəli sürməklə danı­şıqlarda məqsədli dolaşıqlıq yaratmağa çalışır. Əslində, Ermənistan hakimiyyəti status-kvo­nu qorumaq, zaman qazanmaq istəyir. Əgər belədirsə, onda ortaya suallar çıxır: sülh sazişi layihəsində “yumşalma” nəyi nəzərdə tutur? Bəs danışıqlarının yeni raundunun Berlində keçirilməsinə sülh prosesində öz yanaşma­sı və hədəfi olan Moskvanın reaksiyası necə olacaq?

Dünən Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitə­sinin sədri Mixael Harmsın rəhbərlik etdiyi heyəti qəbul edərkən Almaniyanın vasitəçili­yindən ölkəmizin gözləntisini belə ifadə etdi: Fransa alovun üstünə benzin tökür, Almaniya isə neytrallıq göstərir. Biz Berlindən ədalətli yanaşma, Azərbaycandakı maraqlarını sivil qaydada nəzərə almağı gözləyirik.

Milli Məclisin deputatı, Müdafiə, təh­lükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev Cənubi Qafqazda sabitliyin və sülhün bərpası prose­sində növbəti dayanacağın Berlin olacağını dedi: “Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin başçılıq etdiyi nü­mayəndə heyətlərinin təmaslarını Münxendə liderlərin görüşünün məntiqi davamı kimi qiymətləndirə bilərik. Onu vurğulayım ki, görüşün Berlində baş tutması prosesdə Qərb amilinin önə çıxdığını göstərir. Məlumdur ki, Cənubi Qafqaz Rusiya və Qərbin maraqlarının toqquşduğu bölgələrdən biridir. Bu səbəbdən hər iki tərəf prosesdə aparıcı rol almaq istəyir. Hesab edirəm ki, bu 2 ölkə aralarındakı mü­nasibətləri özləri aydınlaşdırsalar, daha yaxşı olar”. 

Deputat bir əsas məqamı da xüsusi olaraq vurğuladı: “Qərb hazırda məyusedici reallıqla üz-üzədir. Onların Ukrayna üzərindən Rusiya­ya qarşı hərbi cəbhə yaratmaq, onu blokadaya almaq cəhdləri uğursuzluğa düçar oldu. Bu­nunla yanaşı, Vaşinqton Moskvaya qarşı yeni cəbhələr açmağa başladı. Bunlar Moldova və Cənubi Qafqazdır. Daha dəqiq desək, Ermə­nistandır. Məhz bu səbəbdən bölgədə sülhün bərqərar olmasında maraq azdır”. 

Sülh sazişinin şərtlərində yumşalmaya gəldikdə isə, Arzu Nağıyev bildirdi ki, Bakı­dan qarşı tərəfə belə bir təklif olmayıb: “Əra­zi bütövlüyümüz, sərhədlərin delimitasiyası və demarkasiyası sülh müqaviləsinin ana prinsipləri olaraq qalır. Məsələyə Moskvanın reaksiyasına gəldikdə isə, əlbəttə ki, Rusi­ya Cənubi Qafqazda təsir gücünü itirməmək üçün münaqişənin birdəfəlik həllində maraqlı deyil. Rəsmi Moskva tərəfləri özündən asılı vəziyyətdə saxlamaqla regiondakı gücü əlin­də cəmləməyə, xüsusilə, Türkiyənin regionda artan təsirini məhdudlaşdırmağa çalışır. Hesab edirəm ki, Rusiya sülhməramlıları Qarabağ­dan çıxdıqdan, bu ölkənin proseslərə təsiri azaldıqdan sonra biz sülh prosesini sürətlən­dirə bilərik”.

* * *

Növbəti görüşün Berlində keçirilməsinə rəsmi Moskvanın necə reaksiya verəcəyi ma­raqlıdır. Çox güman ki, bu, Vaşinqton və Brüs­sel formatlarının Kremldə yaratdığı reaksiya­nın təkrarı olacaq. Bütün hallarda, Avropanın istənilən ölkəsində, o cümlədən Almaniya kimi nəhəng dövlətdə keçirilməsi Moskvanın maraqlarına uyğun deyil. Rusiyada prezident seçkisinin yaxınlaşdığı bir məqamda, eləcə də Ukrayna müharibəsinin dalana dirənməsi Kremlin diqqətini bütünlüklə Cənubi Qafqa­za yönəltməyə imkan vermir. Ehtimal ki, əv­vəllər olduğu kimi, Berlin görüşündən sonra tərəflər növbəti dəfə Moskvaya dəvət olunsun. Ermənistanda tüğyan edən anti-Rusiya əh­val-ruhiyyəsi buna imkan verəcəkmi?

Azərbaycanın sülh müqaviləsi layihəsinə dair mövqeyində dəyişikliyin olmadığına diqqəti çəkən XİN-in mətbuat katibi Ayxan Hacızadə, eyni zamanda, layihənin təfərrüa­tının ictimaiyyətə açıqlanmaması faktının nəzərə alınmasını bildirib.

Yeri gəlmişkən, Berlin danışıqlarına Ağ evin reaksiyası özünü çox gözlətmədi: “Va­şinqton Ermənistan və Azərbaycanı uzunmüd­dətli və sabit sülhə nail olmağa çağırmaqda davam edir”. Bu barədə ABŞ Dövlət Depar­tamentinin sözçüsü Metyu Miller jurnalistin Ermənistan və Azərbaycan xarici işlər nazir­lərinin Berlin görüşündən gözləntilər barədə sualını cavablandırarkən bildirib: “Hazırda bu barədə KİV-ə konkret açıqlamalar verə bilmərəm. Amma biz tərəflərin davamlı və etibarlı sülh razılaşması əldə etmək səylərini dəstəkləməyə davam edirik”.

* * *

Almaniya uzun fasilədən sonra Azərbay­can və Ermənistan xarici işlər nazirlərinə da­nışıqlar üçün platforma təqdim edib. Bu, fak­tiki olaraq Moskva, Vaşinqton və Brüsseldən sonra danışıqlar üçün yeni dialoq müstəvisi­nin yaranması deməkdir. Son 2 ildə Brüssel və Vaşinqton platformaları, ümumiyyətlə, Mosk­va formatını əvəz edib. Tərəflərin xarici işlər nazirləri Vaşinqtonda, liderlər isə əsasən Brüs­sel, Kişineu və Münxendə görüşüblər. Amma təəssüf ki, Qərbin fəal vasitəçiliyi gözlənilən nəticəni verməyib.

Son nəticədə Bakının Qərbin vasitəçili­yinə inam səviyyəsi kəskin şəkildə azalıb, Er­mənistan isə öz növbəsində Moskva formatına etimadsızlığını açıq şəkildə ifadə edir. Bundan başqa, Ermənistan tərəfi Bakının danışıqların neytral ölkənin ərazisində və ya Ermənistanla Azərbaycan sərhədində aparılması təklifinə o qədər də müsbət reaksiya verməyib. Bu da nəticədə birbaşa danışıqlarda uzun fasiləyə səbəb oldu.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov Berlində tərəflər arasında danışıqların davam etdirilməsində ABŞ diplomatiyasının da rol oynadığını vurğulayıb: “Amma, eyni zamanda yeni “alman” formatının yaranması barədə da­nışmaq tez olardı. Bu, daha çox Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almaniya paytaxtında keçirilən görüşünün məhsuldarlıq səviyyəsindən asılı olacaq. Berlin platforma­sı formalaşsa belə, danışıqlar Qərbin birbaşa vasitəçiliyi ilə davam etdiriləcək. Beləliklə, Moskvanın İrəvana siyasi təzyiqləri davam edəcək. Brüsselin regiondakı rolundan narazı olan və Aİ müşahidəçilərinin Ermənistandakı fəaliyyətinin gərginliyi artırdığını bəyan edən Azərbaycanın mövqeyi Rusiyanı tamamilə qane edir.

Bakının tələblərindən biri Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək və bunu Ermənistanın yeni konstitusiyasında təsbit etməkdir. Onu da xatırladaq ki, Almaniya Avropa İttifaqının aparıcı üzv dövlətlərindən biridir. Aİ-nin Ermənistandakı mülki missiya­sının bir hissəsi məhz bu ölkənin kadrlarından formalaşıb. Belə bir vəziyyətdə Azərbaycanın “Berlin platforması”nın formalaşmasında ma­raqlı olub-olmayacağı təbii sual yaranır. Buna baxmayaraq, rəsmi Bakı Berlin görüşü ərəfə­sində Ermənistandan sülhə nail olmaq üçün onun şərtlərini qəbul etməsi tələbini təkrarla­yıb. İrəvan qarşısında qoyulan əsas tələblər­dən biri Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik imtina etmək və bunu Ermənistan konstitusiyasının yeni redaksiyasında təsbit etməkdir”.

Beləliklə, ekspertlərin də gəldiyi pessimist qənaət budur ki, birbaşa danışıqlara başlamaq üçün Ermənistanın qeyd edilən şərti qəbul etməsi ehtimalı o qədər də real deyil. İkiyə parçalanmış dövlətini birləşdirməyi bacarmış Almaniya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının “buz”unu əridə biləcəkmi? Bunu yaxın günlər göstərəcək.

İ.HƏSƏNQALA 
XQ



Siyasət