Paşinyan, Aİİ və “Dünyanın kəsişməsi”

post-img

İrəvanın anti–Rusiya ritorikasını Avrasiya İqtisadi İttifaqına daşımaq cəhdləri

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyanın hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqına (Aİİ) rotasiya qaydasındakı sədrliyi öz üzərinə gö­türməsi ilə əlaqədar olaraq quruma üzv dövlətlərin başçılarına müraciət ün­vanlayıb. Əlbəttə, o, müraciətini həm də təşkilatın fəaliyyətdə olan sədri statusunda edib. 

Bəli, Ermənistan bir il müddətinə Aİİ-yə sədrliyi həyata keçirəcək. Əslində, Rusiya ilə artan ziddiyyətləri fonunda İrə­vanın Moskvanın egidası altında olan qu­ruma rəhbərliyi bir yana, həmin qurumun üzvü kimi fəaliyyətinin davamına razılıq verməsi maraq doğurmaqdadır. Axı, baş nazir Nikol Paşinyan administrasiyası Ru­siyanın hakim rol oynadığı Kollektiv Təh­lükəsizlik Müqaviləsi Təşkilatı ilə yollarını, faktiki olaraq, ayırmış durumdadır. Ona görə də Ermənistan parlamentinin spikeri Alen Simonyanın ötən ilin noyabrında Aİİ müstəvisində pozitiv mesajlar verməsi, istər-istəməz, təəccüb doğurmuşdu. An­caq elə o zaman da məlum idi ki, bu me­sajlar heç də elə-belədən səslənmir.

Qeyd edək ki, hazırda Paşinyan və komandası, demək olar, əllərinə düşən hər fürsətdə KTMT-nin fəaliyyətini heçə endirməkdə, onu əhəmiyyətsiz təsisat qismində göstərməkdədirlər. Bu tenden­siyasının əsası 2022-ci ildə qoyulmuşdu. Həmin il Ermənistan rotasiya qaydasın­da təşkilata sədrliyi həyata keçirdi. Və KTMT-nin 2022-ci ilin noyabrında İrəvan­da gerçəkləşmiş sammiti sədrliyin isterik anlarına şahidlik baxımından yadda qaldı.

Baş nazir N.Paşinyan sammitdəki çıxışda KTMT-ni Ermənistanın anti-Azər­baycan ritorikasının alətinə çevirməyə ça­lışdı. O, qurumun 2022-ci ilin sentyabrında Azərbaycan–Ermənistan sərhədində ya­şanmış gərginliyə siyasi qiymət verməsinə cəhd göstərdi. 

Nikol Rusiya Prezidenti Vladimir Puti­nin də qatıldığı toplantıda son dərəcə hə­yasızcasına istədi ki, KTMT Azərbaycanı işğalçı kimi göstərən yekun qərar çıxarsın. Ancaq niyyəti reallaşmadı. Üstəlik, Bela­rus Prezidenti Aleksandr Lukaşenko və Qazaxıstanın dövlət başçısı Kasım-Jo­mart Tokayev Paşinyanın bu isteriyasına özlərinə xas üslubda cavab verdilər. Qa­zaxıstan lideri Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşmədiyini bildirərək, hazırkı durumun KTMT-nin ona qarışma səlahiyyətindən uzaqlığını əsaslandırdı. Lukaşenko isə daha sərt şəkildə dillənərək erməni baş nazirini sammitə toplaşanları uşaq yerinə qoymamağa çağırdı. Yəni, bu o demək idi ki, rəsmi İrəvanın KTMT plat­formasında oynamaq istədiyi oyun məna­sızdır. 

***

Bəli, hazırda N.Paşinyanın Aİİ-yə üzv dövlətlərin başçılarına müraciəti də KTMT müstəvisindəki mənasızlığın transfer cəh­dinin ilk siqnalıdır. Tam aydın olur ki, rəsmi İrəvan bu qurumu özünün avantürist niy­yətlərində, bir növ, plasdarm kimi istifadəni düşünür, eynilə KTMT xüsusundakı xəttin davamını rəhbər seçir. Deməli, Ermənis­tan Aİİ-yə sədrlikdən də Rusiyanı və onun hakim rol oynadığı təşkilatı nüfuzdan sal­maq naminə bəhrələnəcək. Buna qətiyyən şübhə yoxdur. Elə Paşinyanın müraciətin­də üzərində dayandığı başlıca məsələ də belə fikir yürütməyə əsas verməkdədir.

***

Ermənistanın baş naziri Aİİ ilə bağlı başlıca perspektiv fəaliyyət istiqamətlə­rini açıqladığı müraciətində “Dünyanın kəsişməsi” ideyasını ortaya atır. O ideya ki, erməni avantürizminin müasir konsep­tini təşkil edir. Məlum olduğu kimi, rəsmi İrəvanın “Dünyanın kəsişməsi”, “Dünya kəsişməsi” və ya “Sülhün yol kəsişməsi” kimi təqdim etdiyi bu layihə Azərbaycanın “Zəngəzur dəhlizi” ideyasına qarşıdır. 

“Zəngəzur dəhlizi”nin məğzini ölkəmi­zin digər ərazilərinin Naxçıvanla birləşdi­rilməsi təşkil edir. Nəzərə alaq ki, məsələ Azərbaycan, Rusiya və Ermənistan lider­lərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından irəli gəlməkdədir. Ermənis­tanın 44 günlük müharibədəki məğlubiy­yətinin, kapitulyasiyasının nəticəsi ola­raq meydana çıxmış üçtərəfli bəyanatın doqquzuncu bəndində çox aydın şəkildə vurğulanıb ki, İrəvan Naxçıvana yol üçün təminat verməli, həmin yoldakı təhlükə­sizliyi isə Rusiya Federal Təhlükəsizlik Xidməti qorumalıdır. Ermənistan üçün hazırda bu müddəa yoxmuş kimidir. 

Azərbaycanın mövqeyi budur ki, Nax­çıvana yol “Azərbaycandan Azərbaycana yol” məntiqinə əsaslanmalıdır. Yəni, hə­min yolda sərhəd və gömrük nəzarəti ol­mamalıdır. Ümumən, “Zəngəzur dəhlizi” Şərqdən Xəzər dənizi və Rusiya ərazisi ilə Qərbə doğru Türkiyə vasitəsilə daşı­maların regional episentrini təşkil etməli­dir. “Dünyanın kəsişməsi” isə Ermənistanı həm qeyd edilən, həm də İran vasitəsilə Qara dənizə, oradan da Avropaya daşı­maların mərkəzinə çevirmək məntiqinə əsaslanmaqdadır. Bu, ölkəmiz üçün tam yolverilməzdir. 

Birincisi, 44 günlük müharibə olub. Yəni, Ermənistan öz xoşluğu ilə regionda­kı düzənin formalaşmasına töhfə vermə­yib. Deməli, hələlik, ölkə, ilk növbədə, ina­mı itirmiş durumdadır. Ona heç cür böyük layihədə təhlükəsizliyin qorunması xüsu­sunda etimad etmək olmaz. Ermənistana etimad həm də ona görə göstərilməməlidir ki, ölkə üzərinə düşən öhdəliyi yerinə ye­tirmir, yəni Paşinyan öz imzasından imtina edir. Buna görə Azərbaycan Naxçıvana yolun İran ərazisindən keçməsi təklifini irəli sürür. Belə yanaşma Ermənistanın təcrididir. Daha doğrusu, təcridin davamı­dır və haqlıdır. 

Onu da nəzərə alaq ki, hazırkı du­rumda “Dünyanın kəsişməsi” nəinki an­ti-Azərbaycan, eyni zamanda, anti-Rusi­ya mahiyyəti daşıyan layihədir. Mövcud təşəbbüsün Moskvanın Cənubi Qafqaz regionundan tamamilə sıxışdırılması üçün həm siyasi, həm də iqtisadi müqavimət yükünü üzərinə götürməsinə hesablanıb. Buna görə də erməni rəsmilər, xüsusən, N.Paşinyan məsələni bütün beynəlxalq platformalarda fəal şəkildə təbliğ etməklə məşğuldur. İndi bu təbliğat Aİİ müstəvisinə keçməkdədir. 

Təsəvvür edin ki, loru dildə desək, Ermənistan iqtidarı Rusiya bazarına öz məhsulunu çıxarmağı və bunun müqa­bilində bazar sahibinə heç bir ödənc et­məməyi düşünür. Ancaq demək olarmı ki, Paşinyan və tərəfdarları planlarının gerçəkləşəcəyinə inanırlar. Onlar həddən artıq həyasız ola bilərlər, amma sadəlövh deyillər. Əlbəttə, hazırkı durumda sadə­lövlükdən uzaqlıq başlıca parametr deyil. Vacib məsələ həyasızlıqdır. Əslində, baş nazir Nikol Paşinyanın Ali Avrasiya İqtisa­di Şurasının ötən il dekabr ayının sonunda Sankt-Peterburqda keçirilmiş iclasındakı çıxışı da tipik erməni xislətinin nümayişi idi. Onun sözlərindən belə çıxmışdı ki, iq­tisadi təşkilat olan Aİİ heç bir halda siyasi məqsədlər üçün alətə çevrilməməlidir. An­caq biz görürük ki, hazırda Paşinyan, ilk növbədə, bu fikrindən yayınır. Hər halda, “Dünyanın kəsişməsi”nin tam bir siyasi la­yihə olduğu heç kəsə sirr deyil.

Bəli, Paşinyan və komandası inanmır ki, “Dünyanın kəsişməsi”ni Aİİ müstəvi­sinə gətirmək fayda verəcək. Ancaq bu istiqamətdə fəaliyyət İrəvan üçün vacibdir. Necə deyərlər, tutar qatıq, tutmaz ayran. Ayran hər zaman var. Məsələ burasında­dır ki, hazırda Ermənistan, obrazlı ifadə etsək, Aİİ daxilinə qoyulmuş saat mexa­nizmli bombadır. Vaxtın tamamında part­lamalıdır. Necə ki, KTMT müstəvisində bir ilin tamamında partladı və hazırda həmin partlayışın “qəlpələri” ətrafa səpələnmək­dədir. Yəni, Ermənistan KTMT-nin fəa­liyyətsizliyi məsələsini qabartmaqla, an­ti-Rusiya siyasəti həyata keçirməkdədir. Bu siyasət avantürist notlara köklənməklə, Moskvanın hakim rol oynadığı təşkilatların işinin iflic hala salınmasına, bu qurumların heç bir əhəmiyyətinin olmadığı görüntüsü­nün formalaşdırılmasına yönəlib. 

N.Paşinyan məqsədini reallaşdırmaq üçün gəlişigözəl fikirlər də səsləndirmək­dədir. Məsələn, 2045-ci ilə qədərki dövr üçün Aİİ çərçivəsində iqtisadi proseslərin gələcək inkişafına dair qəbul edilmiş bə­yannamənin əhəmiyyətini vurğulayan er­məni baş nazir həmin sənədin qurumun inkişafı ilə əlaqədar prioritet istiqamətlər doğurduğunu deyir. O bildirir ki, xarici bazarlara çıxmaqdan ötrü Aİİ-nin coğrafi mövqeyinin tranzit potensialından və im­kanlarından maksimum istifadə lazımdır. Nikol, həmçinin, Avrasiyanın nəqliyyat inf­rastrukturunun inkişafı və malların üçüncü ölkələrə ixracı, beynəlxalq təşkilatlar və beynəlxalq inkişaf institutları ilə əlaqələrin potensialını maksimum dərəcədə artır­maq yönümlü əlavə səylərin göstərilməsi üzərində dayanır. Hazırda bu kimi “həlli vacib məsələlərin” reallaşmadığını deyən Paşinyan mətləbə gəlir: “Bu kontekstdə Ermənistan Respublikası tərəfindən təklif olunan perspektivli “Dünyanın kəsişməsi” layihəsinin uğurla həyata keçirilməsi Avra­siya beynəlxalq nəqliyyat marşrutları üzrə tranzit daşımaların təmin edilməsi naminə nəzərdə tutulan məqsədlərə çatmaqda mühüm rol oynayacaqdır. “Dünyanın kə­sişməsi” regionumuzun ölkələrini avto­mobil, dəmir yolu, kabel, qaz kəmərləri və elektrik xətləri ilə birləşdirə bilər”.

Göründüyü kimi, Ermənistanın baş naziri Aİİ müstəvisində öz başını aşan məsələlərdən danışır. Nikol onu da çox yaxşı bilir ki, təşkilata üzv dövlətlərin hər birinin Azərbaycanla əlaqələri kifayət qə­dər yüksək səviyyədədir. Bütün bu bildir­diklərimizin fonunda belə qənaətə gəlmək mümkündür ki, erməni hökumət rəhbərinin quruma üzv dövlətlərin başçılarına müra­ciəti siyasi təxribatdan başqa bir şey de­yil. Böyük ehtimalla, Paşinyan gələcəkdə mövcud istiqamətdəki təxribatlarının möv­zu dairəsini və məzmununu xeyli zəngin­ləşdirəcək. Əlbəttə, buna zənginləşdirmək demək mümkündürsə. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət