Qarabağda erməni mədəni irsinin qorunub saxlanılması. Belə bir cəfəng məsələni Ermənistan hakimiyyəti həmişə gündəmə gətirməkdədir. Dünən də bununla bağlı iki informasiya yayılmışdı. İnformasiyalardan biri Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyanın açıqlamasıdır. Digəri məlumat isə Ermənistanın ali patriarxı adlandırılan katolikos II Qareginin Böyük Britaniyaya səfəri xüsusundadır.
Ölkənin həm dini, həm də rəsmi şəxsinin eyni anda eyni məsələdən söz açması, ilk baxışdan, qəribə görünsə də, əslində, təəccüblənməli heç nə yoxdur. Çünki Ermənistanda dövlət və din iç-içədir. Daha doğrusu, ikinci birincinin başına torba keçirib istədiyi səmtə sürükləməkdədir. Tarix boyu da belə olub, indi də vəziyyət dəyişməyib.
Bəli, Ermənistanda kilsənin dövlət siyasətinin müəyyənləşməsində mühüm rol oynadığını sübuta yetirmək üçün çoxsaylı misallar var. Hesab edirik ki, Kostanyanın və II Qareginin Qarabağın erməni mirasından söz açmaları da bu gerçəyin təsdiqi baxımından vacibdir. Ancaq məsələyə sırf buna görə diqqət yetirmirik. Yəni, yayılmış iki informasiyaya həm də onların məzmunundakı məqamlar səbəbindən nəzər salacağıq.
Ancaq ilk növbədə, onu bildirək ki, deyəsən, baş nazir Nikol Paşinyan iqtidarının II Qareginlə artıq ölkənin kluarlarını aşdığı bildirilən mübarizəsindən əsər-əlamət qalmayıb. Bir vaxtlar Nikolun tərəfdarları sosial çəbəkələrdə katolikosun ictimai davranmış qaydalarına zidd hərəkətlərindən, tərbiyəsizliklərindən, əxlaqsızlıqlarından, cinsi orientasiya pozğunluğundan söz açırdılar. İndi belə bir ritorikaya son qoyulub. Görünür, erməni iqtidarı keçmişə qayıtmağa üstünlük verir, fəaliyyətini “ənənəvi” stereotiplərə uyğun şəkildə qurur.
Keçmişə qayıtmaqdan söz düşmüşkən, Ermənistan İnzibati Məhkəməsi bu günlərdə Paşinyan hakimiyyətə gələndən sonra ölkəyə girişinə məhdudiyyət qoyulmuş iki erməni üzərindəki qadağanı aradan qaldırıb. Bu isə o deməkdir ki, erməni iqtidarı köhnəliyin lobbi və diaspor qalığından da faydalanmaq yolu tutmaqdadır. Görünür, katolikosdan II Qareginin timsalında din adına rüsvayçılıqdan da həmçinin.
Əlqərəz, V.Kostanyan jurnalistlərə açıqlamasında bildirib ki, Qarabağda erməni mədəni irsinin qorunub saxlanılması həmişə Ermənistan Xarici İşlər Nazirliyinin gündəliyindədir. Bu, heç şübhəsiz, sıradan məsələ sayılmamalıdır. Ona görə ki, rəsmi İrəvan hazırda dövlət səviyyəsində sadiq qaldığı qəsbkarlıq siyasətinin motivini dəyişib. Belə demək mümkünsə, abidəbazlığa keçib. Ölkə rəsmiləri, az qala, bütün beynəlxalq platformalarda hay-şivən qaldıraraq bildirirlər ki, Azərbaycan, guya, Qarabağda və işğaldan azad olunmuş (onlar qəsb olunmuş kimi qiymətləndirirlər – red.) digər ərazilərdə erməni mirasına təcavüz yolu tutmaqdadır. Lokal xarakterli antiterror tədbirlərinə qədər Ermənistan hakimiyyətinin hədəfi işğaldan azad edilmiş digər bölgələrimiz idisə, Azərbaycanın suverenliyinin tam bərpasından sonra Paşinyan və komandası birbaşa Qarabağa yüklənib.
Ermənistan beynəlxalq məhkəmələrdə Azərbaycan ərazisindəki müxtəlif abidələrin ermənilərə məxsusluğunun təsdiqlənməsi iddiasını qaldırır. Təsəvvür edin ki, torpaq ölkəmizindir, İrəvan istəyir ki, onun üzərindəki tikili erməni abidəsi kimi təsdiqlənsin. Bu, adi bir məsələ deyil. Ermənistan perspektiv üçün “planlar” qurur. Bir halda ki, abidə Ermənistana məxsusdur, o zaman gələcəkdə onun üzərində dayandığı torpağın da erməni ərazisi olduğunu bildirmək mümkündür. Hər halda, bu, xəstə erməni təfəkkürünün məhsuludur. Bu zay təfəkkür, eyni zamanda, məsələni revanşist ideyaları gerçəkləşdirmək, həmin ideyalara hüquqi don geyindirmək üçün gündəmdə saxlayır. Hesab edilir ki, Ermənistan nə zamansa güclənəcək, itirilmiş əraziləri geri qaytaracaq və o zaman hazırkı məsələ işğalın hüquqi baxımdan əsaslandırılmasında vasitəyə çevriləcək. Məsələn, deyiləcək ki, abidə ermənilərə aiddirsə, deməli, torpaq da onların olmalıdır.
Bəli, indi Qarabağdakı erməni mirası ilə bağlı beynəlxalq miqyaslı sərsəmləmələrin də məqsədi budur. Deməli, Ermənistan Azərbaycana qarşı işğalçılıq planlarından əl çəkmir. Yəni, indiki halda, ölkə mənəvi məsələləri də özünün avantürist siyasəti naminə alətə çevirməkdədir. Diqqət yetirək, Kostyanyan nə deyir: “Qarabağın mədəni irsinin qorunub saxlanması məsələsi həmişə gündəmimizdədir və bu məsələ həm UNESCO-nun icra orqanında, həm də digər aidiyyatı idarələrdə qaldırılır. Yadınızdadırsa, 2020-ci ilin dekabrında UNESCO-nun İcraiyyə Şurası qərar vermişdi ki, ümumi vəziyyəti və mədəni irs abidələrinin durumunu yerində izləmək üçün Qarabağa faktaraşdırıcı missiya göndərilməlidir”.
***
Ermənistan hakimiyyəti necədirsə, katolikos II Qaregin də elədir. Hətta bir qədər də həyasızdır. Belə ki, o, Böyük Britaniya və İrlandiya Erməni Kilsəsinin yeparxiyasına patriarxal səfəri çərçivəsində Anqlikan Kilsəsinin rəhbəri, Kenterberi arxiyepiskopu Castin Uelbi ilə görüşündə Qarabağdan “məcburi köçkün düşmüş ermənilərin üzləşdiyi problemlər ilə yanaşı, “Qarabağdakı erməni mədəni irsinin qorunub saxlanması məsələlərinə” toxunub. Əlbəttə, mövcud xüsusda özünün anti-Azərbaycan baxışlarını işə salmağı da yaddan çıxarmayıb.
Belə nəticəyə gəlmək mümkündür ki, hazırda erməni kilsəsinin əlində oyuncağa çevrilmək kimi durumla üzləşmiş Ermənistan hakimiyyəti Azərbaycana münasibətdə konstruktiv davrana bilmir. Həm də ona görə ki, erməni avantürizminin mənbəyi elə kilsədir. Əlbəttə, hazırda, belə demək mümkünsə, alətə çevrilməyin ən müxtəlif təzahür formaları var ki, bunlardan biri də həm Qarabağdakı abidələrə iddia etməkdir, həm də onların, guya, dağıldıldığı barədə Azərbaycan əleyhinə mənfi rəy formalaşdırmaqdır.
Əslində, Ermənistan iqtidarı hazırkı davranışları ilə ölkənin illərlə işğal altında saxladığı Azərbaycan ərazilərindəki məscidlərə, tikililərə, qəbirstanlıqlara qarşı vandal münasibətini Azərbaycanın adına çıxmaqdan başqa bir şey eləmir. Məscidlərə donuz bağlayan Kostanyanın və II Qareginin yerliləridir. Azərbaycanlılar heç bir dini əhəmiyyət daşıyan abidəyə təhqiramiz yanaşmayıblar. Paytaxt İrəvanda və ölkənin müxtəlif bölgələrində türk mədəni mirasını yer üzündən silən Ermənistandır. Azərbaycanın paytaxtında isə erməni kilsəsi qorunub saxlanılmaqdadır. Mövcud xüsusda başqa faktları da vurğulamaq mümkündür. Erməni vandallığını əks etdirən ən müxtəlif məsələləri yada salmaq da həmçinin. Üstəlik, bir vacib məqam da var ki, Ermənistan və ermənilər Azərbaycan və türklərlə bağlı hər şeyi öz adlarına çıxdıqları kimi, qədim alban dini və mədəni mirasını, o cümlədən, xristian dini abidələrini də öz adlarını çıxmaqdadırlar. Tarix boyu da belə olub, indi də belədir və fikrimizi təsdiqləyən faktlar yetərincədir.
Ə.RÜSTƏMOV
XQ