Yeni tarixi mərhələ: strateji məqsəd və növbəti vəzifələr

post-img

(fəlsəfi-sinergetik təhlil)

II MƏQALƏ

İndi isə yeni dövr başlayır. Biz bu döv­rə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyət­ləri olacaq, mən buna şübhə etmirəm.

Prezident İlham Əliyevin 14 fevral 2024-cü ildə andiçmə mərasimindəki nitqindən

İndiki və gələcək zaman: “ritmlərin qovşağı”nda liderlik nümunəsi 

Prezident İlham Əliyevin andiçmə məra­simindəki nitqində indiki mərhələnin lakonik ifadəsi ilə yanaşı, “gələcəkdən gələn notlar” da vardı. Bir mətndə “zaman ritmlərinin sərhədində” fəaliyyətin konkret vəzifələrini dəqiq və aydın ifadə etmək bəzən heç post­modernist filosoflara nəsib olmur. Çünki nə qədər modernist idrakın sərhədlərini, mayak­larını, sərhəd “nişanlarını” ləğv etsələr də, istər-istəməz onlardan fərqli struktur-funksi­onal idraki sərhədlər çərçivəsində düşünməli olurlar. İnsan üçün, ümumiyyətlə, sərhədsiz düşüncə forması mövcud deyildir. Ona görə də müdrik insanlar deyirlər ki, “deyilən kim tərəfindənsə deyiləndir”. Postmodernist isə öncədən bu “kim tərəfindənsə deyilir” funda­mental qaydanı inkar etməklə sözün və fikrin istiqamətini itirir. 

Azərbaycan Prezidenti bütün bunların fövqündə dayanan və substantiv təhlil apa­ran, real proqnozlar verən, konkret vəzifələr müəyyən edən liderdir. Bu prizmadan baxan­da andiçmə mətninin semantik, qrammatik, funksional, məna və məzmun xüsusiyyətləri­nin bir sinergetik effekt yaratdığını görürük. Mətndə uğurlu liderin dövlətin məsələlərinə böyük Vətən və cəmiyyət sevgisi ilə yanaşdı­ğı açıq duyulur. 

Bununla yanaşı, Prezident zərrə qədər də sentimental hisslərə qapılmır. Vətəninə və cəmiyyətə olan sevgisini XXI əsrin çağı­rışları fonunda real siyasi liderlik məntiqinə transformasiya edir. Bu transformasiya nəzə­ri-konseptual düşüncələrlə praktiki-praqma­tik fəaliyyətin sintezi ilə xarakterizə olunur. Həmin əlamətlər İlham Əliyevin hər situa­siyanı obyektiv və mövcud faktlar əsasında təhlil etməsində, onun nəticəsi olaraq əldə edilən siyasi uğurları dəqiq və şişirtmədən təqdim etməsində və nəhayət, bu sağlam si­yasi-diplomatik təməl əsasında gələcək fəa­liyyətin praqmatik-siyasi fəlsəfəsinin başlıca istiqamətlərini inandırıcı formada təqdim et­məsində ifadə olunmuşdur. 

İlham Əliyevin nitqinin mətnində vurğu­ladığımız aspektdə fərqli xüsusiyyətlərindən biri fikirlərin semantik, məna və məzmun baxımından sinergizm formasında ifadə edil­məsidir. Onlar bir-birini daxili məzmunlarına görə və hədəflənmiş siyasi məqsədə çatmağın optimal yolu aspektində tamamlayırlar. Nü­munə göstərə bilərik. 

Prezident İlham Əliyev nitqinə xalqına verdiyi vədlərlə başlamışdır. Bu, liderin daim xalqı qarşısında məsuliyyət daşıdığını və hər zaman məhz xalqına hesabat verməyə hazır olduğunu ifadə edir. Eyni zamanda, bu baş­lanğıcın arxasında siyasi varisliyə daimi sa­diqlik dayanır. İlham Əliyev həmin məqamı ona görə açıq ifadə etmir və faktiki olaraq “xalqa verilən vədlər” fikrinin daxili mən­tiqinə aid edir ki, Azərbaycan dövlətçilik ənənəsinin müasir mərhələsində ulu öndər Heydər Əliyev siyasi varisliyi xalqa xidmə­tin atributu statusunda məzmunlaşdırmışdır! Yəni siyasi varislik, sözün həqiqi və birba­şa mənasında, xalqa xidmət kontekstində real məzmun kəsb edir. Bunun əsas əlaməti isə siyasi liderin xalqa verdiyi vədlərə əməl etməsi və ona hesabatlı olmaq məsuliyyəti­ni dərk etməsidir. Prezidentin ifadə etdiyi fikrə diqqət yetirək: “İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstə­rir”. Bu, o deməkdir ki, İlham Əliyev birba­şa xalqın dəstəyinə arxalanaraq uğurlar əldə etmiş, dövləti və cəmiyyəti yeni mərhələyə hazırlamışdır. Siyasi kontekstdə burada həm yuxarıda vurğuladığımız məqamlar, həm də liderin ancaq öz xalqına arxalanaraq, fəaliy­yət göstərdiyinin və məhz bu səbəbdən Azər­baycanın uzun illərdir ki, müstəqil siyasət yeridə bildiyinin aktual mənası və məzmunu, potensial liderlik enerjisinin real sinergizmi mövcuddur.

Prezident fikirlərinə davam edərək, əldə olunan başlıca konkret nəticələri vurğulayır. Bura daxili və xarici siyasətdə 20 il müddə­tində qazanılan nailiyyətlər daxildir. Bu bağ­lılıqda Prezidentin “verdiyim vədlər arasında, təbii ki, ilk növbədə ölkəmizin ərazi bütöv­lüyünün bərpası idi” fikrini xüsusi vurğula­ması, fundamental əhəmiyyət daşıyır. Belə ki, bununla İlham Əliyev 20 il müddətində Azərbaycan dövlətçiliyinin inkişafı konteks­tində atılan hər addımın və reallaşan bütün proqramların yekunda milli ideyaya – ərazi bütövlüyünün təmininə hədəfləndiyini bəyan edir. Bu, həm liderin strateji düşüncəsini ifa­də edir, həm də konkret hədəfə fokuslanmış fəaliyyətinin fəlsəfi-sinergetik mahiyyətini açır. Andiçmə nitqindəki bütün digər faktlar məhz bu mərkəzi prinsip üzərində qurulan semantik-linqvistik sistemin müxtəlif fraq­mentləridir! Onlar həm də bütöv halında uğurlu milli liderliyin zaman kontekstində indiki ritmi ilə gələcək ritminin “ortaq sahə­sində formalaşmış siyasi mənalarıdır”. 

“Ritmlərin qovşağında” aparılan bu təh­lildən gələcək liderlik nümunəsinin fəlsə­fi-sinergetik obrazını yaratmaq mümkündür.

Yeni dövrün şərtləri: dövlət quruculuğunun cəmiyyətdaxili sinergizmi

Qoyulan sualın məntiqi çərçivəsində “yeni lider kimdir?” sualı da vardır. Yeni li­derliyin Azərbaycan təcrübəsinə əsasən bir tezis irəli sürə bilərik: yeni dövrün lideri yeni şərtlərin turbulentliyində dövlət və millət üçün uğurlu olan dinamik sabit inkişaf xətti­ni müəyyən edəndir! Yeni şərtlər hər şeydən öncə, liderin meydana çıxan situasiyanı də­rin həssaslıq və strateji zəka ilə əvvəlcədən “duya bilməsi” zərurəti ilə bağlıdır. Öncədən düzgün qiymətləndirmə və proqnozlaşdırma olmadan dövlət və cəmiyyət üçün davam­lı uğurlu fəaliyyət modeli hazırlamaq indi imkansızdır. Çünki bütün dünyada müxtəlif xarakterli proseslər elə sürət və intensivliklə gedir ki, onlar, eyni zamanda, məzmunca də­yişirlər. Belə şərtlər daxilində uzunmüddətli proqnozlar vermək olduqca mürəkkəb və çə­tin məsələdir. 

Deməli, Liderin intiusiyası, siyasi, geosiyasi, diplomatik vizyonu ön sıraya çıxır. Təsadüfi deyildir ki, filosflar və politoloq­lar XXI əsr liderləri üçün ünsiyyət potensi­alını, situasiyanı duymaq qabiliyyətini və bütövlükdə, kommunikabellik keyfiyyətini fəaliyyətin həlledici faktorları sırasında gö­rürlər. Təcrübə də göstərir ki, liderin uğuru rasional-məntiqi təhlildən çox şəxsi keyfiy­yətlərdən asılıdır. Bu bağlılıqda onun siyasi iradəsi, intellektual və əxlaqi fəzilətliliyi, qə­tiyyəti, xarizması və cəsarəti əhəmiyyətli rol oynaya bilir. 

Azərbaycan təcrübəsi də yeni liderliyin bu özəlliklərini sınaqdan keçirmişdir! Ulu öndər keçən əsrin 1994-1995-ci illərində çox ağır şərtlər daxilində dövlət çevrilişinə cəhd edənlərin qarşısına yüksək siyasi iradə, qətiy­yət və cəsarətlə çıxdı. Çıxdı və qalib gəldi! 2003-cü ildə, bütövlükdə, postsovet məkanı, o cümlədən Cənubi Qafqaz üçün olduqca mürəkkəb və ziddiyyətli situasiyada İlham Əliyev dövlətə başçılığı üzərinə götürdü və güclü mübarizə meydanına atıldı! Qarşıya müxtəlif istiqamətlərdən çıxarılan maneələri dəf edərək 20 ildən sonra Qarabağda qalib gəldi. 

Nəzərə almaq lazımdır ki, neft strategiya­sını Gürcüstan və Ukrayna böhranları fonun­da uğurla davam etdirmək üçün də cəsarət lazım idi, Avropa İttifaqı ilə əlaqələri bəra­bərhüquqlu konstruktiv məcraya yönəltmək də qətiyyət və cəsarət tələb edirdi, II Qarabağ savaşında çoxlu düşmənin hamısını bir yerdə məğlub etmək üçün də cəsarətli, qətiyyətli və müdrik olmaq gərəkdi! Bu çətinliklərin ha­mısından Azərbaycan lideri dövrün çağırış­larına sinə gərən yüksək keyfiyyətləri sayə­sində üzüağ və alnıaçıq çıxdı. Buna görə də andiçmə nitqində Prezidentin biz yeni dövrə “alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq” deməyə hərtərəfli haqqı vardır. İlham Əliyev keçən dövrü cəmiyyətdaxili sinergiz­min yüksək səviyyəsi ilə başa vurdu. 

Məsələnin digər vacib aspekti yeni şərt­lərdə liderlik nümunəsinin yaradılması ilə əlaqəlidir. Bu prosesdə artıq ilkin parametrlər özünü göstərməkdədir. Prezidentin andiçmə nitqində bunun nümunələri vardır. Onlardan birinin üzərində dayanaq. 

Bizim ailəmiz Türk dünyasıdır

Yeni liderliyin əsas əlamətlərinə hansı səbəblərdən faktiki olaraq regional və qlobal miqyasların qarşılıqlı əlaqəsi prizmasında geosiyasi kontekstli faktordan başlamağımız səbəbsiz deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, yaxın gələcək üçün qlobal kon­tekst daha çox aparıcı olacaqdır. O cümlədən, liderlikdə dövlətin hansı geosiyasi düşərgədə olmasının prinsipial əhəmiyyəti var. Nümunə üçün deyək ki, Ermənistan kimi kvazidövlət­lər hələ də özlərinə geosiyasi düşərgə axtarır­lar. Rəsmi İrəvan açıq bəyan edir ki, indiyə qədər arxalandığı təhlükəsizlik modeli özünü doğrultmadı, ona görə də yeni dostlar tapma­lıdır. Hələ də onlar üçün “bu dostlar” müəy­yən olunmamışdır. Gürcüstanın da geosiyasi düşərgə seçimində risk faktoru qalır. Ukray­nadakı vəziyyəti hər kəs görür – rəsmi Kiyev faktiki olaraq iki geosiyasi xəttin arasında qalmışdır. Başqa misallar da göstərmək olar. 

Bunlardan çıxa biləcək ümumi nəticə ondan ibarətdir ki, XXI əsrdə dövlətin geo­siyasi mövqe seçimi həlledici ola bilər. Hə­min bağlılıqda Azərbaycan Prezidentinin andiçmə mərasimində söylədiyi nitqində bir məqamı xüsusi vurğulaması çox əhəmiyyət­lidir. İlham Əliyev nitqində bunu belə ifadə etmişdir: “Bu gün dünyada gedən prosesləri hər kəs görür. Dünya, faktiki olaraq, Üçüncü dünya müharibəsinə çox yaxındır. Bəziləri hesab edir ki, artıq bu Üçüncü dünya müha­ribəsi başlamışdır, müxtəlif fərziyyələr ola bilər. Təbii ki, müasir müharibələr əvvəlki müharibələrdən fərqlənir”. 

Deməli, dövlətin təhlükəsizliyi priori­tet olaraq qarşıda durur. Onu təmin etmək üçün mütləq doğru geosiyasi seçim etmək lazımdır. Vurğulanan qlobal şərtlərin işığında Prezident İlham Əliyevin aşağıdakı geosiya­si seçimi dövlətçilik baxımından həyati əhə­miyyətlidir. Dövlət başçısı yüksək tribunadan qətiyyətlə və tam açıq ifadə etmişdir: “...İlk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivə­sində səylərimizi davam etdirəcəyik. Bu, bi­zim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bi­zim ailəmiz Türk dünyasıdır”.

Bu fikrin tarixi, siyasi, geosiyasi, döv­ləti və toplumsal inkişaf aspektlərində geniş təhlil edilməsinə ciddi ehtiyac vardır. Çünki bu məqam birbaşa Azərbaycanın müstəqil dövlətçiliyinin inkişaf etməsi imkanları ilə sıx bağlıdır. Eyni zamanda, “bir millət, iki dövlət” kəlamının geniş və dərin mənalı as­pektləri ilə əlaqəlidir. Azərbaycan müstəqil dövlət quruculuğu prosesini faktiki olaraq yeni mərhələyə yüksəldir. Buna yeni liderlik konsepsiyası ilə gedir. Yeni liderlik yeni li­derin növbəti tarixi mərhələdə malik olacağı keyfiyyətlərlə müəyyən olunacaq. Məsələnin bu tərəfini ayrıca nəzərdən keçirəcəyik. 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət