“The American Conservative”: Amerikalıların 73 faizi Baydenin siyasətindən narazıdır
ABŞ-da prezident seçkilərinə 8 aydan artıq vaxt qalmasına baxmayaraq, ölkədə demokratların namizədi və hazırda prezident kürsüsündə olan Co Baydenlə respublikaçıların namizədi, eks-prezident Donald Tramp arasında mübarizə gündən-günə kəskinləşməkdədir. Ağ Evin hazırkı sahibinin xarici siyasət sahəsində atdığı bir neçə uğursuz addım və fiziki durumu demokratların namizədinin nüfuzuna, eyni zamanda, yenidən prezident seçilmək şanslarına çox ciddi təsir göstərir.
Bu, ilk növbədə, ABŞ-ın dünya siyasətində tədricən əvvəlki mövqelərini itirməsində, Vaşinqtonun uğursuz Yaxın Şərq siyasətində və son günlər Texas ştatında baş verən hadisələrdə Prezident Baydenin qətiyyətsizliyində özünü aydın büruzə verir.
ABŞ-da gündəmdə olan prezident seçkilərinə də məhz bu hadisələrin fonunda qiymət verilir və təhlillər aparılır.
Məsələn, ekspertlər hesab edirlər ki, Texas və Ağ ev hakimiyyətləri arasında münaqişə ABŞ-da seçki kampaniyasının nəticələrinə həlledici təsir göstərəcək. Xatırladaq ki, Co Baydenin federal hökumətin ölkənin cənub sərhədlərinə nəzarəti gücləndirməyə hazır olduğunu bəyan etməsinə baxmayaraq, Texas ştatının qubernatoru Qreq Ebbot qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhədi qorumağın ştatın konstitutsion hüququ olduğu fikrindən dönmür. Hətta ölkənin Ali Məhkəməsi federal hakimiyyətə texaslıların sərhədi qorumaq üçün çəkdikləri tikanlı məftildən olan hasarı aradan qaldırmaq hüququ barədə hökm çıxarsa belə, Texas buna imkan yeri qoymur.
Bu və digər hadisələrin gedişatının təhlilini aparan “The American Conservative” qəzeti özünün “Tramp qələbə çalacaq” məqaləsində keçirdiyi rəy sorğusunun nəticələrinə istinad edərək yazır: “Amerikalıların 73 faizi Baydenin hazırki siyasəti ilə razı deyil”. Məqalənin müəllifi Piter van Buren elə ilk cümləsində sual verir: “Axı kim, əsl həqiqətdə “bizdə hər şey qaydasındadır” deyən Co Baydenə və onun liberal KİV-dəki sadiq köpəklərinə inanır? Onlar hansı kiçicik faiz amerikalıların adından bunu deyirlər?”
Müəllif daha sonra yazır: “Qaranlıq Amerikanı bürüyür. İctimai rəy sorğularında iştirak edənlərin, təxminən, 73 faizi Birləşmiş Ştatların yanlış yolla getdiyini deyir. Bu, amerikalılara bu sualın ilk dəfə verildiyi 1989-cu ildən bəri ən yüksək rəqəmdir. Digər sorğuların nəticələrinə görə, vətəndaşların ölkənin inkişaf istiqamətindən məmnunluğunda davamlı azalma tendensiyası müşahidə olunur: 1999-cu ildəki 71 faizlik zirvədən bu gün sadəcə 22 faizə qədər eniş qeydə alınıb. Baydeni bəyənənlərin 39 faizlik göstəricisi, ABŞ-da buna qədər ikinci müddətə namizəd olan hər hansı prezidentin seçkidən bir il əvvəl müşahidə olunan ən aşağı rəqəmdir. İnflyasiya 8,9 faizə çatıb. Gəlirin artımı ilə müqayisədə kirayə və yemək xərcləri də iki-üç dəfə artıb.
Həqiqət lənətlə üzləşir. İntellektual dəstələr Conu dəstəkləmək üçün müxtəlif izahlar fikirləşir və irəli çıxıb deyilər ki, ucqarlarda olan "küt" amerikalılar niyə "Baydenomikanın" bütün şöhrətini və nailiyyətlərini görmür?”
Politoloqlar və iqtisadçı ekspertlər qeyd edirlər ki, “ölkədə inflyasiya səviyyəsi bir qədər azalsa da, ərzaq və nəqliyyat xərcləri hələ də COVID pandemiyasından əvvəlkindən daha yüksəkdir. Conun problemi ondadır ki, bunlar anlaşılan problemlər deyil, real, konkret ev təsərrüfatını əhatə edən fəlakətlərdir. Biz belə bir nəticə ilə üz-üzəyik: iqtisadi vəziyyət bizim zəngin sahillərimizdən ən qısa məsafədə yaşayan amerikalıların belə əksəriyyəti üçün həqiqətən də pis ola bilər...
Məhz bu insanlar ya Trampa səs verəcəklər, ya da seçki günü evdə qalacaqlar. Amma çətin ki, onlar Baydenin iqtisadiyyatdakı "rekordlarına" səs versinlər. İnsanlar yaxşı bilirlər ki, nə vaxt həm övladlarını yedizdirə, həm də eyni vaxtda kirayə haqqını ödəyə biləcəklər, nə vaxt bunlara imkanları olmayacaq”.
Demokrat Qrover Klivlendin belə bir mühitdə qalib gəldiyi 1892-ci il prezident seçkisindən sonra ilk dəfədir ki, Birləşmiş Ştatalarda seçicilər təkrar Ağ evdəki son təcrübələrinə əsaslanan iki namizədin seçimi ilə üzləşirlər. Biri maaşların inflyasiyadan daha sürətlə artdığı, birjanın güclü, ipoteka faizlərinin əlverişli olduğu bir vaxtda prezident idi, digəri isə yox. Amma Trampın ədalətli seçkilərdə qələbəsi təkcə dollardan və sağlam düşüncədən asılı deyil. Trampın Amerikanı tanıması və dərk etməsi ona 2016-cı ildə “qələbəyə doğru getməyə” və 2020-ci ildə, demək olar ki, belə bir qələbəni əldə etməyə kömək etdi.
Politoloqlar deyir ki, Trampın bugünkü şüarları ilk dəfə bəyan etdiyi vaxtda olduğundan daha doğru ola bilər. Sorğular göstərir ki, artıq gənclərin əksəriyyəti heç vaxt valideynlərinin qazandıqları qədər pul qazanacaqlarını gözləmir. Digər tərəfdən, ümidsizlikdən ölüm nisbəti artmaqda davam edir. İnsanlar iqtisadiyyatın nə vaxt inkişaf etdiyini və nə vaxt geri getdiyini yaxşı hiss edirlər.
Piter van Buren yazır ki, “Trampın dövründə miqrasiya siyasəti sadə və amerikalıların əksəriyyətinin düşüncəsinə uyğun idi: “Bizə bu mühacirlər bəs edər”. Trampın dediyi kimi: "Sərhədsiz ölkə – heç də ölkə deyil. Bizim divarımız olmalıdır. Qanunun aliliyi mühüm əhəmiyyət kəsb edir!" Buna baxmayaraq, Bayden miqrasiyanın azaldılması ideyasını irqçilik adlandırdı və bu da indi miqrantlara qarşı qala-şəhərlər yaratmağa gətirib çıxarıb. Yəni, bəlkə biz, həqiqətən, bu mühacirlərdən doya bilmirik?”
Baydenin miqrasiya siyasətini bəlkə də alqışlamaq lazımdır, çünki bu siyasət onun miqrasiya siyasəti ilə Trampın siyasəti arasındakı kəskin kontrastı açıq-aşkar nümayiş etdirdi. Bu da amerikalıların əksəriyyətində haqlı olaraq belə bir fikir yaratdı ki, miqrantlar onların iş yerlərinə və təhlükəsizliyinə təhdiddirlər. Onlar haqlı olaraq düşünürlər ki, ABŞ ordu hissələri İraq, Suriya və s. bu kimi yerlərdən çıxarılıb geri gətirilməlidir. Onlar deyirlər ki, Hanter və Co Bayden ABŞ-ın siyasi təsir imkanlarını Ukraynaya və Çinə satıblar. Hətta “dərin dövlət”in mövcudluğuna belə şübhə etmirlər. Onlar təhsil istəyirlər, lakin tələbə kreditlərini ödəməyənlər üçün kollecin pulsuz olmasını istəmirlər. Onlar görürlər ki, sosial təminat insanları işləməməyə sövq edir, işləyənlər üçünsə sosial təminat nəzərdə tutulmur. Onlar silah sahibi olmaq istəyirlər. Trampın əsas elektoral bazası olmalarına baxmayaraq, onlar tək də deyillər. Son bir il ərzində ali təhsilli respublikaçılar arasında Trampın dəstəyi iki dəfə artaraq 60 faizə çatıb.
Bu gün ABŞ-da satılmış liberal KİV-dən kənarda heç kim “demokratiyanın sonu” iddialarına inanmır. Ən sadə əks-arqument budur ki, Tramp demokratik sistemə inanmırsa, o zaman niyə onun qaydalarına əməl edir və ona uyğun kampaniya aparır? Məgər potensial diktator özünü daha diktatorsayağı aparmazdımı?
Van Buren, həmçinin yazır ki, “əgər Tramp diktator olmaq istəsəydi, onun öz avtoritar idarəçiliyini bərqərar etmək üçün 4 ili var idi. Ancaq o, bunu etmədi. Məntiqli və ciddi düşünməyə hazır olan hər kəs bunu başa düşür. Nə olursa-olsun, qanundan istifadə edərək rəqibi həbs etmək və ya seçki bülletenindən çıxarmaq daha qeyri-demokratik görünür. İkiüzlülük ətrafında seçki strategiyası qurmaq iyrənc bir şeydir”.
Van Buren sonda yazır: “Trampın seçiciləri öz Amerikalarını axtarırlar və onlar qorxurlar ki, gələcəkdə onların Amerikası bugünki Braziliyaya oxşaya bilər”. Onların əleyhdarları Seçicilər Kollegiyasını, radio-şouları, seçicilərin məlumatsızlığını və ya Putini günahlandırırlar. Beləliklə, Trampın 2016-cı il və ehtimal ki, 2024-cü il qələbəsi bu qədər izaholunmazdırmı?”
Bütün bunlarla yanaşı, mətbuata sızan məlumatlardan aydın olur ki, Trampın reytinqinin sürətlə qalxması fonunda Co Baydenin öz postunu qoruyub saxlaması reallıqdan çox uzaqdır. “Bloomberg” agentliyinin son günlər yaydığı məlumatda bildirilir ki, artıq Demokratik Partiyanın bəzi üzvləri, hər şeydən əvvəl noyabrda 81 yaşı tamam olacaq Prezident Baydenin səhhətindən çox narahatdırlar. Bu narahatlıq təsadüfi deyil. Dünən Bayden fevralin 3-də növbəti praymerizin keçiriləcəyi Cənubi Karolinaya səfər edib. “Reuters” agentliyi bildirir ki, kilsədə ziyarətdən sonra çıxış edən Bayden tribunadan düşərək qovluğu köməkçisinə verib və bundan sonra bir müddət nə edəcəyini, hara gedəcəyini unudaraq çaşqın vəziyyətdə qalıb. Bundan əlavə, Demokratlar Partiyasının Ağ ev adminstrasiyasının HƏMAS–İsrail münaqişəsinə münasibətdə tutduğu mövqeyə görə seçici səslərini sürətlə itirməsi də elektoratın ciddi narahatlığına səbəb olur.
Agentliyin müxbirinin söhbət etdiyi ABŞ Konqresinin demokrat təmsilçilər Baydeni bu seçkilərin autsayderi adlandırıblar. Hətta bəzi demokrat konqresmenlər hazırda praymerizlərdə iştirak edən eks-prezident Trampın prezident vəzifələrinin öhdəsindən daha uğurla gələ biləcəyini belə gizlətməyiblər.
Hazırladı:
İlqar RÜSTƏMOV
XQ